Edebiyyat.az » Təqdimat » Günel Mehri - Ay və Günün görüşü(Esse)

Günel Mehri - Ay və Günün görüşü(Esse)

Günel Mehri - Ay və Günün görüşü(Esse)
Təqdimat
admin
Müəllif:
18:25, 22 fevral 2022
1 913
0
Günel Mehri - Ay və Günün görüşü(Esse)





    Qaçırlar yenə. Elə bil qəsdimə durublar. Saatın əqrəblərini deyirəm. Elə özüm də  qaça-qaçdayam. Qaçmaq deyəndə ki, oturmuşam tıxacda. Tıxacda qaçmaq istəyi də  başqa dərd. Az qalırsan, avtomobilli söndürüb, hə, düz yolun ortasında söndürüb gedəsən. Nə olar, olar... Maraqlı ideya amma. Birdən bu mənzərə gözümdə canlanır. Yolun düz ortasında faraları yanıb-sönən sürücüsüz avtomobil. Onun yaratdığı tıxacda bir-birinə dəyən sürücülər, əsəbi sifətlər, havaya yüklənən cürbəcür siqnal səsləri, yaxınlaşan polis maşınları, evaukatorlar, hələ sürücünün ünvanına səslənən sözlər, dəhşət... Düşünə-düşünə gərginliyim yox olur, gülümsünürəm öz-özümə. Sonra yenə əqrəblərə sancılıır gözlərim. Gecikirəm. Tıxacdan ətrafa boylanıram. Hamı qaçır. Ordan əli uşaqlı ana, burdan məktəbli uşaqlar, əl-ələ tutan sevgililər, dəstəylə uçan quşlar, asfaltda yarışa düzülən avtomobillər. Demək, tək deyiləm həmişə tələsən, arzularının və  sevdiklərinin arasında parçalananlar varmış... 

Özüm də heç bilmədən tələsirəm harasa,

Ömrümün ətrafında dövr edir bir yarasa.

Kimsə qeybdə “gəl” deyir üstünə basa-basa,

Qulağımın aldığı bu səs adi səs deyil. 

      Maşının bağlı rəfindən götürdüyüm kitabda rastıma çıxan ilk misralar beynimdən keçənlərlə o qədər üst-üstə düşür ki. Bir daha əmin oluram, tək deyiləm. Sağ ol, Ayparacan. Ürəyimdən yazmısan. Kitabı bağlayıb üz qabığına diqqət kəsilirəm: Aypara Ayxan “Mutasiya”. Sevdiyim adamların kitabları çox vaxt avtomobilimdə olur. Tixacda ya parkda oxumaq üçün... Yaxşı yadımdadır, işıqlı, sakit, dupduru bir payız günündə baş tutmuşdu “Mutasiya”nın təqdimat mərasimi. Mən çoxdan təsadüflərə inanmıram. Bütün təsadüflərdə bir zərurət axtarıram.  O günün yağışlı-çiskinli deyil, məhz işıqlı, duru olması da təsadüf deyildi, məncə. Ayparanın özünə bənzəyirdi  təqdimat mərasimi də. Sanki o gün payız da mutasiyaya uğramışdı. Kitabı səhifələdikcə xəyalım həmin günə uçur...

      Onda da gecikirdim “Azərkitab”a. Pillələrlə tələsik qalxıram. Foyedə tanış, doğma təbəsümlər qarşılayır məni. Əvvəl həmişə üzügülər şair Mənsur Həsənzadə, sonra cənab səs Anar Adil. Nə xoş sizləri görmək, dostlar, amma və lakin tələsirəm, mənim kitabla görüşüm var. Növbəti təbəssümün sahibəsi də çılğın şairə Rəbiqə Nazimqızı. Bəyaz kitabların əhatəsində oturub şairə xanım. Kitabı əlimə alar-almaz üz qabığında tən yarıdan donmuş, buz bağlamış bir qəlb görürəm. Hmmm. Mutasiyaya uğramış bir qəlb, hə? Kitabın üz qabığında həkk edilmiş cümlə kitabın açar cümləsi olmalı: “Sayəndə DNT-si dəyişdi duyğularımın. Sevgim mutasiyaya uğrayaraq, nifrətə çevrildi...” Nə maraqlıdır, demək, şair olmaq üçün aşiq olmaq yetərli deyilmiş, yanmalıymış bu qəlb, həm də nifrətlə yanmalıymış şeir yazmaq üçün...

      Kitabın səhifələri baxışlarımın trayektoriyasında uçuşur. Qismətimə çıxan ilk misralar:

Yox, mənim arzularım göydə uçan quş deyil,

Sadəcə hər birinin göyərçin qanadı var.

Tutduğunu buraxmaq mənə görə iş deyil,

Hədəfə çatmağımda yüz keçi inadı var. 

    Hədəf... Ayparanı tanıdığım qədər qarşısına qoyduğu hədəflərə doğru addım-addım yüksələn biri. Özü də yorulmadan, usanmadan. Hətta bəzən hər şeyin və hər kəsin fövqündə. Görən hansı araya sğışdırır bu  misralarını? Gecələrmi yazır lampa işığında, ya səhərlərmi, hamı yuxudaykən? Yoxsa ilhamı gəincə, kilidli qapının arxasında hamını unudub qələmə sarılır? Hər bir halda, xanımlarımızda yazmaq cəsarəti, istəyi sezəndə qəlbdən alqışlayıram. Mənə sorsan, Azərbaycan mühitində bir xanımın qəlbini yaralayan duyğlardan ilhamlanıb yazı yazması və də bu yazıları ortaya çxarıb insanların müzakirəsinə buraxması böyük cəsarətdir. Və bugun Ayparanın cəsarət günüdür. İnşallah unudulmaz olar.

         Fikirlərimin ipini buraxıb konfrans zalına keçirəm. Tanış və yad simalar çoxdan zalda yerlərini tutub. Bu da sevimli kitab qadın Gülnar xanım. Həmişəki kimi mənə əl yelləyib yanına dəvət edir. Görüşüb yanaşı əyləşirik. Nəzərlərim uzun masanın başındakı Ayparanı tapır. Bəmbəyazdır. Mən də bəyaz aşiqiyəm axı. Beynimdə ağ rənglə bağlı assosasiyalar boy verir: göyərçin kimi, ay təki, zanbaq misalı, amma yox, elə öz kitabı kimi görünür Ayparam. Kitabın üz qabığıyla bəyaz libasını uzlaşdırması xoşuma gəlir. Xatirimə ilk qarşılaşdığımız an gəlir. İkimiz də də bəyaz dondayıq. Bu təsadüf bizi daha da mehribanlaşdırır elə bil. Birgə fotolar çəkdiririk cüt göyərçinlər kimi. Ayparanın siyah saçları, gülümsər gözləri və mehriban siması içimə o qədər sinir ki, bu vizual yaxınlığın təsadüfi olmadığını duyuram. Demək ki, ruh bağımız var. Yoxsa birgə fotolarımız belə işıqlı alınmazdı. Söz arası qulağıma pıçıldayır ki, yaxında mən də kitab cıxarmaq istəyirəm. Üstündən aylar keçib o söhbətin və Ayparanın kitabı artıq gün üzü görüb. Tədbirin aparıcısı gözəl şairə xanım Aysel Xanlarqızının məlahətli qiraəti məni reallığa qaytarır:

Qəlbim yaralı quş tək çırpınır sol qəfəsdə

Mən sənsiz darıxanda.

Şikəstəni andırır dinlədiyim hər bəstə

Mən sənsiz darıxanda.  

     Necə də səmimi hisslər, necə məhrəm duyğulardır. Şeir səmimiyyəti sevir axı. Orda özün olmalısan, ancaq özün, bir də 40-cı qapının arxasında kilidlədiklərin... Əziz Müşfiqə Baləddinqızının bal səsi növbəti misralara rəng qatır. İşıqlar söndürülür. Ekranda görüntülənən romantik kadrlar bizi ancaq sevgi notlarının var olduğu məchul aləmə aparır: 

Bax süqut etdi ilərlə qəlbimdə qurduğun imperiyan.

Sultanı olduğun taxtın da devrildi...

Sayəndə DNT-si dəyişdi duyğularımın, 

Sevgim mutasiyaya uğrayaraq, nifrətə çevrildi.  

      Hmmm. Bayaq kitabın üstündə diqqətimi çəkən cümlə: mutasiyaya uğramış sevginin nifrətə çevrilməsi... Mənə görə, hisslərin faizini ölçən bir cihaz olsa, nifrət və sevgi eyni dalğaya tuş gələr. Kimsə demişdi axı. Bir addım var birindən o birinə. Demək, sevgi var ki, nifrət də var. Nifrət varsa, sevgi də. Vay o gündən ki, nə o ola, nə də o biri... 

       Növbəti şeir... Bu dəfə də şair dostumuz Anar Adilin səsinin sehrinə düşürük. Anar darıxmaqdan danışır, daha doğrusu darıxmaq əzabının rəsmini çəkir...

Darıxmaqlar adamı misqal-misqal öldürür.

Gəl pozaq bu sükutu, susmaqdan yorulmuşam

Gecələrin bətnindən doğulan ümidləri

Gündüzlər ipə çəkib asmaqdan yorulmuşam..

      Simalara baxıram. Hamı öz aləmindədir sanki. Necə də duyğu yüklü bir gecədir. Hər şeir bir hissimizə toxunur, bir xatirəmizə aparır. Sonra hamımızın sevimli dostu  işıqlı adam Azər Qismət söz alır. Qulaq kəsilirəm dediklərinə. Deyir ki, istedadlı insan hərtərəfli istedadlı olur. Aypara da belədir. Həm gözəl rəssamlığı var. Həm də şairəliklə yanaşı qiraətlə də məşğul olur. Və hansı sahəyə əl atırsa, alınır. Çünki daxili işıqlıdır. 

     Qəlbimin dərinliyində Azər bəyin hər cümləsi ilə razılaşıram. Və bir qədər sonra öz çıxışımda vurğulayıram ki, biz öz yazılarımıza bənzəyirik. Enerjimiz nədirsə, yazılarımız da o enerjini daşıyır, ötürür. Ayparanın yazılarında ayrılıq motivləri olsa da, müsbət enerji var, ayrılığın deyil, sevginin təntənəsi var. Hər şeyə rəğmən sevməyin təntənəsi... Və elə bu vaxt tədbirin ən gülməli məqamı baş verir. Ehtiyatsızlığımdan arxamdakı stulum aşır. Hamı gülüşür. Kimsə söz atır: “Hamısı enerjinin təsirindəndir.” Elə məncə də...)

      Sona doğru məclisin bəyaz libaslı sahibəsi hər kəsə  təşəkkür edib özü mikrafonu əlinə alır, gözəl səsiylə şeirlərindən birinə səs verir.  Hər dəfə baxışlarımız rast düşəndə  hiss edirəm ki, həyəcanlıdır  və bu həyəcanı tədbirin sonuna kimi ona yoldaşlıq edir. Amma gözəl təlaşdır onunku, təbii, səmimi:

Mən eşq ilə icalmışam, yüksəlmişəm göylərə,

Mən eşq ilə tanımışam Xaliqimi, Xudamı.

Səni sevmək günah deyil, qoy eşitsin mələklər,

Səni sevmək ibadətdir, uzaqların adamı!

      Və nəhayət, əllərdəki kitablar müəllifinin imzasıyla qovuşur. Mənimkinə imza atanda yazır ki, mənim işıq adamım Günel Mehriyə... Ayparayla qucaqlaşırıq:

-Necə keçdi?

-Duyğu dolu. 

-Həyəcanlıyam.

-Çox. Təbiidir. 

-Səncə, alındı?

-Yazacam...

      Və aylar ötür o “yazacam” kəliməsindən. Kompyuterdə başladığım yazını heç cür nöqtələyə bilmirəm. Beynimdə hərlədib fırladıram və bir də baxıram ki, telefonda yazmışam. Elə ordaca Ayparaya zəng edirəm: 

-Sürpriz. Axır ki, sənin yazını bitirdim.

-Nə gözəl. Hardasan? Bu nə səs-küydür?

-Tıxacda... 

01.21.22.

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)