Edebiyyat.az » Təqdimat » Səbirə Rövşən Müzəffər - “Vətəndən vətənə” romanı haqqında

Səbirə Rövşən Müzəffər - “Vətəndən vətənə” romanı haqqında

Səbirə Rövşən Müzəffər - “Vətəndən vətənə” romanı haqqında
Təqdimat
Nicat Heşimzade
Müəllif:
13:37, 04 noyabr 2019
1 902
0
Əsər bir oxucu kimi mənə memuar təsiri bağışladı . Bu əsərdə baş verənlər Həlimənin yaşadıqları heç də yanımdan təsirsiz ötüşmədi . “...doğulduğum yurd yerindən ancaq bir ovuc torpaq götürə bildim . Bu torpağı qoruya – qoruya , əzizləyə - əzizləyə Vətənimdən – Vətənimə aparacaqdım “.


                        

Cümhuriyyətin 100 illiyinə həsr edilmiş “ Vətəndən – vətənə “ romanı  müasir dövr ədəbiyyatının ən bariz nümunələrindəndir. Əsərin mövzusu Araz çayı sərhədi ilə ikiyə bölünmüş Azərbaycan (Şimali və Cənubi Azərbaycan ) xalqı , onların yaşamış olduğu dramatik taleyindən  , bir – birilərindən didərgin düşməsindən  götürülüb. Əsərdə həm tarixilik  , həm də xəlqilik duyulur . Müəllif dilinin sadəliyi , axıcılığı , təsvirlərə , sözçülüyə çox yer verməməsi , əlavə olaraq xalqı təsvir edərkən onların bu faciəylə üz – üzə gəldikdə yaşadıqları  psixoloji sarsıntıların , emosiyaların bütün incəliklərinə qədər ifadəsi əsər ilə oxucunu daha da yaxınlaşdırır. Romanın əvvəlində verilən epiqrafla yazıçı sanki öncədən oxucunu olacaqlarla tanış edir . 

“ Ən təmiz hiss vətən üçün qəribsəyən insanların hissidir ...” ( Vladimir Nabokov ) 

Əsər 60 yaşlı Həlimənin monoloqu ilə başlayır ...

“Gözümü açanda səhərin alatoranlığına sevindim . Həyəcandan elə də dərin yuxuya getməmişdim . Hava yavaş – yavaş açıldıqca ürəyim yarpaq kimi əsirdi . Birdən günəş gizlənqaç oynayan uşaq kimi üfüqdən boylandı . Gün başlayırdı. Bu günki günün gəlişini o qədər arzulamışdım ki ... Valideynlərimin hər gün yatanda da , duranda da fikirlərindən çıxmayan vətən , yurd həsrətinə deyəsən , bu gün mən son qoyacaqdım ...”

Əslində əsərdə baş vermiş bütün hadisələri məhz elə Həlimənin öz dilindən dinləyirik .Bütün bu bədbəxtliklər hələ o yeddi yaşı olarkən olmuşdur .Onun ən böyük arzusu vətənə qayıdıb geridə qoyduğu qohumlarını , bibisi Mələyi görmək , bir də  anası Qumrunun  arzusunu yerinə yetirmək idi ...

“ ...Pətəxora gedərsən ...Qəbrimizin üstündən torpaq götürərsən . Bircə ovuc da bəsdi . Elə ki , Savalan dağına yaxınlaşdın , tökərsən onun ətəyinə . Onda qəbrimdə rahatlıq tapacam ...”

Bəs Həlimə buna nail oldumu ? Bütün qohumlarını görə bildimi ? Qayıdarkən o ev , o həyət - hər şey yerində idimi ?

Əsərdə sezilən digər məqam isə  emosionallığın ustalıqla təsvir edilməsi idi. 

Əvvələn sevinc : Novruzun gəlişi , həyət - bacalarda təmizlik , qonşularda bayramlaşma , sonra cənuba köçmək sevinci .

Sevinc sonrası kədər : Həlimənin atasının və əmisinin Tumgöz Fərrux tərəfindən aldanması , qan-qaraçılıq , kökü bilinməyən yalanlar , atılan böhtanlar .

Yenidən şadlıq , xürrəmlik : Mələk bibinin bayramlığı , xınayaxdı , toy – bayram ...

Artıq yavaş – yavaş əsərin pik nöqtəsinə doğru addımlamağa başlayırıq . 

“İkiyə bölünən Azərbaycan torpağında güney quzeyin , quzey də güneyin , yəni o tay bu tayın , bu tay da o tayın həsrətini çəkməyə başladı . Gediş gəlişə qadağa qoyuldu . Araz boyu sərhədin hər iki tərəfində nəzarətçilər gücləndirildi...” 

Bu xəbərlər eşidənləri , əsas da Zinyət nənənin ürəyinə dağ oldu . Çünki onun oğlu Bulud vətənin o bir tayında tək qalmışdı .

Ağır günlərin başlanğıcı da elə bu xəbərdən sonra başlayır . Gecəliklə Həlimənin ailəsi ilə birlikdə Pətəxordan  Şurəviyə qayıtması , orada gözlənilməz bədbəxtliklər , atasının sürgün edilməsi , Bulud əminin Vəsixanımla evlənməsi , anası ilə Həlimənin təkbətək keçinməsi əsərin ağrılı yerlərindəndir ... Ancaq böyük bədbəxtliklərə azacıq xoşbəxtliyin qatılması ilə yazıçı öz oxucusunu sevindirməyi unutmur. Öldüyünü zənn etdiyi atasının sürgündən qayıtması , Həlimə ilə Kamalın qarşılaşması , izdivacı bir az kədərə sevinc qatır .

İllər dayanmadan keçirdi . Artıq nə qohum , nə əqrəba yada düşürdü . Bunlar onlardan , onlarda bunlardan xəbərsiz ...

Bəs sonda necə oldu ? Əsərin əvvəlində əmələ gələn suallara cavab tapa bildimi oxucu ?

Axır ki , uzun intizardan sonra Həlimə yenidən yurduna gələ bildi . Ancaq nə nənəsi Zinyət nənə , nə  əmisi Səməd əmi , nə də Bulud əminin arvadı Leyla yerində idi . Təkcə Mələk bibisini görə bildi .  Orda olduğu müddəti bibisi ilə dəyərləndirdi . Anası Qumrunun istəyini bircə - bircə yerinə yetirdi. 


Əsərin sonuna yaxın Tumgöz Fərruxun aqibəti də bəlli oldu . Haqq ədalət öz yerini tapdı . Tumgöz Fərrux atdığı böhtanı ilə şərin xeyrə qalib gəldiyini düşünürdü , amma zavallı öz sonundan bixəbər .

Əsər bir oxucu kimi mənə memuar təsiri bağışladı .   Bu əsərdə baş verənlər Həlimənin yaşadıqları heç də yanımdan təsirsiz ötüşmədi .

 “...doğulduğum yurd yerindən  ancaq bir ovuc torpaq götürə bildim . Bu torpağı qoruya – qoruya , əzizləyə - əzizləyə Vətənimdən – Vətənimə aparacaqdım “.


                                                                                                        Səbirə Rövşən Müzəffər 




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)