Edebiyyat.az » Söhbət » Nabokovla söhbət

Nabokovla söhbət

Nabokovla söhbət
Söhbət
nemət
Müəllif:
21:45, 12 iyun 2019
1 725
0
Nabokovla söhbət




“Mən ingiliscə düşünürəm, ürəyim rusca döyünür, qulaqlarım fransızca eşidir”. 

XX əsrin ən böyük romançılarından sayılan Vladimir Nabokov 1899-un 20 aprelində, Şekspirlə eyni gündə, Puşkindən yüz il sonra Sankt-Peterburqda dünyaya gəlib. Nabokovun babası II və III Aleksandr dönəmlərində nazir işləyib. Nabokovun atası isə məşhur hüquq adamı, siyasətçi olsa da, öz atasının yolunu davam etdirməyib. 

İlk yaradıcılığında daha çox ruhsal həyatın yaşantılarına aludə olan yazıçı tədricən cəmiyyət həyatını öz mövzusuna çevirir. Lakin ədəbiyyat meydanında o, ilk olaraq Henrix Heynenin əsərlərini mükəmməl surətdə ingilis dilinə çevirməklə şöhrət qazanır. Daha sonra şöhrət sırası onun müəllifi olduğu “Ərməğan”, “Lolita”, “Çağrı” və sairə romanlarına gəlir. Hitler Nabokovun atasını öldürən anarxist qatili həbsdən buraxdıqdan sonra, yazıçı 1937-ci ildə Parisə köçməyi qərara alır. Burada məşhur irland romançısı Ceyms Coysla tanış olur. Bəstəkar Raxmaninovun maddi və mənəvi köməyi ilə 3 il sonra ABŞ-a gedə bilir. Burada o, ali təhsil ocaqlarında dünya ədəbiyyatından maraqlı mühazirələr oxuyur.

“Lolita” əsərinin müəllifi Vladimir Nabokov kiçik oyun kartları üzərində yazmağı çox sevirmiş. Romanlarının çoxunu 7,5x12,5 sm böyüklüyündəki kartlara yazan Nabokov onları balaca qutularda saxlayarmış. Bunun səbəbini isə mütləq bir ardıcıllıq arxasınca qaçmamaq və kartların yerini istədiyi kimi dəyişdirmə şansının həmişə olması ilə izah edirmiş. Təkcə “Ada” romanının 2000 kartdan ibarət olduğu deyilir. Həmişə üstündə yumşaq uclu və pozanlı karandaşlar gəzdirib. Qəribə xüsusiyyətlərindən biri də əsərlərini ancaq ayaq üstə yazmağıdır.

Əslində, Vladimir Nabokov entomoloq (kəpənəklər üzrə mütəxəssis) imiş. Bu incə varlıqların təkamül prosesi barədə Nabokovun irəli sürdüyü nəzəriyyənin doğruluğu çox sonralar, yəni 2011-ci ildə həşəratların DNT analizləri əsasında sübuta yetirilibdir.
1970-ci ildə yazıçı İsrailin “Maariv” qəzetinə müsahibə verməyə razılaşır. Lakin müsahibə yazılı formada olur və tam dərc edilmir. 45 il sonra (2015-ci il yanvarın 13-ü) müsahibə ingilis dilində dərc edilir. Müsahibəni təqdim edirik.

- Niyə məhz İsveçrədə yaşayırsınız?

- Mənə burada çox rahatdır. Dağlar və hotellər xoşuma gəlir. Nümayişləri və dələduzları görməyə artıq səbrim çatmır.

- Hələ də sürgündə hiss edirsiniz özünüzü?

- İncəsənətin özü elə sürgündür. Rusiyada uşaqlıq illərimdə digər həmyaşıdlarımın arasında özümü yad hiss edirdim. Futbol oynadığımız zaman qapını qoruyurdum. Özünü tərifləmək olmasın, bir vaxtlar əla qapıçı olmuşam. Odur ki, bütün qapıçılar sürgün edilənlərdir.

- Qərib ölkə doğmalaşa bilərmi?

- Amerika məni övladlığa götürüb. Lakin mən doğma köklərimdən əsla qopmamışam. Əgər Rusiyada qəflətən inqilab qopmasaydı belə, mən yenə də Fransada və ya İtaliyada yaşamağa üstünlük verərdim. 

- Qaçqın zatı olmayan insandır ?

- Zatın olması əhəmiyyətli deyil. Əsas olan daxili gücün və ruhun mövcud olmadığı aləmdə özünün inkişaf etdirilməsidir. Görünən yolda addımlamaq asan olur. 

- Siz hansı dildə düşünüb, oxuyub və yuxunuzu görürsünüz?


- Mən ingiliscə düşünürəm, ürəyim rusca döyünür, qulaqlarım fransızca eşidir. Amma heç bir dildə fikirləşmirəm. Yazarkən mən öz xəyali obrazımı formalaşdırıram… Əsərdə yaratdığım personajdan və hekayətçidən əlavə, bəzən iki, üç və dörd fərqli plan daha olur. Bu isə çağdaş fizika elminin nailiyyətlərini xatırladır adama: yaratdığım dünya hansısa kainatın daxilində, ümumi mənzərəsində öz mövcudluğunu sürdürür… Yuxularımı və hesablamalarımı daha çox rus dilində görürəm. 

- Sizin rus dilində yazdığınız əsərlərlə ingilis dilində yazdığınızın arasında hər hansı fərq var? Yenə rus dilində yazacaqsınız?


- Yarım əsrdən çoxdur ki, öz əsələrimdə bu fərqi ortaya qoymağa çalışıram. Hazırda yenə də rus dilindən tərcümələr edirəm və bəzəndə şeirlər yazıram. Bütün hallarda mən sənət əsərinin çevrəmizdəki reallığa bağlanmasından əsla xoşlanmıram. Əsərlərimi doğma dilimdə yazmamağımın, qəhrəmanlarımı özümün böyümədiyim mühitlərə atmağımın isə ümumilikdə mənim demək istədiklərimə heç bir dəxli yoxdur.

Siyasi baxımdan liberal və kosmopolit ailəm məni beynəlmiləl bir ortamda yaşamağa öyrətmişdi, məndən ötrü fransız və alman dilləri elə rus dili qədər əhəmiyyətliydir. Bu mənada mən ənənəvi Rusiyanı təmsil edən Bunindən xeyli fərqlənirəm. Məsələn, mən Kafkanı özümə daha doğma bir yazar sayıram… Əslinə qalsa, fransız ədəbiyyatı ruhən mənə daha yaxındır və mən bu etirafı edən ilk yazar sayılmaram!

- Niyə yazırsınız? Prosesin özü sizin üçün əzabdır, yoxsa sevinc?


- Mən yazdığım zaman humanist, tarixi, dini, sosial və təhsil məsələlərinə çox biganə qalıram. Niyə belə olduğumu heç özümdə bilmirəm. Mənim yaradıcılığımda əhvali-ruhiyyə ön planda durur. Kefim var, yazıram, yoxdur, yazmıram. Romanlarımın ideyası gözlənilmədən doğulur. Bir dəqiqənin içində. Qələmi alıram əlimə, hər şey başlayır vərəqə axmağa. Roman əvvəlcə beynimdə yazılır, qalır texniki prosesi yerinə yetirib, onu vərəqə köçürmək. Zənnimcə, yazıçı qəhrəmanını addımbaaddım izləyib özünü onun vəziyyətinə gətirirsə, uduzur. Qəhrəmanı rahat buraxmaq lazımdır. Qoy öz bildiyini eləsin. 

Həqiqi yazıçıların əlində hazır qəliblər olmur: onlar bu dəyərləri məcbur olub özləri yaradırlar. Yazıçılıq sənəti əgər bəri başdan dünyanı təxəyyülün anbarı kimi görmürsə, o, tamam faydasız işdir. Bu dünyanın materialı kifayət qədər real ola bilər, amma bu material qəbul edilmiş bütövlük halında olmur .
Qaldı ki bunun əzab və sevinc olmasına - Floberin məktublarından sonra mənim nəsə əlavə etməyimə ehtiyac yoxdur.

- Nə sizi darıxdırır və ya sizə nə məzəli görünür?


- Nədən zəhləm gedir? Məsələn: musiqi fonu, musiqi yazılışı, radio, maqnitofon, qonşu otaqdan gələn musiqi səsindən, ümumiyyətlə, musiqiylə bağlı hər şeydən. İncəsənətdə primitivizmi sevmirəm. Abstrakt adlandırılan cızma-qaradan, avanqard deyilən şeirlərdən və buna bənzər banal şeylərdən acığım gəlir.
Klublardan, ittifaqlardan, birliklərdən və s. Son 25 ildə mən onlarla üzvlükləri rədd etmişəm.Tiranlığa nifrət edirəm. Mən istənilən rejimi qəbul edə bilərəm, yetər ki, ağlım və bədənim azad olsun.

Sirkdən - xüsusən də heyvanlarla və kişiyə oxşar qadınlarla bağlı çıxışlardan. Dörd həkimdən – Freyd, Şveyçer, Jivaqo və Kastrodan.
Cəmiyyətin maraqlarından... xırda şeylər də əsəblərimə toxunur. Məsələn, eynəyimin tez-tez itirdiyim futlyarı, şkafda yerə düşən asılqan, düyməsini tapa bilmədiyim qatlama çətir... Qatı açılmamış kitab səhifələri, çəkmə bağlarının düyün düşməsi... Səyahətlər zamanı yaxınlıqda uşaqların olması. Yuxuya getmək prosesi və s.

- Siz oxucularınız haqqında düşünürsünüzmü? Tənqidə açıqsız?


- Oxucularımdan hər hansı birinin yazdığım əsərə mənim qədər maraq göstərəcyini gözləmirəm. Əgər baş konkret detalları görə bilmirsə, bu, yaxşı oxucu deyil. O başı at getsin. Amma yenə də oxucunun təfəkkürü ilə yazıçının təfəkkürü arasında bədii baxımdan ahəngdar tarazlıq yaranmalıdır. Dəyərli olan hər şey mütləq müəyyən qədər subyektivdir.

Bilirsiniz hər kəsin qavrayışı da fərqlidir. Bir oxucunun sahib olacağı, ya da özündə inkişaf etdirməli olduğu ən yaxşı qavrayış forması bədii olanla elmi olanın qarışığıdır. Əgər gələcəkdə oxucu olacağı ehtimal edilən şəxs bədii ehtirasdan və elmi səbrdən tamamilə məhrumdursa, möhtəşəm ədəbiyyatdan zövq alması çətin məsələdir.

Qaldı ki, tənqidə. Əgər tənqidi məqalədə nəticələr yoxdursa, onda bütün anlatılanlar unudulur, çünki iş əsərin məzmununu anlatmağa qalsa, yeri gələndə, istənilən oxucu bunu tənqidçidən pis bacarmaz. Hər şeyə rəğmən, uğurlu yazılar da var idi və onlar kitabda romantik ruhun varlığını vurğulayırdılar.

- Ən uğurlu kitabınız hansıdır?

- Bu zəmində üstün tutacağım üç kitabım var. Yazdıqlarımın ən uğurlusu, hər halda “Lolita”dır. Məndən çox Lolita məşhurdur. Bir də “Sovqat” adlı romanım var. Üçüncü kitabım isə “Edama dəvət”dir. O, İngiltərədə işıq üzü görüb. Onu həm də rusca yazmışdım.

- Yazıçı olmasaydınız hans sənəti seçərdiniz?

- Bu iş olmasa, mənim həyatımda Kembricdə öyrəndiyim zoologiya elmindən, roman dillərindən, tennisdən, boks və futboldan savayı heç nə qalmaz. Deyirlər, mən alman yazıçılarından təsirlənmişəm. Bunlara başa sala bilmirəm ki, mən almanca çox bərbad yazır və oxuyuram. Desəydilər ki, fransızlardan təsirlənmişəm, bəlkə də, bu bir az inandırıcı səslənərdi: gizlətməyəcəm, Flober və Prust mənim üçün əvəzolunmaz şəxslərdir. Qəribə orasındadır ki, Rusiyada olanda Qərb ədəbiyyatının təsirini daha çox hiss edirdim, nəinki burda. Burdasa əksinə, Qoqolun, Çexovun təsirindəymişəm kimi hiss edirəm özümü. Deyəsən, insan iztirab içində vurnuxarkən onun həyatı daha mənalı və maraqlı olur. Sakit yaşasa, kimin nəyinə gərəkdir o neynir? Əgər birisi həyatla əməlli-başlı ölüm-dirim mübarizəsinə qalxıbsa, onun bütün “həyat əzaları” görünür. İnsanın təbiəti belədir. Həmişə iztirablarda maraqlı və cəlbedici nəsə olur.

- Ölümü düşünürsüz?

- Məncə, ölüm pis bir vərdişdən başqa bir şey deyil. Təbiət hələlik bunu məğlub edə bilməyib.

Tərcümə: Günəş Fərhadlı
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)