RƏNA TƏBƏSSÜM - DİDƏRGİNLƏR
(hekayə)
Şahingöz Ağbaba mahalının Çaybasar kəndində böyük bir ailədə dünyaya göz açmışdı. Kəndin səfalı təbiətinin qoynunda keçirdiyi hər bir an ruhuna işləmişdi. Atası Yunis Böyük Vətən
müharibəsində qəhrəmancasına döyüşərək bir ayağını itirsə də, uzun müddət erməni həkimlərindən lazımi müalicəni, haqqı olduğu əlillik və imtiyazları ala bilməmişdi.
Kənd haqqında maraqlı söhbətləri atadan eşidən bacı-qardaşlar uşaqlıqdan bilirdi ki, torpağını sevərək yaşadıqları kəndin əsl adı əvvəllər, yəni 1728-ci ildən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında İlanlı adı ilə tanınıb. 1918-ci ildə əhalisi qovulduğundan tamamilə dağılıb. Lakin sonradan bu torpaqda qalan azərbaycanlılar yenidən evlər tikib yaşamağa başlayıblar. Yunis uşaqlarına babaları Səfərin hamının hörmətini qazanaraq kəndin ağası kimi qəbul edildiyini, onun və əmisinin 1930-cu illərdə repressiyaya məruz qaldığını, uzaq Sibirə sürgün edildiyini, onlardan heç bir xəbər çıxmadığını da nəql etmişdi. Bacılarının isə 1940-cı illərin sonu, 1950-ci illərin əvvəllərində azərbaycanlıların yenidən deportasiyası aksiyası həyata keçiriləndə nahaqdan tutulma və sürgünlərdən təşvişə düşərək Gəncəyə köçdüyünü, əllərindən var-dövlətlərinin alındığını, evlərinin viran qoyulduğunu bildirmişdi. Torpağını tərk etməyən Yunis öz əlləri ilə birmərtəbəli ev tikib mal-qara saxlayaraq halal zəhmətlə dolanmağa başlamışdı. O, balalarının yüksək təhsil alması, yararlı insantək yetişməsi yolunda ömrünü qaranlıqda yanan şam kimi damla-damla əritmişdi.
Yunis şirin və maraqlı söhbətləri ilə övladlarına yaşadığı doğma torpağın hər qarışını sevib əzizləməyi öyrədir, qədim zamanların izlərini, köklərini unutmadan yaşatmağı tövsiyə edirdi. Onlarda qədim torpaqlara məhəbbət oyatmaq istəyən ata Amasiya rayonu ərazisinin Ağbaba və Şörəyel mahalından ibarət olduğunu da anlatmışdı. Baba və ata ilə əlaqəli tarixi köklər uşaqlar arasında körpünün yaranmasına əsas olduğundan onları daha da yaxınlaşdırırdı. Hər birində zaman-zaman torpaqlarına tamah salan ermənilərə qarşı nifrət hissi güclənirdi.
Ailə zəhmətkeş və sadə bir həyat sürürdü. Sonradan dəmirçiliklə məşğul olan atanın hamıya pulsuz, təmənnasız düzəltdiyi dəryaz, yaba onu kənddə əsl sənətkar kimi tanıdır, dəmirçi kimi hörmət qazandırırdı. Yunis mərhəmətli və ciddi adam idi. Onunla zarafat etməyə kiminsə cəsarəti çatmırdı, hətta ona “Yunis ağa” deyərək müraciət edirdilər. Ömür-gün yoldaşı Leyla yay aylarında fermada sağıcı işləyirdi. Zəhmətkeş valideynlərin düzgün tərbiyəsi və nəzarəti altında böyüyən on uşaq kiçik yaşlarından əməklə məşğul olurdu. Aralarında bərabər bölünən təsərrüfat işlərində yalnız yaşa görə fərq qoyulurdu. İş bölgüsü cədvəl əsasında idi. Həyət-bacanın təmizliyi, qoyun-quzunun tövləyə salınması və yemlənməsi, toyuq-cücəyə dən verilməsi, tarlada əkin və suvarma işlərinin vaxtında görülməsinə Sürəyya nəzarət edirdi. Şahingöz də üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirir, bacı-qardaşlarından geridə qalmamağa çalışırdı. Ağır iş-gücə alışan uşaqlar heç kimin qarşısında əyilməyən ata-ananın onların yolunda çəkdiyi əzab-əziyyətləri başa düşür, zəhmətin nə olduğunu və bununla həyatın mənasını dərk edirdilər.
Şahingöz boş vaxt tapan kimi kənd uşaqları ilə birgə tez-tez Arpaçayından balıq tutmağa da gedirdi. Evə həmişə əli dolu gəlirdi. O, məktəbdə nümunəvi şagird kimi seçilir, dərslərindən yaxşı qiymətlər alır, idmanla da məşğul olurdu. Böyüdükcə arzuları da böyüyür, həyata baxışı dəyişirdi.
Şahingöz orta təhsilini başa vurub Gəncədə ali təhsil aldı. Təyinatla Qutqaşen rayonunun Bılıx kənd məktəbində müəllim kimi əmək fəaliyyətinə başladı. Savadlı müəllim olduğuna görə məktəb kollektivinin, bütün valideynlərin rəğbətini qazandı. Kənd adamlarının istəyi ilə əlavə olaraq üç il də qalıb şagirdlərin yüksək biliklərə yiyələnməsinə çalışdı.
İyirmi beş yaşında Rəna adlı xanımla ailə quran Şahingöz artıq iki övlad sahibi idi. Anar və Elnarə adlı körpələrinin dünyaya gəlişi gənc ailənin həyatını daha da maraqlı etdi. Qutqaşendə sevinc dolu günlər yaşayan xoşbəxt cütlük gələcək üçün yeni planlar cızırdı. Həmin illərdə böyük qardaşı Oruc ailə quraraq Gürcüstanda yaşayırdı. Kiçik qardaş Bəhmən isə təyinatla Saatlı rayonuna baytar həkimi göndərilmişdi. Şahingöz 1987-ci ildə təsərrüfat işlərində əlil atasına kömək etmək məqsədilə Çaybasara geri dönməli oldu. Burada müəllimlik fəaliyyətini davam etdirdi. O, həm də sərbəst güləş üzrə Amasiya rayonundakı idman məktəbində əlavə olaraq məşqçi kimi də işləməyə başladı.
Qış fəsli idi. Şahingöz idman məşqlərindən çıxıb kəndinə qayıtmaq üçün rayonun avtovağzalına gəldi. Avtobus olmadığından başqa maşın axtarırdı. Yolun kənarında saxlanılan qara rəngli “Volqa” avtomobilini görüb ona tərəf getdi. Maşının yük hissəsinin açıq vəziyyətdə qaldığına təəccübləndi. Sonra yoldan keçən ermənilərin yaxınlaşıb içinə pul atdığının şahidi oldu. Erməni dilini yaxşı bilən saf qəlbli gənc Şahingöz milliyyətcə erməni olan maşının sürücüsündən soruşdu ki, pul nəyə görə yığılır? Sürücü qarşısındakı müasir geyimli gənci erməni bildiyindən həqiqəti söylədi. Pulların Qarabağ torpaqlarını almaq məqsədilə Daşnaksütün Partiyası tərəfindən “Qarabağ” fonduna yığıldığını bildirdi. Böyük Ermənistan yaratmaq üçün silah-sursat alınmasına xərclənəcəyini, hətta buna görə bank yardıqlarını da etiraf etdi. Eşitdiklərindən dəhşətə gələn Şahingöz başqa bir maşınla evə gəldi və görüb-eşitdiklərini atasına danışdı.
Yunis oğluna ehtiyatlı olmağı tapşırdı:
- Oğlum, yaşadığımız torpaqlar əzəldən bizim torpaqlardır. Ruslarla türklərin müharibəsində əlimizdən alınıb, indi də öz adlarına çıxarırlar. Bu yerlərdə keçmişdən erməni millətinə məxsus bir qəbir daşı da olmayıb. Bizim qədim İrəvanı onlar indi Yerevan adı ilə tanıdırlar. Gör neçə ildir ki, bizim torpaqlarımızda fironluq edirlər, üstəlik Qarabağa göz dikiblər. Allah bilir, daha haralarda gözləri var. Amma vaxt gələcək, haqq-ədalət yerini tapacaq. Əlimizdən alınan ərazilərimiz yenidən bizə qaytarılacaq, bir bayraq altında yaşayacağıq. Bu mənim ən böyük arzumdur, təkcə mənim yox, bütün xalqımızın istəyidir. Bir də camaat danışır ki, kəndimizin ağsaqqalı Aşıq Qəmbər köhnə və təzə qəbiristanlığı hərlənib deyirmiş ki, ermənilər dinc durmayacaq. Tarix yenidən başlayacaq. İki millət arasındakı münaqişələr təkrarlanacaq. Yaxın olan adamlar bir-birindən uzaq düşəcəklər. Onun dedikləri həmişə düz çıxır. Qorxuram sənin avtovağzalda sürücüdən eşitdiklərin qorxunc hadisələrin başlanğıcı olsun.
- Ata, yəni bizi öz torpağımızdan qova bilərlər?
- Ermənistan dövlətini yaradıb İrəvanı Yerevan kimi dünyaya tanıdanlar yerlərini iki əsrdir ki, bərkidiblər. Etibarsız adamlar Qarabağ fondunu yaradıblarsa, məqsədlərinə çatmaq üçün qanımızı da içərlər.
- Bilirsən ata, bu yaxınlarda rayon idman məktəbinin direktoru Əmirxan müəllimlə yol gəlirdik, onun müavini Salnazaryan da yanımızda idi. O, tez-tez spirtli içkidən istifadə edir. Bu dəfə yenə sərxoş olan müavin mənə dedi ki, sən yaxşı oğlansan. Çalışın bundan sonra pulunuz varsa, daşa-divara, quma xərcləməyin. Onsuz da siz bu yerlərdən gedəcəksiniz. Düzü, bu sözləri eşidəndə, fikirləşdim ki, içkili vəziyyətdədir, ağlına gələni danışır. Ciddiyyətə almadım, ancaq deyəsən, düz deyirmiş. Bizə qarşı məqsədli planları var. Son vaxtlarda millətimizə qarşı münasibətlər dəyişib. Rayonda bizim cavanları görəndə qəsdən dava-dalaş salırlar.
Yunis dərindən ah çəkdi:
Sən indi fikir verirsən, amma mən neçə vaxtdır ki, yaramazların xoşagəlməyən hərəkətlərinin canlı şahidiyəm. Bizim millətdən xəstələnib həkimə müraciət edənlərə bilərəkdən səhv diaqnoz qoyulur, əks təsir edən iynə-dərmanlardan istifadə etmələri üçün resept yazırlar. Bu da çox zaman ölüm halları ilə nəticələnir. Oğlum, vaxtilə Türkiyədən, İrandan, son dövrlərdə isə digər xarici ölkələrdən, ən çox da Suriya, Livan, Yunanıstan, Bolqarıstan və Rumıniyadan köçüb bu ərazilərə gələn ermənilər nəsil artırmaqla özlərini daimi sakinlikdən başqa, həm də torpağın sahibi etməyə çalışırlar. Ermənistan hökuməti onların yaxşı yaşaması üçün lazımi şərait yaradır, amma bizim üçün heç nə eləmir. Amasiyada azərbaycanlıların yaşadığı kəndlər abadlaşdırılmır. Yollar yerli əhalinin öz vəsaiti hesabına təmir olunur. Doğma Azərbaycandan çəkilən qaz xətti Əzizbəyov, Güllübulaq kəndlərinin içindən keçib bizim rayona gəlsə də, həmin kəndlərə qaz verilmir, sakinlər hərtərəfli əziyyət çəkirlər. Amma erməni kəndlərinin yolları qaydasındadır, əhalisi də Azərbaycanın qazından yararlanır. Hətta adi çobanla, sağıcının maaşı millətçiliyə görə fərqlidir, erməni daha yüksək maaş alır.
- Ata, yəqin deportasiyadan canını qurtarıb doğma
yurd-yuvasını tərk etməyənlərə, yeni nəslə növbə çatıb. Gərək məkrli ermənilərin bunu həyata keçirməsinə imkan verməyək.
Yunis iki yüz illik zaman kəsimində ulu torpaqlarında onların taleyilə oynayan iştahlı ermənilərin çirkin niyyətli olduğunu, mehriban düşmənə çevrildiyini söyləyirdi:
- Düz deyirsən, amma necə? Ermənilər 1918-ci ildə keçmiş İrəvan xanlığının ərazisində
özlərinə dövlət yaratmağa nail olublar. Bu ərazidə onlar etnik azlıq təşkil etdiklərinə görə bizi
qovmaqla Ermənistanı təketnoslu ölkəyə çevirməyə çalışırlar. Yalançı və riyakar ermənilər sadə kəndliləri həmişə şərləyib nədəsə günahkar biliblər. Bizimkilərə verdikləri əzab-əziyyətlərin, zaman-zaman apardıqları gizli təxribatların mərkəzində ərazi iddiası yer alıb. Qədim İrəvanla bağlı ağrılarımızın acısı heç vaxt unudulmaz. İndiyədək bizə qarşı edilən zülümlər rəzillikdir. Vurulan yaralar sağalan deyil. Düşmən tərəfindən yeridilən siyasət millətimizin məhvinə yönəlibdir.
- Ata, tamahkar ermənilər açıqdan-açığa deyirlər ki, Qərbi Azərbaycan guya əvvəldən onların olub.
- Oğlum, hiylə ilə dedikləri düz olsaydı, Ermənistan ərazisində yaşayan azərbaycanlıların sayı ermənilərdən çox olmazdı. Ağbaba mahalının azərbaycanlılar yaşayan Xançallı, İbiş, Qonçalı, Düzkənd, Çaybasar (İlanlı), Yeniyol(Qaranamaz), Göllü, Təpəkənd (Təpəköy), Şurabad (Sultanabad), Quzukənd, Qarabulaq, Ellərkənd (Elləryoğun), Öksüz, Güllücə, Balıqlı, Givinli kəndləri, Şörəyelin isə Oxçoğlu, Güllübulaq, Çaxmaq,
Mağaracıx, Əzizbəyov (Qaraçantey), Daşkörpü kəndləri ən qədim torpaqlarımızdır.
Şahingöz indiyədək millətimizin başına açdıqları oyunlara, müsibətlərə görə ermənilərə nifrət edirdi. Məqsədlərini anladığı üçün heç vaxt onları özünə dost bilmirdi. Xüsusilə, son vaxtlarda kənd camaatı ilə kobud davranan ermənilər torpağın əsl sahibi olan azərbaycanlıları doğma el-obasından tədricən çıxarmağa çalışırdılar.
1988-ci ilin ilk ayları idi. Azərbaycanlılar yaşayan kəndlərə un, çörək verilmir, lazımi ərzaqların satışı dayandırılırdı ki, əhali aclıq çəksin. Fevral ayının son günlərində kəndə xəbər yayıldı ki, Sumqayıtda faciəvi hadisələr yaşanıb. Qara gödəkçəli adamlar ermənilər yaşayan mənzillərə basqın ediblər. Yunis Qarabağ fonduna yığılan pullar barədə eşitdiyi söhbəti yadına saldı:
- Deyəsən, bizi torpağımızdan didərgin salmaq üçün bunlar bir bəhanədir. Özləri tərəfindən incidilən ermənilər, əslində fonda pul köçürməyən ailələrdəndir. Deməli, bu fonda şəhərdə yaşayan ermənilər də kömək edirmiş.
Şahingöz atasının fikrini təsdiqlədi:
- Hə, Sumqayıtda ermənilər özlərinkini qəsdən incidiblər, etdiklərini də millətimizin boynuna yıxıblar. Deməli, bizi ulularımızın uyuduğu torpaqlardan qovmaq üçün fursət lazım imiş...
Şahingöz dərindən ah çəkib həyətə çıxdı. Qonşuluqda yaşayan Səttar kişinin evinə sarı boylandı. Zöhrə xalanı toyuq-cücəni hinə salan, sonra ər-arvadın həyətdən evə daxil olub
otağın işığını söndürdüyünü gördü. Həmişə bir-birinin evinə gedib-gələn, çox vaxt bir süfrə arxasında yemək yeyən, evlərinin arasında çəpəri olmayan, qapısını açıq qoyub yatan qonşuları indi yaman soyuq görünürdü. Şahingöz atasına qonşuya getmək istədiyini bildirdi. Ata razılıq vermədi və kəndə yayılan söz-söhbətlərin onlara da pis təsir etdiyini düşündü. Həmin gün tək-tük evdə işıq yanırdı...
Vəziyyət gündən-günə pisləşirdi. Sumqayıt hadisələrindən sonra Ermənistanda yaşayan azərbaycanlılara qarşı təhqiranə münasibət açıqdan-açığa ev-ev gəzirdi. Ermənilər küçədə azərbaycanlı görəndə sataşır, döyürdülər. Heç kimin ağlına da gəlmirdi ki, tezliklə dədə-baba yurdlarını tərk etməli olacaqlar. Şahingöz idman məktəbindəki erməni direktor müavininin dediklərini tez-tez xatırlayır, bunun həqiqətə çevriləcəyindən qorxurdu.
Azərbaycanlıların Ermənistandan çıxarılması, getmək istəməyənlərin isə
öldürüləcəyi barədə söz-söhbətlər səngimirdi. İncidilən, təzyiqlərə məruz qalan azərbaycanlılar yaşadıqları yerlərini tərk etmək məcburiyyətində qalırdı. Ağbaba mahalının əhalisi də ərzaq qıtlığı yarandığından korluq çəkirdi. Onların rahat yaşamasına hər vasitə ilə maneəçilik törədən ermənilər yolları da kəsməyə başladılar. Rayona, şəhərə gediş-gəliş tədricən məhdudlaşırdı. Gecələr təkər şinləri yandırılaraq dağın başından ətəkdə yerləşən Yeniyol kəndinə buraxılırdı ki, camaat qorxub evlərini tərk etsin. Kəndlər arasındakı yollarda sakinləri qorumaq məqsədilə sovet əsgərlərindən iki-üç nəfər keşikçi qoyulurdu ki, guya azərbaycanlılar qarşı tərəfdən ziyan görməsin. Amma təxribatlar davam edir, get-gedə ciddiləşir və kəskinləşirdi. Hətta rayon partiya komitəsinin katibi İldırım Bağırov kənd sovetliyinə hər an təhlükəli hadisə ola biləcəyi barədə məlumatlar verir, əhalini ehtiyatlı olmağa səsləyirdi. Gecəni yatmayan kəndin kişiləri əlinə yaba, çəkic, balta, bel alıb dağın başında arvad-uşağını, ev-eşiyini qorumaq üçün keşik çəkməyə başladılar. Hətta yalandan söz yaydılar ki, guya əllərində silahları da var. Bunu eşidib bilən ermənilər kəndə girməyə ehtiyat etsələr də, gündüzlər orda-burda iş dalınca gedənləri vəhşicəsinə döyür, Ermənistan ərazisindən birdəfəlik çıxıb getmələrini tələb edirdilər. Yaşamaq təhlükəsi artır, baş verən hadisələr hər kəsi vahiməyə salırdı.
Kənddən getmək məcburiyyətində qalanlar özlərinə başqa yaşayış yeri axtarırdı. Şahingöz və bacıları da ata-ana evinə gəlib məsləhətləşir, köçmək barədə fikirlərini bölüşürdülər. Tələsik ev soraqlayan doğmalardan böyük qız Nəcibə ailəsi ilə birgə Mingəçevir şəhərinə, Sürəyya, Raya və Turan bacıları Rusiyaya, Məleykə isə Gürcüstana köçəcəklərini bildirdilər. Bu barədə Xaçmaz rayonunda yaşayan Zərifə bacılarına da məlumat verdilər. Onlar qısa müddətdə ünvanı dəqiqləşdirib ailə üzvləri ilə birlikdə dədə-baba yurdundan köçdülər. Vidalaşanlar doğma yurddan ayrılmaqla bir daha görüşə bilməyəcəyindən qorxur, sarmaşıqtək bir-birinə sarılır, göz yaşları selə dönürdü...
Kiçik bacısı Nərminə, Turan, Şahingöz və onun öz ailə üzvləri ata-ana yanında qaldığından hara köçəcəklərini qəti qərarlaşdıra bilməmişdilər. Yunis əslində köçmək yox, qalıb öz torpağında ölmək istəyirdi...
Evdə hamı Yunisi anlayırdı. O, bu torpaqda həm doğmalarını tapmış, həm də itirmişdi, amma torpağını itirmək istəmirdi. Kədər içində azyaşlı nəvələrinə baxıb onların gələcək taleyini də düşünürdü və ermənilərin qurbanı ola biləcəyindən ehtiyat edirdi. Şahingözə yaxınlaşıb müvəqqəti başqa yerə köçmələrini məsləhət bildi. Oğlu qətiyyətlə ata-anasız heç yerə getməyəcəyini dedi.
Qonşu erməni kəndlərindən bu ailənin yaxşı mal-qarası olduğunu eşidib gəlir, köçməkdə olduqları üçün az miqdarda pul təklif edirdilər. Amma Yunis: “Erməniyə satılası qoyun-quzum yoxdur” - deyirdi. Bir neçə gündən sonra Şahingöz ev axtarıb tapmaq üçün Azərbaycana gəldi. Sumqayıt şəhərində məlum hadisələrdən sonra evlərini satan bir erməni ailəsindən üçotaqlı mənzil aldı. Kəndə atasıgilə xəbər göndərdi ki, yığışıb həmin ünvana gəlsinlər. Özü isə bir daha geriyə dönə bilmədi...
Sentyabr ayının 23-də Şahingözün atası, anası, iki bacısı, körpələri və xanımı hönkürtü ilə gözləri evin divarında, daşında qala-qala yaşadıqları kənddən çıxdılar. Dibçəkdəki gül-çiçək də sanki onların gedişinə küsüb ağlayır, boynunu bükürdü. Göy üzündəki dolub-boşalan buludlar da buradakı saralmaqda olan yaşıl yarpaqların bir daha canlanmasını istəmirdi. Didərginlər getdikləri yerə aparmağa torpaq qədər qiymətli bir əşya tapa bilmədilər. Bir-iki dəst yorğan-döşəkdən başqa özləri ilə heç nə götürmədilər.
Ömrünün sonunadək öz elində yaşamaq istəyən Yunisi getməyə vadar edən məsum körpələrin naməlum sabahı idi. O, yol boyu dönüb arxaya baxır, qüssədən sızıldayan ürək çırpıntıları sanki hər daşdan ovulan qum dənəcikləritək yola səpələnirdi. Qayıtmaq ümidilə baxan gözlərində düşməni lərzəyə salacaq xalqının qüdrətinə böyük inam vardı...
1988-ci ildə erməni silahlı birləşmələri tərəfindən kütləvi soyqırıma məruz qalan azərbaycanlılar əzablı yollarla irəliləyirdilər. Düşmən əlində qalan doğma torpağından ayrı düşən qaçqınlar maşınlardan vaqonlara, oradan isə yeni bir ünvana doğru gedirdilər. Bu yolda onlarla birlikdə körpələr, yaşlılar və ağır yük kimi daşıdıqları keçmişin xatirələri də vardı. Ermənilər qovduqları ailələrin əşyalarını yolda əlindən alır, əlavə götürdükləri paltarlarını cırır, pul və ziynət əşyalarını tələb edirdilər. İstədiklərini ala bilməyəndə onları döyürdülər. Bir erməni dağıdıb tökdükləri yükün içindən çıxan “Quran” kitabını cıranda başqa bir erməni: “Müsəlmanların ağır kitabını cırmaq günahdır. Bizə bədbəxtlik gətirə bilər, qaytar özlərinə” - desə də, onun sözlərinə məhəl qoymayan kafir müqəddəs kitabın səhifələrini cırdı.
Göz yaşları içində uzun yola çıxanların bir daha görüşüb-görüşməyəcəkləri bəlli deyildi. Onlar arxada qalan acılı-şirinli ötən günlərin xatirələrlə dolu dünyasından ayrılmaq istəmirdilər. Sevdiklərini, ən yaxın dostlarını geridə qoyanların qəlbində dərin bir boşluq yaranırdı. Qəlbi tarimar olan didərginlər sanki dünyanın bütün qəm yükünü daşıyırdı. Yurdundan ayrılıb köməksiz qalanların səslərinə səs verən yox idi. Canını götürüb qaçmaqdan başqa çıxış yolu olmayanların həmin vaxtlarda dizləri tutulur, yeriməkdə çətinlik çəkirdilər. Doğma torpağından qovulanlara qaçqın damğası vurulurdu.
Şahingözün doğmaları getdikləri ünvanda nələrlə qarşılaşacağını bilməsə də, nankor ermənilərdən salamat qurtulduqlarına sevinirdilər. Yunis ulu torpaqlarından ayrılarkən hər bir qarışında özünün və doğmalarının keçdiyi ömür yolunu gözləri önündə canlandırırdı. Onun qəlbində bir hüzün, vida duyğusu vardı. Torpaqdan ayrılmaq keçmişin ağır izlərini, müharibənin acı xatirələrini yenidən yaşamaq demək idi. Həyatın verdiyi dərslər sınaqlarla dolu yollarda Yunisi daha da güclü olmağa öyrətmişdi. Elindən-obasından uzaqlaşdıqca yol boyu torpağın ətrini hiss edirdi. Amma bu ayrılıq gələcəkdə geri dönmə ümidini qırmır, torpağa olan sevgi və bağlılığı daha da möhkəmləndirirdi.
Azərbaycana gələn ailə üzvləri yollarda çox çətinliklərlə üzləşirdi. İki yaşlı Anarın üşüməməsi üçün vaqonun dar məkanında başındakı yaylığı açıb oğlunun başına bağlayan Rəna müalicədən təzə çıxan körpəsinin xəstələnəcəyindən ehtiyat edirdi. Ürəyindəki narahatlıq, gələcəyin naməlumluğu yeni həyat qurmaq arzusunu hər an məhv edirdi. Göz yaşlarında itirilən isti ocağın acısı, ayrılığın ağrısı və bilinməyən gələcəyin qorxusu gizlənirdi. Ermənistandan Azərbaycana gəlincə yol boyu dərin düşüncələr, fikirlər içində sanki boğulur və atası Telmanın sözlərini xatırlayırdı: “Vartanyan familiyalı uşaq həkimi Anarda sepsis xəstəliyini təyin edib. Bu xəstəliik ölüm təhlükəsi ilə üz-üzədir. Yeniyol kəndində müəllim olduğumu biləndə. müalicəni boynuna götürdü. Düzü, bu xəstəliklə bağlı elmi iş yazır, bəlkə də, ona görə müalicəyə razılıq verdi. Nəvəmi müalicə edə-edə dissertasiyasını da ugurla müdafiə etdi. Sonra mənə dedi ki, burada erməni həkimləri azərbaycanlı uşaqların müalicəsini qəsdən düzgün aparmır. Uşağın yaşamasını istəyirsinizsə, başqa bir yerə aparıb müalicə etdirin.” Rəna insanlıqdan uzaq olan erməni həkimlərinin əlində ölə biləcək oğlunu bağrına basıb üzündən öpdü.
Azərbaycana çatmağa az qalırdı... Rəna iki balaca uşaqla, yaşlı qayınata, qayınana və iki baldızla birgə min cür əziyyətlə Gəncəyə gəlib çıxdılar. Burada bir günlük qohum evində qalmalı oldular. Səhərisi oradan birbaşa Sumqayıt şəhərinə gəlib çatdılar. Onları ilk salamlayan ağ göyərçinlər oldu. Qanadlarında sevgi daşıyan ağ göyərçinlər sülh və azadlıq nəğməsini hər tərəfə yayırdılar...
Ağ göyərçinli şəhərdə Şahingöz doğmalarını qarşıladı. Bir-birinə əziz olan adamlar yenidən yad şəhərdə görüşdülər. Selə dönən göz yaşları dayanmır, müsibətli günlərə sanki su səpirdi. Təbiətin füsünkar gözəlliyindən bərq vuran sakit kənd həyatı geridə, çox-çox uzaqlarda qalıb görünməz olmuşdu. Yeni məskəndə sığındıqları otaqlar onlara dar, sıxıcı və qorxunc görünür, qeyri-adi ovqat bəxş edirdi. Özləri ilə qalın paltar götürə bilməyən ailə üzvləri yeni mənzildəki üç otaqda rahatlıq tapa bilmirdi. Otaqlar soyuq olduğundan mətbəxdə qaz plitəsini yandırıb böyründə oturur və qızınmağa çalışırdılar. İlk vaxtlarda Şahingöz özünə iş tapa bilmirdi. Ailə üzvləri zülümlə aldıqları bir çörəyi aralarında bölüb yeyir, sağ qaldıqlarına görə Allaha şükür edirdilər.
Şahingöz onun kimi didərgin düşən amasiyalılardan eşitmişdi ki, ermənilər rayonda evini tərk etməyən azərbaycanlılara qarşı amansız davranırlar. Məqsədləri rayonun rəhbəri İldırım Bağırovu tələ qurub öldürdükdən sonra hücuma keçərək camaatı qırmaq olub. Bundan agah olan doqquz kəndin əhalisi qorunmaq üçün qarlı-boranlı gündə Türkiyə ilə sərhəddə olan İbiş kəndinə qaçıb, amma sərhədi keçməyiblər.
Dekabr ayının 7-də günortaya yaxın Ermənistanın şimalında güclü zəlzələ baş verdi. Bu zəlzələ nəticəsində qədim Hamamlı şəhəri, yəni Spitak və əlli səkkiz kənd tamamilə dağılaraq yer üzündən silindi. Çoxlu insan itkisinə, ölümünə səbəb olan təbii fəlakəti bəzi ermənilər cırdıqları “Quran” kitabına görə Allahın onlara verdiyi cəzası kimi də qəbul etdilər. Həmin günü qarlı-boranlı gün idi. Ermənistana ilk köməyə gedən azərbaycanlılar oldu. Onlar xeyli yaralını dağıntılar arasından çıxardılar. Yetmiş səkkiz nəfər könüllüdən ibarət ikinci qrup da hazırlaşıb köməyə tələsdi. Amma yardım məqsədilə könüllüləri daşıyan təyyarə Ermənistanın səmasında naməlum səbəbdən partladı. İçindəkilərin hamısı həlak oldu, tək bircə nəfər sağ qaldı.
Bu hadisədən bir müddət sonra Şahingöz iş axtarmaq üçün maarif şöbəsinə gedirdi. Qaçqın düşmüş iyirmi doqquz yaşlı müəllim keçmişini geri qaytarmaq, Çaybasar kəndində keçirdiyi xoş günləri yenidən yaşamaq istəyirdi. Yol boyu fikir içində olan Şahingözü arxadan kimsə səslədi. Yad şəhərdə ona çox tanış və doğma gələn bu səs fikirlərini dağıtdı. Dönüb arxaya baxanda bir kənddən olan Cəlili və oğlu Suriddini gördü, gözlərinə inanmadı. Şahingöz özünü bir anlıq yenidən kənddə hiss etdi və havasını ciyərlərinə çəkmək istədi. Ancaq şəhərin havasındakı “qazovka”dan burnunu tutdu. Qollarını geniş açıb onlara yaxınlaşdı. Bir torpağın adamları bərk-bərk qucaqlaşıb görüşdülər. Bu təsadüfi görüş hər birinin ürəyindən oldu. Cəlil Şahingözdən nə vaxt kənddən çıxdıqlarını soruşdu:
- Cəlil dayı, siz kənddən çıxdıqdan sonra payızın ilk günlərində biz də bu şəhərə köçdük. Ermənilər bizimkilərə qarşı çox amansız olmuşdular. Hər gün kəndə hücum edir, yolda
bizi görəndə şiddətli təzyiqlər göstərir, çıxıb getməyənləri öldürəcəklərini bildirirdilər. Yerli əhali ölümlə olum arasında çabalayırdı. Amma oralarda azərbaycanlılardan daha qalanı yoxdur.
- Şahingöz, səni gördüm çox şad oldum. Elə bilirəm ki, bütün kəndin camaatını gördüm. Ürəyimi qoyub gəldiyim yerdən Günəş yenidən üzümə şəfəq saçır, qəlbim sevinir.
- Kəndimizdə qonşudan-qonşuya, evdən-evə süzülən mehribanlıq var idi. Evlərimizin arasında hasarımız yox idi. Heyvandarlıqla, əkinçiliklə güzəranımızı tənzimləyirdik. Bir də
Arpaçayının balığı dadımıza çatırdı. Eh, heyif o çağlardan, çox heyif! Səhər süfrəmiz balsız, qaymaqsız, yağsız olmazdı. Görəsən təndir çörəyimizin ətrini orada yenə hiss etmək mənə qismət olacaqmı?
- Cəlil dayı, yurdundan qovulanlar haqsızlıqla nə barışa bilər, nə də unuda bilər. Bəlkə ermənilər baş verən zəlzələdən sonra səhv addım atdıqlarını başa düşüb düzələrlər. Torpağın sahibini qovmaqla əvəzində Allahın cəzasına tuş gəldiklərini anlayarlar.
İnanma, oğlum! Biz də əvvəlcə elə düşünürdük, amma yanılmışdıq. Qarın altından yaralı vəziyyətdə çıxarılan ermənilərin birinci sualı “Qarabağ necə olacaq” olub. Öz ev-eşiklərini yox, Qarabağın kimə qalacağını soruşurlarmış. Dəhşətdir, insan bu qədər acgöz olarmış? Harınlayanlar cəzanın nə demək olduğunu anlamaz.
- Sumqayıta daha kimlər köçüb?
- Qasım, Güləhməd, Rafiq də bu şəhərdə ev alıblar. Zəlzələdə ziyan çəkmiş, evləri dağılmış adamlara hökumət pul verirdi. Bizim evlər də dağıldığından verilən müavinəti almaq üçün birlikdə Ermənistana getdik. Amma ermənilər bizi möhkəm döyüb
şil-küt etdilər. Yaralı vəziyyətdə xəstəxanaya gedib müraciət etsək də, erməni həkimləri: “Sizin millətə burada yer yoxdur”, - deyib
bizi qəbul etmədilər. Birtəhər Sumqayıta qayıdıb gəldik. Qasımla Güləhmədin vəziyyətləri yaman ağır idi. Zərər çəkənlər aldıqları xəsarətlərə görə çox yaşamadılar, rəhmətə gediblər.
Qayğısız uşaqlıq və gənclik illərini özündən iki yaş böyük olan Şahingözlə birlikdə keçirən Suriddin atasının dediklərinə əlavə etdi:
- Biz avtovağzalda olanda yaxınlıqda dayanan iki erməninin söhbətini eşitdim. Başa düşdüm ki, onlardan biri həkimdir. O, azərbaycanlı oğlan uşaqları anadan olanda
bilərəkdən tələf edirmiş. İndiyədək doxsan doqquz azərbaycanlı körpənin ölümünə bais olan həkim məhv etdiklərinin sayını yüzə çatdıra bilmədiyinə görə təəssüflənirdi.
Şahingöz eşitdiyi acı xəbərlərdən sarsıldı. Elindən-obasından qovulan, döyülən, öldürülən kəndlilərin acı taleyi, dünyaya gəldiyi gündən tələf edilən günahsız uşaqların qaranlığı bütün Ağbaba mahalına yayıldı...
Həmin gün çörək pulu qazanmaq üçün küçələrə düşüb iş axtaran gənc ailə başçısı evinə əliboş qayıdırdı. Küləkli havada həm aclıqdan, həm də fikirdən başı hərlənən Şahingöz güclə yeriyirdi. O, dayanıb nəfəsini dərmək istədi. Birdən yaxınlığındakı ağacın altında beş manat pul gördü. Əvvəlcə götürmək istəmədi, sağa-sola baxıb yiyəsini axtardı. Amma heç kimi tapa bilmədi. Qismətimdir, deyib götürmək istəyəndə külək pulu bir az aralıya apardı. O, iri addımlarla gedib pula çatdı və əyilib yerdən götürdü. Ovcunun içində sıxdığı pula görə həm sevinirdi, həm də yox. Sevinirdi ki, evdə yolunu gözləyənlərə çörək və lazım olan ərzaq alıb aparacaq. Beş manatı itirən əsl sahibinin ac-susuz qalacağına isə kədərlənirdi.
İllər bir-birini əvəz edirdi. Şahingöz şəhər məktəblərinin birində riyaziyyat müəllimi işləyirdi. Məktəbdə Qərbi Azərbaycandan gələn ailələrin uşaqlarını görəndə qəlbi kövrək, zərif notlara köklənir, yurduna qayıdacağını düşünüb xəyallar qururdu. Şahingöz savadı və bacarığına görə qabaqcıl təhsil işçisi kimi tanınırdı. Tale yollarında birgə addımladığı Rəna xanım xəstəxanaların birində laborant vəzifəsində çalışırdı. Birlikdə əziyyətlərə qatılıb vətənpərvər ruhda böyütdükləri Anar memar, Elnarə fizika müəllimi idi. Şəhərdə anadan olan oğlu Allahverdi isə özəl şirkətlərin birində əməklə məşğul idi. Torpaq həsrəti ilə haqq dünyasına qovuşan ata-anası pənah gətirdikləri şəhərin qəbiristanlığında dəfn edilmişdi.
Şahingözün və ailə üzvlərinin arzuları çox idi. Qaçqınlıq dövrü onları həyatın soyuğuna və istisinə, bərkinə və boşuna alışdıraraq sınaqlara çəkdi. Bu zaman kəsiyində çox çətinlikləri aşıran didərginlər torpağından qovulan qarabağlılarla da üz-üzə gəldi. Dərdi bir olanlar doğma və əzəli torpaqlarına qayıtmaq ümidilə yaşayır, arzularının çin olacağına inanırdılar. Qarabağ uğrunda Birinci Vətən müharibəsindəki məğlubiyyət acı olsa da, qələbəyə olan inam itməmişdi. Nəhayət, Qarabağdan olan
məcburi köçkünlər istəyinə qovuşdu. 2020-ci ildə başlanan və 44 gün davam edən İkinci Vətən müharibəsi böyük itkilər, şəhidlərimizin qanı bahasına böyük Zəfərimizlə başa çatdı. Bu xəbərdən hamı kimi Şahingöz və doğmaları da fərəhlənirdi. Ata sevinclə üzünü balalarına tutdu:
- Görürsünüz, qüdrətli xalqımız öz varlığını, ərazi bütövlüyünü dünyaya tanıtdı. Məcburi köçkünlərin hamısı əzəli torpaqlarımıza qayıdacaq. Bu şanlı bir tarixdir. İnanıram ki, biz də Ağbaba mahalına, havası, suyu və torpağının ətri üçün darıxdığımız Çaybasar kəndinə, əzəldən bizim olan İrəvan torpağına qayıdacağıq.
Evin böyük oğlu Anar ata-anasını və bacı-qardaşını qucaqladı:
- Mənim iki yaşım olanda Ağbaba mahalını tərk etmişik. İndi mənim iki qızım bacımın bir oğlu, şəhərli qardaşımın isə bir qızı var. Biz özümüz indi valideyn olmuşuq. Gözəl anam, əziz atam! Siz balalarınızı isti ocağınızda yox, yad bir şəhərdə bir qarnı ac, bir qarnı tox böyütməli oldunuz. Qaçqın düşdüyünüz ilk vaxtlarda bir soyutma kartofu neçə yerə bölüb tikə çörəyin arasında öz payınızı da bizə yedizdirdiniz. Bəzən çörəyi soğanla, olmayanda isə yavan-yavan verdiniz. Yolumuzda çəkdiyiniz əziyyəti, torpaq dərdinizi anlayırıq. Qarabağ torpaqları azad olundu, məcburi köçkünlər evlərinə qayıdır. Siz də uzun illər həsrətində olduğunuz yurdunuza nəvələrinizlə birlikdə qayıdacaqsınız. Mən buna əminəm, əzizlərim!
Ana əlində üçrəngli bayrağı yelləyən nəvəsini qucağına
- Əlbəttə! Biz hamımız torpağımıza qayıdacağıq, birlikdə firavan yaşayacağıq, oğlum!
Şahingöz doğmalarına baxıb qürurla söylədi: - Dövlətlər arasında dövlətimiz, millətlər arasında millətimizin adı Azərbaycan kimi tanınır. Bundan şərəfli heç nə ola bilməz! Biz ta qədimdən varıq, Azərbaycan da var. Bu varlıq əsrlər boyu davam edəcək!
Aydın səma altında yaşayan ailə üzvləri bir gün sevinc içində dədə-baba yurduna qayıdacağına böyük ümid bəsləyirdi
