Edebiyyat.az » Ədəbi tənqid » Rasim Qaraca. Yoxdan Var Olmanın Avantajları. Manifesto

Rasim Qaraca. Yoxdan Var Olmanın Avantajları. Manifesto

Rasim Qaraca. Yoxdan Var Olmanın Avantajları. Manifesto
Ədəbi tənqid
nemət
Müəllif:
19:07, 28 aprel 2020
1 416
0
Rasim Qaraca. Yoxdan Var Olmanın Avantajları. Manifesto







Müstəqillik dövründə Azərbaycan xalqı birdən-birə, hazır olmadan ideyasızlıq boşluğuna (ekzistensial vakuuma) düşdü və mənim fikrimcə hələ də bu boşluqda təhtəlşüur axtarış içərisindədir. Biz kimik? - sualı kabus kimi ortalıqda dolaşmaqdadır, siyasi partiyaların, ictimai qurumların, müstəqil ziyalıların bu suala düzgün cavabı yoxdur. Türkük, müsəlmanıq, azərbaycanlıyıq? Bayrağımızdakı üç rəngi bir araya necə sığdırmışıq? Hardan gəlib hara gedirik? Tarix səhnəsindəki misyonumuz nədir? Biri birinə zidd olan bu qədər özəlliyi necə olub özümüzdə birləşdirmişik? Cavablar birmənalı deyil, ola bilməz, çünki biz çoxparametrli Yeni Millətik.
Bu Yeni Millətin idealı nədir, nə ola bilər? Keçən 25 ildə biz bu sualın meydana atıldığını görmürük, Azərbaycançılıq haqqında bir para atmaca xarakterli qaralamalar dışında əsaslı bir araşdırmaya rast gəlmirik. Halbuki, ideallar gələcəyin proyeksiyasını yaradır, əgər xalqın mütərəqqi bir idealı varsa özünü yoxdan var edə bilir, əks halda yox. Bunu biz bir dəfə öz təcrübəmizdə yaşamışıq, - “biz yoxdan bir bayraq yaradaraq onu gələcək nəsillərə ərməğan etdik” dedi bu idealın yaradıcısı. Bu, yoxdan var olmaq məsələsinə diqqət etməliyik. Dünənə qədər milli kimliyi olmayan, özünü müsəlman deyə tanımlayan bir toplumun millət olaraq meydana çıxması elə yoxdan var olmaq demək idi. Buradan biz özümüzün ilk nəticəmizi çıxartmalıyıq. Biz tarix səhnəsində Yeni Millət olaraq zühur etmişdik. Başqa bir deyişlə, biz özümüzü tarix adlı həlməşikdən sıyırmağı bacarmışdıq. Lakin bu millət hələ 70 il boyunca qaynar dəmirçi kürəsində bişəcək, tarixin üzərində buraxmış olduğu izlər tamamən silinəcək və artıq geri dönüşü olmayan gerçək bir Yeni Millət olacaqdı. Tarixən bağlı olduğumuz İran və Türkiyə türklərindən qoparılaraq fərqli bir seyrə çıxmış, bu yeni formasiyada özümüzü təsdiq etmişik. I Dünya müharibəsinin tamamında bu özünütəsdiq hekayəsi bir macərapərəstin çılğınlığına çox bənzəyirdi. Zatən tarixi şərtlər Şərqdəki ilk parlamentar cümhuriyyətin yaşamasına müsaid deyildi. Lakin “Yeni Millətin” əsası qoyulmuşdu. Azərbaycan artıq var idi və onun varlığı əbədi olacaqdı. Beləliklə, yoxdan var olmaq və yeni millət kimi meydana çıxmaq bizim yadda saxlayacağımız ilk önəmli maddədir.
2.
1920-ci ildən başlayaraq bu yeni millətin üzərində aparılan əcaib eksperiment nəticəsində kimliyi bütün səviyyələrdə dəyişdirilir. Tarixdə buna bənzər heç bir örnək yoxdur: 1.Əlifba dəyişdirilir, 2. Din yasaq olunur, ateizm rəsmi ideologiyadır, 3. Millətin adı dəyişdirilir və coğrafi ad millətə verilir, 4. Bütün qan damarlarıyla bağlı olduğu İran və Türkiyə ilə, ümumən Şərqlə əlaqələr kəsilir, sərhədlər bağlıdır, türklər ümumiyyətlə “yad” elan olunur (Yeni dövrün böyük şairi belə yazır: “Türklər gəlib yurdumuzu talayanda, rus xalqının qardaş əli tutdu bizim əlimizdən”), 5. Xalqın özünü tanıması üçün lazım olan bilgilər yasaq edilir və saxtalaşdırırlır, 6. Ruscadan tərcümə əsasında yeni ədəbi dil formalaşır, 7. Orfoqrafiya islahatı aparılır, 8. Qadınlar kütləvi şəkildə çadranı atır, 9. Ziyalılar kütləvi repressiya edilir, 10. Millət ona tamamən yad olan bir mədəniyyətlə yaşamağa məcburdur və s. Başqa sovet respublikalarında olmayan bir kimlik dəyişdirmə təcrübəsi yaşanır. Və bu kimlik dəyişdirilir. Faciədir! Tarixi geri qaytara bilmədiyimizə görə bu faciədən dərs almalıyıq. Biz bu durumu avantaj kimi qəbul etməliyik.
 
3.
Dünənə qədər xalqın, nə qədər qondarma olsa da, kommunizm adlı bir idealı vardı, və bu ideal rəsmi dövlət idealogiyası olaraq özündə sağlam toxumlar daşıyırdı, Karl Marksın nəhəng elmi nəzəriyyəsinə əsaslanırdı. Kapitalizmə və imperializmə zidd olan bu nəzəriyyə dünyanın mədəni mənzərəsini əsaslı şəkildə dəyişdi. Dövrün qabacıl ideologiyası olan marksizmi məcburi şəkildə də olsa yaşamaq, marksizm təcrübəsini qazanmaq bizim şansımız sayılmalıdır. Bizi çağın önünə atan, müasirləşdirən, elmi dünyagörüş verən bir nəzəriyyə - Marksizm. Hər bir azərbaycanlı yaşanmış marksist təcrübəni dərk etməli və onun buraxmış olduğu izlərin fərqində olmalıdır: 1. Marksizm bəşər tarixinin ən cəsarətli eksperimenti idi, bu ideologiyanın əsasında zəhmətkeş sinfin mənafeyi dururdu. Azərbaycan müsəlman şərqində - Kapitalist münasibətlərin formalaşmadığı Orta Asiya respublikalarını bura qatmıram - yeganə marksist respublika idi ki, burada inqilabi prosesdə iştirak edən aktiv fəhlə və kəndlilərin olduğunu görürük. 2. Marksizm yüksək ideoloji pafosa malik idi, bu ideologiyanın hakim olduğu cəmiyyətlərə yüksəliş və quruculuq ruhu hakim idi. İndi biz postmarksist dönəmin depressiyasını yaşayırıq. İnsanları gələcəyə ruhlandıracaq daha böyük ideallar artıq yoxdur və idealla bağlı hər hansı fikir pessimizmlə qarşılanmaqdadır. Nəticə: Marksist düşüncə Azərbaycanlı kimliyinin formalaşmasında mühüm yerə malikdir.
4.
Pul - yeni dövrün ideallarından biri kimi. Marksist idealın iflası, təbii olaraq, onun əks qütbünü meydana gətirdi. Dünənə qədər inkar edilən kapital indi cəmiyyətin yeni idealına çevrildi. Var-dövlət, kapital yığımı insanların başlıca hərəkətverici amili halına gəldi. Hər şeyi inkar edərək, pulu ilahiləşdirərək. Pul hər şey deməkdir və pulla hər şey alına bilər, nəyin bahasına olursa-olsun pul düşüncəsi - yeni dövrün idealllarından biri belədir. Elə bir ideal ki, hər an məzənnəsi düşə bilər və iflas edə bilərdi, necə ki oldu. (Diqqət edin, Azərbaycan kimi iqtisadiyyatı xammaldan asılı olan ölkədə kapital yığımını öz idealına çevirən insanın şəxsiyyəti necə sürüşkən olmalıdır, milli valyuta dəyərini itirdikcə o da dəyərini itirəcək, sürüşkən olduqca sürüşkən olacaq.)
5.
İdeyasızlıq vakuumunda yeni nəsil azərbaycanlının Puldan kənarda daha bir idealı vardır – Allah. Dinin dövlət səviyyəsində rəsmən yasaq olduğu, ateizmin geniş təbliğ edildiyi ölkənin vətəndaşları baş vermiş fəlakətlərin bütün səbəbini “Allahdan üz çevirməkdə” gördülər, və 70 illik məcburi ayrılıqdan sonra həsrətlə öz allahlarına sarıldılar. Bütün postsovet ölkələrində olduğu kimi Azərbaycanda da müstəqilliyin 25 ilində dindarlığın nisbəti yüksələn xətlə artmaqda davam edir. Lakin Azərbaycan cəmiyyəti tamamən dindarlaşa bilmir, tam əksinə, mənim müşahidəmə görə buradakı dindarlar aramsız daxili sorğulama prosesini durdura bilmirlər. Xaricdən ixrac edilən təriqət modelləri burada tutuna bilmir. Nəticədə İslam dininin Azərbaycanda özünəməxsus modeli formalaşıb. Oxumasa da hər kəsin evində Quran var, namaz qılmasa da “bismillah” deyər və s. Orta statistik azərbaycanlı radikal İslamı qəbul etmir, lakin tam olaraq dinsiz də deyil. Onun Allahla özünəməxsus münasibəti var, mən deyərdim, sərbəst münaisbəti var. Bakı dünyada yeganə paytaxtdır ki, burda şəhərin mərkəzində çadrasını atan qadına heykəl qoyulub. Eyni zamanda, çadrasını atmış o qadınlara biz dinsiz deyə bilmərik. Dinin Azərbaycanda tam yasaq edilməsi düzgün olmazdı. İnsanın təbii varlıq olaraq ruhani-ezoterik ehtiyacları vardır, bu ehtiyacların qarşılanmasını onun təbii haqqıdır, əks halda həmin ehtiyacların radikal şəkildə meydana çıxmasını görəcəyik. Məsələn, Türkiyədən və İrandan fərqli olaraq Azərbaycanda dinin sorğulanması, sərf-nəzər edilməsi və tənqidə tabe tutulması üçün ideal şərait var. Dövlətin də bu məsələdə iştirakı ilə Azərbaycan şərtlərinə uyğun müasir İslam modeli işlənilib hazırlana bilər. Nəzəri cəhətdən İslam dininin ezoterik tərəflərini önə çıxardıb, onu hər bir fərdin vicdan məsələsi olaraq qəbul etmək, lakin köhnəlmiş adətlərdən, zamana uyğun olmayan şəriət hökmlərindən arındırmaq mümkündür. Bütün bunlar din mövzusunun müzakirəyə açılmasıyla ola bilər. Ənənədən qopmuş Yeni azərbaycanlının klassik mənada dindar olması mümkün deyil. Çünki tarix onu silkələyib, oyandırıb, ideologiyaları maska kimi dəyişib, nəhayət özü olub. Bir kərə özü olan insan bir daha başqası olmaq istəməyəcək...
 
6.
Daha bir ideoloji sığınacaq – Türkçülükdür ki, bu ideyanın daşıyıcıları barmaqla sayılacaq qədərdir, xalq arasında dolaşan inama görə, bir qrup ideya alverçisinin, türkçülük tacirinin ümidinə qalmışdır. Sadaladığım bu üç ideoloji sığınacaq azərbaycanlı üçün alver predmeti olduğu halda maraqlıdır, əks halda hər an üzərindən atmağa hazırdır. 70 illik Sovet dövrü bu torpaqda yaşayan insanları qardaşlaşdırıb, kimsə türk, kürd, ləzgi, talış deyil, hər kəs azərbaycanlıdır. Ölkəmizdə din ayrılığı yoxdur və donuz əti dükanlarda sərbəst satılmaqdadır. Müstəqilliyin ilk illərində tətbiq olunan “Türk dili” ifadəsinin dəyişdirilərək “Azərbaycan dili” ifadəsinə keçilməsini müsbət qarşılamaq lazımdır.
7.
Bizim cəmiyyət olaraq idealımız nə ola bilər? - illərdir düşüncələrimi məşğul etməkdə olan fikirləri qısa və yazıçı qələmiylə çatdırmağa çalışıram. Siyasətlə
məşğul olanlar, ziyalılar, özünə cəmiyyətə söz demək haqqı verənlər bu günə qədər artıq bu idealı tapmalı və gəncliyə təqdim etməliydilər (Nə üçün gəncliyə? Çünki ideallar onlara lazımdır, gələcək cəmiyyəıti quranlar onlar olacaqlar). Halbuki o ideal var idi, indi də var və hər zaman da var olacaq. Sadəcə o köhnə çırağı yerdən götürüb təmizləmək və parıldatmaq lazım idi. Artıq, mənəvi çöküş yaşayan, öz gələcəyini hər hansı bir idealı olmadan axtaran millətimiz bəşəri bir parıltıya bürünəcək. Nədir bu ideal? Azərbaycan dövləti və milləti unikaldır! Bu unikallığı şərtləndirən başlıca səbəb isə bu coğrafiyada yaşayan insanların ƏNƏNƏDƏN QOPUQ olmasındadır. Azərbaycan xalqı öz tarixi kimliyindən və min illik gələnəklərindən, yəni ərəbcə desək, ənənələrindən qoparılıb. Sizcə bu faciədirmi? Mənə görə deyil. Biz bunu üstün məziyyət kimi qəbul etməliyik. Bəzi millətlər özlərinin qədim tarixləriylə öyündükləri halda, biz tarixi silbaşdan edib atırıq, çünki orada düşmənçilikdən və qandan başqa bir şey yoxdur. Biz yeni millət olmağımızla öyünməli və qürur duymalıyıq. Ənənəyə bağlı olmamaq bizim üstünlüyümüzdür və millətimizin önündə qeyri-adi üfiqlər açmaqdadır. Bizi tarixin pisliklərinə bağlayan iplərin qırılmış olması elə həmin o tarixin bizə vermiş olduğu şansdır. Biz nə qədər üzaqdan gəldiyimizin deyil, nə qədər uzağa gedəcəyimizin həzzini yaşamalıyıq. Gəlin, baş vermiş bu faciədə pozitivləri görməyə çalışaq: Bütün bu itirdiklərimizin əvəzində tarix bizə cavan bir millət olmaq şansı qazandırmışdır. Biz tarixin təkərini geri fırlada bilmərik. Lakin əldə qalmış xarabalıq materialından gələcək qurmağa məcburuq. Azərbaycan respublikasını Vətəndaş müharibəsindən çıxmış Amerikaya, Atatürkün Türkiyəsinə, Xirosimadan dərs almış Yaponiyaya və Herzlin İsrailinə bənzətmək olar. Müqayisələr nə qədər uğurludur bilmirəm. Sıfırdan yaranan bir millət demək istəyirəm. Biz İrandakı 30 milyonluq öz cənub soydaşlarımızdan, Türkiyə türklərindən, müsəlman Şərqindən, dolayısıyla, tarixi köklərimizdən qoparılmışıq. Biz indi həm onlar kimiyik, həm də onlar kimi deyilik. Bunu bir üstünlük olaraq görməyi bacarmalıyıq. Almaniyada doğulan türklər özlərinə “biz yeni millətik” dedikləri kimi, biz də özümüzə yeni millət deməyi bacarmalıyıq. Qoca Şərqin gənc övladı – Azərbaycan. Tarix bizim ayaqlarımızda buxov deyil. Bu o deməkdir ki, bizim inkişaf üçün şansımız daha böyükdür və millət olaraq daha dinamik ola bilərik. Bax bu ənənədən qopuqluq, milli gənclik bizim idealımız sayıla bilər.
8.
Bu ideyadan yola çıxaraq nələri bilməliyik?
Əvvəla,tarixi dəyər deyə tutmağa çalışdığımız, yaşı 100-ün üzərində olan bütün ənənəvi atributlar sərbəst buraxılmalıdır. Tarix bizim tariximizdir, dəyər bizim dəyərimizdir, bunu inkar etmirik, lakin bizim kimliyimizi müəyyənləşdirən özəllik onlar deyildir. Bu yeni millətin tarixi təşəkkülünün start nöqtəsində M.F.Axundovlar, N.Vəzirovlar, Sabirlər, Mirzə Cəlillər, Üzeyir Hacıbəyovlar durur. Onun dini Respublika, peyğəmbəri isə Məmməd Əmin Rəsulzadədəir! Geridə qalanlar, Nizami, Nəsimi, Fizuli, Xətai, Vaqif və Tufarqanlı Abbas da daxil olmaqla, SMD elan olunmalıdır – yəni, Sərbəst Milli Dəyər. Başqa millətlərin də dəyəri olan ortaq dəyərlər beləcə sərbəst milli dəyərlərdir, bizim yeni millət olaraq təşəkkül prosesindən kənarda qalır.
Hər bir azərbaycanlı tarixi təsadüfün ona vermiş olduğu indiki qeyri-adi potensialın fərqində olmalı və ənənəvi düşüncəyə qarşı münasibətini konkretləşdirməlidir. O, özünü yeni millət olaraq dərk etməli, yeni millət olmanın ona verdiyi üstünlüyün fərqində olmalı, elm və sənət sahəsində ən yüksək uğurların astanasında durduğunu başa düşməlidir.
Azərbaycan futuristik məkan, azərbaycanlı kosmik xaosun övladıdır. 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)