Edebiyyat.az » Ədəbi tənqid » Səbirə Müzəffər - “Komandir” (oxucu gözüylə)

Səbirə Müzəffər - “Komandir” (oxucu gözüylə)

Səbirə Müzəffər - “Komandir” (oxucu gözüylə)
Ədəbi tənqid
admin
Müəllif:
02:15, 08 sentyabr 2020
1 481
0
Səbirə Müzəffər - “Komandir” (oxucu gözüylə)

                                            

                                           

                                           

       

“Deyirlər, erməni generalının oğlunu əsir gətirmisən, düzdür?”

Kim deyir?

Hamı danışır, General yalvara-yalvara qalıb, 

sən də demisən, Ağdamı qaytar, oğlunu verim”. 

Şərif Ağayarın “Komandir” i. Azərbaycan yaddaşına silinməz iz qoyan, Tərtər istiqamətində qəhrəmancasına vuruşan, əfsanəvi kəşfiyyatçı, “Murov qartalı”- Raquf İbrahim oğlu Orucov. Qətiyyətli, sözündən dönməyən, çevik, bir az sərt, bir o qədər də yumşaq “KOMANDİR”. 

“Gözlərinə baxanda içimdən üşütmə keçdi. O gözlərin dərinliyində həm adamın canına üşütmə salan, zabitə vardı, həm də arxayınlıq verən canıyananlıq. Bəzənsə bu gözlərdə nisgil kölgələnirdi. Baxışlarının belə rəngarəng mənalar verməsinin sirrini anındaca açdım. İstəyəndə humanist, istəyəndə zəhmli baxa bilir. Baxışları kiriyəni ağlatmaq, ağlayanı kiritmək gücündəydi...

Əsər  fərqli struktura və güclü sujet xəttinə   malikdir. Əsərdə bir hərbçinin yaşamı, həyatının  ən maraqlı məqamları, müşahidələrdən tutmuş kəşfiyyatlarına qədər  hər an, hər dəqiqəsi ustalıqla və realistcəsinə qələmə alınıb. Heç bir  obrazın şişirdilməsinə gərək duyulmamış nə də ki, yaşanmışları uydurulmuşdur.  Hər şey aydın və parlaq...

Həyati faktlarla   zəngin olan bu əsər əslində oxucuya memuar təsiri bağışlayır (subyektiv oxucu fikrim).  Hər sözdə, hər söhbətdə Raquf Orucov böyük ehtiram və hörmətlə anılmışdır. 

“...arada çevrilib baxdığı istiqamətə baxmaq istədim, çəkindim. Səsində də eynən baxışları kimi həm amirənəlik, həm də həlimlik, həm də hüzn vardı. 

-Şəxsi işinə baxdım, dedim görüşüb söhbətləşək, baxışlarında yalnız canıyananlıq vardı. Mənə elə gəlirdi ki, doğma atamla söhbət edirəm. Ürəkləndim. (obraz: Əsgər Qasımov)

“...o vaxt onu tanımırdım. Səhər tezdən ön xətdən növbəni dəyişib qayıdırdıq, gördük yolun qırağında göygöz, sarıyanız bir əsgər var, yanında da bir meyit. Soruşdum, kimsən, hardan gəlirsən?..Hamımız maşınlara doluşub Ergi tərəfə getdik. Meyit gətirən göygöz oğlanı orda itirdim və bir də iyirmi ildən sonra gördüm. Ancaq kim olduğunu tezliklə öyrəndim...” (obraz: Xanı)

“Onunla heç vaxt anası haqqında danışmağa ürək eləmirdim. Ana kəlməsi işlənəndə dəyişib başqa adam olurdu. Susurdu. Qüssələnirdi. Tək qalmaq istəyirdi. Anası yalnız ona aid olan sehrli bir nəğməydi. Bölüşmürdü bu nəğməni. Sehrini itirəcəyindən qorxurdu...” ( obraz: Sevinc Orucova)

25 il Vətən keşiyi çəkmiş, dayanmadan, çəkinmədən, əzmlə  mübarizə aparan Raquf Orucovun qəlbi düşmənə qarşı  daim hiddətlə dolu olmuşdur. Əvvəlcə Çinlinin işğalı, sonra anasını itkisi, daha sonra Çullunu, ən sonda isə Ağdamın əldən getməsi onun üçün ağır dərd idi.   

“Xahiş edirəm, bizi də nəzərə al. Məni, balalarını, Vətənə 25 il qulluq elədin, bizə bir az vaxt ayır. Heç nəyini istəmirik, quru nəfəsin olsun evimizdə, bizim də ocağımız isinsin, divarlar üstümüzə gəlməsin. Xahiş edirəm, səndən...Bəs anam?!”

Qisas alınmalı idi. Nə olur, olsun, bu torpaqlar alınmalı, günahsız insanların, uşaqların tökülən qanlarının intiqamı alınmalı idi. Çinli alınmalı, Ağdam alınmalı idi. Çox heyif ki, sonda torpaq “Komandir”i də bizdən aldı.

Əsərdə hadisələrin müəyyən zaman ardıcıllığı ilə eyni xətt boyunca davamlı sıralanması, qəhrəmanların xarakterik xüsusiyyətlərinin obrazlı ifadəsi də gözdən yayınmamışdır. “Dörd günlük müharibə” nin torpaqla qovuşdurduğu şəhidlərin hər birinə əsərin hər parçasında yer verilmiş, heç biri unudulmamışdır. 

        Hərbi xidmətin ən həyəcanlı və qızğın  məqamları-səngər həyatı və  kəşfiyyatlardır ki, bu da əsərdə ən incə detallarına qədər geniş təsvir olunmuşdur. Komandirin iti düşüncəsi, alternativləri, çevikliyi də məhz belə kəşfiyyatlar vasitəsilə üzə çıxmışdır.

        Qısacası, belə düşünürəm ki, reallıqla səsləşən, faktiki sənədlər çərçivəsindən kənara çıxmayan bu (sənədli) roman Qarabağ ədəbiyyatı üçün mükəmməl örnək sayıla bilər...

                                                                            

     

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)