Edebiyyat.az » Ədəbi tənqid » Mikayıl Qəhrəmanov - İnsan müharibədir

Mikayıl Qəhrəmanov - İnsan müharibədir

Mikayıl Qəhrəmanov - İnsan müharibədir
Ədəbi tənqid
admin
Müəllif:
18:34, 11 noyabr 2020
1 222
0
Mikayıl Qəhrəmanov - İnsan müharibədir




 Bəşəriyyət mövcud olandan bu günə qədər iki şey paralel olaraq mövcud olub, hər hansı yaradıcı və ya ilahi qüvvəyə olan inanc və müharibə. Bu yeni fikir deyil və illərdir təkrarlanır. İndi isə yaşadığımız coğrafiyada davam edən müharibələrin olması məsələni daha da aktual edir. Öncəliklə inanc məsələsinin üzərindən xəfifcə keçək. Belə ki, ilkin yaşayış dövrlərindən, yəni Neandertal insan var olandan, qədim tarix dövrü kimi adlandırdığımız tarixi perioddan başlamış, orta əsrlər, yeni dövr və ən yeni dövrə qədər inanc insan şüurunda öz varlığını sürdürüb. 

 İnsan yaranan ilk gündən inancın da mövcudluğu tarixçilərə, elm adamlarına, din xadimlərinə bunun üzərinə düşünməli olduqları bir məsələ olduğunu göstərib və bunun nəticəsidir ki, insanın genində “Tanrı geni” olduğuna dair irrasional bir qənaətə gəlinib. Yəni inanc ilk insan yarananda onun genində olub, genetik olaraq bir inkişaf yaşayıb və növbəti nəsillərə ötürülüb. Bu yaradıcı qüvvənin varlığını sübut etmək üçün hər hansı təcrübələrdən keçmiş və təsdiqini tapmış bir fikir olmamaqla yanaşı inancın tarixi mövcudluğunu açıqlamaq istəyənlərin romantik ehkamlarından ibarət olduğunu göstərir.

 Elə genetika mövzusuna toxunmuşkən vacib bir məqamı qeyd etməklə müharibə anlayışının tarix boyu şüurumuzda yer etməsinin səbəblərini də izah etməyə çalışacam. İsrail əsilli tarixçi-yazar Harrari öz Sapiens kitabında çox yaxşı bir məqama toxunur, iddia olunur ki, bugünkü insanın ortaya çıxmasında iki nəzəriyyə mövcuddur. 

 Birinci “Çarpaz cütləşmə nəzəriyyəsi”, yəni Homo Sapiens 70 min il əvvəl Şərqi Afrikadan çıxdı, Yaxın Şərq və Avropada Neandertallarla, (həmin dövrlərdə yaşayan digər insan növü) Şərqi Asiyada isə Erectus-la (qədim insan növü) qarşılaşdı, cütləşdi və indiki insan nəsli yarandı və formalaşdı. İkinci nəzəriyyə “Əvəzetmə Nəzəriyyəsi” birincinin tam əksidir və iddia olunur ki, Sapienslə digər insan növlərinin genetik fərqlərdən dolayı cütləşməsi və yeni nəsil ortaya gətirməsi mümkün deyildi və Neandertallar öldükdə və ya öldürülükdən sonra genləri onlarla birlikdə yox oldu. Bundan sonra Sapiens heç bir insan növü ilə qarışmadan onları əvəz etdi. 

 Müəllif qeyd edir ki, əgər bu doğrudursa biz hamımız ortaq bir irqə sahibik və bu qədər irq davalarının tarix boyu davam etməsi əbəs yerə imiş. Yox əgər birinci doğrudursa (sonradan birinci nəzəriyyənin doğruluğu nisbətən isbat olundu) o zaman insan irqi müxtəliflik içində yaşayıb və bunun uğrunda qan tökməsində “haqlı” idi. Bunun ən bariz nümünəsini Amerika kimi bir dövlətin qurulmasında görə bilərik. 1776-cı ildə qurulan dövlət ağların gəlib yerli hindu tayfalarını qırması, onları öz tarixi yerlərindən qovması hesabına başa gəldi. İrq davasının qədim və ən yadda qalan nümünələrindən biridir bu. 

 İlk insanların müharibə anlayışının yanlız yemək davası olmadığını bu yaxınlarda İngiltərənin Bata universitetində təkamül biologiyası və paleontologiya ixtisası üzrə dərs deyən müəllimi Nikolas R.Lonqriç bir məqaləsində çox yaxşı şəkildə izah edir. Qısa olaraq sübutlarla irəli sürülən fikir ondan ibarətdir ki, Homo Sapiens və Neandertallar arasında torpaq zəbt etmək uğrunda uzun illər sürən müharibələr baş vermişdir. Bunu sonradan tapılan insan sümükləri və qalıqları üzərindən də görmək mümkün olub. Müharibə nəticəsində mənsub olduğumuz növ qalib gəlib və müharibənin torpaq uğrunda da olma mümkünlüyünü genetik olaraq bizlərə ötürüb. 

 Məqalənin adı əbəs yerə “İnsan müharibədir” deyil, çünki insan gördüyünüz kimi ilk dövrlərdən bu yana heç vaxt sülh olmayıb. İnsan mövcud olduğu tarixi periodda yalnız bu gün müharibə etmir, insan hər dövrdə müharibə ilə oyanır. Xatırlanan da həmişə müharibələr və müharibə edənlərdir. Bu gün bir küçə sorğusunda illərlə qan tökmüş, ömrü müharibələrdə keçmiş Napoleon Bonapart, dünyaya pasifizm kimi (hər cürə silahlı savaşa qarşı silahsız dirəniş) bir anlayışı tanıtmış, bir mərmi belə atmadan Hindistanın İngiltərə qarşısında böyük qələbələr qazanmasına səbəb olmuş Mahatma Qandidən daha çox tanınması da buna bir nümunə deyilmi?! Və ya tarixində 50-yə yaxın prezidentin olmasına baxmayaraq ABŞ prezidentləri içərisində ən çox Corc Buşun hər kəs tərəfindən tanınması onun tökdüyü qanlar hesabına deyilmi?! Ən yeni tarix dövründə Rusiya prezidentinin Krımı Ukraynadan qan hesabına alaraq tarix kitablarına düşməsi istəyi buna dair ən bariz nümunə deyilmi?! Və heç bir sülh tələbi, sülh hərəkatları, sülh mahnıları insanın müharibə olduğu faktını dəyişə bilməz əfsus ki…

 Tarantino filmlərini izləməyi çox sevsəm də bunu niyə sevdiyimi anlaya bilmirdim,çünki Tarantino filmlərində qan səhnələri həddindən artıq çox olur, mən isə əsla qandan həzz alan adam deyiləm deyə düşünürdüm. Qan tökməyi,qanı töküləni izləmiyi niyə sevdiyimi Tarantino “Reservoir Dogs” filmində bir personajının dili ilə mənə izah etdi. Bir qrup oğurluq etmək üçün bir araya gəlir və mükəmməl bir plan hazırladıqlarını düşünürlər, lakin oğurluq zamanı işlər yolunda getmir və polis ilə silahlı atışmaya girməli olurlar. Oradan qaçmağı bacaran banda üzvlərindən biri polislərdən birini zərərsizləşdirməyi bacarır və onu digər banda üzvlərinin yanına gətirir ki, indi bundan bizim planımızın ortaya çıxma səbəblərini öyrənə bilərik. Onu polislə tək qoyurlar, polisi oturacağa bağlayır və ona olmazın işgəncələrini verməyə başlayır. Qulağını kəsir, gözünü çıxarmağa çalışır, qanını tökür… Polis heç nədən xəbərinin olmadığını və onu buraxmasını xahiş edir. Acımasız adamımız isə ona cavabında- Mənim üçün sənin nəyi bilib və ya bilməməyin önəmli deyil, mən sadəcə bundan həzz alıram - deyir.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)