Edebiyyat.az » Ədəbi tənqid » VAQİF OSMANOV - BU GÜNÜN EPİDEMİYASI.

VAQİF OSMANOV - BU GÜNÜN EPİDEMİYASI.

VAQİF OSMANOV - BU GÜNÜN EPİDEMİYASI.
Ədəbi tənqid
admin
Müəllif:
00:34, 12 fevral 2021
1 123
0
VAQİF OSMANOV - BU GÜNÜN EPİDEMİYASI.





Ç.Bukovskinin bu deyimi insanlıq harayıdır: “Hıçqıraraq ağlayan bir qadının göz yaşları ağladan adamın başına gələcəklərinin altına atılacaq imzadır”.

Tarixin saralmış səhifələrini vərəqlədikcə keçmişdə tez-tez yayılan epidemiyalar bəzən bir böyük yaşayış məskəninin əhalisini qısa zaman kəsiyində məhv edirdi. O vaxt bu əlacı çətin tapılan bəla idi. Bu gün isə daha mütərəqqi bəlalarla üzləşməkdəyik. İndiki bəlaların da çarəsini loğmanlar tapa bilmirlər. İndi mənəvi bəlalar həndəvərimizdə tüğyan etməkdədir. Bu epidemiyanın indiki adı nə taundur, nə də vəba, heç koronavirus da deyil, həddən artıq toplamış maddi sərvətdi, qısaca puldur.

Ə.Haqverdiyev “Dağılan tifaq” faciəsini 125 il əvvəl yazmışdır. Yazıçı bir ailənin ictimai-əxlaqi tənəzzülünün səbəbini var-dövlət ehtirasının, quduz tamahın gətirdiyi bəlalar kimi anladırdı. Bəs azğın nəfsimiz bu gün heç yumşalıbmı? Yox, əksinə daha da yırtıcılaşıb, artıq sahibini parçalayır. 125 il əvvəlkindən geriyə addımlamaqdayıq. Yəni tərəqqiyə yox tənəzzülə doğru iri addımlarla geriyə irəliləməkdəyik. Tamah dişlərimiz itiləşib mənəviyyatımızı çeynəməkdədir.

Qələminə, təxəyyülünə, bütöv şəxsiyyətinə hörmət etdiyim Təranə xanım Məmmədin “Ölümə doğru” hekayəsində də həddindən artıq sərvət bir ailəni tarmar edir. Təranə xanım səriştəli psixoloq, pedaqoq kimi insan xislətinin xarakterik cəhətlərini bu yığcam hekayədə ustalıqla açır. Tez-tez işlətdiyimiz “pulun qızdırması” adlı bir ölçümüz var. Nə temperatur deyirik, nə də hərarət. Qızdırma bu məqamda yerinə düşən ifadədir. Qızdırma həm də xəstəlikdir, mənəvi dünyamızın əbədi xəstəliyi. Buna yoluxanlar ayaqlarının altını görmürlər. Hamını tapdalayıb keçirlər - bir çox məmurlar və onların balaları, nəvələri, qohum-əqrəbası kimi...

“Ölümə doğru”dakı  üç əsas obraz üzərində fikir yürütmək istəyirəm: Aslan, Ülkər və Sərxan. Birincisi Ülkər. Niyə Ülkərdən başladım? Hekayədəki bu üç obrazın içərisində Ülkərdən humanisti, xeyirxahı, mərhəmətlisi yoxdur. Belə anladım ki, Təranə xanım bizə aşılayır ki, dünyamızı bəd niyyətlilərdən xeyirxah analar xilas edə bilər. Amansız tale imkan versə...

Ülkər həyatın mənasını sərvət toplamaqda görən Aslanın ömür-gün yoldaşıdır, ömrünü Aslanla çürüdən qadındır, ailəsindən, on il həsrətlə yolunu gözlədiyi oğlundan nigaran anadır. 

“Alçaq boylu, ağır çəkili, ağ saçlı, bir qədər qaraqabaq, eqoist, yekəxana, insani cəhətləri” qıt Aslan iş adamıdır, dəbdə olan dillə desək, biznesmendir. Dini, imanı puldur. “Dağılan tifaq”dakı Nəcəf bəy kimi Aslan da “dünya beş gündür” düşüncəsi ilə yaşayan, gələcəkdə ailəsinin başına gələcək müsibətlərdən xəbərsiz, burnunun ucundan uzağı görə bilməyən mənəvi yoxsullardan biridir. Aslan şablon və çürük “fəlsəfə” sahibidir: “mənim oğlum mənə oxşamalıdır”. Sondakı faciəni əvvəldən hiss eləmək, tədbir görmək Aslanlıq deyil. Onun gözlərinə puldan pərdə çəkilib. Ülkərin sözünü eşitmir, özünü ən ağıılı hesab edir. 

Sərxan ailənin yeganə övladıdır, naz-nemət içində böyüyür, atası bir sözünü iki eləmir. Körpə vaxtından adrenalin axtarır, gah at, gah da ov eşqinə düşür. Papasının gül balasıdır. Həssas və səmimi Ülkər həmişə bunların əleyhinə olsa da, əksər Azərbaycan qadınına xas vəziyyətdədir – hüquqsuzdur, onu anlayan yoxdur ailədə...
Hekayənin əvvəlindəki ova hazırlıq səhnəsindəki bir epizod əslində gələcək bəlaların anonsuydu, SOS siqnalıydı. Bunu Ülkərdən başqa eşidən, bilən yoxuydi. Sərxanın əlindəki tüfəng ölümə tuşlanmışdı, nə vaxtsa atəş açılacaqdı. Gah at, gah da ov xülyaları ilə yaşayan ata və oğul özləriylə bərabər Ülkəri də ölümə sürükləyirdi...

Təranə Məmmədin təbiət təsvirləri o qədər təbii, dili o qədər səlisdir ki, özümü Azərbaycanın bir dilbər guşəsində hiss etdim. Heyif ki, hekayədə cərəyan edən hadisələr insanı bu gözəllikdən ayırır. Amma bu hadisələr insanı qəflət yuxusundan oyadır, təmizlənməyə çağırır.

Ana ürəyinin həssaslığını, narahatlığını Təranə xanım daha yaxşı anladığından hekayədə baş verən olaylar çox inandırıcıdır. Çünki həyatın özüdür, bər-bəzəksizdir, reallığa söykənir. Bir çox məqamlarda Ülkərlə Təranə xanım arasında qadın həmrəyliyinin bariz nümunəsini gördüm.

“Ülkər axırıncı dəqiqəyə qədər Sərxanın atasıyla ova getməyinin əleyhinə idi: 
-Aslan, qurban olum sənə, bəlkə uşaq getməsin? Ayağına tikan batar. Oralarda ilan-zad olar. Nə vacibdir axı? – deyə ərini fikrindən döndərmək istəyirdi.

Aslan isə sözünün üstündə durmaqdaydı. “Oğluna söz verdiyi kimi əvvəlcə çobanların yanına, sonra da qırqovul ovuna aparacaqdı” Çobanların yanında Sərxanın tüfənglə qürrələnməsi balaca çoban oğlanın qanına qəltan olması ilə sonuclandı. Aslan pulu ilə balaca çobanın qanını ört-basdır etdi, “təsadüfi” bədbəxt hadisə  belə bağlandı.

Rayondakı evinin satılması ilə bağlanan cinayət işindən sonra Ülkərlə Sərxan Türkiyədəki evlərinə köçməyə məcbur oldular.

Təranə xanımın təhkiyəsi düşündürür: “Yer üzündə çox şeyi pulla almaq mümkün olsa da, hələ heç kim zamanı, vaxtı pulla alıb saxlaya bilməyib...  Zaman amansızcasına öz qanunlarını insanlara yaşada bilir”.

“Bu uşağın dərdi məni öldürəcək!” - deyə imdad diləyən Ülkərin naləsini eşidən yox idi. Biganələr səltənətində yalqız qalan Ülkərin ürəyi bu dərdlərə dözə bilməzdi...

Sərxan da çox dəyişmişdi. Böyüdükcə ipə-sapa yatmırdı. Nəinki anasının, heç atasının da sözünü eşitmirdi. Özünü “ağ ölüm” adlı bu günün mələyinin ağuşuna atmışdı, gecə-gündüz orada xumarlanırdı. Ülkərin dediyi kimi, Aslan Sərxanı”pulla şikəst etmişdi”.

“Ağ ölüm” Sərxanı ikinci dəfə qatil olmağa məcbur edir. Bu dəfə “təsadüfən” yox. “Ata, mənə kömək et!” imdadına bu dəfə atasının əli çatmırdı. Çünki “bu iş yuxarıların nəzarəti altında aparılırdı”. Bu dəfə qanına qəltan edilən balaca çoban oğlan deyil, məmur oğluydu. Narkotik maddə üçün pul əldə etmək istəyi Sərxanı tələbə dostunun - varlı bir iş adamının oğlunun qatilinə çevirmişdi. Sərxan çıxılmaz labirintdə - həyatın girdablarında çabalayırdı...

Ülkərin monoloqu insanlığı ölümə sürükləyən haram sərvətə, azğınlığa, “ağ ölümə ana üsyanıdır:

“Mən çox aciz oldum, oğlum. Səni uşaqlıqdan qoruya bilmədim. Bəlkə də öz rahatlığımı, dəbdəbəli yaşayışımı pozmamaq naminə hər şeyə dözdüm. Səni qoruya bilmədim, oğlum.Məni bağışla. Bacarsan məni bağışla. Çox şükür ki, sənin əzab-əziyyətini görməyi Allah mənə rəva bilmədi. Ölürəm, oğlum. Səni bu yer üzündə tək qoyub gedirəm. Məni bağışla”...
Bu Ülkərin son iniltiləriydi. Ana yenə özünü qınayırdı. Ərininin, oğlunun günahlarını da öz boynuna götürürdü. Ciyərparasının işləklərinə görə ana təqsirkardımı? Ana ürəyi, sən nə zənginsən...

Tələbə dostunu bıçaq zərbələri ilə öldürüb üstünə neft töküb yandırmağa Sərxanın gücü çatmazdı. Bu “ağ ölüm”ün “cəsarətiydi. Həm də xəstəxanada Sərxanın özünə qəsdi. Bu  da “ağ mələyin” son tapşırığıydı. Sərxan onun sözündən çıxa bilməzdi. O, əsir düşmüşdü “ağ şahzadə”yə.

Hekayə müəllif qeydi (P.S.) ilə qurtarır. Bu finaldır. Kulminasiya nöqtəsi demək istəmədim. Faciənin finalı:

“Kənd qəbristanlığı. İllər öncə təsadüf nəticəsində güllə yarasından yerindəcə ölən kiçik çobanın məzarı. Yaşlı, beli bükülmüş, bu gündən sabaha ümidi olmayan bir adam məzarın önündə durub ağlayır və:

-Sən rahat yat, bala. Sənin qisasın yetərincə alındı, - deyirdi.

Bir neçə gündən sonra qəzetlər Aslanın vəfat etdiyini və bütün var-dövlətinin şəhərdəki uşaq evlərinin birinə bağışlanması haqqında məlumat dərc etdilər”...

Tamahın, sərvət ehtirasının üzü həmişə ölümə doğrudur. Təəssüf ki, bunu anlayanda gec olur. Fransız yazıçısı Jül Renarın gündəliyindən: “Axır ki, insanı heyvandan fərqləndirən cəhəti öyrəndim. Sən demə bu pul bəlaları imiş”.

Tanrı, bizi pul bəlaları adlı epidemiyadan, pandemiyadan qoru! O, insanlığın canını çox alacaq. Günahsızın da, günahkarın da...

               
                                                                                                               Fevral   2021.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)