Edebiyyat.az » Ədəbi tənqid » ŞvartsMan - Dağıdıcılıqdan yaradıcılığa(esse)

ŞvartsMan - Dağıdıcılıqdan yaradıcılığa(esse)

ŞvartsMan - Dağıdıcılıqdan yaradıcılığa(esse)
Ədəbi tənqid
admin
Müəllif:
08:13, 13 noyabr 2021
1 403
0
Ş vartsMan - Dağıdıcılıqdan yaradıcılığa (esse)





 

Yalnız bir tənqid var: yeni nəsə demək.

Yalnız bir etiraz var: yeni nəsə yaratmaq.

Qalanları Tinto Brassdır.

 

 

I. ZƏRDÜŞT BELƏ DEDİ

 

Also sprach Zarathustra:

 

Und wer ein Schöpfer sein muss im Guten und Bösen: wahrlich, der muss ein Vernichter erst sein und Werthe zerbrechen. 

Also gehört das höchste Böse zur höchsten Güte: diese aber ist die schöpferische. 

 

(almancadan tərcümə)

 

Zərdüşt belə dedi:

 

"Və  kim yaxşının və pisin yaradıcısı olmaq istəyirsə: həqiqətən, əvvəlcə bir məhvedici, dəyərləri dağıdan adam olmalıdır. 

Buna  görə də ən böyük pislik ən böyük yaxşılığa aiddir: yalnız budur  yaradıcılıq”. 

 

Azərbaycanda yazıçılar yaradıcılıqla məşğul olur. Amma onlarda dağıcıdılıq yoxdur. Yaradıcılığa gedən yol dağıdıcılıqdan keçir. Yazıçılarımızın əsərlərini oxuyursan, orada dağıtmaq, qarşı çıxmaq, üsyan yoxdur. Onlar heç bilmirlər nəyi, necə və nə üçün dağıtmalıdırlar.  Onlar nələrisə dağıtmadan yaratmaq istəyənlərdir. Onlar əsl yaradıcı adam deyillər. 

 

KİM YAXŞININ VƏ PİSİN YARADICISI OLMAQ İSTƏYİRSƏ,

Burada yaxşını və pisi xeyir və şər kimi də, işıq və qaranlıq kimi də başa düşmək olar. Yaradıcılıq özündə həm yaxşını, həm də pisi birləşdirir. Yaxşı və pis ayrı bir şey deyillər, onlar yin və yang kimidirlər, zidd deyillər, harmonik bir bütündürlər. Bizdə hansısa şairin və yazıçının yaradıcılıq gecəsi keçirilir. Bu çox gülməlidir. Axı o adamın sözlərində və yazısında dağıdıcı heç nə yoxdur. Dağıtmadan necə yarada bilərsən? O yazıçı yaxud şair mövcud dəyərləri qoruyub saxlayıb və onlar üzərində nəsə tikib yaradıb. Bu sadəcə özünüaldatmaqdır. Bir binanı tikmək üçün tikiləcək yerdə olan ev yaxud həyət sökülməlidir. Bir uşağın doğulması üçün ananın bətni yarılmalı, qanamalıdır. Bir bitkinin yaranması üçün toxum qabığını qırmalıdır. Yəni dağıtmaq və yaratmaq. Parçalanmaq və doğulmaq. Təbiət bunun üzərində qurulub. Həyat təkcə pis və təkcə yaxşıdan ibarət deyil. İkisini də özündə birləşdirəndir yaradıcı adam. 

 

..HƏQİQƏTƏN, ƏVVƏLCƏ BİR MƏHVEDİCİ, DƏYƏRLƏRİ DAĞIDAN ADAM OLMALIDIR.

 

Azərbaycanda çoxlu yaradıcılıqla məşğul olan adama rast gəlirsən, amma onlar yaradıcı deyillər. Onlar yaradıcılıqla məşğul olurlar, amma yaradıcı deyillər. Onlarda yaxşı və pis yoxdur. Onlarda əxlaq və əxlaqsızlıq yoxdur. Onlarda səssizlik və səsin dalğalanması yoxdur. Ölü düşüncə və ölü ruhlar var. Onların yazılarında daim başqaları var -özündən başqa. Onların yazılarında  danışan ruhları və axan qanları yoxdur. Yazanda özlərini eşitmirlər, başqalarını eşidirlər. Qorxurlar ki, tam istədiklərini (seksual motivli) yazsalar, sabah ailəsi və qohumları oxuyar. Onların cümlələri səliqəli, əxlaqlı və tabutda yatan ölünü xatırladır. 

Onlar yaşadığı cəmiyyətin dəyərlərinə qarşı çıxa bilməyən və yeni dəyərlər yarada bilməyənlərdir. Onlar mövcud dəyərləri qoruyan və davam etdirən yaradıcılığa aidiyyatı olmayan “yaradıcılar”dır. Bütün yaradıcılıqlar dağıdıcılıqdan başlayır. Əgər sən dağıtmırsansa, yarada bilməzsən. Dağıtmayan adam yaratmağı necə bilər ki?! Hər dağıcılıqda yaradıcılıq, hər yaradıcılıqda bir dağıcılıq var. 

 

BUNA GÖRƏ DƏ ƏN BÖYÜK PİSLİK ƏN BÖYÜK YAXŞILIĞA AİDDİR : YALNIZ  BUDUR YARADICILIQ.

 

Burada nə demək istənilib? Niyə ən böyük pislik ən böyük yaxşılığa aiddir? Məsələn, mən bütün azərbaycanlıların -varlısı, kasıbı- öyrəşdiyi və yaşadığı 5 qaydaya zidd çıxıram: Qoyun əti yeməyə, toya, yasa getməyə, nikaha və uşaq sahibi olmağa. Çünki bu qaydalar bizim daha yaxşı, dərin insan olmağımıza əngəldir. Azərbaycanlıların bu xətirlərinə dəyir, inciyirlər səndən. Bir az təkid etsən, nifrət edərlər səndən. Hətta düşünərlər ki, sən onlara ən böyük pisliyi edirsən. Halbuki mənim bu pislik kimi görünən qaydalarım sənə ən böyük yaxşılığımdır, sadəcə sən anlamırsan. Sən bu böyük yaxşılığımı ən böyük pislik kimi başa düşürsən. Bu, mövcud dəyərləri dağıtmaq və yeni dəyərlər yaratmaqdır. Pislik kimi görünən yaxşılıqdır yaradıcılıq. Mənim yaradıcılığım (roman, hekayə, esse) yaradıcılıq deyil, dağıdıcılıqdır. Mən sənin içindəki çürüyüb iy verən əxlaqı məhv etmək, dağıtmaq istəyirəm. Mən dağıtmaqla məşğulam, buna görə bunu pislik kimi başa düşürsən. Mənim pisliyim yaxşılığımın içindədir, mənim dağıdıcılığım yaradıcılığımın içindədir. 

 

Il. BÜTLƏRİN QÜRUBU

 

Nietzsche-nin belə bir kitabı var: "Götzen-Dämmerung oder  Wie man mit dem Hammer philosophiert". (Bütlərin qürubu (alatoranlığı) yaxud Çəkiclə necə fəlsəfə edilir)

20-ci əsr Azərbaycan ədəbiyyatında iki büt var: nəzmdə M.Ə.Sabir, nəsrdə Mirzə Cəlil. Mənə görə 21-ci  əsr Azərbaycan ədəbiyyatı bu bütlərin qürubu olmalıdır. Sabirin də, Mirzə Cəlilin də psixologiyadan xəbərləri yox idi, halbuki özləri Froyd, Yunq və Adlerin əsrdaşları olublar. Onları oxumayıb, tanımayıblar. Yazıçı xalqın ruhudur. Bu gün Azərbaycan xalqının ruhu Sabirin, Mirzə Cəlilin yazıları kimi tənqidi, realist, aşağılayıcı, şikayətçi, ciddidir. Sabir və Mirzə Cəlil bu xalqın şüurunu təmizlədilər, şüuraltını yox. Halbuki insanın hərəkət və düşüncələrinin anbarı şüuraltıdır. Onlar işlərini yarımçıq gördülər. Tamamlamaq isə mənim işimdir!

 

Kitabın adına diqqət edin: Büt və çəkic. Bunları birləşdirən nədir? Bütlərin qürubunu gətirən nədir yaxud fəlsəfənin çəkiclə nə əlaqəsi var? 

Niyə balta yox, mişar yox, bıçaq yox, məhz çəkic? Çünki çəkic yeganə alətdir ki, həm dağıdıcılığı, həm də yaradıcılığı özündə birləşdirir. Dağıtmaqla yaratmağı yalnız o bilir. Heykəltəraşların sevimli aləti odur. Yalnız çəkiclə daşlaşmış bütləri sındırmaq olar. Nietzsche demək istəyir ki, mənim fəlsəfi silahım qələm, qılınc, yaxud tapança deyil, ÇƏKİCDİR. Yəni mən sənin min illərdir bağlı olduğun dəyərləri çəkicimlə dağıdıram və dağıda-dağıda yeni dəyərlər yaradıram. Çəkiclə fəlsəfə - heykəltəraş yaradıcılığıdır. 

 

Yaradıcılığın aləti qələm yox, çəkicdir. Çünki o dağıdaraq yaratmağı bilir. Bizim ədəbiyyatın da Sabir və Mirzə Cəlil adlı bütləri var. Bütlər hər yerdədir, sadəcə görmək lazımdır. Bu iki bütü mütləq dağıtmaq lazımdır ki, dağıcılıqdan yaradıcılığa keçə biləsiniz. Azərbaycan ədəbiyyatında M.F.Axundov, M.Ş.Vazeh, S.Ə.Şirvani, Y.V.Çəmənzəminli, C.Cabbarlı kimi dağıdıcı və yaradıcılığı özündə birləşdirən şəxslər olub və amma bütləşməyiblər. Azərbaycan xalqı və yazıçıları ən çox yuxarıda adını çəkdiyim iki şəxsi bütləşdirdilər, etalonlaşdırdılar. 21-ci əsr Azərbaycan ədəbiyyatı nəsə yaratmağa çalışmamalıdır, əksinə dağıtmaqla məşğul olmalıdır. Yeni dəyərlər, yeni ədəbiyyatlar bu cür yaranır. Xarabalıqlar görməyincə yeni evlər yaranmır. Xəstəlik olmasa sağlamlıq dəyər qazanmır. Ölüm olmasa həyat məna kəsb etmir. Həyat dağıdıcılıq və yaradıcılıq arasında keçiddir, ikisi arasında balansdır. Bir tərəzinin iki gözü kimi, bir qəpiyin iki üzü kimidir. Dağıdıcılıq və yaradıcılıq kişi və qadın kimidir: seksdə kişi içində olanı qadının bətninə dağıdır, qadın isə bu dağıcılığı uşağa çevirərək yaradıcılığa yüksəlir. Dağıtmaq və yaratmaq. Yaradılış bunun üzərində qurulub. Yalnız bu iki metamorfozu anladıqda özünə yazıçı deyə bilərsən. Və o zaman sənin yazında ilahi və şeytani pıçıltılar eşidilməyə başlayacaq. Və o zaman sənin əsərlərin yaradıcılığın dənizində güclü gəmi kimi dalğaların üzərində sonsuz üfüqə doğru üzəcək. 

 

17. 10. 2021

Bakı. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)