Edebiyyat.az » Ədəbi tənqid » İtalo Kalvino - Ədəbiyyatın Doğru və Yanlış siyasi istifadəsi

İtalo Kalvino - Ədəbiyyatın Doğru və Yanlış siyasi istifadəsi

İtalo Kalvino - Ədəbiyyatın Doğru və Yanlış siyasi istifadəsi
Ədəbi tənqid
admin
Müəllif:
08:04, 22 dekabr 2021
1 005
0
İtalo Kalvino - Ədəbiyyatın Doğru və Yanlış siyasi istifadəsi








“Right and wrong use of literature” –1976-cı il, 25 fevralda “Amherst College Avropa Araşdırmaları Proqramı”nın təşkil etdiyi bir kollokviumla bağlı Amherstdə (Massachusetts) oxuduğum konfrans mətnidir (Birbaşa ingiliscə yazılıb). Nə ingiliscəsi, nə də italyancası əvvəllər heç yerdə dərc olunmayıb.
 

 
Kollokviumunuzda çıxış etmək üçün dəvətiniz mənə çatanda, ağlıma əvvəlcə adətən belə vəziyyətlərdə düşündüklərim gəldi: xatırlamağa çalışdım ki, ədəbiyyat və siyasət barəsində sizin üçün oxuya biləcəyim, yaxın tarixdə yazılmış mətnim varmı, yaxud bu mövzuyla bağlı baş vermiş çoxsaylı mübahisələrə nəsə bir qatqım olubmu? Fərqinə vardım ki, təzə heç bir yazım yoxdur; sən demə, neçə ildir bu mövzuyla bağlı heç nə yazmamışam, deməmişəm.
Oturub fikirləşəndə, bu, çox qəribə haldır. 1945-ci ildən başlayaraq 1950-ci illər boyunca, eləcə də sonralar gəncliyimin əsas problemi yazıçı ilə siyasət arasındakı münasibətlər idi. Demək olar ki, bütün mübahisələr bu mövzunun ətrafında fırlanırdı. Mənim ədəbi nəsildaşlarımı ədəbiyyat və siyasətlə eyni vaxtda maraqlanmağa başlayan nəsil kimi xarakterizə etmək olar.
Düzdür, son illərdə siyasətin və ədəbiyyatın vəziyyətiylə tez-tez maraqlanmışam, amma siyasəti düşünəndə təkcə siyasəti, ədəbiyyatı düşünəndə təkcə ədəbiyyatı düşünmüşəm. Bugün bu iki problematikayla üzləşəndə iki ayrı hiss keçirirəm; bunların ikisi də boşluq duyğusudur: etibar edə biləcəyim siyasi proyektin yoxluğundan yaranan boşluq duyğusu ilə inana biləcəyim ədəbiyyat proyektinin yoxluğundan yaranan boşluq hissi.
Amma daha dərin qatda bilirəm ki, gəncliyimizdə ayağımıza dolaşan siyasət-ədəbiyyat münasibətlərinin düyünü hələ də çözülməyib. Bu düyün tel-tel, tiftik-tiftik olmuş qalıqları ilə hələ də ayağımıza dolaşmaqdadır.
1960-cı illər boyunca baş verən hadisələr, barəsində danışdığımız anlayışların çoxunu dərindən dəyişdirdi; amma biz bu anlayışları köhnə adlarla yad etməyə davam edirik. Hələ də bilmirik ki, bütün bunların cəmiyyətimizin gələcəyinə konkret təsiri nələr olacaq, amma indidən bilirik ki, bir düşüncə inqilabı, intellektual bir metamorfoza baş verib. Bir sintez vasitəsilə bu prosesi təsvir etmək lazım gəlsəydi, tarixin subyekti olan insan ideyasının başa çatdığını və insanı taxtından endirənin də elə insan (amma əvvəlkindən fərqli insan) adıyla çağrılmalı olduğunu deyə bilərdik. Bunun mənası belədir: planetimizdəki əhali sayının fövqəladə sürətlə artaraq “böyük rəqəmlər”ə çatması, metropolların iflası, hansı sistemə aid olur-olsun, cəmiyyətin və iqtisadiyyatın idarəolunmazlığı, iqtisadi və ideoloji avropa-mərkəzçiliyin sonu, dışlanmışların, sıxışdırılmışların, unudulmuşların, dərdini dilə gətirə bilməyənlərin öz haqlarını tələb etməsi. Dünyanı təsvir və təsnif etmək, eləcə də planlaşdırmaq üçün istifadə etdiyimiz bütün parametrlər, kateqoriyalar, əksliklər sorğu-sual olunmağa başlandı. Təkcə tarixi dəyəri olanlar yox, dəyişməz antropoloji kateqoriyalar kimi görünənlər də sorğu-sual olundu: ağıl və mif, əmək və mövcudluq, kişi və qadın, hətta təsdiq-inkar, alt-üst, subyekt-obyekt kimi ən təməl topoloji qütblər də.
Son illərdə siyasət və ədəbiyyatla bağlı qayğılarımın səbəbi budur: ikisi də düşüncə sistemimizdə baş verən paradiqma dəyişikliyinin bizə yüklədiyi yeni vəzifələr qarşısında yetərsizdir.
Bəlkə də mən 1960-cı illərin gətirdiyi yeniliyi başa düşmək üçün əvvəlcə öz balaca mikrokosmosumuzdan işə başlamalı, italyan ədəbiyyatının vəziyyətini daha yaxşı təsvir etməliyəm.
1950-ci illər ərzində italyan ədəbiyyatının, xüsusilə, italyan romanının məqsədi çağdaş İtaliyanın etik və ictimai şüurunu təmsil etmək idi. 1960-cı illərdə bu iddia iki cəbhədən hücuma məruz qaldı. Ədəbi forma cəbhəsində (eyni anda həm epistemoloji, həm esxataloji keyfiyyətləri olan cəbhə) italyan nəsrinə hücum çəkən yeni avanqard oldu: bu avanqard hərəkat italyan nəsrini sentimental, köhnəlmiş, iki üzlü şəkildə könül ovudan olmaqda günahlandırırdı; yalnız təhkiyənin dilində, məkanda və zamanda güclü bir qopuş vasitəsilə çağdaş həyatı əks etdirmək, onunla bağlı illüziyaların yaratdığı sis-duman pərdəsini dağıtmaq olardı.
Avanqard hərəkat, eyni zamanda, tənqidçilərin ən radikal qanadı olan siyasi baxımdan anqaje tənqidçilər cəbhəsinə hücum çəkir, anqaje ədəbiyyatın psevdo-nümunəvi yerini dağıtmağa çalışır, bu ədəbiyyatı populizmdə günahlandırırdı. Deməli, bu cəbhədə də avanqardın, ya da hər vəziyyətdə inkarçı ədəbiyyatın “revanş”ına zəmin hazırlanırdı – inkar ədəbiyyatı deyəndə mən müsbət bir təmayülü yox, özüyçün yalnız içinə düşdüyümüz vəziyyətin işarəsi olmağı məqsəd seçən ədəbiyyat duruşunu nəzərdə tuturam.
Bu iki hücum xətti qədər əhəmiyyətli olan üçüncü cəbhədən də danışmaq lazımdır: italyan ədəbiyyatının mədəni fonu başdan-ayağa təzələnirdi; dilçilik, informasiya nəzəriyyəsi, KİV-in sosiologiyası, etnologiya və antropologiya, miflərin struktural analizi, semiotika, psixoanalizin yeni yozumları, Marksizmin təzə şərhləri bədii mətni çözmək, onun əsas elementlərini təsbit etməyin işlək metodlarına çevrildilər.
Məncə, həmin mərhələdə ədəbiyyat kifayət qədər ümidverici vəziyyətdəydi. Müzakirə müstəvisi post-müharibə dövründəki yanlış şərhlərin yükündən təmizlənirdi. Bədii mətnin struktural analizi yeni bir dəyərləndirməyə, yeni bir tənzimlənməyə zəmin hazırlaya bilərdi. Amma nə baş verdi? Heç nə, ya da gözlədiklərimizin tam əksi. Bu, daxili olduğu qədər, xarici səbəblərdən qaynaqlanırdı.
İtaliyada “68 nəsli”ndən olan tələbələrin yeni siyasi radikalizminin əsas xüsusiyyəti ədəbiyyatın rədd edilməsiydi. Təklif olunan inkar ədəbiyyatı yox, ədəbiyyatın inkar olunmasıydı. Əvvəla, vacib olan yeganə şeyin – hərəkatın əksinə, ədəbiyyat vaxt itkisi olmaqda günahlandırılırdı. Hərəkata pərəstiş etməyin çox köhnə ədəbi mif olması gec anlaşıldı, ya da hələ indi-indi anlaşılır.
Qeyd etməliyəm ki, bu yanaşma bütövlükdə yanlış deyil: bu yanaşma psevdo-ictimai diletant ədəbiyyatın rəddi, tamamilə səhv olan fanatik yazıçı obrazının inkarı demək idi; beləcə, biz bir növ ədəbiyyatın ictimai funksiyasını düzgün qiymətləndirmək məsələsinə hər cür qurama ənənəvi ədəbiyyata pərəstiş edərək buna çalışanlardan daha çox yaxınlaşmış olurduq.           
Ancaq elə bu da öz-özünü məhdudlaşdırmağın, məhdud dünyagörüşünün, vəziyyətin mürəkkəbliyini görə bilməməyin göstəricisiydi; keçmiş zamanda danışıram, çünki, məncə, bəzi şeylər artıq dəyişib.
Siyasətçilərin və hədsiz siyasiləşmiş adamların ədəbiyyatla çox maraqlanması çirkin göstəricidir (xüsusilə də ədəbiyyat üçün çirkinlikdir), çünki bu zaman təhlükədə olan ədəbiyyatın özü olur. Amma onların ədəbiyyatdan söhbət düşəndə qulaqlarını tıxayıb özlərini eşitməzliyə vurmaqları da çirkinlikdir (bu, əsasən ənənəvi şəkildə dar düşüncəli olan burjua siyasətçilərində də olur, daha ideoloji düşünən inqilabçılarda da). Lakin bu, xüsusilə, siyasətçilər üçün çirkinlikdir, çünki bu zaman onlar öz siyasi dillərinin konkretliyini sual altına qoyan hər cür fərqli dil rəftarından qorxduqlarını ifadə etmiş olurlar.
Nə olur-olsun, ədəbi avanqardla siyasi avanqardın görüşü baş tutmadı. Ədəbi avanqard ümid etdiyi potensial oxucu mənbəyini itirdiyinə görə təəssüfləndi. 50-ci illərin əvvəllər məğlubiyyətə düçar olmuş yazıçıları təzədən öz mövqelərini bərpa etdilər. Ədəbiyyat boş yer buraxa bilməz, yoxsa bu yer tezcə tutulur: ən pis variantda pis yazıçılar, ən yaxşı variantda isə ənənəvi yazıçılar tərəfindən.
Çox da uzaq olmayan keçmişdə siyasətdəki bütün bəsitləşdirici yanaşmalar məğlubiyyətə uğradı və belə bir qənaət yayıldı ki, yaşadığımız cəmiyyət mürəkkəbdir, heç kim cibində hazır çözüm olduğunu iddia edə bilməz. Bugün İtalyada vəziyyət belədir: bir tərəfdən idarəetmə strukturunda getdikcə artan geridəqalmışlıq və deqradasiya, digər tərəfdən isə kollektiv yetkinləşmə və öz-özünü idarəetmə yollarının axtarışı.
Belə vəziyyətdə ədəbiyyatın yeri hardadır? Ədəbiyyatın vəziyyəti siyasətdəki qədər qarışıqdır, gərək düzünü deyim. İtalyan romanı geniş oxucu kütləsinə malikdir və oxucular, xüsusilə, yaxın keçmişin siyasətini, tarixini özünə mövzu seçən müəllifləri oxuyurlar – otuz il əvvəlki didaktik üslubda yox, problematik olanda. Digər tərəfdən yazıçını qəzetlərdə yazı yazmağa, tele-kanalların dəyirma masalarında iştirak etməyə, bildiyi-bilmədiyi hər mövzudu fikir bildirməyə təhrik edən kütləvi informasiya vasitələrinin təzyiqi də var. Yazıçıya imkan yaradılır ki, anlaqlı siyasi diskursun yoxluğundan yaranan boşluğu doldursun. Amma bu vəzifənin çox asan olması məlumdur (praktiki heç bir məsuliyyət daşımadan ümumi fikirlər demək asan işdir), fəqət yazıçı ən çətin olanla üzləşməyə məcburdur. Siyasi dil nə qədər soyuq və enerjidən məhrum hala gəlirsə, fərqli, fərdi və “qırmızı-qırmızı”, birbaşa olan üsluba qarşı oyanan latent istək də o qədər çox özünü göstərir. Daha cığal üsluba olan istək: cığallıq bugünün İtaliyasında ən çox tələb olunan ictimai funksiyadır. Pazolininin həyatı, ölümü və ölümündən sonrakı həyatı cığal yazıçı obrazına müqəddəslik qazandırdı.
Bütün bunlarda elementar bir səhv var. Yazıçıdan istədikləri belədir: hər şeyin qeyri-insani çöhrədə göründüyü bu dünyada insani deyilənin həyatda qalmasına zamin durmaq, hər hansı diskursda, münasibətdə insanilik yoxa çıxanda, bizi ovutmaq üçün insani diskursların salamat qalmasına zəmanət vermək. Yaxşı bəs, insani sözüylə nəyi nəzərdə tuturlar? Əksərən, instinktiv, sentimental, səmimi, konkretlikdən uzaq olan hər şeyi. Bugün kiminsə çağdaş dünyanı idarə edən diskursların uydurma konkretliyinə yox, ondan üstün olan və ona qarşı olan ədəbiyyatın dəqiqliyinə inanması nadir hallarda baş verir.
Bu il Ədəbiyyat üzrə Nobel Mükafatı Ejen Montaleyə verildi, amma bugün çox az adam xatırlayır ki, onun poeziyasının gücü heç bir pafos olmadan, asta səslə, xəfif və şübhəçi tonda danışmasındadır. Bax, elə bu yolla Montale öz səsini eşitdirmişdi və onun varlığı üç oxucu nəslinə güclü təsir etmişdi. Ədəbiyyat öz yolunu belə salır: ədəbiyyatın “təsiri” və “gücü” varsa, bu cür baş tutur.
Lakin indiki cəmiyyətimiz yazıçıdan tələb edir ki, eşidilmək istəyirsə səsini ucaltsın, ictimaiyyətə təsiri edən fikirlər desin, hər cür instinktiv reaksiyasını ən son nöqtəyə qədər aparsın. Amma ən sensasional, ən güclü bəyənatlar belə oxuculardan yan keçir: hər şey puç, küləyin uğultusu kimidir; şərhlər uzağı bir uşağın dəcəlliyinə reaksiya verirmişcəsinə baş yelləməkdən ibarətdir; hamı bilir ki, sözlər eləcə sözdür, onlar ətrafımızdakı dünya ilə oppozisiya yaratmırlar, nə yazıçı, nə də oxucu üçün təhlükə törədirlər. Şairin, yazıçının dedikləri yazılı və ya şifahi media vasitəsilə ötürülən sözlər okeanında itib batır.
Ədəbiyyatdakı gücün paradoksu da bax burdadır: elə görünür ki, guya ədəbiyyat yalnız təqibə məruz qalanda, avtoritetə meydan oxuyanda həqiqi gücünü göstərmiş olur; bizim “tolerant” cəmiyyətimizdə adama elə gəlir ki, ədəbiyyat ümumi söz inflyasiyası içində, təkcə xoşagələn müxaliflik yaratmaq üçün istifadə olunur. (Eybi yox, bundan gileylənlənəcək qədər dəli olmağa məcburuq? Kaş diktaturalar başa düşsün ki, yazılı sözün təhlükələrindən xilas olmağın ən yaxşı yolu ona əhəmiyyətsiz şey kimi baxmaqdır!)
Əvvəla, bunu xatırlamalıyıq: yazıçıların təqib olunması, təkcə ədəbiyyatın təqibə məruz qalması demək deyil, başqa növ xeyli ifadə vasitəsinin və düşüncənin də (elə ən birinci siyasi düşüncənin) yasaqlanması deməkdir. Bu cür ölkələrdə nəsr, poeziya, ədəbi tənqid öz səsi olmayanların səsinə çevrildiyi üçün özünəməxsus siyasi ağırlıq qazanırlar. Biz – ədəbi azadlıq vəziyyətində yaşayanlar, bu azadlığın hərəkət edən, çox şeyin dəyişməkdə olduğu (daha yaxşıya, yaxud daha pisə doğru olması başqa məsələdir) bir cəmiyyəti nişan verdiyini bilirik; belə olan halda, əsas problem ədəbi mesajla cəmiyyət arasındakı, daha dəqiq desək, mesajla o mesajı alacaq cəmiyyətin ehtimal edilən subyekti arasındakı əlaqədir. İndiki dövrdə nə demokratik, nə sağçı, nə solçu avtoritar rejimlərdə, heç bir rəhbər deyə bilməz ki, cəmiyyətin cilovunu tam şəkildə əlində saxlayır, bu cür dövrdə vacib olan bayaq dediyim əlaqədir, siyasi avtoritetlə olan əlaqə yox. Ədəbiyyat cəmiyyətin özünüdərk vasitələrindən biridir; əlbəttə, yeganə vasitə deyil, amma vazkeçilməz vasitədir, çünki kökləri müxtəlif informasiya növlərinin, fərqli kodların, tənqidi düşüncənin fərqli formalarının kökləriylə qohumdur.
Kəsəsi, məncə, ədəbiyyatın ehtimal olunan siyasi faydasını dəyərləndirməyin iki yanlış yolu var.
Birinci fərziyyə belədir ki, ədəbiyyat siyasətin onsuz da sahib olduğu həqiqətləri şərh etməyə borcludur; başqa cür desək, siyasətə xas olan dəyərlər toplusu ədəbiyyatdan əvvəl gəlir və ədəbiyyat eləcənə ona uyğunlaşmalıdır. Bu yanaşma ədəbiyyatı bəzək kimi, gərəksiz bir şey kimi görən ədəbi düşüncəni əks etdirir; amma siyasəti dəyişməyən, özündənəmin bir şey kimi göstərən siyasi düşüncəni də əks etdirir; bu fikrin dağıdıcı nəticələri ola bilər. Fikrimcə, siyasətə bu cür maarifçi funksiya yükləmək, olsa-olsa pis ədəbiyyat və ya pis siyasət səviyyəsində müzakirə predmeti ola bilər.
İkinci səhv ədəbiyyatı əbədi olan insani duyğuların toplusu kimi, siyasətin unutmağa çalışdığı, imkan düşəndə ona xatırladılmalı olan insani dilin reallığı kimi görməkdir. Bu yanaşma ilk baxışda ədəbiyyata geniş meydan verir, amma praktikaya keçəndə ədəbiyyata “bilinən”i təsdiq etmək, yaxud saf, ibtidai yolla cığallıq etmək (diriliyin və spontanlığın yaratdığı cavanlığa xas şövqlə) missiyası yükləyir. Bu yanaşmanın arxasında ədəbiyyatın qorumağa məsul olduğu dəyişməz dəyərlər düşüncəsi var; belə bir klassik və statik düşüncə var ki, ədəbiyyat a priori həqiqətin daşıyıcısıdır. Ədəbiyyat bu rolu boynuna götürsə, özünü ovutmaq, qorumaq və keçmişə xiffət kimi funksiyalarla məhdudlaşdıracaq, fikrimcə, bu, yararlı olmaqdan çox, zərərli funksiyadır.
Bu, ədəbiyyatın hər cür siyasi istifadəsinin səhv olmasımı deməkdir? Xeyr. Məncə, iki səhv yol olduğu kimi, iki doğru yol da var.
Ədəbiyyat hər şeydən əvvəl səssiz olana səs verəndə, hələ adı olmayana, xüsusilə də siyasi dilin deportasiya etdiyinə, ya da deport etməyə çalışdığına ad verəndə siyasət üçün lazımlıdır. Mən ətraf aləmin olduğu qədər daxili aləmin də panoramasını, vəziyyətlərini, dillərini, eləcə də fərdlərin içində və cəmiyyətdə boğulmuş tendensiyaları nəzərdə tuturam. Ədəbiyyat siyasətin eşitdiyi dilin ötəsini eşidə bilən qulaq kimidir; siyasətin gördüyü rəng şkalasının o biri tərəfini görə bilən göz kimidir. Yazıçı öz peşəsinin fərdiliyinə görə, öz içində, yaxud ətraf aləmdə əvvəllər heç kimin kəşf etmədiyi ərazilər kəşf edir, kollektiv şüur üçün gec-tez əsas sahə olduqları anlaşılan yeniliklər tapır.
Bu, hələlik, çox dolayı, məqsədsiz, təsadüfi faydadır. Yazıçı öz yoluyla gedir və təsadüf, yaxud psixoloji şərtlər onu siyasi, eləcə də ictimai baxımından da vacib ola biləcək şeylər kəşf etməyə aparıb çıxarır. İctimai-siyasi müşahidəçinin vəzifəsi heç nəyi təsadüfə buraxmamaq, öz metodunu heç nəyin gözdən qaçırmadığı şəkildə ədəbiyyat faktına tətbiq etməkdir.
Məncə, ədəbiyyatın, bilmirəm daha birbaşamı, amma şübhəsiz ki, daha məqsədli başqa cür effekti var: Dil, bəsirətli baxış, fantaziya, intellektual iş, faktlararası bağlantı modellərini qəbul etdirmək bacarığı, kəsəsi, həm estetik, həm etik, həm də əməli müstəvidə, xüsusilə, siyasi həyatda vazkeçilməz olan örnək-dəyərlər yaratmaq (yaratmaq deyəndə, tərtibat və seçimi nəzərdə tuturam).
Deməli, siyasi maarifləndirməni bədii funksiyaların siyahısından çıxardıqdan sonra, görürəm ki, ədəbiyyat vasitəsilə müəyyən maarifləndirməyə inanıram, ancaq bu maarifləndirmədən müsbət nəticələr almaq istəyiriksə, o gərək çətin və dolayı olsun, bədii konkretliyə mürəkkəb proseslərdən keçərək çatsın.
Ədəbiyyatın nail olduğu nəticələr konkret bir metodun meyvəsidirsə, onda o, hər cür praktik hərəkat üçün də, içində dünyanın xaosuna yer tapacaq qədər sağlam və mürəkkəb bir intellektual müstəvi qurmağa çalışan insan üçün də, hər cür metodoloji yoxluqda onun ekvivalenti olacaq qədər zərif, elastik bir metod formalaşdırmaq istəyən şəxs üçün də istinad nöqtəsi kimi qəbul oluna bilər.
İki düzgün yoldan danışdım, amma indi görürəm ki, üçüncüsü də var: bu, ədəbiyyatın öz-özünə baxdığı tənqidi tərzlə bağlıdır. Bir vaxtlar ədəbiyyat dünyaya tutulan güzgü kimi, ya da hisslərin birbaşa ifadəsi kimi başa düşülürdü, amma bu gün artıq kitabların sözlərdən, işarələrdən, kompozisiya metodlarından əmələ gəldiyini unutmaq qeyri-mümkündür; bəzən yazıçının özünün belə yazdığı kitabın ötürdüyü informasiyanın nə olduğunu bilməməsini, əsərlərin bəzən nəzərdə tutulandan fərqli mənalara gəldiyini, hər kitabda yazıçıya aid bir hissə ilə ona məxsus olmayan anonim və kollektiv bir hissənin olduğunu da unutmaq mümkün deyil.
Bu yanaşma təkcə ədəbiyyatda işə yaramır, onun siyasətə də tətbiqi faydalı ola bilər; bu yanaşma vasitəsilə öyrənə bilərik ki, siyasətin nə qədəri sırf fiksiya, mif, ədəbi qəlib, motivdir. Siyasət, ədəbiyyat kimi, hər şeydən əvvəl özünü tanımağa və özünə inanmağa məcburdur.
Son müşahidə kimi deyim: bu gün hər hansı bir şəxsin özünü məsum hiss etməsi qeyri-mümkündürsə və hər hansı bir şəxsin həyata keçirdiyi, yaxud dediyi hər hansı bir şeydə gizli bir motivasiya  (ağ adamın, kişinin, konkret gəliri olan bir nəfərin, konkret iqtisadi sistem içində olan bir şəxsin, yaxud konkret bir nevrotik kompleksi olan bir nəfərin motivasiyası) kəşf edə biliriksə, bu bizi nə universal günah hissinə aparmalıdır, nə də universal ittiham duyğusuna.
Xəstəliyimizin, ya da gizli motivasiyalarımızın fərqinə varanda, bu o deməkdir ki, onları təhlil etməyə başlayırıq. Əsas motivasiyalarımızı necə qəbul etməyimiz və bu təhlil prosesini necə keçirməyimizdir. Və bu, mövcud mənliyimizdən başqasına keçmək üçün əlimizdə olan yeganə fürsətdir, yəni ki, yeni bir ekzistensiya tərzi yaratmaq cəhdimizin yeganə yolu.
 
Tərcümə etdi: Qismət  
Mənbə: Sim-sim.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)