Edebiyyat.az » Ədəbi tənqid » Yazarlarımızın fəlsəfə dərdi - Gənc yazar həmkarını tənqid edir

Yazarlarımızın fəlsəfə dərdi - Gənc yazar həmkarını tənqid edir

Yazarlarımızın fəlsəfə dərdi - Gənc yazar həmkarını tənqid edir
Ədəbi tənqid
admin
Müəllif:
09:02, 17 avqust 2022
744
0
Yazarlarımızın fəlsəfə dərdi - Gənc yazar həmkarını tənqid edir




Nizami Bayramlı
Məni həmişə poeziyada narahat edən məsələlərdən biri də yazarın fəlsəfi fikir yaratmaq dərdidir. Çətin və olduqca sıxıcıdır. Artıq bu, ədəbiyyatda tez-tez rast gəlinən müşahidə olunan prosesə çevrilib.

Çağdaş poeziyamızda mətnlərin çoxunda müəllif çalışır ki, yeni fikri bər-bəzəkli sözlərlə ifadə eləsin. Açıq şəkildə bildirirəm və xahiş edirəm, fərqi yoxdur nə yazırsınız, istər hekayə olsun, istər şeir, istər roman, söz yığınına yol verməyin. Mətnin müəllifdən istədiyi şeylərin içərisində "söz yığını" iddiası yoxdur. Onu intihar etməyə vadar eləməyin.

İtalyan, rus, gürcü, fransız, ingilis bir də tapa bilsəniz, yapon ədəbiyyatından tərcümə olunmuş mətnlər oxuyun. Dil bilsəniz, lap gözəl olar. Oxuduqdan sonra görəcəksiniz ki, xarici müəlliflər mətndə söz yığınından uzaqlaşıb, bütün gücü poetikanın üzərində cəmləyirlər. Yuxarıdakı hissədə mətnin müəllifdən istədiyi şeylərdən misal çəkdim, ümumiyyətlə, yazı ilə bağlı olan sənət əsərlərini məndən olsa, belə bir bölgü ilə verərdim:

1. Mətnin müəllifdən gözlədiyi məqamlar
2. Müəllifin mətni pərt etdiyi məqamlar

Bir dəfə dəyərli alimimiz, o cümlədən, mənim müəllimim Rüstəm Kamal "Divan ədəbiyyatı poetikası" dərsində rus ədəbiyyatındakı müəlliflərin birinin şeirindən bir misra dedi. Təsəvvür edin, bir neçə gün həmin misranın təsirindən çıxa bilmədim. Evə gedib, haradasa ona yaxın şeirimi cırıb atdım zibil yeşiyinə. Bəli, heç gözümü qırpmadan cırıb, atdım. İçimdə bir qəribə hiss yaranmışdı ki, necə olur, rus ədəbiyyatının hansısa müəllifi belə bir misra yaza bilir, mən isə yox.

Gənc şair Ələsgər Əhmədin bu yaxınlarda yazdığı şeirlərdən birini oxudum. Tam səmimiyyətimlə bildirirəm, eyni halı şeirdəki bir misrada yaşadım. Mətndə məni təəssüfləndirən misralar olsa da, həmin misranın xətrinə bağışladın:

Meşənin alatoranlığı
yarasanın baş daşıdı – çatında gül ək

Müasir dövr Azərbaycan ədəbiyyatının gənc nümayəndələrinin ən müsbət tərəfi poeziyada fərqli təşbehlərdən istifadədir. Ötən nəslə nisbətən hazırkı nəslin daha çox yönəldiyi istiqamət fərqli bənzətmə yaratmaq mövqeyidir. Düzünü desəm, hərdən həmyaşıdlarımın axtarışda olub tapdığı təşbehlər məni heyrət içində də saxlaya bilir. Eynən yuxarıda göstərdiyimiz misra da özünəməxsusluğu ilə seçilir. Oxuyarkən hiss edirsən ki, mətn bu qaydada davam eləsə, özünə müəyyən auditoriya da toplaya bilər.

"Meşənin alatoranlığı"nın yarasanın baş daşına bənzədilməsi absurd və yaxşı bənzətmədir. Burada heç bir reallıq yoxdur. Hansısa bir yarasa ölərkən kimsə onu aparıb qəbiristanlıqda basdırası deyil. Ələsgər Əhmədin yarasanı insanlaşdırması individual çəki konsepsiyasıdır. Təbii ki, bir yarasanın həyatını ciddiyə alıb, mətndə onu diqqətə çatdırmaq təvazö məsələsidir.

"Çatında gül ək" əlavəsi isə bu mərhəməti məqsədli şəkildə tamamlayan sərhədsiz emosiyadır. Buna ədəbiyyatşünaslıqda “ekzistensial narahatlıq” deyilir. “Absurd bir dünya qarşısında qorxu, oriyentasiya, çaşqınlıq və ya narahatlıq” kimi adlandırılır. Bu misranın “çatında gül ək” əlavəsində cəmiyyəti mühakimə etmək iddiası var. Bir növ iddianın əmrləşməsi prinsipi.

Yaspers fəlsəfəsindəki kimi - cəmiyyətdəki şüurdan və ruhdan uzaqlarda yaşamaq... Humanitar xarakterli spekulyasiya (abstrakt mühakimələr).

Şeirdə tənqid olunası hissələr də kifayət qədərdir. Hətta müəllif tənqidə cığır açılmasına şərait yaradıb. Əslində, poeziyada yazarın özündən belə asılı olmadan yaranan fərqli tendensiyalar mövzunun bir nöqtədə qalmamasına, müxtəlifliyinə doğru xarakterik cəhddir. Bu, oxucu tərəfindən rahat şəkildə həzm olunası deyil. Ələsgər Əhmədin haqqında danışdığımız mətninin digər misraları kimi:

Yəqin səsləməsindəndi
ərş-fərş minacatında quru meyvə dadında

Məşəlin qaranlığı:
Rəbbin əsnəməsindəndi külək adında

Ələsgər Əhməd poeziyasında ən çox rast gəlinən hallardan biri də oxucuya şeiri qavrama şəraiti yaratmamasıdır. Bütün oxucular filoloq deyil və bir müəllifin bütün şeirlərini ədəbiyyatşünasların təhlil edib, oxucuya çatdıracaq öhdəlikləri yoxdur. Və yaxud başqa sözlə, bir şeirin hansısa hadisələrə söykənməsi mətni oxuyarkən kiminsə xəbərsiz olduğu məlumatı ona çatdırmır.

Mətnin intellektual qatlarla örtülməsi fikrin başa düşülməsi missiyasını bataqlıqlarla hərəkət etməyə məcbur edir. Buna isə heç bir gərək yoxdur. Onsuz da ifadə olunan fikirdə poetik yük var, onu mürəkkəblik həbsxanasından çıxarmaq lazımdır. Ən əsası da dilimizdə mənası olan, mətnə daha doğma sözlərlə işləmək... Məsələn, ərş-fərş sözünü yer-göy kimi yazmaq və s.

Amma yuxarıdakı misralarda yerlə göyün dialoqa girməsini quru meyvənin dadına bənzətmək, küləyin əsməsini Tanrının əsnəməsi kimi verib, məşəli söndürmək müəllifin təbiətin dili ilə nəzəriyyəyə köklənməsi şamanizmə yönəlmə meyarıdır.

Müəllif mətndə qarmaqarışıq inikas formalaşdırıb. Ona görə də bu cür şeirlərdə yazarın süjet yaratmaq mövqeyi tamamilə sıradan çıxır, aura pozulur.

Ələsgər Əhmədin haqqında danışdığımız mətnində daha gözəl bir ədəbi nümunəyə nəzər yetirək:

Qırıq səhənglə su daşıyarkən
arxaya çevrilib gördüm ki,
keçdiyim məsafədə güllər açıb.

Qırıq səhəngdən suyun yerə damcılaması reallıqla səsləşən arqumentdir. Bəli, su tökülən torpaqda bitkinin cücərməsi (gül açması və s) təbiidir. Müəllifin isə yanaşması :"Həmin ərazilərdən mən keçirəm, bu mənə görə olur", - eqoizmidir. Əslində, müəllifin burada verdiyi informasiya "eqoist"liyi çatdırmaq deyil, mentalitet məsələsidir. Qadınların bulaqdan çiyinlərində səhənglə su aparması mental mənzərədir. Özünə bir misrada qadının yaşadıqlarını yaşatdıran müəllif məsələyə böyük müstəvi üzərindən baxır. Qadının böyük varlıq olduğunu diqqətə çatdırır.

Hətta o qədər böyüdür ki, çiynindəki qırıq səhəngdən yerə damcılanan suyun nəticəsində gülün bitəcəyinə işarə edir. Eynən başqa bir misrada da ön xətdə dayanan "qadın böyüklüyünü" sevgi simvolu kimi dəyərləndirir və təbiətə olan baxışını belə sevgi üzərində eksperiment edir:

Küləklə rabitəmiz pozulmasın deyə,
Saçından tellər açıb.

Küləyin əsməsini müəllifin görüntü şəklində görmək istəməsi birbaşa sevdiyi qadına münasibətdə formalaşır. Başqa sözlə, müşahidənin sevgisayağı aparılması... “Xoşbəxtlik yaşanılandır" fikrinin görülən keçidi və yaxud küləyin "əsmə funksiyasını" lazımsız bir fiqura çevirmək də demək olar.

Son olaraq, Ələsgər Əhməd mətnə yazılan tənqidləri nəzərə alıb, poetik ifadələri oxucunun başa düşdüyü tərzdə çatdırsa, fəlsəfi boğunuqluqda misralara əcaib görünüş verməsə, inanıram ki, müasir dövr Azərbaycan ədəbiyyatında müəyyən mərhələləri adlayıb, gələcəyin ən yaxşı şairlərindən biri olmaq etimadını doğrulda biləcək.



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)