Edebiyyat.az » Ədəbi tənqid » ŞVARTSMAN - Antinatalizmin əhəmiyyəti(esse)

ŞVARTSMAN - Antinatalizmin əhəmiyyəti(esse)

ŞVARTSMAN - Antinatalizmin əhəmiyyəti(esse)
Ədəbi tənqid
admin
Müəllif:
17:23, 16 noyabr 2022
2 091
0
Ş VARTSMAN - Antinatalizmin ə h ə miyy ə ti (esse)





UŞAQ böyütməyin, ÖZÜNÜZÜ böyüdün. Dünyanın sizin uşağınıza ehtiyacı yoxdur, amma sizin böyüməyinizə ehtiyacı var.

 

Bu il məni iki tanışım öz toyuna dəvət etdi. Təbii ki, getmədim. Məni daha yaxından tanıyanlar mənim toyları və yasları sevmədiyimi bilir. Kimsə həmin gecə sevişəcək deyə bunu karnavala çevirməyin mənası yoxdur. Yaxud kimsə ölübsə, qlobal faciə deyil, hər gün dünyada 100.000-dən çox  insan ölür. 

 

Bizim insanlar niyə toylara gedir? Onun, yaxud uşaqlarının toyuna gəlsinlər deyə. Belə bir maddi mənfəətim yoxdur.  Mən isə nə vaxtsa evlənməyi düşünmürəm - ən azı yaxın 200 ildə

 

Bəs niyə yaslara gedirlər? Nə vaxtsa özü və yaxınlarından kimsə öləcək. Belə bir mənəvi mənfəətim yoxdur. Lap istəyirsiniz mən öləndən sonra valideynlərimin yanında basdırmaq adı ilə zibil yeşiyinə atın. Fərqi nədir ki, onsuz da ölmüşəm və elə biləcəyəm ki, zibil yeşiyində yox, ana və atamın məzarlarının yanında yavaş-yavaş çürüyürəm. Ya zibil yeşiyində itlər, pişiklər dartışdırır məni, ya da torpağın altında böcəklər, soxulcanlar… Nə fərqi var- yuxarısı, ya aşağısı…

 

Biz niyə evlənirik? Səbəbləri çoxdur, amma sadə şəkildə desəm, kimsə bizə evlənmədən yaşamağın mümkünlüyünü deməyib.  Frederik Beqbeder deyir ki, nikah-cinayətdir, çünki sirri öldürür. Qadın və kişi arasındakı sirri, marağı öldürür. Hər gün yox, hər saat, hər an yanında olmaq istədiyin kəslə artıq 20 ildir evlisiniz və bir-birinizin üzünə baxmaqdan belə bezmisiniz. Evliliyi canlandırmaq üçün arada bir-birinizə xəyanət edirsiniz, yoxsa bu cəhənnəəzabına heç kim çox dözməz. 

 

Bəs niyə ölürük? Tibbdə   proqramlaşdırılmış hüceyrə ölümünə “apoptoz” deyirlər. Bu o deməkdir ki, biz ölümə proqlamlaşmışıq. Froyda görə, hər insan təbiətə bir ölüm borcludur. Yəni təbiətdən bir həyat borc almısınız (yaxud zorla borc verib), ölərək bu borcunuzu geri qaytarırsınız.  

 

Bura kimi yazdıqlarım sizə maraqsız gələ biləcək bu yazını oxutmaq üçün tilova qoyduğum yemdir. Nə edim, məcburam da. Vizual effektləəsrində insanlara nəsə oxutmaq İsanın möcüzələri kimi bir şeydir. 

 

Əslində yazını bu cür başlamalıydım: Hər kəs başa düşür ki, dünyada insanların sayı həddən artıq çoxdur. Amma heç kim dünya əhalisinin azalmasında birbaşa şəxsən iştirak etmək istəmir. Statistika deyirəm: 1900-cu ildə dünya əhalisinin sayı 1,6 milyard, 2000-ci ildə isə 6 milyar idi. İki dünya müharibəsi də əhalinin artımını azaltmadı. Bu gün insanların sayı 8 milyarda yaxındır (bax: www.worldometers.info).Dünyanın bu qədər çox insana ehtiyacı yoxdur. Və burada antinatalizm fəlsəfəsi ortaya çıxır ( "fəlsəfə" deyərkən, bir dünyagörüşü nəzərdə tutulur, Platon, yaxud Dekart yox). 

 

Qısa izah: anti-“qarşı, əks”, natalis- “doğum” deməkdir. Antinatalizm əzab və həzz arasında simmetriyanın olmamasını görən və həyata neqativ bir dəyər yükləyən düşüncə tərzidir. Antinatalizmə görə, insanlar üçün doğulmamaq doğulmaqdan daha yaxşıdır. Bu yanaşmaya görə, dünya insanın xoşbəxt olacağı yer deyil və insan buna inanaraq yalnız özünü aldadır. Başqa cür desək, bu dünya insan üçün dizayn edilməyib, insan təkamülün son mərhələsidir. Dünya adlı bu həbsxananı yalnız ölərək tərk edə bilərik. 

 

Əvvəlcədən bildirim ki, mən antinatalist  deyiləm, onun əhəmiyyətli olduğunu düşünənlərdənəm. Ümumiyyətlə isə, -ist (kommunist, feminist, ateist, karateist), -izm (kapitalizm, mizoginizm (qadınlara nifrət), aqnostizm, atletizm) kimi bağlılıqlardan uzağam. Perspektiv(izm) – həyata müxtəlif pəncərələrdən baxmaq fəlsəfəsidir. Bu fəlsəfəni mənimsəyin, yoxsa “ist-izm”lərə bağlı qalmaq sizi sadəcə və sadəcə axmağa çevirər. Varlıları buna görə sevirəm: kasıblardan fərqli olaraq onların evləri çoxpəncərəlidir. 

 

Bəlkə də antinatalizmin haqqında heç nə eşitməmisiniz.  Buna səbəb sizin savadsızlığınız, yaxud dünyagörüşünüzün dar olması da deyil. Səbəb daha çox antinatalizmin haqqında xəbərlərdə,  saytlarda, kitablarda, filmlərdə çox danışılmamasıdır. Dünya iqtisadi sistem olaraq olaraq kapitalizmin əlində olduğundan antinatalizm antikapitalizmdir. Doğmamaq istehsal və istehlak etməməkdir. Nəsil artırmayan  insan işləmək istəməz, borca girməz, varlı olmaq istəməz. Kapitalist dünyamızda antinatalizm fəlsəfəsi gizlədiləcək, insanların təfəkküründən silinəcək bir şeydir. Əslində insanların sayının çox olmağı heç bir kapitalisti narahat etməz. Çox insan çox istehsal və istehlak deməkdir. Çox insan çox pul deməkdir.   Antinatalizm kapitalizmin düşmənidir. Bütün dinlər, siyasətçilər sizin artıb çoxalmağınızı istəyər. Xəbərlərdə isə bu başlıqlar yazılar: “Sizin uşaq dünyaya gətirməyinizi istəməyən antinatalistlər”. Sanki onlar satanistdirlər, uşaq qatilidirlər.  Onlarda daim gözdən salmaq, pisləmək, insan deyilən canlını ali varlıq hesab etmək var. Ortada çox çirkin və gizli oyun gedir. Sizin uşağınız sizin xoşbəxtliyiniz ola bilər, amma onlar siyasətçilərin və kapitalistlərin çarxındakı bir hissəcikdir. Arzuların yox olmağı, istəklərin azalmağı və insanların uşaq istəməməyi kapitalizm və mövcud siyasi rejimlər üçün həyəcan siqnalıdır. Hansı ölkədə əhalinin sayı azdır və insanlar nəsil artırmaq istəmir, o ölkədə hər doğulan uşaqlarla dövlət xüsusi yardım edib dəstək olur. Azərbaycanlılar isə başqa ölkələrdəki uşaq pulu yardımını hökuməti pisləmək üçün istifadə edir. Bu xalq haradan bilsin ki, Azərbaycanda evlənməmək və nəsil artımamaq kimi problem yoxdur, niyə hökumət uşaq pulu versin, yaxud uşaq pulunu artırsın?. Əhalinin sayında ciddi azalma olsa, bizim hökumət başqa ölkələrdən geri qalmayacaq. Əhalinin azalmağı işçilərin, hərbiçilərin azalmağı deməkdir. İnsanlar az olsa dövlətin sərhədlərini kim qoruyacaq, kim işləyəcək, kim dövləti idarə edəcək? Pandemiya göstərdi ki, bizim xalq hökumətdən daha çox düşünür demokrafiyanı. 

 

Antinatalizmin əhəmiyyətini başa düşmək üçün  bunu mütləq aydınlaşdırmalıyıq: insan ən ali varlıq deyil. Əslində insan canlılar arasında yaradılış baxımından əəskik varlıqdır. Uça bilmədiyimiz üçün təyyarələri, sürətli qaça bilmədiyimiz üçün maşınları, balıqlar kimi üzə bilmədiyimiz üçün isə gəmiləri yaratdıq. Bütün bu mədəni və texnoloji inkişaf bizim əskikliyimizin göstəricisidir. 

 

Hal-hazırda cənub rayonların birində biologiya müəllimi olan keçmiş sevgilimlə bir dəfə insanın dünyadakı yeri  haqqında söhbətimiz oldu. Dedi ki, "Əslində biz özümüzü aliləşdiririk, amma digər canlılardan fərqimiz yoxdur. Məsələn, bitkilər təbiətdə qida zəncirində əvvəldə gəlir. Canlılara ilk üzvi maddə və enerji verən bitkilərdir, sonra otyeyən, ətyeyən heyvanlar və insan gəlir. Ən sonda isə minerallaşmanı aparan, yəni üzvini qeyri-üzviyə parçalayan mikroorqanizmlər gəlir. Onlar da bütün canlıların məhv olmuş qalıqlarını çürüdür, minerallaşdırıb verir torpağa. Torpaqdakı bu minerallardan da yenidən bitkilər inkişaf edir. Bunu nəzərə alsaq, sənin dediyinlə razılaşıram. Bir də düşünürəm ki, biz elə orqanizmimizdəki minerallardan ibarətik və öləndə minerallarımız təbiətə, otlara, otları yeyən heyvanlara keçir. Ölən insanlar ətrafımızda, ətrafdakı canlılarda yaşayır kimi hiss edirəm”. Bəs bu nə deməkdir? Qısa və aydın izah etsək, insan olmadan da bu dünya mövcud olub və bu gün hamımız ölsək, insan irqi yox olsa, dünya yenə yaşayacaq, hətta əvvəlkindən də yaxşı. Nədənsə biz insanlarda elə təəssürat var ki, biz olmasaq dünya dağılar. Halbuki dünyanın yaşı 4,5 milyard, insanın (homo sapiens) yaşı isə 300.000 ildir. Kobud və təxmini bənzətmə aparsaq, insanın dünyadakı varlığı 70 illik ömürdə iki saatlıq bir filmdir.  İnsan canlılar arasında  yaranan   последний varlıqdır... Təkcə bioloji tarixə görə yox, dini tarixə görə də. Allah dünyanı 5 gündə yaratdı (“beşgünlük dünya” ifadəsi buradan yaranıb), 6-cı gündə isə insanı (yarım iş günü -bəlkə də allah yarımçıq iş görüb). 7-ci gün isə istirahət etdi. Həftənin günlərinin bölümü bu dini mətnə əsasən yaradılıb. 

 

İnsanın kainatda yeri haqqında az eşidilən, amma düşünən insanlar tərəfindən tez-tez işlədilən belə bir bənzətmə var: Kirpiklərimizdə yaşayan mikroskopik canlılar var. Demodeks adlı mikrocanlılar saçımızdakı kəpəklər, üzümüzdəki yağlar və ölü dəri hüceyrələri və kirpiklərimizdəki tozlarla qidalanırlar. Çox az insanın bundan xəbəri var, bu məlumatı deməsəydim sizin də xəbəriniz olmazdı. Amma biz onların varlığını hiss etməmişik. Və demək istədiyim də budur ki, insan da kosmosun kirpiklərindəki mikroskopik canlıdır, doğulur, yaşayır, ölür və insanın bu sonsuz kainatda əhəmiyyəti elə mikroskopik canlıların kirpiklərimizdə olan əhəmiyyəti qədərdir. Necə ki kirpiklərimizdə yaşayan mikro canlıların çoxalmağı və ölməyi bizim üçün əhəmiyyətsizdir, kainat üçün də insan elədir. Bunu bilmək acıdır, amma həqiqətdir. 

 

Şəxsən mənim evlənməmək və ata olmaq istəməməyimin səbəbləri çoxdur: bioloji, sosialoji, iqtisadi, siyasi, psixoloji. Bioloji səbəbi budur ki, genetik kiməsə bağlı olursan, zəif yer yaradırsan. “Məhəbbət üçün ürəkbulanma” romanımda demişdim ki, nəsil artırmaq özünü kopyalamaqdır, mən də özümü kitab yazaraq kopyalayıram. Sosial cəhətdən aktivliyi və azadlığı öldürür. Sən artıq təkcə özün üçün yaşamırsan. Bir addım atarkən bir dəfə yox, üç dəfə, beş dəfə düşünməlisən. İqtisadi cəhətdən sərf etmir. Ailən varsa, daha çox qazanmalı və xərcləməlisən. Siyasi cəhətdən ona görə uyğun deyil ki, mövcud rejim klan üzərində qurulub. Hakimiyyət qan qohumluğuna yox, düşüncə qohumluğuna əsaslanmalıdır. Psixoloji cəhətdən ailə, uşaq stressdir, əlavə enerji sərfiyyatıdır. Bu həyat ömrümüzü başqasına sərf edəcək qədər uzun deyil. Mənim bu dediklərimi ən yaxşı başa düşənlər evli adamlardır, amma ən çox mənə qarşı çıxanlar da yenə onlar olacaq. 

 

Mənə görə, yaradıcılığın 3 mərhələsi var: aşağı, orta və yuxarı. 

 

Aşağıdakılar - bunlar kasıblardır. Kasıbların bir yaradıcılığı var: nəsil artırmaq. Kasıb yaradıcılığın bu ibtidai formasından başqa bir şey tanımır. Kasıblardan dahilər çıxmaz. Kasıb üçün uşaq özünü qorumağın və mövcud olmağın ən sadə yoldur.  İnsanların çoxunun uşaq istehsalı ilə məşğul olmağı buna sübutdur. Onlar yaradıcılığın başqa formasını kasıb olduqları üçün bilmirlər. 

 

Ortadakılar – yaradıcılığın ikinci mərhələsində orta təbəqədən olan insanlardır. Bu insanlar nə kasıbdırlar, nə də varlı. Kasıblardan fərqli olaraq öz evləri var, çox da olmayan qazancları. Bu təbəqədən olanlar kitab yazırlar, rəsm çəkirlər, bina tikirlər, şirkət qururlar və s. 

 

Yuxarıdakılar – burada olanlar insanların çoxu varlı və yaxşı təhsil almış ailələrdən çıxırlar. Yaradıcılığın bu yüksək mərhələsini ideologiya, fəlsəfə, din və siyasi sistem yaradanlar təşkil edir. Misal olaraq, bu şəxslərin adlarını çəkmək olar: Karl Marks, Niçe, İsa Məsih, Məhəmməd, Froyd, Albert Aynştayn, Çarlz Darvin, Nikollo Makiavelli və b. 

 

Nəticə budur ki, siz aşağı statusdasınızsa, yuxarıya çıxa bilməyəcəksiniz. Yalnız orta təbəqəyə yüksələ, roman, şeir yaza,  rəsm çəkə bilərsiniz. Yuxarı təbəqəyə çatmaq üçün mütləq orta təbəqədən olmalısınız. Orta təbəqədə yuxarı üçün maddi və mənəvi baza var. Beləliklə, yuxarıdakıların yaratdıqlarına əsasən aşağıdakılar o cür  yaşayacaq, ortadakılar isə nə edəcəklərini müəyyənləşdirəcəklər.

 

 

Gələcəkdə Azərbaycanda evlilik üçün bəzi şərtlərin müəyyən edilməyi pis olmazdı. Ayda minimum 2-3 min qazanan, fiziki və psixoloji sağlam olan, qohum və irsi xəstəlik daşıyıcıları olmayanlar ailə həyatı qurub uşaq sahibi olsunlar. Bu şərtlərin reallaşmağı üçün dövlətin sosial planına daxil edilməli və xalq da bu islahatın dərkində olmalıdır. İnsan dünyaya gətirmək istədikdə kəmiyyətə yox, keyfiyyətə önəm vermək lazımdır. Bu dünyada doğulan hər uşaq yaxşı yaşamağa layiqdir. Uşağınıza yaxşı qida, yaxşı geyim, yaxşı təhsil, yaxşı gələcək verə bilməyəcəksinizsə, dünyaya gətirməklə özünüzün və onun həyatını çətinləşdirməyin. Ana və ata olmağa sizin təkcə mənəvi haqqınız yox, eyni zamanda maddi haqqınız da olmalıdır. 

 

Evlənmək istəyən evlənsin, evlənmək istəməyən evlənməsin. Bu dünyada hamı nəsil artırmaq məcburiyyətində deyil. Mənim bu gün belə düşünməyimin səbəbi, atamın ölümündən sonra anamın qohumlarla əlaqələrini kəsməyidir. Ümumi yanaşsaq, onlar da çox can atmırdılar. Bu hadisələr məni azərbaycanlılar kimi “qoyun əti, toy-yas, nikah-uşaq” döngüsündən çıxardı. Özümlə o qədər çox qaldım ki, ətrafını təsiri sıfıra düşdü. Beləliklə, mən özümü sıfırdan yaratdım.  Anam özü də bilmədən məni şvartsmana (alm. qara adam) çevirdi. Ən bəsit mənada azərbaycanlı kimdir ki? Qapı-qonşusuna baxıb yaşayan adam. Seçimimi etdim: mən kiməsə baxıb yaşamaq istəmirəm. 

 

Sonra yeniyetməlikdə çox sevdiyim tarix müəllimlə qarşılaşdım. Çox gözəl qadın idi, xoşxasiyyət və qarayanız. Sonra birdən üzü qaralmağa başladı. Evləndi və sonra hamilə qaldı. Bilmirəm, analıq məzuniyyətinə çıxdı, yoxsa məktəbdən ayrılmalı oldu, bir də onu bizə dərs deyən görmədim. Bizim binanın ikinci, ya üçüncü mərtəbəsində qalırdı. Təsadüfən məktəbdən qayıdanda gördüm onu: pəncərənin qarşısındakı barmaqlıqlardan  qaralmış üzü ilə bizə baxırdı. Sanki həbsxanadaydı. 

 

Gəncliyimdə isə evliliyin xoşbəxtliyin qarantı olmadığını müşahidə etdim. Hamı bizə xoşbəxtlik arzu edirdi, hanı, haradadır o xoşbəxtlik? Mən görmürəm, siz görürsünüz? Yalançı xoşbəxtlik arzularımız rekord qıran boşanmaların qarşısını niyə ala bilmir?  Hamını kibrit qutusuna sıxışdırıb evləndirirlər. Hamımız eyni deyilik, deməli, hamımız xoşbəxtliyi eyni şeydə tapa bilmərik-nikah və uşaq niyə istisna olsun ki? Mənim tənhalığım diş pastası reklamlarındakı gülümsəyən xoşbəxt ailədən daha səmimidir. Ailə və uşaq kimi artıq yüklər bizdəki böyük insanları balacalaşdırdı. Buna uyğun Oşodan bir lətifə yadıma düşdü, danışım sizə

 

Bir dəfə kilsədə keşiş əhaliyə səsləndi:

-Dərdi olan ərlər, hamınız ayağa qalxın!

Bir nəfərdən başqa kilsədəki bütün evli kişilər ayağa qalxdı. 

-Ah, -dedi keşiş. -Sənin kimi adam milyonda bir tapılır!

-Yox, ondan deyil, -dedi adam. -Mən şikəstəm. 

 

Azərbaycanlıların söhbətlərinə qulaq asıb, yazılarını oxumusunuzmu? Necə danışmağı və necə yazmağı bilmirlər. Azərbaycanlılar ümumi söhbətləri siyasət və futboldur. Yazdıqları basdırılmış seksuallıqlarının torpağın altından zombi kimi çıxmağıdır-gəzirlər və qarşımıza çıxanda qorxub qaçırıq. Eskortların seksdən necə danışdıqlarına baxmısınız? Jest, sözlər və səs tonunu nəzərdə tuturam, nə danışdıqlarını yox. Siz niyə seksdən onlar kimi rahat və səviyyəli danışa bilmirsiniz? Bunu unutmayın: Əgər bir şeyi səviyyəli danışa bilmirsinizsə, deməli, o şeyi səviyyəli yaşamamısınız. Bu həyatda hər şey – seks, yemək, üzmək, paraşütlə tullanmaq, kitab yazmaq, dırnaq tutmaq, çimmək, söyüş söymək və s. öyrəniləcək şeylərdir. Sənə lazım olan hər şeyi daha dərindən və ətraflı öyrənməlisən. Heç nə öyrənmək istəməyən adam məhv olmaq istəyən adamdır. 

 

Antinatalist adlandıra biləcəyimiz bir ovuc məşhur şəxslər var:Samuel Bekket, Devid Benatar, Boqomil (rahib), Emil Çioran, Qustav Flober, Haynrih Hayne, Filipp Mainlənder, Mani (peyğəmbər), Artur Şopenhauer, Otto Vayninqer, Ömər Xəyyam və b.

 

Yuxarıda adlarını çəkdiyim şəxslərin hər birinin antinatalist fikirləri haqqında yazsam, esse çox uzun olar, nümunə üçün yalnız iki nəfəri – Emil Çioran və Ömər Xəyyamı seçirəm. 

 

Rumın əsilli fransızca yazan Emil Çioranın (1911-1995) “ De l'inconvenient d'etre ne” (fr. Doğulmuş olmağın narahatlığı) adlı kitabından sitatlar:  

 

-Bütün cinayətləri etmək ata olmaq cinayəti xaricində

 

-Özümüzü öldürməyə dəyməz, çünki bunu etməkdə həmişə gecikirik. 

 

-Budda ilə bağlı yazılarda çox vaxt “doğum uçurum”ndan bəhs edilir. Doğulmaq, içinə düşmədiyimiz, əksinə, hər kəsin zərərinə çıxdığımız bir uçurum, dibsiz bir quyudur. 

 

-İnsandan əvvəl doğulmaq mümkün olsaydı! 

 

-Mövcud olan hər şey gec ya tez qarabasmaya çevrilir.  Bu halda varlıqdan  daha yaxşı bir şey kəşf etməyə çalışmalıyıq. 

 

- Gələcəyə dair düşüncəm o qədər qətidir ki, uşaqlarım olsaydı, onları dərhal aradan götürərdim! 

 

- İnsanıq, pis bir taleylə doğulduq. Başladığımız və başlayacağımız hər şeyi heyif ki, çox sevmiş olacağıq! Düşüncəyə möhtəşəm bir dad verir bu! 

 

- Doğum və zəncir eyni mənalıdır. Günəşi görmək, qandalları görmək...

 

-Məsuliyyət məsələsinin bir mənası olardı, əgər doğulmamışdan əvvəl bizdən soruşulsaydı. 

 

-Uşaqlar valideynlərinə qarşı çıxırlar, çıxmalıdırlar da.. Ata-analarının edə biləcəkləri bir şey yoxdur,  çünki  onlar, ümumiyyətlə, canlılar arasındakı münasibətləri müəyyənləşdirən bir qanuna tabe olublar. Belə ki, hər kəs öz düşmənini yaradır. 

 

- Heç kim bu dünyanı məndən çox sevmədi, halbuki o mənə bir boşqabda təqdim edilsəydi, eynilə uşaq kimi qışqırardım: "Çox gecdir, çox gec!" 

 

Həmçinin Ömər Xəyyamın (1048-1131)  rübailərində də antinatalist elementlər  var:

 

İnsana daima qəm verir fələk,

Bir qursa, birini dağıtsın gərək. 

Dünyaya gəlməyən bilsə gələnlər

Nə çəkir, gəlməkçün bəsləməz dilək. 

***

Biz getsək yenə də duracaq cahan

Bizdən qalmayacaq bir iz, bir nişan.

Biz yoxkən çəkmirdi o heç bir zərər,

Getsək də görünməz ondan bir nöqsan. 

***

Gəlmədim arzumla bura gəlirkən,

Getmək də yəqindir dünya evindən.

Ey yüngül ayaqlı saqi, şərab ver!

Cahanın qəmini meylə yuyum mən. 

***

Bir zaman məktəbə getdim uşaqkən,

Bir zaman sevindim dəbirliyimdən. 

İşə bax, dünyaya su kimi gəldim,

Sonra külək kimi əsib getdim mən. 

***

Xəbərim olmadan məni yaratdı,

Dünyada gün-gündən heyrətim artdı.

Gəlişin, gedişin səbəbini mən

Bilmədən ömrümü heçliyə atdı. 

***

Madam ki, aləmdə düşürsən dərdə,

Vəfasız dünyada ölüm var bir də

Bəxtiyar odur ki, yaşadı bir an,

Ya da heç doğulmadı bu fani yerdə.

 

 

Mənim də antinatalist adlandıra biləcəyim bəzi qeydlərim bunlardır:

 

1.

Uşaqları o qədər çox sevirəm ki, onların dünyaya gəlməyini istəmirəm. 

 

2. 

Uşaq sahibi olmaq üçün birinci özünə sahib olmalısan. Uşaq böyütmək üçün birinci özünü böyütməlisən. Baxıram sənə, sən ki heç doğulmamısan, öz qabığını qırmamısan, necə uşaq istəyə bilərsən? 

 

3.

Evlilik başqaları üçün edilən hərəkətdirsə, uşaq isə özümüz üçün etdiyimizdir. Hər iki hərəkətin də üstündəki yorğanı qaldırın, altında gizlədilmiş bu duyğunu hiss edəcəksiniz: q o r x u. 

 

4.

Biz xoşbəxtliyi ailədə və uşaqda axtardıq. Amma tapmadıq. Əgər hər kəs xoşbəxtliyi eyni yerdə axtarırsa, əlləri boşluğa toxunacaq - çünki xoşbəxtliyi ailədə və uşaqda axtaran ilk insan onu sizdəəvvəəkişdirib. 

 

5.

Adətən haqlı çıxmağım cansıxıcıdır. Məndə kədər yaradır, başqalarında nifrət. 

 

6.

Evli kişi birinci özünü aldatmalıdır, sonra arvadını. 

 

7.

Dünyaya gəldim, qara rəngi sevdim, bunları yazdım və getdim - dünya öz oxu ətrafında fırlanmağa davam etdi. 

 

8.

Mənə oxşar birinin doğulmağını istəmirəm. Uşaq istəmək eqoistlikdir və öz varlığını çox önəmsəməkdir.   Dünyanın mənə, mənim də bir uşağa ehtiyacım yoxdur. 

 

9.

Şəxsi mənafeyi ümumi mənafeyin arxasında gizlədənləri heç sevmədim - nikah və uşağın eşidilməmiş tərifi. 

 

10.

Hamını xilas edə bilməzsən, amma öz həyatını məhv etməmək kimi bir lüksün var...

 

11.

Başqalarını niyə xilas etməyə çalışırıq? Özümüzü tək və gücsüz hiss etməmək üçün...

 

12.

Nəsil artırmaq, öz uşağının olmağını istəmək şüursuz bir şeydir; əgər şüurlu olsaydı, insan nəsili çoxdan tükənmiş olardı. 

 

13.

20 yaşlarımda mənim də ata olmaq istəyim vardı, amma dayandım, bir dəqiqə gözlədim və öz-özünə  keçib getdi.

 

Bu yazımın məqsədi bəllidir: Ailə nədir və necə yaranıb? İnsanlar niyə evlənir? Mən evlilik adamıyammı? Mən həyatımı necə yaşamaq istəyirəm? Həyatımı bir kişi, yaxud qadınla keçirə bilərəmmi? Mən min kişi ilə yatmaq istəyirəm, yoxsa bir kişi ilə? Niyə uşaq istəyirəm? İçimdə məni uşağımın olmağına vadar edən  duyğu haradan qaynaqlanır? Azadlıq, yoxsa xoşbəxtlik dəyərlidir? Evlənməyi seçdiyimiz kimi evlənməməyi niyə seçə bilmirik? Bədən mənimdirsə, onu başqaları ilə bölüşmək niyə əxlaqsızlıq sayılır? Mənim getdiyim yolda neçə nəfərin ayaq izləri var? Niyə bütün siyasət və din insanların seksual istəyini tənzimləmək üzərində qurulub? Mənim arzularım niyə ailəmin, cəmiyyətin, dövlətin çəkici altında əzilir? Niyə biz mentalitetə qarşı çıxmaqdan qorxuruq və eyni zamanda   mentalitet  də bizim ona qarşı çıxmağımızdan  qorxur? Niyə 70 ildən sonra öləcək bir canlını dünyaya gətirim? Həyatımı istədiyim kimi yaşamaq günahdırmı? Evlənmədən başqa qadınlarla yatmaq, yoxsa evlənərək başqa qadınlarla yatmaq daha dürüst hərəkətdir? Niyə soyuq və varlı ölkələrdə insanlar az nəsil artırır, isti və kasıb ölkələrdə yaşayanlar isə çoxuşaqlıdır? Niyə evlənəndə hamı yanımızda olur, boşananda isə heç kim yanımızda olmur (F.Beqbeder)? Niyə insan səhv də olsa çox gördüyü bir şeyi normal, doğru da olsa az gördüyü bir şeyi anormal qəbul edir? -evlənməmişdən və valideyn olmamışdan əvvəl bu sualların məntiqli cavabını tapsanız, o zaman mənim nə demək istədiyimi başa düşəcəksiniz. 

 

Başladığımız yerə geri qayıdırıq. İki tanışım məni öz toylarına dəvət etdi. Əlbəttə, birbaşa “gəlməyəcəyəm” deyə bilmərəm. Bu yaxşı çıxmaz və səhv anlaşılar. Bu səbəbdəətraflı izah etdim onlara ki, mən mizantrop adamam, insanlardan qaçıram, kollektivi sevmirəm, hətta məni ReAl partiyasına üzvlüyə də dəvət ediblər qoşulmamışam. Adamların çox olduğu yerləri getmirəm, yolda çox adam görəndə yolumu dəyişirəm. Əsgərlikdə bu cümləni tez-tez eşidərdim: “Çoxluq – poxluqdur!”. Pox nədir? İnsan orqanizmində həzm olunmamış artıqlardır. Deməli, çoxluq da cəmiyyətin tör-töküntüləridir. Az olan şeylər dəyərlidir. 300.000 il əvvəl  insan özünü heyvanlardan qoruyurdu, 6.000 il əvvəl,  mədəniyyət yarandıqdan sonra isə  özünü insanlardan qorumağa başladı. 

 

Birinci tanışımla “Charles kitabxanası”nda tanış olmuşduq və sonra bəzi işlər görüb pul qazanmışdıq.  Ona   dedim ki, əgər doğrudan sevib evlənmisənsə, hər şey okeydir. Xoşbəxt olacağına inanırsansa, yəqin xoşbəxt olarsan. Amma mən toy adamı deyiləm. 

 

İkinci tanışım əsgər yoldaşım idi. Tipik Kazanovadır və hətta Türkiyədə təhsil alıb yaşayanda bir dəfə jiqololuq da etmişdir. Dedim ki, təbrik edirəm, gələ bilməyəcəyəm, 11 yaşımdan toylara getməyən adamam, məndən heç nə gözləmə. Özü də  sən evlilik adamı deyilsən ki… Təəccübləndirdin məni..

 

İkisinə mədəni şəkildə izah etdim, inciklik olmadı məncə. İstəmədiyim bir şeyi etməməyə çalışıram. Güclü adam başqalarının varlığından narahat olmaz. Güclü adam öz varlığı ilə başqalarını narahat edər. Güclü olmaq üçün isə tək olmaq lazımdır. Təklik adamı vəhşiləşdirir, çoxluq isə qoyunlaşdırır. Canavar heç vaxt qoyun sürüsünün içində yaşayıb onlara hücum etməz. Canavar daim qarşıdan, uzaqdan hücum edir. Canavar kimi olun! 

 

Hər cəmiyyət öz canavarını yaradır. Və mən də canavar fikirlərimlə azərbaycanlıların qoyun fikirlərinə hücuma keçmişəm. Məni öldürə bilərsiniz, amma zəncirləyə bilməzsiniz. Çünki bu dişlər sizin ağılınızdan itidir. 

 

 

07.11.2022

 

əlliflə (intim) əlaqə:

gschwarzmann@mail.ru 

 

Qeyd:

Növbəti essenin adı “Şeytan ayələri” olacaq. 

 

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)