Edebiyyat.az » Ədəbi tənqid » MEHMAN QARAXANOĞLU - “GƏL SOYUNAQ BİR KƏRƏ PALTARIMIZI”

MEHMAN QARAXANOĞLU - “GƏL SOYUNAQ BİR KƏRƏ PALTARIMIZI”

MEHMAN QARAXANOĞLU - “GƏL SOYUNAQ BİR KƏRƏ PALTARIMIZI”
Ədəbi tənqid
admin
Müəllif:
12:33, 25 aprel 2023
972
0
MEHMAN QARAXANOĞLU - “GƏL SOYUNAQ BİR KƏRƏ PALTARIMIZI”





(Azad Qaradərəlinin yaradıcılıq cizgiləri)

                             Esse 


      Yazıçı Azad Qaradərəli haqqında düşünəndə nədənsə hər dəfə Mirzə Ələkbər Sabirin:


Zahida, gəl soyunaq bir kərə paltarımızı,

Çıxaraq zahirə batindəki əfkarımızı,

Pişgahi-nəzəri-xəlqə dutaq varımızı,

Görüb onlar dəxi təhqiq eləsin karımızı... 


– misraları ilə başlanan şeiri gəlib durur gözümün önündə... Yox, özü gəlib durmur, elə bil hüznlü mistik bir əl onu icbari cəza kimi tutur, hökm kimi oxuyur üzümə. Amma olduğu kimi yox, bir qədər fərqli halətdə, dekonstruksiya olunmuş bir formada; “Zahida”ın yerinə “ey ədəbiyyat adamları”, “xəlq”ın yerinə də “tənqidçilər” (və ya təhlilçilər də oxumaq olar) sözlərinin işlənib görüntüləndiyi bir şəkildə.

        Apokalipsisin gec-tez hər bir yazıçını haqlayacağına inanıram. Özü də həmin gün onun qarşısına lümlüt, çılpaq çıxacağıq. Lüt kral kimi! Əslində, kral lütlənmir, onun “batindəki əfkarı zahirə çıxır.”

Hələ ki, sağıq, karusel fırlanır, mütəhərrikliyimiz, hərəkətliliyimiz elə bir illüziya yaradır ki, guya əyin-başımızda nəsə var. Elə ki, hərəkətliliyimiz sonlandı, illüziya da sonlanacaq...

       Adi bir misal çəkək: Məgər dipdiri “dəyirman” övladlar ölmüş ata-babalarının kommunist partiyası, xalqlar dostluğu, Lenin, kommunizm idealları haqqında yazdıqları mənasız, boş, cəfəng “əsərləri” bu gen dünyada gizlədə bilirlərmi? Cümhuriyyətçilərə - Məmməd Əmin Rəsulzadələrə atdıqları föhşləri necə?      

       Bəs həmin föhşlərin hesabına aldıqları ad, titul, orden və medalları necə?!

       Sosrealizmi xilas etmək üçün on yox, yüz on məqalə yaz, xeyri olacaqmı?!

       Bax, müdrik Sabir bizə çox dahiyanə bir variant təklif edir: Nə qədər tezdi, könüllü şəkildə “lütlənib” xalqın qarşısına çıxaq.

       Heç olmasa, bircə kərə...

       Və xalq da kimin kim olduğunu bilsin...

       Çox qəddar, ağır və qorxunc bir təklifdir.

       Amma nə etmək olar?

       Razılaşmaqdan başqa çarəmiz yoxdur.

       Çünki gec-tez hamımız “lütlənəcəyik...”

       Məsələ burasındadır ki, haqqında danışmaq istədiyim (guya hələ danışmıram?!) Azad Qaradərəli binayi-qədimdən - əlinə qələm tutduğu vaxtdan Sabirin bu təklifinə “hə” deyib...

       Çünki ta əvvəldən onun məram və məfkurəsi məlumdur. Onun yaradıcılığı ilə dərindən tanış ola-ola adamda qəribə bir təəssürat yaranır; elə bil ki, Mirzə Cəlil, Sabir, Haqverdiyev, Məhəmməd Hadi, Hüseyn Cavid, Əhməd Cavad, Qurban Səid, Xəlil Rza Uluturk, Sabir Əhmədli, Eldar Baxış, Rafiq Tağı və başqalarının yarıda kəsilmiş realist-demokratik vətənçi enerjisinin sonrakı naqillərə - cavan damarlara (Ona görə də onun ətrafında həmişə istedadlı gənclər vardır) ötürülməsi missiyasını ədəbi cameədə saysız-hesabsız məkrli yollarla təklənmiş Azad Qaradərəli kimi ləyaqətli söz adamları həyata keçirməlidirlər. Özü də heç bir ənlik-kirşandan, yalançı kosmetikadan istifadə etmədən, sovetdənqalma ədəbi “burcutmaları” lənətləyərək...

        Həmin ədəbi hərəkat qolunu guşənişinliyə məhkum olunmuş və ya öz-özünü “cəzalandırmış” Ə.Əylisli başda olmaqla Aslan Quliyev, Nəriman Əbdülrəhmanlı, Əlabbas, Rasim Qaraca, Şərif Ağ, Seymur Baycan, Mübariz Örən, Ataqam, Hədiyyə Şəfaqət və başqaları təmsil edirlər.

       Ədəbi varislik zənciri – xalqın etnopsixoloji genetik zənciri qırılan yerdə əsl ədəbiyyatdan söhbət gedə bilməz. Yoxsa, götür Azərbaycan sovet ədəbiyyatının mütərəqqi əlamətləri haqqında nə qədər mədhiyyələr yazırsan yaz, onun dağıdıcı, vəhşi mahiyyətini nə qədər bacarırsan qirimlə, heç nə dəyişilməyəcək. Çünki bu ədəbiyyatın yaradılış mayasında naqislik, qəlplik, murdarlıq vardı, obrazlı desək, Zərdüştlüyün qızıl prinsipi pozulmuşdu; yaxşı niyyət olmayan yerdə xeyir söz və xeyir əməldən danışmaq absurd idi.

       Azad Qaradərəli “Ulartı” hekayəsində rasional və ya intiutuv şəkildə, fərqi yoxdur, yuxarıda sözügedən və qəddarcasına kəsilmiş həmin cərəyanı, metafizik Ariadna ipini sanki bir-birinə bağlamaq istəyir. Ermənilərin əsir aldığı bacısına görə xəcalətdən yerə girən gəncin itə çevrilib ulaması hekayədə sərt realistik bir dillə təsvir edilir.

       Bu həmin ulartı idi ki, kimyagərliyə inanan nadan həmyerlilərini oyatmaq üçün Hacı Nuru “şeir dəftəri”ni çıxarıb nəzmə çəkdiyi bir hekasyəni oxumaq istərkən onu itələyib deyirlər ki, məgər bura şeir məclisidir? (“Molla İbrahimxəlil kimyagər”)

       Bu həmin ulartı idi ki, vaxtilə metamorfozlaşıb Ölülər Qəhqəhəsi kimi göyə bülənd olmuşdu! (“Ölülər”)

       Bu həmin ulartı idi ki, özgələşmiş üç qardaşının yaddaşını qaytarmaq üçün atasının “qeyd dəftəri”ni Gülbahar ulaya-ulaya başı üstünə qaldırnışdı! (“Anamın kitabı”)

        Bu həmin ulartı idi ki, “fikir zadəganı” Hüseyn Cavid İblis qəhqəhələri ilə onu dünyaya doyurmaq istəyirdi! (“İblis”)

       Bu həmin ulartı idi ki, Şərif Ağ qıyyasına dönüşüb yurd yerlərimizi sərgərdan-sərgərdan gəzirdi... (“Arıların səssizliyi”)

       Azərbaycan sovet ədəbiyyatı məhz həmin ulartının qarşısını kəsmək üçün ədəbi bosslar - ərəbzəngilər hazırlayırdı...

      İki dəfə ikinin dörd olmasına şəkk-şübhəmi edirsiniz? Keçmişi olmayanın nə gələcəyi?!

Danabaşlaşma var idisə, manqurtlaşma da olacaqdı...

      Əgər zamanında danabaşlaşmanın siyasi-ideoloji mahiyyətini görə bilsəydik, niyə manqurtlaşırdıq ki?!

       Ermənilərlə dostluq, rus dili və onu təmsil edən çoxluq haqqında bizə absurd nağıllar danışanların gizli niyyətləri əslində, məlumdur...

      Tablo dəyişmir ki, dəyişmir...

      Təsəvvür edin ki, Azərbaycan Cümhuriyyəti bələyindəcə boğulandan sonra onun parlaq ideya saçmalarını tamamilə yox etmək mümkün olmadı: “Türk ədib və şairlər dərnəyi” fəaliyyətə başladı. Elə eyni vaxtda ona əks olaraq “Qızıl qələmlər” cəmiyyəti də yaradıldı. Bu cəmiyyət ətrafında toplaşan ədəbi qüvvələr üçün hər cür şərait yaradılırdı; dahi Mirzə Cəlil “Proletar şairi” hekayəsində onların əsl simasını çox ustacasına, amma ehtiyatla açıb göstərib. Məhz bu cəmiyyətin ideoloji-siyasi bazası əsasında yazıçılar ittifaqı yaradıldı. Süleyman Rüstəmlər, Səməd Vurğunlar Rəsulzadələri oturan yerdə “it”, “şərəfsiz”, “satqın” adlandırmırdılar. Onlar ideoloji sifarişi şüurlu şəkildə, “namusla” yerinə yetirib öz övladlarının gələcək elit yaşayışı üçün maddi-mənəvi bazanı təmin edirdilər...

       Və... “Davam edir 37!”

     “Qızıl qələm” mükafatının kimlərin qızıl qanına batdığını da unutmayın, cənablar. Düşən “lər” şəkilçisi o qanı yuyub aparmayacaq...

      Azad Qaradərəlinin “Xalq şairinin ölümü” hekayəsində bütün qovğalara sinə gərib “qoşa barama yaşı”na – 88-ə qədəm qoymuş bir şairin Müstəqiillik ərəfəsində paytaxtda baş verən milli oyanış hərəkatına antivətənçi münasibəti dərin prozaik bir qələmlə, sərt boyalarla verilir: “Mən Lenin yoluna əbədi sadiqəm, mən kommunizmin iyini, qoxusunu duymuş adamam! Zasluqalarım var axı! Geroy Sostrud, Ali Sovetin deputatı, Mərkəzi Komitənin Plenumunun üzvü, Yazıçılar İttifaqının katibi...Vətən, O tay, Bu tay... Bunlar elə mənəmi qalıb?... Bu Maskvanın da lap axırı itib, özüm ölüm! Ədə, götür qoşunuvu, İgirmi yanvardakı kimin sox Bakıya, dağıt bu xəlq cəbhəsini!.. Qır hamısını!.. Köpək uşağı... Müstəqil olublar mənimçün...”

      Azad Qaradərəli həyata elə onun öz güzgüsündən baxır. Olduğu kimi, necə var elə... Bəzən oxucuya elə gəlir ki, o nə güzgünün tərini silir, nə də tozunu. Heç xalq şairinin ölümünün təsviri də bir güzgünün tozunu silmək qədər dəyərli olmur və personajın kabusuna çevrilmiş yuxusu ölümündən daha mənalı olur:

“Gecənin bir aləmi yuxunun şirin vaxtı qəribə yuxu görürdü. Gördü ki, Fəxri Xiyabanda bir qrup adam buldozerlərlə, ekskovatorlarla bəzi qəbirləri sökürlər.”

       Azad Qaradərəli özünü, öz həyatını, gördükləri və eşitdiklərini yazır. Zorla cəlb olunduğumuz Qarabağ müharibəsi və qaçqınlıq həyatı onun nəsrindən qırmızı xətt kimi keçir. O sanki işğalda olan Vətəninin ən uca “xəyali” nöqtəsindən həyata baxır; qələmdaşlarının deyə bilmədiyi və ya deməyə tərəddüd etdikləri reallıqları ədəbiyyata gətirən, həyatdan gələn səslərə əlüstü cavab verib, ağrı-acılardan “çıxıb” daha “demokratik” ağrılara yuvarlanan, bir sözlə, həyatın dibini yazan müstəsna sənətkarlardan biri, bəlkə də birincisidir. Fikrimiz bir qədər də aydın olsun-deyə digər bir hekayəsinin adını çəkmək istəyirik: “Dua edirdim ki, anam tez ölsün”. Əslində, adla mətnin stixiyası tərs mütənasibdir; hekayənin qəhrəmanı xəstəliyin gözəl anası üzərində öz hakimiyyətini tam bərqərar etməsini görməmək üçün Tanrıya yalvarır…

      “Süd gölü” də belə gözlənilməz daxili metamorfozlarla müşaiyət olunur. Nəhs, uğursuz tale yaşayan, sabaha heç bir ümidi olmayan ailənin birdən-birə “çiçəyi çırtlayır”; aclıqla üz-üzə olan ana iki ciyərparasını ölümdən qurtarmaq üçün qonşuluğa təzəcə köçən gənc uşaqsız ailənin evində qulluqçu kimi işə girir və dərisi süd rəngli sahibə pul əvəzinə ona hər həftəsonu bir bidon süd verir və onlar da həmin südü həm süd, həm də qatıq kimi satıb aclıq və səfalətdən qurtulurlar. Günlərini bir günü evə döndüyü zaman anasının süd vannasında çimdiyini görən oğul nə edəcəyini bilmir, məlum olur ki, həmin süddə öncə “ağappaq pambıq kimi” olan sahibə, sonra da şeytanın təhriki və qadın marağının şiddətindən anası çimir…

       Müəllif demək istəyir ki, harınlıq, qudurğanlıq, haram yollarla pul qazanmağın sərhədi olmur, bu bir süd gölüdür, özləri bulaşmaları cəhənnəm, təmiz, pak, halal adamları da bulaşdırırlar. Yazıçı həm də “kasıbın qudurmağı pis olar” ata sözümüzə də bir simvolik körpü atmış olur. Amma biz daha çox kasıbı “qudurğanlığ”a çəkən sosial-siyasi və psixoloji səbəblər haqqında düşünür və ananın bu səhvini Həvva nənənin günahına bağışlayırıq…

       Hekayənin əvvəlində epiqraf kimi verilən aşağıdakı sözlər qəribə səslənsə də, sanki oxucuya ünvanlanıb, mətni ona göstərib, düz gözlərinin içinə deyir: “Məni görənə lənət, görüb oxumayana lənət, oxuyub əməl etməyənə lənət!” “Lənətlik olmaq” istəmirsinizsə, hekayəni hökmən oxumağı məsləhət görərdim…

      Azad Qaradərəlinin realistik yaradıcılığı çox spektrli və geniş diapazonludur. Vətənçilik qayəsi və məfkurəsinin önə keçdiyi (həmişə öndə olmalıdır!) bizim zamanlarda məhz belə sənətkarların diktəsi ilə “sənət sənət üçündür” tezisi sanki gücdən düşür və külli-aləm realizmin başına fırlanmağa başlayır.

       Nə ediriksə, edək, hansı nəsr oyunlarından çıxırıqsa çıxaq, gec-tez dahi Sabirin çağırışına səs verməli olacağıq:


Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı,

Həm də doğru olaraq şərh edək əhvalımızı,

Xəlq tətbiq eləsin halımıza qalımızı,

Anlasınlar da, nolur, qayeyi-amalımızı…


       Bunsuz bizi də “Xalq şairinin ölümü” (Azad Qaradərəli) – urvatsız, miskin və zavallı bir ölüm gözləyir… 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)