Edebiyyat.az » Ədəbi tənqid » Günel Rəcəb - Korluğun işığı və ya Məsumənin günahsızlığı

Günel Rəcəb - Korluğun işığı və ya Məsumənin günahsızlığı

Günel Rəcəb - Korluğun işığı və ya Məsumənin günahsızlığı
Ədəbi tənqid
admin
Müəllif:
11:52, 27 avqust 2023
787
0
Günel Rəcəb - Korluğun işığı və ya Məsumənin günahsızlığı



        


                  (Yazıçı Azad Qaradərəlinin kulis.az saytında 

           hissə-hissə yayımlanan “Xeyrat” əsəri üzərinə düşüncələr)





Sovet dövrünün gerçəkliklərini əks etdirən bu roman-pamfletdə* yazıçı qəhrəmanın həyatı ilə dövrün ictimai-siyasi proseslərini paralel şəkildə təsvir edir, mənəvi-əxlaqi problemləri əks etdirməyə çalışır. Sovet dövrünün mənzərəsini xalqın etnik koduna, arxetipik yaddaşına əsaslanaraq təbii boyalarla əks etdirən bu əsər dövrün ziddiyyətlərini özünəməxsus ironiya ilə oxucuya çatdırır.

Əsərdəki hadisələrin müəyyən qismi Sovet dövründə, qalanı isə müstəqil Azərbaycanda baş versə də, müəllifin də işarə etdiyi kimi, əslində dəyişən addır - əski cəmiyyətin qayda-qanunları (əslində qanunsuzluqları) qalmaqdadır.

Bədii mətn mifoloji mətn strukturunun davamıdır. Mifoloji-epik kod yazılı ədəbiyyata təsir göstərərək, strukturun oxşarlığına gətirib çıxarır. Əsərin başlanğıcına baxsaq, əsər üç əsas mifoloji motivlə başlayır. Hər biri ayrılıqda mifoloji semantikaya məxsus “korluq”, “sonsuzluq” və “yetimlik” motivləri. 

İlk olaraq, Məsumənin korluğu ilə tanış oluruq. Adətən korluq qaranlıqla assosasiya olunur. Məsumənin korluğu isə ağlıqla. Məsumə özü bu ağlığı divardan asılan ekrana – ağ döşəkağıya bənzədir. Həyatı əks etdirən bu ekran – ağlıq vasitəsilə o bir təhkiyəçi kimi bizi öz həyatının döşəkağında əks olunan kadrları ilə tanış edir. Ağlıq, ağ duman Xaosun yaradıcısıdır. Pro-enerji – bütün yaradılışların əvvəlidir və çox vaxt da dişi cinsindəndir. Əsər bu ağlığın-xaosun içində əks olunan xatirələrdən və Məsumənin Əpişlə indiki həyatından alınıb. Qəhrəmanın keçmiş xatirələri və indiki dövrdə yaşadıqlarının kontekstində dövrün gerçəklikləri bütün ziddiyyətləri ilə təsvir edilir. Dövrün bədii obrazı həm xatirələrdə əks olunan, qəhrəmanın başına gələn hadisələrdə, həm də qəhrəmanın özünün hadisələrə bugünkü münasibətində əks etdirilir.

Demək olar ki, bütün mədəniyyətlərdə korluq ölülər səltənətinin atributu kimi qəbul edilir. Yunan mifologiyasının əksər falçılarının (Tiresi, Kassandra) atributu korluq idi. “Görmə” məna kimi konkret şəkildə “gözlə” müəyyənləşir. Sonradan isə “göz” simvolik “batindən görmə”yə çevrilir, fiziki korluq isə bununla eyni vaxtda “ruhsal korluq” kimi səciyyələnməyə başlayır (2, 61). Elə Məsumə də özü-öz diliylə etiraf edir: “Mənəvi korluğun sonu cismani korluq imiş” (1).

Eyni halı Nobel mükafatı ödüllü Joze Saramoqonun “Korluq” romanında da müşahidə edirsən:” "Baxa bilən görəcək. Görə bilən yadda saxlayacaq." (https://edebiyyatqazeti.az/news/incesenet/5844-antiqlobalist-senetkarin-beseriyyete-ismarici-korluq-romani)

E.Meletinski nağıl süjetlərinin bir qisminin sinifli cəmiyyətə qədərki dövrün folklorundan bəhrələndiyini, bir qisminin isə sonradan ibtidai icma quruluşunun, ana xaqanlığının dağılmağa başlaması ilə yarandığını qeyd edir. Bu cür süjetlərə günahsız təqib olunan insanlar – kasıb, yetim, kiçik oğul, ögey qız haqqında süjetləri aid edir. O bu cür qəhrəmanları tayfanın və ya matriarxal quruluşlu ailənin dağılmasının ilk qurbanları hesab edir (5, 13). Eyni ilə Məsumə də şəri təmsil edən ideologiyanın dağılmasının ilk qurbanıdır. Əvvəlcə, o hər şeyi bu ideologiyaya qurban verir. Hər şeyi, hətta sevgisini də, mənəviyyatını da. Sonra da bu ideologiya onu qurbana çevirir. “İnsan özünün təşkilata çevrilməsinə imkan verməməlidir” (1) Bu təşkilat onu ilk öncə yetimləşdirir, sonra tənhalaşdırır, sonsuzlaşdırır və sonda ruhən kor olan bu “günahsız” qadını fiziki olaraq da kor edir. 

Azərbaycan nağıllarında süjetin əvvəlində möcüzəli doğuluş motivindən əvvəl valideynlərin sonsuzluğu təsvir edilir. Sonsuzluq xaosun xüsusiyyətlərini daşıyır. S.Rzasoy sonsuzluq və korluq kimi semantemlərin gecə, xaosa işarə olduğunu qeyd edir (4, 128). Mənsumə ailə qurmamağı, tənha yaşamağı özü seçmişdi. Gənc ikən bunu dərk etməsə də, ağ döşəkağı bu tənahılığın, sonsuzluğun əsl üzünü göstərir ona. 

Əsərin konflikti qaranlığı simvolizə edən Məsumənin kommunist ideologiyası və lalələrin gəlişini gözləyən Sənubərin ideologiyası arasında qurulub.  Məsumənin qaranlığına-ağlığına nə qədər mifik don geyindirsək də, onun ictimai və siyası əqidəsi şər qüvvələrə xidmət edir. Sənubər isə milli kimliyini unutmadan, həqiqət uğrunda mübarizə aparır. Azərbaycan tarixi bu cür mübariz qadınlarla doludur. Elə represiya qurbanı olmuş Sənubər Əyyubovanı bu obrazın prototipi hesab edə bilərik. 

Quba Qızlar Seminariyasının rəhbəri olan Sənubər Əyyubova  1920-ci ildə ali təhsil almaq üçün Bakıya gəlir. O, 1924-cü ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirir və təyinatla Qubaya göndərilir. Əyyubova Quba Qızlar Seminariyasına rəhbərlik etdiyi zaman qızların təhsilinə, təlim-tərbiyə işlərinə ciddi yanaşırdı. Özü isə təbiət dərslərini tədris edirdi. Bu zaman o, qubalıların sevimlisinə çevrilmişdir. Qubada doğulan qızlara  “Sənubər” adının verilməsi ona olan hörmətin ifadəsi idi. Sənubər 1928-ci ildə Qubanın prokuroru Mehdi Məhərrəmovla ailə qurur. Sonra ailə Bakıya köçür. Mehdi Respublika prokurorunun müavini, Sənubər isə maarif komissarlığında şöbə müdiri vəzifələrində çalışırdılar. 1935-ci ildə Əyyubova indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-coğrafiya fakültəsinin dekanı təyin edilir. Lakin 20 iyul 1937-ci ildə onlar həbs edilir və repressiyaya məruz qalırlar. Həyat yoldaşı Mehdi Məhərrəmov həbsxanada güllələnir, Sənubər isə “xalq düşməni”nin həyat yoldaşı kimi Qazaxıstanın “ALJİR” düşərgəsinə sürgün edilir (2).

Azad bəy əsərlərini naturalizmə xas təbiiliyi ilə yazır və dilin şirinliyi, doğmalığı həmişə adamı heyran edir. Onun elə bir əsəri yoxdur ki, mən oradan yeni milli söz öyrənməyim. Bu əsərdədə də doğma dilinə xor baxan ziyalıları tənqid edir: “...Kərim Kərimov adlı bir generalımız var. Moskvada kosmik tədqiqatlar mərkəzində mühüm vəzifə tutur. Adam bizim dildə bir söz də bilmir. Tamam ruslaşıb. Belə oxumuşun bizə nə faydası” (Azad). Azad bəy öz əsərlərinin dili ilə bir generalın görəcəyi işi görür. Əsərlərində unudulmuş sözlərdən, toponimlərin mənası, mənşəyi haqqında həmişə bir filoloq kimi araşdırmaları öz oxucularına təqdim edir.  

Dünyanı qan çanağında boğan faşizmlə mübarizə aparan kommunizm ideologiası özü heç də ondan geri qalmırdı. Kommunizmin qanında yalnız Məsumə kimi “günahsızlar” yox, Gülcamal, Rəhman, Sənubər, Xosrov Cavanşirli, M.Müşfiq, H.Cavid və daha neçə-neçə məsum canlar boğuldu. 

“Xeyrat” və ya təhkiyəçinin “Kabus” adlandırdığı bu uzun hekayə həm də pamfletdir. Bu təhkiyəçinin özünün  dilindən verilir. İfşaedici məzmununa görə siyasi ədəbiyyat adlandırılan pamflet qəhrəmanın şəxsi həyatından daha çox, ictimai fəaliyyəti haqqındadır. Baş qəhrəmanımız kimdir? Sosialist ideologiyasına bütün ömrünü, sevgisini qurban verən bir qadın. Müəllif qadını sanki ironiya ilə “Məsumə” adlandırır. Elə əsərin iki adının olması da sarkazmdır. “Xeyrat” savab üçün verilən pul, yaxşılıq deməkdir. Oğuz etnik kodunda qəbilə başçısının ildə bir dəfə evini öz xoşu ilə yağmalatması ilə eyni semantikaya sahibdir. Bu motiv “Kitabi-Dədə Qorqud” dastanından bəllidir. Üç ox və Boz ox tayfaları bir yerə toplaşanda Qazan xan adət üzrə evini talan elətdirər, var-dövlətini oğuz tayfaları arasında bölüşdürərdi. Qədim dövrlərdə ömrünü at üstündə keçirən, yurddan-yurda yürüşlər edən köçəri türklərin başçıları topladıqları qənimətləri, yığılan çadırı talan etdirməklə, döyüşçülərini özlərinə bağlayar, gələcək yürüşlərə ruhlandırardılar. Bu əsərdə isə vəzifə sahibi olan baş qəhrəmanın yığdığı pullar sonda Əpiş adlı bir avama qismət olur. “Xalqın malı ilan sümüyüdür. Onu xeyrat kimi göyə sovurarsan, keçər boğazına” (1). Elə qəhrəmanımız da xalqın malını xalqa paylamaqdansa, onu göyə sovurur, özünə imarət tikdirir,  heç vaxt üzünü görmədiyi Tiqrana göndərir və s. Tiqran özü də bir kabusdur. “Xalqlar dostluğu” adı altında beynimizə yeridilmiş, həyatımıza, məişətimizə, tariximizə, torpağımıza pərçim edilmiş bu kabus xalqımızın kabusuna çevrilmişdir. 

Yazıçı bu roman-pamfletdə Məsumə obrazının vasitəsilə tariximizin ictimai dərinliklərinə enərək onun obrazını yaradır. Retrospeksiyalar, bədii keçidlərdən istifadə edərək qəhrəmanın daxilində və onun vasitəsilə o dövrün ictimai-siyasi həyatında baş verən xaosu, ziddiyyətləri göstərir. Bütün bunlar bir daha Azad Qaradərəli yaradıcılığının Azərbaycan nəsrinin formalaşmasında xüsusi bir çəkiyə malik olduğunu sübut edir. Bu yolda yazıçıya yeni-yeni uğurlar arzu edirik!






ƏDƏBİYYAT


1.A. Qaradərəli. Xeyrat. Xeyrat - Azad Qaradərəlinin uzun hekayəsi - Birinci hissə (kulis.az)

2.H.Əhmədov. “Vətən xainlərinin xanımları. https://azvision.az/news/133546/veten-xainlerinin-xanimlari-mir-cefer-bagirov-oz-sud-anasini-da-hebs-etdirmisdi-–-siyahi,-fotolar-ii-yazi.html

3.N. Qurbanov. Mifoloji düşüncədə kosmoqonik miflərin yeri. 

4.S. Rzasoy. Oğuz mifologiyası. Bakı: Nurlan., 2009, 95 s. 

5.Мелетински Е.М. Герой волшебной сказки. Москва: Восточная литература, 1958, 240 с.










------------------------------------------------------------

*Əsər kulis.az saytında uzun hekayə kimi yayımlansa da, müəllif sonrakı şərhlərində əsərin roman-pamflet janrında qələmə alındığını bildirmişdir. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)