CAHANGİR NAMAZOV - KÖYNƏKLƏRİNDƏN HƏSRƏT İYİ GƏLƏN ŞAIR
Mənə ön söz yazılması üçün təqdim olunmuş şeir nümunələrinin özbək dilindən tərcümələr olduğunu bildikdə istər-istəməz öncə tərcümə sənəti haqqında öz fikirlərimi bildirməyi borc bildim.
Birmənalı qəbul olunmalıdır ki, cəmiyyətin inkişafinda mədəniyyətin müstəsna rolu vardır. Mədəniyyətin əsas sahələrindən biri olan ədəbiyyatın xalqa təsir qüvvəsi həmişə öndə dayanmışdır. Millətlər arasında sıx ədəbi əlaqələrin qurulmasında tərcümə sənətinin rolu danılmazdır. Yeri gəlmişkən bədii səviyyəsindən asılı olmayaraq etdiyi tərcümələrə görə Şahməmməd Dağlaroğlu öz təşəkkürümü bildirirəm.
Qeyd olunmalıdır ki, çoxəsrlik tarixə malik olan özbək ədəbiyyatının türk xalqlarının ədəbiyyatları sırasında öz layiqli yeri vardır.
Tanınmış dünya şöhrətli yazıçı Çingiz Aytmatov qeyd edir ki, Roma mədəniyyətinin Avropa üçün əhəmiyyəti nə qədərdisə, özbək mədəniyyətinin də Orta Asiya üçün əhəmiyyəti o qədərdir.
Bu gün çoxəsrlik zəngin əlaqələri olan Azərbaycan Özbək ədəbi əlaqələri daha da inkişaf etməkdədir. Şeir nümunələri təqdim olunmuş müəllifin tərcümələrini vərəqləyərkən ilk məni özünə çəkən aşağıdakı misralar:
Dəvətsiz qonaqdır dünyada hamı,
Ağaca əmanət yaşıl yarpaqlar.
Biz də əmanətik, yarpaqlar kimi,
Həyatın qədrini bilin, qonaqlar!
məni özünə cəlb etdi.
Dünyanın daimi, həyatın müvəqqəti, insanların bu dünyada qonaq olmaları barədə klasikklərimizdən üzü bu yana nə qədər deyilib, yazılıb, nə qədər ədəbi nümunələr var. Yuxarıdakı misralarda isə bu məsələyə müəllifin yanaşma tərzi oxucuya başqa bir tərzdə təqdim olunur. Həmin şeirində “Duymuram dünyanın hikmətlərini” deyən müəllif oxucuda dünyanın sirr dolu təəssüratını yaradır. Bu yerdə oxucuya bir daha “Bu dünya bir pəncərədir, hər gələn baxar gedər” misralarını yaşadır.
Məni öldürəmməz arzu, nə bəd an,
Öldürən deyildir iztirab qəmlər.
Qəlbimi parçalar, bağrım edər qan,
Məni öldürəcək nahaqq adamlar.
şeirində müəllif hələ də cəmiyyətdə nahaqq adamların yaşadığını, bəzən onların haqq üzərində qələbə çalmasını, xəyanətlərin, yalanların meydanda at sulamasını şairanə bir tərzdə oxucuya çatdırır. Bütün bunları görə-görə “Özünə gəl, özüm!” deyir.
Yuxuma dünyanın bazarı girdi,
Neçə övliyənin məzarı girdi.
Cana yuxuların azarı girdi,
Özünə gəl, özüm!
Məhəbbət, sevgi şeirləri bütün millətlərin, xalqların ədəbiyyatında ana xətt kimi keçir. Şifahi xalq ədəbiyyat nümunələrindən müasir ədəbiyyatımıza kimi bu mövzu daim yaşamış, hal-hazırda da yaşamaqdadır. Yalnız müəlliflərin yanaşma tərzləri dəyişir.
Həyatımdan getmə, getmə, ricam bu,
Səndən bəxtəvərlik qoxusu gəldi
deyən müəllif üzünü adı gizlin bır qıza tutaraq deyir.
Getmə, qalıb mənim baharım ol sən,
Açsın ürəyimdə eşq çiçəklərin.
Razı ol, səninlə bərabər yazaq,
Məhəbbətin şirin hekayələrin…
Bəli, əsl sevgi nə vaxtsa hekayələşir,dastanlaşır. Saf, ülvi məhəbbət dastanlarımız kimi. Müəllifin poetik nümunələrindən çoxlu misallar gətirib oxucularımızı yormaq istəmirəm. Bu kiçik yazını müəllifin öz şerindən nümunə ilə bitirmək istəyirəm.
Səninçün çoxluca darıxdım yaman,
Hicran çığırından keçəmmirəm mən.
Unutsam da köhnə xatirələri,
Həsrət iyi gəlir köynəklərimdən…
Arzu edirəm ki, köynəklərindən həsrət iyi gələn gənc istedadlı, ümidli şair Cahangir Nomozov şeirləri üçün daim oxucuları darıxsınlar səmimi və xoş arzularla,
Abdulla SAYMAZ
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
***
Özümü anladım, Sənisə danıb,
Bu dünya fanidir, sevgi min əsrin.
Yağışlar dilədim, utanıb, yanıb,
Göz yaşları axdı Həsən Bəsrinin.
Özümü itirdim bir an içində
Məcnunluq istirab, cənnətlik azar,
Ruhu cəm et deyib eşqin gücündə
“Məlamət” et dedi, pir Həmdun Qəssar.
Dörd tərəfim Qiblə, hər yan işıqlı,
Sərxoşam, xəyalım göy eşqindədi.
Sevgidə huşyar ol, oyaq ol deyə,
Səsini qaldırdı Cünəyd Bağdadi.
Yollarım eşq ilə yaşıllanardı,
Dövrəyə səslərdi “Zikri dövran”i.
Ruhuma səbirdən dərs oxudardı,
Şeyxül Abdulqədir özü - Cilani.
Açılardı bir-bir səmada sirlər,
Dünya tanınardı geniş bu ara.
Gözlərim qamaşardı, parladı nurlar,
Bir nəzər salanda Nəcməddin Kübra.
Ayrılıb gedirəm özümdən özüm,
Göylərim yamyaşıl, bir gözəl- mavi.
Təsbehə çevrildi indi hər sözüm,
Dualar etməkdə Əhməd Yəssavi.
***
Köhnə təşvişlərə sarmaşıb qaldım,
Yenə iztirabdan çıxmadı başım.
Boşa ağlamaram deyirdim, sonda,
Yağış olub axır gözümdən yaşım.
Bu gün gözlərimdə qayğılar şəkli,
Köhnə kitab kimi, toz basıb könlüm.
Yersiz xəzan oldu ümid güllərim,
Dəli küləklərtək dağılmış ömrüm.
Mən oyaq qalıram yuxularımda,
Dualar edirəm xoş yatışımda.
Harada itirib qoydum özümü,
Xuşumda deyiləm, hətta huşumda.
Göydəki ulduzlar – qayğı-həsrətim,
Zil qara gecədir, ən sadiq dostum.
Özümün özümə gəlir nifrətim,
Məgər sevilmədin, sevmədin, köksüm?
Məni xatirata çəkir xəyallar,
Əlimdə qırışmış bir topa şəkil.
Təkrar yenə mənə dönüb gələydin,
Cansız şəkillərdə sən bəxt idin, bil.
Sinəmdə ilahi dərdlər gül açdı,
O böyük məhəbbət, eşq dönür nəzmə.
Qəlblərdə əbədi, daim səslənir,
Mənim ürəyimdən doğulan nəğmə.
Ruhum, məğlub olma rütubətlərə,
Həmişə hazır ol, güləşə, cəngə.
Qəlbdə dünya-dünya arzular ilə,
Nurlu sübh önünə çıxdım yenicə.
Ürəyim, təmiz ol, ağ kağı kimi,
Arzular başşqadır, məqsədlər türfə.
Bunda rahatlığa yer yoxdur, əsla,
Sənin adın bəxtdir, yeni səhifə.
Azərbaycan dilimə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu
***
Bağlandım arzunun zəncirlərinə,
Gərəyidən artıq duydum ehtiras.
Eşq varmı könlümdə, ömrümdə mənim,
Bilmirəm kimləri etmişəm xilas?
İstədim, ürəkdə canlandı tüğyan
Gücləndi nəfsimin küləkləri də.
Qəlbimdə təlatüm, ruhumda üsyan
Məyusam, kövrəyəm, bu qədər sirdə.
Duyğular tüfantək daşmaqda dinməz
Təşbeh, şeirlərim söz çevirməsi.
Sözsüz, öz-özümə gəldim diksinməz,
İndi məndən mənlik üz çevirməzmi?
Hər bir dəqiqəmi sözlərə yazdım,
Hər ötən günüümü eylədim kitab.
Qayğı-şadlığımı hesaba aldım,
Hələ də özümə gətirmirəm tab.
Bildim, anladım ki, nə varsa sərab,
Dünyəvi, ötəri çox dərdi gördüm...
Sevgidən yaranmış ürəyim xarab,
Eşqin gecələrin yatıb ötürdüm...
Aldanıb aldanmış xəyallarıma,
Faydasız öyməkdə baharlar, yazlar.
Müəzzinlər azan verdiyi anda.
Zirəklikdə məni ötdü xoruzlar...
EY BAHARIM
Ey baharım, sən hardasan, ey baharım,
Soyuq qışda qəlbim yatıb, buz tutmuşam.
Kim dinləyər, ürəyimdə ahu-zarım,
Dərdlərimlə kağızlaraüz tutmuşam.
Ey baharım, sən hardasan, ey baharım,
Sənsiz ömrüm gül açmadan xəzan oldu.
Yaddaşsızdır aydan aydın arzularım,
Örpəyini tapa bilmək yaman oldu.
Ey baharım, sən hardasan, ey baharım,
Ürəkdəki ümidlərim sönüb bitdi.
Sən olmasan ilham mənə biganədir,
Qələmimin qara rəngi bitib getdi.
Ey baharım, sən hardasan, ey baharım,
Darıxıram, qəlbə hisslər salıb, qayıt.
Çanım, candan ötdü mənim arzularım,
Yenə mənə şadlıqları aılb, qayıt.
Ey baharım, sən hardasan, ey baharım,
Gəl, indi gəl, qəlbimə yol başla indi.
Məni əsla tərk eləmə ömür boyu,
Sən gəl, mənim ürəyimdə yaşa indi.
Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu