Edebiyyat.az » Ədəbi tənqid » Nemət Mətin - On ilə yazılmış roman haqqında

Nemət Mətin - On ilə yazılmış roman haqqında

Nemət Mətin - On ilə yazılmış roman haqqında
Ədəbi tənqid
admin
Müəllif:
14:03, 17 fevral 2024
5 796
0
Nemət Mətin - On ilə yazılmış roman haqqında




 Bir kitab oxudum. Bitirəndə iç səsim bir cümlə pıçıldadı:

"Bu romanı bir də oxumalıyam."


Kitabın müəllifi romanı psixoloji-assosiativ adlandırıb. "Assosiasiya" terminini ilk dəfə C.Lokk 17-ci əsrin sonlarında istifadə edib. Məhz psixologiyadan söhbət gedirsə, şüurda təsəvvürlərdən, hissiyyatlardan, obrazlardan, fikirlərdən birinin canlanması digərinin də yaranması ilə nəticələnməsinə gətirib çıxaran amilə assosiasiya deyirik. Haqqında danışacağım roman sırf bu terminin bədii təcəssümüdür. Ədəbi mətndə, ümumiyyətlə romanda belə yanaşma ilk dəfədir görürdüm. Hər şey iç-içədir. Bir adam iki yerə haçalanır. Bir adam düşünün yol gedir. Yolun əvvəlində bir adamdır, sonunda başqa. Obrazın arxasınca qaçmaq mümkün deyil. O birdən-birə yox olur və aley hop başqa adam görürük. Eynilə insan beyni kimi. Bir yaddaş kapsulasını açanda xatirələr yada düşər və bir xatirədən o biri xatirə doğar. Beyində milyardlarla hüceyrə bir-birilə necə əlaqə qurursa, bunu alimlər araşdırıb qurtara bilmir. Möcüzə insan...

 Roman Azərbaycanın siyasi durumuna güzgü salan insanın düşüncələri ilə başlayır. İrəlilədikcə ədəbiyyata da, psixologiyaya da, xatirələrə də, sevgiyə də bu yanaşmanı görürük. Bir-bir hadisələri, obrazları təhlil etmək fikrində deyiləm. Çünki mövzudan mövzu, cümlədən cümlə, sözdən söz çıxacaq. Zəhmət çəkib oxuyun. Amma bir neçə məqama toxunmalıyam. 

 Birinci növbədə bu romanı oxumaq üçün dünya ədəbiyyatından nəinki xəbərdar olmalı, hətta kötük sayılan əsərləri oxumalısan. İkinci növbədə Azərbaycan ədəbiyyatını da bilməlisən və az-çox müəllifləri tanımalısan.

Üçüncüsü isə olduqca diqqətli olmalısan. Çünki bəzən fikrin yayınanda zəncir qırılır. Bu barədə hansısa xarici yazıçı qeyd edir ki, əgər fikrin yayınırsa və ya nəsə düşünürsənsə, dayan, oxuma. Fikirləş. Sonra qaldığın yerdən davam elə. 

 Romanda qızıl suyuna salınmış, heç yerdə tapmayacağınız hissələr var. Mehdi Bəyazidin cırıb atdığı hekayələrinin təsviri və mahiyyəti. Mənbə təkcə bu kitabdadır. Kaş o əsərlər cırılmazdı...

 Roman o qədər doğma gəldi ki, onu Selincerin romanının sonunda uşaqları uçurumdan qoruyan adam kimi qucaqlamaq istədim. Kilsə başından baxan Kvazimodo keçi sığallayan Esmeraldanı görəndə nə düşünmüşdü? Keçi kimi sığallanmaq. O hissi bu romanı oxuyanda da hiss etmək olur. Və ya Heminqueyin qəhrəmanı iri balıq tutmaq eşqi ilə qayığa oturanda keçirdiyi hissləri duyursan. Belə misallar çox çəkmək olar. Lakin adamı bir şey sevindirir. "Sonuncu korifey" romanı bizimdir. Azərbaycanın...

 Mahir N. Qarayev sübut elədi ki, on il kölgədə gözləyib, birdən meydana atılanda daha effektiv olur. 

 Heç vaxt əzbərçi ədəbiyyatçıları sevmədim. Mənə elə gəlir hər hansı bir insan romanı oxuyanda onu yadda saxlamağa can atmaqdansa, təsirə düşərək həmin an hiss elədikləri və düşündükləri ilə kifayətlənməlidir. Axı hər bir kitabın missiyası budur. Oxucunu dəyişmək. İşıqlı bir sabaha yol göstərmək. Bu roman da əzbərləmək üçün deyil. Əzbərləyə bilməzsiniz. Bu roman təkan oldu mənə. Gələcəkdə yazanda hansı məsuliyyətin altına girdiyimi daha çox hiss edəcəyəm...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)