Edebiyyat.az » Ədəbi tənqid » Fərid Muradzadə - Nemət Mətinin “Yük” hekayəsi haqqında

Fərid Muradzadə - Nemət Mətinin “Yük” hekayəsi haqqında

Fərid Muradzadə - Nemət Mətinin “Yük” hekayəsi haqqında
Ədəbi tənqid
admin
Müəllif:
18:35, 06 iyul 2024
356
0
Fərid Muradzadə - Nemət Mətinin “Yük” hekayəsi haqqında




 Hekayənin ilk cümləsi belədir:

”İnsan ömrü boyu yük daşıyır”

 Əslində insan elə özü ən böyük yükdür və ruhu mavi göylərdən, əsrarlı səmadan gələn zehni, zəkası ilə külli məxluqat içərisində həm ali, həm də adi olan varlıq yaşadığı müddətdə ilk növbədə öz yükünü çəkir, həm də daima daşıdığı yükdən qurtulmaq istəyir, amma...

 Hətta Adəm övladı ana bətnində formalaşanda belə yükdən qurtulmağa çalışır. İnsanın formalaşması, doğulması, yaşaması və dünyadan köçməsi belə müxtəlif formalı, müxtəlif çəkili yükdür. Bəzən heç nəyin fərqində olmuruq, yaxud da fikirlərimizi,düşüncələrimizi, hisslərimizi gah cilovlayan, gah da cuşa gətirən nələrsə olur və biz o anda ətrafımızda baş verənlərə bir növ zamanına uyğun olaraq biganə oluruq. Sanki içdən bizi didən nələrdənsə bir anlıq qurtulmuşu kimi olsaq da sonradan yeni və daha mürəkkəb, daha laübalı problemlərlə üz-üzə qalırıq. Ani qərarlar veririk və düşünürük  ki bu doğru qərarımızdır, lakin sonradan düşünülmədən verilən ani qərarların əziyyətini çəkirik.

 Hekayənin qəhrəmanı olan N anbarlardan birində yükdaşıyan işləyir. Baxmayaraq ki o ali təhsillidir,iki diplomu var,qabiliyyətli gəncdir, istedadlıdır, rus dilini yaxşı bilir,amma o gəncliyini yelə verənlərdəndir. Özündəki yüksək keyfiyyətləri hələ görə bilmir və ona görə də  yükdaşıyandır. Lakin N yük daşımağı sevmir. Axı kim fiziki imkanlarını gücə salmaq istəyər, kim yük daşımağı sevər ki? Amma  N məcburiyyətdən yük daşıyır. O ümid edirdi ki, bir gün ali təhsilli olmasını nəzərə alıb onun vəzifəsini artırarlar və o yük daşımaqdan qurtular. Bu həyatda ali təhsilli, bacarıqlı, intellektual və diplomlu olub yükdaçıyan işləməyin də ayrıca olaraq bir yükü var. N -in ümidləri gerçəyə çevrilir. Onun ali təhsilli olduğu nəzərə alınır və o işlədiyi məkanda anbardar olur, lakin yükü azalmır və indi daha çox yük daşıyır.Həm vəzifə yükü, həm məsuliyyət yükü, həm də həmişə nəyinsə çatışmadığı bu məkanda yükdaşıyanlara kömək etmək kimi bir yük...

 Bəzən ömür boyu unuda bilməyəcəyin yaşanmış hadisələrin əzablarını daşıyırsan. Unutmaq istəyirsən,bacarmırsan. Beyin yarımkürələrinin hansısa bir qatında hopub qalanlar sənə rahatlıq vermir. Xüsusən də dəhşətli anlar əbədi zədə olaraq beyində qalır.

N bir il əvvəl sıravi yükdaşıyan işlədiyi vaxtda  yeni il gecəsi baş verən o dəhşətli hadisənin yükünü hələ də daşıyırdı. Əvvəllər həyatını dolu yaşamağı sevən N bir il fəhlə işləyəndən sonra əsgərlik illərində və ondan əvvəl oxuduğu kitabları xatırladı. Monoton keçən həyatını dəyişmək, bütün günü daşıdığı yükdən qurtulmaq istəyirdi. Oxuduqca dəyişilirdi. Sanki kitablardan sonra bütün günü əziyyət çəkərək daşıdığı yüklərin yorğunluğunu üstündən atırdı. Oxuduqca özünü xoşbəxt hiss edirdi.İndi onun çiyinlərində daha bir yükü vardı-oxumaq. Şekspiri, Kamyunu, Kafkanı və bir çox dünya ədəbiyyatının nəhənglərini oxudu,oxuduqca dəyişdi. Xüsusən də Kafkanın “Çevrilməsi” onu valeh etmişdi. Daha dərinlərə baş vurudu. Artıq püxtələşmişdi. Oxumaq, oxuduqlarını əxz etmək, analiz etmək nəhayətində onu bir nəticə çıxarmağa sövq etdi. İndi o təkcə oxumurdu, həm də yazırdı. N artıq daha böyük, daha bəşəri, ruhi və mənəvi bir yükün altına girmişdi. Bu yük əzələli qollarının gücü xaricində idi. Bu qəlbin və beyinin birlikdə çəkə biləcəyi ya da çəkməyə cəhd edəcəyi ülvi və olduqca məsuliyyətli bir yük idi. N yükün fəlsəfəsinə valeh olmuşdu. Hər gün bir az daha özünü yükləyirdi. Yük ona özünü tapmaqda kömək etmişdi.İdrak prosesin yüklə tamamlayırdı. Tibet buddistləri haqqında yazı yazmışdı. N Milarepa kimi sınaqlardan, əzablardan keçərək aydınlanmışdı. Bəs Milarepa demişkən” aydınlanmaqdan sonra nə gəlir"?

 Bu suala cavab axtarırdı. Bəlkə də bir gün Milarepanın qarçısına çıxan qərib kimi onun da qarşısına kimsə çıxacaq və həqiqəti ona göstərəcəkdi? Yaxud da tam əksinə onun daxilindəki ikinci N özü bunu gerçəkləşdirəcəkdi. Suallar burulğanında bulana-bulana aydınlaşan N bir gün əsl həqiqəti elə özü tapır. O kitab çap etdirmək istəyir və yaradıcı insan olaraq düşdüyü, işlədiyi dar mühitdə artıq qərar tuta bilmirdi. Qərarı qəti idi.Daha burda işləmək istəmirdi. N-ni hər vəchlə anbarda saxlamağa çalışan rəhbərin də cəhdləri faydasız olur və o gün N ilk dəfə “işləmək istəmirəm!”-deyə çığırmışdı...

Bu çığırtı əslində illər sonra özünü tapan insanın azadlıq hayqırtısı idi. N həmin gün aydınlanmaqdan sonra nəyin və yaxud da nələrin gəldiyini kəşf etmişdi. Bəzən amallar uğruna nələrdənsə vaz keçməli,nələrisə qurban verməli olursan... N işdən ayrılmaqla çiynindəki bir yükdən qurtulmuşdu,amma qarşıda onu ağır yüklər gözləyirdi. O götürdüyü tale və ömür yükünü sonadək mücadilə edə-edə daşımalı idi.

Nemət Mətin istedadlı yazıçıdır. Bu hekayəsində ustalıqla işlənmiş bu cümlələr mənə elə gəlir ki bütün hekayənin açarıdır. Bütün sualların cavabı elə bu iki-üç cümlədədir. 

 "Qərib isə kürəyindəki yükü yerə atmış, dərindən nəfəs almışdı. Milarepa qışqırmışdı: –Anladım! Bəs, aydınlanmadan sonra nə baş verir? Qərib gülümsəmiş və yükünü götürüb yoluna davam etmişdi".


Nemətə bollu yaradıcılıq uğurları arzulayıram!

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)