Edebiyyat.az » Palitra » Dahi rəssamın son məktubları

Dahi rəssamın son məktubları

Dahi rəssamın son məktubları
Palitra
admin
Müəllif:
19:59, 08 iyul 2024
294
0
Dahi rəssamın son məktubları




Teo van Qoq və Yo van Qoq-Bonger’ə

(20 May 1890-cı il)

Əziz Teo və əziz Yo [1],

Yo ilə tanış olduqdan sonra sadəcə Teoya xitabla yazmaq mənim üçün olduqca çətindir, digər tərəfdən ümid edirəm ki, Yo məktublarımı fransızca yazmağıma icazə verəcək, çünki cənubda keçirdiyim iki ildən sonra deyəcəklərimi həqiqətəndə ən yaxşı bu şəkildə ifadə edə biləcəyimə inanıram. – Over çox gözəl bir yerdir – başqa bir çox gözəl şey arasında, burada çox sayda köhnə qamış damlar var, artıq bunlardan çox qalmayıb.

Bu damlardan ciddi mənada bir neçə rəsm çıxara bilsəm, yol xərclərini də qarşılaya bilərəm deyə düşünürəm – çünki bu damlar həqiqətən çox gözəldirlər, bura kəndin qəlbi, özünəməxsus və rəsmini çəkməyə dəyən bir məkandır.

Həkim Qaşeni [2] gördüm, məndə olduqca qəribə bir insan təəssüratı yaratdı, bununla belə, xəstəliklə mübarizəsində həkimlik təcrübəsi onu balansda saxlayır yəqin, gördüyüm qədərilə xəstəlik onu da ən az mənim qədər əsir alıb.


Camille Pissarro – Chestnut trees at Louveciennes

Həkim Qaşe məni gündə 6 frank tələb edən bir mehmanxanaya yönəltdi.

Mən isə gündə 3.5 frank ödəyəcəyim başqa bir mahmanxana tapdım.


Mənə elə gəlir ki, vəziyyət dəyişənə qədər burada qalmaq məcburiyyətindəyəm. Bir neçə eskiz çəkdikdən sonra başqa yerə köçməyin daha yaxşı olub-olmayacağına qərar verəcəm. Hər hansı bir işçi kimi ödəniş etmək və çalışmaq istədiyim halda, sırf rəsm çəkirəm deyə iki qat pul ödəmək məcburiyyətində qalmaq mənə çox ədalətsiz görünür. Hər nə isə, indilik günü 3.5 frank olan mehmanxanada qalıram.

Böyük ehtimalla Həkim Qaşeni bu həftə görəcəksən – həkimdə çox gözəl bir Pissaro var, qarlar içindəki qırmızı bir evi göstərən qış rəsmi, bununla yanaşı Sezandan iki gözəl çiçək buketi də var.

Paul Cézanne – Bouquet in a small Delft vase

Qəsəbəni yansıdan bir başqa Sezanı da var. Mənə gəldikdə, mən də buradan bir-iki rəsm çıxarmağı çox istəyirəm.

Paul Cézanne – Doctor Gachet’s house

Həkim Qaşeyə məsləhət gördüyü evin günlük ücrətinin 4 frank olmasına üstünlük verdiyimi dedim, xərclərim nəzərə alınanda, 6 frankın ikisi mənimçün artıqdır. Həkim boş yerə orada daha dinc olacağımı deyir, artıq kifayətdir.

Həkimin evi, bəhs etdiyim impressionstlərin rəsmləri xaric köhnə, qara şeylərlə doludur. Qəribə biri olmasına rəğmən həkim məndə çox pis təəssürat yaratmadı. Belçikadan [3]  və qədim rəssamların dövründən bəhs edərkən, kədərdən sərtləşmiş üzü yenidən gülümsəməyə başladı, onunla dost  qalacağımı və portretini çəkəcəyimi fərz edirəm. Sonradan mənə bolca, çəkinmədən çalışmağım, keçirdiyim xəstəliyi isə heç ağlıma gətirməməyim gərəkdiyini dedi.

Parisdə olarkən ehtiyacım olan şeyin oranın səs-küyü olmadığını hiss etdim.

Yonu, balacanı və əvvəlkindən olduqca yaxşı olan yeni evini görməkdən dolayı o qədər xoşbəxtəm ki.

Sizə uğurlar və sağlamlıq diləyərək, ən qısa zamanda sizi yenidən görməyi ümid edirəm, fikrim sizinlədir.

Vinsent

Tərcümə: Narmin Aziz

Qeydlər

[1] Vinsent Sen-Remidən (Saint-Remy) Parisə gələrək qardaşının yanında bir neçə gün  keçirmiş, burada Teonun gənc həyat yoldaşı Yohanna Gezina van Qoq-Bonger, qısaca Yo (Johanna Gezina van Gogh-Bonger) və (yanvar ayında doğulan) uşaqları Vinsentlə tanış oldu. Van Qoq uşağın xaç atası idi.
23 dekabr, 1888-ci il axşamı keçirdiyi şiddətli böhran nəticəsində sol qulağını kəsən Van Qoq öncə Arldakı bir klinikaya, daha sonra Sen-Remidəki bir xəstəxanaya yatırılmışdı. Van Qoq 1890-cı ilin May ayında ona Kamil Pissarro tərəfindən tövsiyə edilən yeni həkimi Pol Qaşe və qardaşı Teoya yaxın ola bilmək üçün Overə köçmüşdü.

[2] Pol Qaşe (Paul-Ferdinand Gachet) 1828-1909-cu illərdə yaşamış, sənətə duyduğu maraq və impressionistlərə verdiyi dəstəklə məşhurlaşmış fransız həkim. Xəstələri arasında bir çox məşhur rəssam olan həkim Qaşenin özü də həvəskar rəssam idi. Teo sənət sevgisi səbəbilə Həkim Qaşenin qardaşı Vinsent üçün ideal bir həkim olduğunu düşünmüşdü.


Teo van Qoq və Yo van Qoq-Bonger-ə

(21 May, 1890-cı il ərəfəsi)

Əziz Teo və Yo ,

Əvvələn digər məktubumda buradakı adresimi verməyi unutmuşam. Keçici adresim: Bələdiyyə Meydanı, Ravoux-un mehmanxanasıdır. [1]

Bir də hələ ki heç bir şey etmədiyimi yazmışdım. İndi isə köhnə qamış damları təsvir edən eskizim var, ön planda çiçək açmış noxud və buğda tarlası, arxa planda təpə. Mənə elə gəlir ki, bu eskiz sənin xoşuna gələcək. Şimalı daha yaxşı görə bilmək üçün cənuba getmənin mənə nə qədər yaxşı təsir etdiyini indidən hiss edə bilirəm.

Tam təxmin etdiyim kimi, bənövşəyi rəngi olduğu yerdə çox daha yaxşı görə bilirəm.


Over həqiqətən də çox gözəldir. O qədər ki, rəsmlərdə qarşılaşılması ehtimal olan bütün bədbəxtliklərə rəğmən, işləməyin işləməməkdən çox daha faydalı olacağına inanıram.

Bura çox rəngli bir yerdir – orta təbəqənin evləri necə də gözəldir; məncə hətta Vil d’Avredən çox daha gözəldir.

Vincent van Gogh – Thatched cottages and houses

Görünür, Yapon rəsmləri çəkən Dümulen [2] da buradaymış, lakin gedib.


Bu həftənin sonunadək mənə pul göndərə bilsən çox yaxşı olar, əlimdəki pul məni o zamana qədər idarə edər, lakin bundan daha uzun müddət üçün kifayət qədər pulum yoxdur. Bir də səndən, əgər problem deyilsə, 10 metr kətan istəyəcəm, fəqət aysonu olduğu üçün bu səni çətinə salacaqsa, onda mənə iyirmi ədəd Enqr kağızı [3] göndərərsən.

Vaxt itirməmək adına bu kağızlar mənə istənilən halda lazımdır.

Burada rəsmi çəkiləcək çox şey var.

Əziz qardaşım, dərin düşünəndə sənə çəkdiyim rəsmlərin yaxşı olduğunu demirəm, amma bunlar əlimdən gələn ən yaxşı şeylərdir. Geriyə qalanlar, insan münasibətləri, bütün bunlar ikinci dərəcəli şeylərdir, çünki  bu mövzuda bacarıqlı deyiləm.

Bu mövzuda əlimdən heç nə gəlmir.

İndilik təxmin edirəm ki, işləməmək və ya daha az işləmək ikiqat xərcə səbəb olacaq, ƏGƏR [4] uğura çatmaq üçün ən təbii yol olan işləmək əvəzinə başqa bir yol axtarsaq – amma biz belə bir şey etməyəcəyik.

Bax dinlə, əgər işləsəm burada yaşayan insanlar da mənim yanıma gələ bilər. Beləcə onlarla tanış olmaq üçün mənim getməyimə gərək qalmaz. İnsanlar işləyərkən tanış olur və bu ən yaxşı tanışlıq yoludur. Üstəlik sənin və Yonun bu mövzuda mənimlə eyni fikirdə olduğunuzdan əminəm. Xəstəliyim mövzusunda əlimdən bir şey gəlmir – bu günlərdə biraz xəstəyəm – bunun səbəbi o uzun təcrid dövründən[5] sonra günlərin mənə həftələr kimi görünməsidir.

Vincent van Gogh – Thatched cottages and figures

Parisdə daim elə hiss edirdim, burada da elədir. Lakin işlərim yoluna düşdükdə, dinclik də gələcək. Nə olur olsun geri qayıtdığıma peşman deyiləm, burada hər şey daha yaxşı olacaq.

Bir ara ailənlə birlikdə bir bazar günü bura gələ bilsən çox məmnun olaram. Sən də kənd bölgəsi və mədəniyyətini anlamaq üçün başqa yerlər görmənin ən yaxşı yol olduğunun fərqinə varacaqsan.


Ancaq müasir villalar ilə orta təbəqənin kənd evləri də, demək olar ki, dağılmış haldakı köhnə qamış evlər qədər xoşuma gəlir. Dediklərinə görə, Xanım Dobini [6] və Xanım Domye [7] hələ də burada qalırmış, ən azı Xanım Dobininin hələ də burada olduğundan əminəm.

Fürsətin olduqda mənə bir müddətlik Barqın Exercices au fusain kitabını[8] göndərərsən, bu mənə çox lazımdır, içindəki çalışmaların nüsxəsini çıxaracam və bu nüsxələr daim məndə qalacaq.

Əlini səmimiyyətlə sıxıram.

Vinsent

 

Qeydlər:

[2] Lui Jül Dümulen (Louis-Jules Dumoulin) 1860-1924-cü illərdə yaşamış Fransız rəssam.

[3] Adını 1780-1867-ci illərdən yaşamış fransız rəssam Dominik Enqrdən (Dominique İngres) alan bir növ rəsm kağızı.

[4] Böyük hərflər Van Qoqun altından iki xətt çəkdiyi və ya daha qalın xətlə işarələdiyi yerləri göstərir.

[5] Sen-Remidə keçirdiyi dövrə istinad. Van Qoq bu xəstəxanaya öz istəyi ilə yatmış, lakin xəstələr arasındakı basırıqdan narahat olmuşdur.

[6] 1817-1879-cu illərdə yaşamış fransız rəssam Şarl-Fransua Dobininin (Charles-François Daubigny) arvadı Mariya Sofiya Dobini-Qarne (Marie Sophie Daubigny-Garnier).

[7] 1808-1879-cu illərdə yaşamış fransız rəssam, karikaturaçı və heykəltaraş Onore Domyenin (Honore Daumier) arvadı Mariya Aleksandrin Domye-Dasi (Marie Alexandrine Daumier-Dassy).

[8] Şarl Barqın (Charles Bargue) kömür qələm çalışmaları kitabı, tam adı Exercices au fusain: pour préparer à l’étude de l’académie d’après nature.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)