Edebiyyat.az » Poeziya » Süleyman Abdulla - Savaş duası

Süleyman Abdulla - Savaş duası

Süleyman Abdulla - Savaş duası
Poeziya
admin
Müəllif:
21:08, 02 noyabr 2020
1 246
0
Süleyman Abdulla - Savaş duası





ZƏFƏR YOLU

Az qaldı təbrik etməyə,
Lap çoxdan ağrıyan yolu.
Öpüb göz üstə qoymağa,
Gözlərini qıyan yolu.

Yüz bölünmüşdük, bir olluq,
Dərmərik nəfəs bir soluq...
Atıb da qaçar biryolluq,
İlan, əqrəb, çayan yolu.

Öpüb oxşayarıq ad-ad,
Doğma yurdda başqadı dad.
Əvvəl gedərik hələ yad,
Sonra bizə həyan yolu.

Yolda yarımçıq yaz qalıb,
Simi qırılmış saz qalıb.
Xoşbəxt etməyə az qalıb,
Xoş günə an sayan yolu.

Yan-yörəsi qərib vətən,
Yeri yurd olan bir çətən.
Keçib gedərik cənnətə,
İşarəsi "DAYAN" yolu.


SAVAŞ DUASI

Mən çoxdan unutmuşdum özümlə söhbəti,
elə dualar var ki, 
pıçıltı ilə öz içinə oxumalı adam...
İndi gözlərimi yumub 
əllərimi açmışam göy üzünə...
dizlərimdə ilahi bir sərinlik,- torpaq rahatlığı!
Uğur diləyirəm əsgərlərimizə səssizcə...
Hər dodaq tərpənişində bir səbəb olmalı
döyüşçülərimizin sağ-salamat 
və qələbə sevinci ilə dönməyinə cəbhədən...
Adam yaşlandıqca daha kövrək olur,
bir az nəm sızır baxışlarının sərtliyinə.
Başı torpağa əyildikcə 
yüksəlir müdrikliyin zirvəsinə,
anlayır ki, əzəl də torpaqdır, son da...
Hər kəs özü boyda yeri haqq etməli axirət üçün.
Özümü qoruyacaq, oğlumu, nəvə-nəticəsimi?
...dəxli yoxdur, torpaq olmağın çəmini bilməli!
Əslində, həyatın hər anı müharibədir,
savaşırsan özünlə, nəfsinlə, düşmənlərinlə
Ən çətini televizor qabağında oturub
gözləməkdir zəfər soraqlı xəbərləri...
Nə olsun ki, 
Nike yazılmamış uniformanın kürəyinə.
Bir də baxarsan ki, 
didəndə çiçəkləmiş bir ürək sancısı,
gözlərinə qan sızarsa, qan sızarsa...
Ağrıların da şirini olur, ölüm-itimin də,
əcəlin ən müqəddəsidir şəhidlik...
Torpağı vətən etmək var
haqqa qovuşmağın aliliyində...
...bizə qismət olmadı o ucalıq
İndi gücümüz ancaq dua etməyə çatır,
pıçıldayıram ürəyimə:
-Əsgərlərimizi qoru,Tanrım, zabitlərimizi,
ölkəmizi, 
dövlətimizi...
Bu savaşdan üzüağ çıxart bizi,
ey Uluların Ulusu,
bizim də haqqımızdır başıuca, alnıaçıq gəzmək!
...danışıram öz-özümə, 
Tanrı eşidəcək, eşidəcək!


ZƏFƏR TÜRKÜSÜ

Daha qaçaq deyil qələbə bizdən,
Hər gün bir zəfərə qol çəkir Ordu.
Keçir zirvələrə ürəyimizdən,
Sinə dağımızdan yol çəkir Ordu.

Dünyanın damarı üzülüb, ey Haqq,
Kim deyər "qara var qaşımız üstə"?!
Tanrı yardımçımız olub, olacaq,
Uğur ilahəsi başımız üstə!

Qarlı Ömər dağı dirənmir dizə,
Azmırıq Murovu dumanda, çəndə.
Döyüşən əsgərin qadası bizə,
Bayraqdan ucası varmı vətəndə?!

Ağ günə çıxmada Qarabağ eli, 
Ötüşür üstündən qara şər belə.
Öpür alnımızdan Şuşanın yeli,
Görünür Laçından Kəlbəcər belə.

Biz igid ölməyi gətirdik dada,
Sevgidir qəmimiz mərdin xasına.
Hamı bir-birini satan dünyada,
Bizik torpaq alan qan bahasına.

Yazırıq tarixi qızılı zərlə,
Xoşdur döyüşlərdən ruhu sağ çıxmaq.
Gözəldir süsləmək yurdu zəfərlə,
Zaman qarşısına üzüağ çıxmaq.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)