Edebiyyat.az » Poeziya » Nərgiz Nasirin İkinci vətən müharibəsi haqqında şeiri

Nərgiz Nasirin İkinci vətən müharibəsi haqqında şeiri

Nərgiz Nasirin İkinci vətən müharibəsi haqqında şeiri
Poeziya
admin
Müəllif:
11:57, 04 dekabr 2020
2 004
0
Nərgiz Nasirin İkinci vətən müharibəsi haqqında şeiri


Biz şagird olanda,
rəqəmlər dağların zirvələriydi. 
Bazardüzü 4485.
8848 - Comolonquma. 



Biz şagird olanda
zirvələri fəth edənlər
hesabda alpinist idi. 

Biz birinci olanda
1992 də yəni, 
Rəqəmlər məktəbli sıralarıydı.
Qadınlar məktəbli analarıydı.

Elə o il idi,
1992,
Qarabağ əsir düşürdü,
Bizdən öncəkilər,
Köhnə məktəblilər şəhid olurdu
Qadınlar şəhid analarıydı. 

Biz şagird olanda
vahidə  "1" deyirdik.
Bilmirdik, 
Torpaq parçalanırdı,
Vahidlik pozulurdu...

Sonra zamanla
rəqəmlərin rolları, 
zirvələrin adları dəyişdi. 

İlahi, 
İndi dünyanın ən uzun dağ silsiləsi
Bir əsgər çəkməsinin 
yan yana duruşundan 
mənfi sonsuzluq qədər kiçikdir.

İndi dünyanın ən gözəl himni
Xudayarlar andıdı.
Qarlı dağ sədasıdı,
Bir şəhid şəhadəti.

Min layladan ağrılı,
Milyon könül yanğılı,
Ömürlük, əbədilik! 

İndi,
yer kürəsinin ən uca zirvəsi
2783... ədədidir. 
İndi vahidlik sirri
"1" rəqəmindən çox
Bu ədədin sehridir! 

İndi ən vüqarlı dağ
Ən vüqarlı addır...ŞƏHİDLİK!

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)