Xəyal Zeynaldan şeirlər
Poeziya
Xəyal Zeynaldan şeirlər
Hər şeydə nə isə var,
Fəqət, nə isə yoxdur.
Hər yola kəsə yol var,
Hər yolda kəsə yoxdur.
Kədər "tikir" içimdə,
Fikir "sökür" içimdə,
Hər şey çökür içimdə,
Salamat nəsə yoxdur.
Qan-qadalı dəmimə,
Ömrümdəki kəmimə,
Bir dünyalıq qəmimə
Bircə vərəsə yoxdur.
Yox var, qatar-qatardır
Yox var, nə vaxtsa vardı,
Ömürdü bu, qurtardı,
Qorxu, vəsvəsə yoxdur.
***
Bir evim var bu yerdə
Yeri torpaq, damı Göy.
Divarı çox uzundur,
Daşı yox, suvağı yox.
Bir ömür kitabım var,
Qapısı, bacası var,
Sütunu, dayağı yox,
Görünən varağı yox.
Bir ata var bu yerdə,
Oğlu torpağın altda,
Özü də dağın altda,
Bir baxış bucağı yox.
Bir ana var bu yerdə
Məzar üstdə bükülü.
Sürüm-sürüm sürünür,
Əli yox, ayağı yox.
Bir ümid var bu yerdə,
Əməllərə sığınıb,
Tənhalıqdan üşüyür,
Bir ümid çırağı yox.
Bir adam var bu yerdə
Yerin adamı deyil.
Asıldığı havanın
Ortası, qırağı yox.
Bir ölüm var bu yerdə
Bir də əbədi həyat.
Bir də sayılı günlər
Qarası var, ağı yox.
Bir ev yatır bu yerdə,
Bir də azılı ölüm.
Arama, heç birinin
Bir isti qucağı yox!
***
Yenə dərd doğuldu ümidlərimdən,
Yenə arzularım dilimdə qaldı.
Yenə can tərk edib getdi cismimi,
Yenə dərd şələsi belimdə qaldı.
Yenə bələdilər lənət kəfənə,
Yenə uzatdılar ayaq altına.
Yenə qulağımı dəldi vay-şivən,
Yenə də girişdim qınaq altına.
Yenə daşıdılar çiyinlər üstdə,
Yenə də atdılar soyuq otağa.
Yenə bir balasın itirdi vətən,
Yenə də dərd oldum ana torpağa.
Yenə salam verdi ağır ağrılar,
Yenə aralandı ətim sümükdən.
Yenə yoxluğumu hiss edəmmədim,
Yenə də varlığım asıldı tükdən.
Yenə əzabların vahiməsindən
Diksinib, oyandım qan-tər içində,
Yenə eyni yuxu, eyni vəsvəsə,
Yenə boğuluram kədər içində.
Ruhumu üşütdü bu üşütmələr,
Ağrıdı, başımın başı, ağrıdı.
Bum-buz yanağımda verdi özünü
Soyuğa gözümün yaşı, ağrıdı.
Yenə yol aradım fikirlərimdə,
Qara düşüncələr işıq saçmadı.
Yenə eyniliklər sardı eynimi,
Bu bağlı bəxtimi heç nə açmadı.
Qapandım özümə həmişəkitək,
Yenə "yenə"lərin köləsi oldum.
Yenidən yaşadım eyni şeyləri,
Hər dəfə doğulub, öləsi oldum.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Əlabbas Bağırov - Köhnə kişi
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)