Nicat Hunalp - Dərdimə əyilmişəm bir gəmi limanında
Dərdimə əyilmişəm bir gəmi limanında,
Başımdan ayağıma damarımda qan donub
Gözlərimin kədəri siqaret dumanında
Ürəyimdən ayrılıb çiyinlərimə qonub
Dərdimə əyilmişəm bir gəmi limanında,
Gözlərimi dikmişəm buralardan uzağa
Həsrəti içimdədi hələ son baharında,
Saçlarım yarpaq kimi düşür dən - dən torpağa
Dərdimə əyilmişəm bir gəmi limanında,
Üstümə payız günü bir kədər çöküb ağır
Mən çəkdiyim kədəri, tək Tanrı çəkə bilər,
Kədərim göy üzündən yağışa dönüb yağır
Dərdimə əyilmişəm bir gəmi limanında,
Qağayılara burda ən son ümid yeriyəm
İstanbulun qoynunda tənhalıq limanında,
Ruhuna kədər çökmüş tənhalardan biriyəm
Dərdimə əyilmişəm bir gəmi limanında,
İçdiyim qədəhlərin sayısın itirmişəm
Ümidimin közündə siqar kimi alışıb,
Tüstülənib, sonunda kül qabında ölmüşəm
Dərdimə əyilmişəm bir gəmi limanında,
Özümdəndə ucaya qaldırmışam qəmimi
Gecənin bir yarısı beynimin dumanında,
İtirmişəm o gündən axtarıram gəmimi
Bir bulud ağlayır başımın üstə
Bir az köz atım qoy bu sözə barı,
Fələklə payımı böl yarı - yarı,
Tanrımı göndərib bu buludları,
Bir bulud ağlayır başımın üstə
Özün bax sən Allah bu haya - küyə,
Ürəyim dayanmır o uçuq öyə,
Göy yerə qarışıb,yerdəki göyə,
Bir bulud ağlayır başımın üstə
Burda yaşamımda vallah havayı,
Pərişan görürəm günəşi, ayı,
Kimim kimsəm yox, qəmdən savayı,
Bir bulud ağlayır başımın üstə
Nə qədər adam var içimdə ölən,
Yoxdu ürəyimdə dərdimi bilən,
Nə çoxdu halıma ürəkdən gülən,
Bir bulud ağlayır başımın üstə
Dayan, bir baş çəkim bu ağacada,
Orda qəlbi kabab, qarnı acada,
Tanrıdan aşağı,məndən ucada,
Bir bulud ağlayır başımın üstə
Heçim ayrı, köçüm ayrı
Heçim ayrı, köçüm ayrı,
Mənlə yoxdu işiniz
Yavan tikədə qalıb,
Kabablarda dişiniz
Heçim ayrı, köçüm ayrı,
Mən kiməm axı, siz kim
Kütlələrə qarışmaram,
Mənə bəsdi təkliyim
Heçim ayrı, köçüm ayrı,
Olsun, sizin Yupiter
Ay, bu bulud, yağan yağış,
Sizinkidi, onsuz yer
Heçim ayrı, köçüm ayrı,
Nə düşmüsüz canıma
Göy yaxşıdı, durum gedim,
Mən Tanrının yanına
Uçuruma bir addım
(Uzun şeir)
Dünən gecə içimdə dəhşətli bir zəlzələ,
Təxminən haradasa beş-altı bal gücündə
Uçsaydı ev başıma tikəm gəlməzdi ələ
Gizlənə bilməsəydim vicdanımın içində
Hava çiskin yağışlı,önüm qatı sis - duman,
Əlimdə BMT-nin sülh adında çətiri
Damağımda qırmızı şvesarski Vinston
Dalbadal yandırıram sigarımı bitirib
Sülhməramlı pərdəsi altında işğalçılar,
Sülhü bərqərar edir Bağdadda ya Kabildə?
Çıxıb oxundan gəlir üstümə göy qübbəsi,
Allah qapısın açır üzümüzə Babildə
Gözümü zilləmişəm nəhəng Şeytan çarxına,
Burdan durub Məkkədə şeytana daş atıram
Rio De Janeyroda İsanın heykəlinin,
Ən ucunda dayanıb, mən başımı qatıram
Küçənin ən sonunda qaranlıq bir dalanda,
Gizlədirəm özümü yarasa tək hamıdan
Burda nə qədər adam qəsd edib damarına,
Unudubdu her şeyi, dönübdü Allahından
Qarışıram şəhərin meqapolislərinə,
Ruhumun kədərindən doğuluram təzədən
Baxıram göy üzündə təyyarə izlərinə,
Çıxıb getmək isteyir ruhumda bu ölkədən
Bir payız axşamında istəyirəm qoşulam,
Çıxam gedəm bir yolluq durna qatarlarında
Hüqonun Qavroşu tək küçələrdə üşüyüm,
Yağış sızsın üstümə evin divarlarından
Çəkdiyim sigarların kötüyünə əyilir,
Ciyərimə yığılan siqarımın tüstüsü,
Liviyada ərəblər ip bağlayıb yıxdılar,
Bir zaman tapdıqları Qəddafinin büstünü
Çəkilirəm içimdə tikdiyim o daxmaya,
Azca hisə verilmiş balıq, bir qədəh şərab
Yaslanıram taxtadan düzəltdiyim yatağa,
Dərd yerinə alıram qəlyandan iki qullab
Səhər tezden oyanıb qaçıram konfransa,
Köynəyim ütüsüzdü, saç saqqalım dağınıq
Türksoydan bir nəfərlə yolumuzda bir düşüb,
Salam, əziz soydaşım, ikimiz bir yoldanıq
Danışırıq, yol boyu siyasətden doyunca,
Uyğurlardan söz düşür ürəyimə ox batır
Elə bil ki yenidən üsyana hazırlaşır,
Günəşin batdığı yerlərdə Osman Batır
Alovlanır, odlanır ruhum, cismim, bədənim,
Göytürklərdən gələn qan damarımda dolaşır
Sığa bilmir sərhədlər içrə mənim qələmim,
Altaylardan Batıya, Ötükənə yol aşır
Konfransı bitirib dayanacağa doğru,
Yeyin addımlar ilə yol gedirəm fikirli
Yağış yağır yenicə aldığım jaketimə,
Təzədi deyə hələ, çoxdu məndə xətiri
Soyuyuram getdikcə bu müasir dünyadan,
Elm texnologiya, yeni nəsil robotları
Ən gözəli bozqırda köç halında yaşayış,
Vəhşi çöllərdə çapır hələ monqol atları
Məkkənin qapısında dayanıbdı Hülagü,
Atlarının ayağı çeyneyir tüm cahanı
Savaşların birində topal qalmış sərkərdə,
Böyük Teymur adıyla şanlandırdı Turanı
Yaxın gəl ey balaca, bax özünə güzgüdə
Gör kimin nəvəsisən, gör kimə var oxşarın
Xorasandan Dehliyə qoşun çəkən baban var,
Tarixin son Fatehi Nadir Şah bəy Əfşarın
Yavaş - yavaş sökülür içərimdə daha dan,
Yaddaşım təyyarədə yazılı qara qutu
Açıram gözlərimi otağın ortasında,
Uzadılıbdı yerə ümidimin tabutu
Sığınmağa yerim yox, tək Tanrıdan savayı,
Daşıyıram ruhumu özümdəndə dərində
Beynimin son qatında böyük atom bombası,
Partlayacaq bir azdan ruhumun son yerində
Uçuruma doğru yol, bir iz varsa de gedim
Özümü atmaq kimi əyləncəm var uçrumdan
Tanrım özün bağışla, gəl məni burax gedim,
Xilas eylə nə olar, məni yorğun ruhumdan
Şaman yozur yuxumu
Dərd etdi köz - köz içimi,
Yandırdı bu söz içimi,
Din insanların seçimi,
Türklük isə qədəridir
Yenilmədim ata dərdə,
Sözüm, şeirim göydə-yerdə,
Məndəki bu qəm kədərdə,
Tanrımızın kədəridir
Yuxularım didərgin, yuxumu şaman yozur,
Şaman yozur yuxumu, yuxumu daşa yazır,
Ötükəndə kədərdən mənə bir qəbir qazır,
Xaqanlar da görür ki, bu bir türk qəbridir
Keçməz ruhumdakı kin,
Mətə, Muğan, Alptəkin,
Batıya qoşun çəkin,
Savaş türk zəfəridir
Orxonda ataların izi,
Əcdad ruhlarının səsi,
Tanrım Turanın çarəsi,
Özünə dönməkdədir