Marina Svetayeva (Rusiya) - Yuxusuzluq
Bu gecə,
bu gecə yalqızam necə –
Bir yurdsuz, yuxusuz rahibəyəm mən!
Tək-tənha qaldığım bu sonsuz gecə
Bütün bu şəhərin sahibiyəm mən!
Yuxusuzluq alıb aparır məni...
- Kreml, gözəlsən, gözəl! Bu gecə
Savaş içindəki Yer kürəsini
Bağrıma basardım, öpərdim necə!
Külək də elə bil dərddi, acıqdı,
Sıxır ürəyimi, sıxır beləcə.
Bu gecə yazıqlar daha yazıqdı,
Bir də öpülənlər yazıqdı məncə.
* * *
Nəyim var, ayrılıb hər birisindən
Könülsüz-könülsüz gedirəm, ancaq –
Bu xəz kürküm mənim qurd dərisindən
Heç bilmirəm kimə qismət olacaq.
Kimi kövrəldəcək isti yun şalım,
Kim mənim itimə sahib çıxacaq?
Üstü firuzəli gümüş qolbağım
Kimin biləyində parıldayacaq?
Kimin olasıdır, gözümü yumsam,
Bu məktublar kimin, çiçəklər kimin...
İçimdən sürüşən sonuncu misram,
Bir də sən, bir də sən, son gecəm mənim!
Cevirəni Mahir N. Qarayev