Edebiyyat.az » Poeziya » Andrey Voznesenskidən şeirlər(1933–2010)

Andrey Voznesenskidən şeirlər(1933–2010)

Andrey Voznesenskidən şeirlər(1933–2010)
Poeziya
admin
Müəllif:
22:44, 29 sentyabr 2023
415
0
Andrey Voznesenskidən şeirlər(1933–2010)


 



QOYYA 


Mən – Qoyyayam! 


Quzğun tək 

çılpaq çölə enərək 

mərmilərlə düşmənim 

gözlərimi yerindən didib çıxarmış mənim. 


Mən – dərdəm, müsibətəm. 


Mən davanın, qırğının, 

qırx birin qarı üstdə 

kösövü tüstülənən şəhərlərin səsiyəm. 


Mən – aclığam, qıtlığam. 


Mən kimsəsiz meydanda

kilsə zəngindən betər 

cəsədi yırğalanan  

o dardakı arvadın dartılan boğazıyam... 


Mən – Qoyyayam! 


Qisas dağarcıqları! 

Mən günbatana sarı 

nalə-şivə kimi qəfil püskürən  

bir vaxtsız qonağın külüyəm, külü! 

Xatirə səmasına 

ən sərt ulduzları çaldım mıx kimi... 


Mən – Qoyyayam! 



* * *


Köçəriyik, köçəriyik, 

biz, şübhəsiz, 

bu gecəni 

bir yuxutək yaşayarıq, 

bir xəyaltək keçirərik! 


Otağımız gizlidir, 

sanki spiritizmidir: 

yad divarlar ulaşır 

köhnə məbədlər sayaq – 

yanğın kimi alışır

uğuldaşır divarda şəkillər... ikonalar... 


Bir baxaq, bir yoxlayaq – 

soyuducuda nə var? 


Nə o mətbəxdə qazın 

qartımış həsrəti bizi gözləyir, 

Nə də bu uzun-uzun 

telefon zəngləri bizi səsləyir... 


Yad şeylər arasında 

qaranlıqda od kimi, yanıq kimi közərən

məhrəmlik nişanəsi 

bu öpüşlər kimindi, kiminkidi görəsən? 


Nə olmuş, əzizim, 

nə olmuş, de, nə?! 

Özgə bir diyara düşmüşük yenə! 


Bu necə şəhərdi, səssiz-səmirsiz – 

külçə sayağı 

harda gizlənibdi duyğular axı? 


Qarın bəsləməsi görən məmurun 

niyə rüsvayçılıqdı? 

Biz haçan bir yerdəyik, 

haçan hər şey bizcədir, 

kefimizcədir –

bunun nəyi rüsvayçılıqdı? 


Qorxuludur 

kürsüdən guruldamaq və yağmaq 

boş yerə dolu-dolu, 

bizdə nə var qorxulu? 


Qorxulu biz deyilik, 

amma siz ki varsınız –

    sevda deyilən şeydən 

        qorxub qaçan bir bölük

            arsız sövdagarsınız! 


Bu ürək çürüdənlər, 

gizlin ömür sürənlər!.. 


Od vurub odlayaqmı divar kağızlarını? 

Şəkilləri cıraqmı? 

Nə varsa sındıraqmı?

Çıxanda qıraqmı servizi bir-bir?.. 


“Boşqaba toxunma – özgəninkidir”.


                                                                            Çevirəni Mahir N. Qarayev

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)