Edebiyyat.az » Poeziya » Zaur İlhamoğludan şeirlər

Zaur İlhamoğludan şeirlər

Zaur İlhamoğludan şeirlər
Poeziya
admin
Müəllif:
12:54, 08 iyun 2025
0
0
Zaur İlhamoğludan şeirlər



Gözün aydın, Azərbaycan!


Gözün aydın, uca xalqım,

Gözün aydın, məmləkətim,

Od millətim,

Odlar yurdum.

Şirürəkli cəsur ordum

Tariximin səhifəsinə

"Biz qalibik" kəlməsini yaza bildi.

"Qaçqın" ,"Köçkün" sözlərini 

yaddaşlardan poza bildi.

Yürüdükcə addım səsi

Düşmənimin ürəyini sirkələdi.

Od sıçradı odlar oğlu

od ələdi.

Yağı düşmən sinəsində od qaladı,

Otuz ilin həsrətini, qubarını

pərən saldı, parçaladı.

Yuvasından ayrı düşən

yuvasına sahib oldu.

Dünənimdə məğlub olan,

Bu günümdə qalib oldu.

Arzularım, diləklərim çiçək açdı,

Al Günəşim Vətənimin üfüqündən işıq saçdı.

Nur çilədi torpağıma,

Nur çilədi aranıma, yaylağıma.

Qaranlığın əllərini qıra bildik,

Ümidsizlik atlısını öz yolunda yora bildik.

"Kimsə durmaz önümüzdə" deyənlərin

Önlərində dura bildik.

Qalibiyyət imzasını çəkə bildik,

Qalibiyyət möhürünü vura bildik.


Gözün aydın, Oğuz elim,

Xan Bayandır, Salur Qazan.

Gözün aydın, Çənlibelim,

Qoç Koroğlum,

Dəli Həsən, Halaypozan.

Gözün aydın, ey Babəkim-səraslanım,

Ey Əzrəkim, ey Tərxanım.

Gözün aydın, Şah İsmayıl-hökmdarım,

Gözün aydın, Pənahəlim-dağ vüqarım.

Gözün aydın, ey Fətəli xan Xoyski-

-yenilməzim, bərk iradəm.

Gözün aydın, yurd sevdalım-Rəsulzadəm.

Bütövləşdik, toparlandıq,

Yağı düşmən həmləsinə şax dayandıq.

Qəlbimizdə vətən eşqi, vətən andı,

Bizim olan bizim oldu,

Şanlı vətən bayrağımız zirvələrdə dalğalandı.


Gözün aydın, öz oğlunu

bu vətənçün qurban verən anam mənim,

Öz ərini bu torpaqçün qurban verən

bacım mənim, sonam mənim.

Gözün aydın atasını itirənim,

Oğlum mənim, qızım mənim,

Qundağında dil açmayan, körpəm mənim,

Balım mənim, duzum mənim.

Sinəmizə dağ çəkənin

sinəsində dağ yaratdıq.

Şənimizə çəp baxanın

gözlərində ağ yaratdıq.

Şimşək olduq düşmənlərin ürəyində

arzuları külə döndü,

Göz yaşımı tökənlərin

göz yaşları gölə döndü.

Qobustandan "Ana zağa" kahasından

babam gəlsin,

Qavaldaşı döyəcləsin,

Ellərimi haraylasın,

Dədəm Qorqud söz söyləsin,

Boy boylasın.

Gözün aydın, ana yurdum,

Ulu Turan.

Gözün aydın, Azərbaycan!


Zaur İlhamoğlu



Eheey, düşmən!


Eheey, düşmən,

Qarı düşmən!

İstəyirsən dörd yanını sarı, düşmən.

İstəyirsən aramızda gözgörməyən bir sədd yarat,

İstəyirsən keçilməyən sərhəd yarat.

Keçəcəyəm, gələcəyəm,

Al qanını topraq üstə tökəcəyəm,

Qələbəmə qəh-qəh çəkib güləcəyəm.

Qanad açıb uçsan göyə,

Qanadından vuracağam.

İnadından dönməz olsan,

İnadından vuracağam.

Arzuları çıxardaraq ürəyindən od vuracam,

kül olacaq.

Qəzəb dolu baxışlarım 

gözlərinə mil olacaq.

Oyacağam oyum-oyum.

Məni yaxşı tanımırsan.

Mən bir Türkəm,

Türk oğluyam, türkdür soyum.

Min illərin arxasından əslim bəlli,

Köküm bəlli, nəslim bəlli.

Bu bəşərin beşiyində ilk olaraq yatan mənəm,

Mənə göylər layla çalmış,

Bu dünyanın hər yerində izim qalmış,

Orduları pərən salan, alay pozan millət mənəm,

Tarix yazan millət mənəm,

Şərqdən Qərbə hökm eyləyən hökmranam,

Bilgə Xaqan, Alp Arslanam,

Atillayam, Çingiz xanam,

Teymurləngəm, İsmayılam,

Sultan Mehmet, Süleymanam.

Nökər olmaq, əsir olmaq...

O hisslərə tamam yadam,

Mən Babəkəm, mən Kürşadam.

Torpağıma əl uzansa,

Biləyindən kəsən türkəm.

Düşmənlərin başı üstə,

Qasırğatək əsən türkəm.

Bəs sən kimsən?!

Tarix boyu onun-bunun kölgəsində daldalanan bir zavallı,

Başqasının hesabına lovğalanan bir zavallı.

Yaşadığın o torpaqlar sənin deyil,

Mənim yurdum, vətənimdir.

Öz elimdir, məskənimdir.

Buz bulaqları mənimdir,

Axar çayları mənimdir,

Uca dağları mənimdir.

Bəsdir daha at oynatdın,

Qılınc çəkdin.

Baş apardın, zəhlə tökdün.

Yetər daha, qarı düşmən,

Gəlirəm mən.

Mən gəlincə ağlın varsa,

O yerlərdə çalış durma,

Zəfər çalmaq sənlik deyil.

Xəyallarla ürəyini ovundurma.

Nə qədər ki, anan ağlar qalmayıbdır,

Cəhənnəm ol!

Nə qədər ki, boş başına bu dünya dar olmayıbdır,

Cəhənnəm ol!

Qaçmaq sənə eyib deyil,

Əkil, çıx get!

Nə qədər ki, ölməmisən,

Çəkil, çıx get!


Eheey, düşmən.

Gəlirəm mən!


Zaur İlhamoğlu



Sevin Azərbaycanı!

Sevin Azərbaycanı, 

Bu vətən sizə əziz.

Yad ölkədən heç zaman

vətən olmaz şübhəsiz.

Hər şeyini sizlərə bağışladı bu vətən.

Sizlər də nəyiniz var fəda edin vətənə

qorxmadan, çəkinmədən.

Başınızda tac kimi saxlayın hər an onu,

Qoyun hər kəs görsün ki,

Ulu Azərbaycanın

dünyada hər ölkədən ən yüksək olduğunu.

Bu vətən nələr çəkdi tarixin yollarında?

Məhv olmadı, yaşadı

səraslanım Babəkin kəsilmiş qollarında,

Xətai qılıncının zərbəsi, kəsərində,

Oğulların, qızların gücündə, hünərində,

Son sözü “Vətən” olub

qürbətdə can tapşıran fədailər sözündə,

Neçə-neçə övladın yurd həsrəti çəkməkdən

tor bağlayan gözündə.

Yaşadı..Yaşadı ki,

bizlərə vətən olsun.

Yersiz, yurdsuz olmayaq,

Bizlərə də dünyada yurd olsun,

məskən olsun.


Sevin Azərbaycanı!

Himni səslənən zaman ayaq üstə dayanın,

Gerbinə hörmət edin,

Bayrağını dünyanın harasında olsanız,

Müqəddəs bayraq sanın.

Dağlardan uca tutun vətənin hər dağını,

Cənnətə tay göstərin

hər çəmən, hər bağını.

Gursulu çaylarını çaylardan üstün bilin,

Vətəndə yaşanılan ömrünüzdən hər günü

ən müqəddəs gün bilin.

Ehtiraslı eşq ilə çiçəyini qoxlayın,

Yerə düşən bir tikə çörəyini götürüb

göz üstündə saxlayın.

Səbəbmi gərək sizə,

xətirmi gərək sizə?

Bu sevgini səbəbsiz yeridin qəlbinizə.

Vətənə qurban gedən igidləri düşünün,

Say-hesaba sığmayan şəhidləri düşünün,

Övlad dağı yaşayan anaları düşünün,

Qardaş acısı çəkən bacıları düşünün,

Yetimliklə böyüyən qanadsız mələkləri,

sonaları düşünün,

Əsirlikdə əzilən hər vətən övladını,

Ərini qurban edən neçə ərsiz gəlinin

Ahını, fəryadını.

Düşünün, sevin, axı

Tək sizin sevginizlə mümkündür bu vətənin

vətəntək yaşamağı.


Sevin Azərbaycanı!

Deməyin mən Şəkili, Bakılı, Şirvandanam,

Gəncəliyəm, Qubalı, Qazaxdan, Salyandanam.

Deyin Türk yurdundanam, Böyük Turandanam mən,

Odlar ölkəsindənəm, Azərbaycandanam mən.

Əslim, nəslim türk olmuş, 

tarixdə ad qoyanam,

Kimliyimi, kökümü anlayanam, duyanam.

Mənim vətənim vardır

vətənlərdən gözəli,

Canım qədər əzizdir

hər obası, hər eli,

Anam kimi müqəddəs varlığımdır o mənim,

Əvəzsizdir dünyada

mənim doğma vətənim.


Öz halınıztək bilin vətənin hər halını,

Sevin hər tərəfini,

Cənubu, şimalını,

İşiniz, peşənizdən

siz asılı olmadan,

Bu vətəni hər yerdə yaşadın zaman-zaman.

Qoymayın ki, bu vətən yadlara tapdaq ola,

Qoymayın ki, kimlərsə bu yurda ortaq ola,

Kimlərinsə əlləri bu vətənə yönələ,

Qoy bəşər anlasın ki, ölməmişik biz hələ.

Sevin Azərbaycanı,

Sevin Azərbaycanı!


Zaur İlhamoğlu



Vətənçün döyüşən vətəndaşlarım.


Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş azsaylı xalqların igid övladlarının əziz xatirəsinə.


Yurdumun üstünə düşmən gələndə,

Döyüşdü yurdumda yaşayan xalqlar.

Onlar fərq qoymadı milli mənşəyə,

Dedilər "Bizimçün tək bu vətən var"


"Bu mənəm", "Bu sənsən", "Bu odur" deyə,

Onlar nə bölündü, nə parçalandı.

" Anamız" deyərək Azərbaycana,

Buranı öz doğma vətəni sandı.


Ləzgi də vuruşdu, talış da, tat da,

Avar da, udin də, kürd də döyüşdü.

Ormana çaqqallar hücum edirdi,

Aslan da döyüşdü, qurd da döyüşdü.


Albert Aqarunov cəsur ürəklim,

Yəhudi balası qəhrəmanımdır.

Saxur Fəqan ilə ingiloy Ruslan,

Hər biri ayrıca səraslanımdır.


Axıska türkləri, qanı qanımdan,

İgid Aznaurov unudularmı?

Talış Soltanağa yenilməzliyim,

Ləzgi Çingizimin bənzəri varmı?


Ramazan Cırınqov-avar pələngi,

Unutmaq olarmı o cür oğlanı?

Belarus əsilli Anatolini,

Əsla qorxutmazdı döyüş meydanı.


Rus oğlu Kovolyov Yurimə əhsən,

"Bura da mənimçün vətəndir" dedi.

Ruslan Polovinka geri durmadı,

Keçdi öz canından xaxol igidi.


Ayaz var, İmran var, Əkrəm var hələ,

Onlar tat xalqının gəncavərləri.

Tapdıq comərd idi, Bakıxan qoçaq,

Şirtək döyüşdülər rutul ərləri.


Vətənçün döyüşən vətəndaşlarım,

Onlar bu vətənin vətəndaşıdır.

Bircə toxunuşla yağı düşmənin,

Köksünü dağıdan vətən daşıdır.


Girməsin araya qaratikanlar,

Biz birik, birgəyik, birlikdə varıq.

Biz vətən naminə, biz vətən üçün,

Bir Vətən olaraq tarix yazarıq.


Zaur İlhamoğlu



Şəhid atası

Sən oğul böyütdün, elə oğul ki,

Vətənçün ömrünü bitirən oğul.

Bu torpaq yolunda öz ölümüylə,

Adına ucalıq gətirən oğul.


Şəhidlik zirvəsi... Həmin zirvəyə,

Ey şəhid atası, oğlun ucaldı.

O elə zirvə ki, fədailərçün

Bir şirin arzudur, şirin xəyaldır.


O zirvə zirvələr içində başdır,

Onu fəth eləmək çətındən çətin.

Oğlun fəth elədi, daha rahat ol,

Bil, hədər getmədi sənin zəhmətin.


Əlinin qabarı, alnının təri,

Onu yetişdirdi igidtək, ərtək.

Verdiyin öyüdü oğlun, ay ata,

Çəkdi sinəsinə, çəkdi sipərtək.


Vətən kəlməsini, vətən sözünü,

Hər sözdən yüksəkdə o tuta bildi.

O sözü bir kimsə unutmamaqçün,

Oğlun öz-özünü unuda bildi.


Bilirəm ağırdır çəkdiyin acı,

Bu da bir yazıdır, sənə yazıldı.

Oğlunun adicə torpaqda deyil,

Vətənin köksündə qəbri qazıldı.


Vətənin köksünə gömülən ərlər,

Ölməzlik adını daşıyır bil ki,

Bu ölüm xoş duyğu, bu ölüm həzdir,

Bu ölüm sadəcə ölüm deyil ki.


Başını dik saxla, belini şax tut,

Şəhid atasısan adın müqəddəs.

Doğrudur, çəkdiyin dərd elə dərddir,

Dağ üstə yükləsən, dağ çəkə bilməz.


İtirmə əzmini, qətiyyətini,

Çalış ki ürəyin səbirlə dolsun.

Kim ki verən zaman başsağlığını,

Dedin "Baş nədir ki, Vətən sağ olsun"


Səndəki bu eşqə, mən bu sevgiyə,

Bilmirəm nə deyim, şəhid atası.

O böyük qəlbinin önündə durub,

İzn ver baş əyim, şəhid atası.



Zaur İlhamoğlu




Xudayar


Şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə


Doğumun nəğməli çeşməyə döndü,

Ölümün bir şirin yuxu, Xudayar.

Səni sevənlərin yoxluğun ilə,

Barışa bilməyir axı, Xudayar.


Qələbə-şəhidlik, uğur-şəhidlik,

Əyilməz iradə, qürur-şəhidlik,

Vətən sevgisindən doğur şəhidlik,

Bunu dərk eləməz çoxu, Xudayar.


Deyil tapdaq altda yurd əvvəlkitək,

Açmış Xarıbülbül, açmış tər-çiçək.

Dər, qoxla sevinclə öz içinə çək,

Bürüsün ruhunu qoxu, Xudayar.


Bizlərə örnəksən öz əməlində,

Dəyər qazanmısan doğma elində.

Dur, vətən gözləyir, dur öz dilində,

"Xudayar təsnifi" oxu, Xudayar.

“Xudayar təsnifi” oxu, Xudayar!


Zaur İlhamoğlu


Salam, Dədə!

(Dədə Qorqudla söhbət)

Salam, Dədə!

Harda idin?

Görünmürdün nə zamandır.

Sən gedəli nələr olmuş bilirsənmi?

Türk elləri yasa batmış, pərişandır.

Sən gedəli oda düşdük,

Canımızı od götürdü, yandıq, yandıq,

Sən gedəli hissə-hissə parçalandıq.

Bozqurdu da hürkütmüşük, gəlmir daha,

Göz yaşıyla oyanır türk hər sabaha.

Bir vaxt türkün aman verib buraxdığı

İndi qanlı tarix yazır bu gününə.

Bir vaxt türkün qorxusundan

"Çin səddi"ni yaradanlar

indi sənin fərman verir ölümünə.

Bağlarında ağac-ağac meyvələri yadlar dərir.

İndi Qaraca Çobanlar

Dərbəndimdə qoyununa baxmaq üçün

yadelliyə xərac verir.

Bamsı Beyrək qılıncının altdan keçən

Yalıncıqlar sultan olmuş,

Görürsənmi nə qəribə dövran olmuş?

Dinlədikcə ağlayırsan,

Ağla, dədə!

Ağla! Türkmən dağlarında yetim qalmış

körpələrə ağla, dədə!

Kərküklərdə viran olmuş

Ailələrə, zümrələrə ağla, dədə!

Bir olmayan altı dövlət,

ölkələrə ağla, dədə!

Yad bayrağı dalğalanan

Zirvələrə ağla, dədə!

Yadellinin dağlarımda çapdırdığı

Altunlara baxıb ağla.

Qaradonlu kafirlərin alıb əsir apardığı

Neçə Burla Xatunlara baxıb ağla.

Sənin yadigar qoyduğun,

indi çilik-çilik olmuş,

qopuzları görüb ağla.

Qıpçaq Məlik zindanında əsir qalan

Uruzları görüb ağla.

Pərən düşən tayfaları:

Qıpçaqları, uyğurları, oğuzları görüb ağla.


Qopuzunu əlinə al,

boylar denən!

Dolaş Turan ellərini

Oba-oba, mahal-mahal,

boylar denən!

"Xudafərin körpüsü"nün üstündə dur

Bir boy boyla

Qoy yayılsın o gur səsin

/Savalanın zirvəsinə,

Qoy oyansın anam Təbriz gur səsinə.

Təkə-Türkmən ellərində boylar denən,

Bir də gəlsin ötən çağlar.

Uzaq Sibir çöllərində boylar denən,

Geri qayıtsın qıpçaqlar.

Bəlkə, Dədəm gəldi deyib,

Türk elləri oyanacaq.

Səni görüb türk qəlbində

yurd sevgisi yaranacaq.

Get, ey dədəm, get, dayanma.

Qoy Günəşin şüaları

yollarına işıq olsun.

Səni gözlər türk elləri.

Dədəm, yolun açıq olsun!



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)