Edebiyyat.az » Poeziya » Fazil Hənifəyevdən iki şeir

Fazil Hənifəyevdən iki şeir

Fazil Hənifəyevdən iki şeir
Poeziya
nemət
Müəllif:
22:11, 31 yanvar 2020
1 806
0
Fazil Hənifəyevdən iki şeir




Sən narahat olma, ata
Mən indi güclənmişəm, təcrübəm də var az-maz
Sil ağlından o qorxaq, söz anlamaz uşağı
İndi hər yoldan keçən məni rahat yıxammaz
Dostlarım da çoxalıb, hamıyla dil tapıram
Unutmuşam hər şeyə yersiz əsəbləşməyi
Dilim itiləşsə də, ağlım kəskinləşsə də
 Tərgizmişəm hamıyla kəlmə güləşdirməyi

Sağ tərəfim keyləşib, sol tərəfim daşlaşıb
Baş qoşmuram kitaba, şeirlərə, qəzələ
Sevəndə də ağılla, siyasətlə sevirəm
 Artıq aşiq olmuram hər gördüyüm gözələ

Vəhşilik zəncirimi qopartmışam, qırmışam
Nəfsim hər nə edibsə min yol əcəb eyləyib
Sənə nə yalan deyim, xeyli alçağlaşmışam
Təqsir ki məndə deyil, dünya tələb eyləyib

 Çox narahat olma, ata
 Mən artıq böyümüşəm

Şiddətlə bəsləyirəm sarsılmaz qürurumu
Mənə sataşanları alçaldıram, döyürəm
Sübut da var əlimdə indi əsl kişiyəm
Siqaret də çəkirəm, hətta söyüş söyürəm

Gecənin qaranlığından, səhərin küləyindən
Qorxmuram əvvəlkitək
Gecələr tək gəzirəm, xeyli sırtıqlaşmışam
Uşaqlıqda arxamca kimsə gəlsə qorxardım
Küçədəki yad adam indi özüm olmuşam

Dünən yaman pis keçdi iyimir bir dekabr
İtkisiz ötüşmədi ən uzun qış gecəsi
Düz iyirmi bir ildir ki, bu aydan sağ çıxıram
Artır hər il dözümüm, əl çəkmirəm yaşamdan
Sən narahat olma, ata oğlun yaman böyüyüb
Hələ çox uzun gecə yapışacaq yaxamdan

 


***

 

 

Hava bir az istidir
Mən ilk dəfə oğlumla bu məktəbə gəlmişəm
Sinif otağı işıqlı, başqa şagirdlər də var
Divarlar tanış gəlir, partalarsa dəyişib
Hətta ilk dərs günümü burada keçirmişəm

Külək drijorluq edir məktəbin çardağına
Sonra müəllim gəlir, hər kəsi salamlayır
Azca belin dikəldir, güc verir ayağına
Bir az boş-boş danışıb uğurlar arzulayır

Hər bir valideyntək mən də çölə çıxıram
Yavaşca hiss edirəm burdan sıxıldığımı
Zəngdən bir xeyli keçib, hamımız gözləyirik
Onlar uşaqlarını, mənsə uşaqlığımı

Müəllim çıxan kimi tuturam əllərindən
Gözü mənə zillənir, çat düşür qaşlarına
Sığallayır ağaran tellərimi, soruşur
"Nələr olub ay bala tünd sarı saçlarına?"

Heç qocalmamısız, əziz müəllim
And olsun atam işdən çıxdığı zaman
Mənə aldığınız qara paltoya
Sizçün darıxmışam, qucaq dolusu
İndi çox yaxşıyam; evim, ailəm
İki oğlum da var, Allah qorusun

Var olun, mənə çox şey öyrətmisiz
Sonralar gəlmədim mən görüşnüzə
Onda nə olmuşdu mənə bilmirəm
Keçdiyiniz dərslər yaddaşımdadır
Vurma cədvəlinsə yenə bilmirəm

Yadınızda qalıbsa, bir dəfə məni
Yüngülcə vurmuşduz, mən ağlamışdım
Onda atamdan da bir sillə yedim
Sinfin pəncərəsin mən qırmamışdım

"Nəysə, mən oğlumu götürüm, gedim"
Deyirəm, sonra da girib sinifə
Oğlumu gəzirəm yorğun gözlərlə
Sinifin qoxusu necə doğmadır
Parta düzülüşü necə də xoşdur
Oğlumu tapmıram, lakin otaqda
Çantası yox olub, partası boşdur

Qaçıb, qapıçıdan xəbər alıram
Deyir: sizi görmüşdüm, yalnız gəlmişdiz
Kimdən istəyirsiz gedin soruşun
Siz bura uşaq zad gətirməmişdiz

 

 

Salam, keçmişim qədər varlığına peşman olmadığım keçmiş sevgilim
Hər haldaki xoş keçir məndən ayrı olmağın
Bilirsən hər dəli tək qürur hakimdir mənə
Mənliyimə toxunur hər gün rahat yatmağın

Sən gedəli gün uzun, ömrüm yeknəsəq keçir
Ağlım deyir ki, "yaşa", xəyal pozur niyyəti
Günortalar yuxuyla, gecələrim tək keçir
Bir paket artırmışam zəhrimar siqareti

Yəqin indi yanında uca boylu biridi
Mülayim xasiyyətiylə çətin bənzəyə mənə
Sifəti yaraşıqlı, əzələlər iridir
Məndən fərqli olaraq alır çiçək də sənə

Məndən fərqli olaraq tez yatır, tez də durur
Yəqin ki normal işi, telefonu, maşını
Mədənidir, yeməyi çəngəl bıçaqla yeyir
Mən ki elə şeylərin buraxmışam başını

Yəqin ki sevgilinin çoxdur dostu, tanışı
Oksigensiz otaqda mən küncbəkünc gəzirəm
Mənim ki dost əvəzi çoxlu kitablarım var
Tolstoyla şam edib, Kamyuyla çay içirəm

Bəlkə sənin sevgilin yaxşı yerdə işləyir?
Şirkətdə tərcüməçi, riyaziyyat müəllimi
Mən əvvəlki kimiyəm, vəzifəm dəyişməyib
Heç vaxtı oxunmayan şeirlər müəllifi

Sən artıq böyümüsən, gözün götürməz məni
Mən hələ də uşağam, təmiz xəyallarım var
Bir uşaq oyunudur bu ikrah dolu şeir
Özündə, ya gözündə məni böyütmə, nolar

Sizə uzun ömürlər, səadətdi tək arzum
Materiya fövqündə gözəldən də gözələm
Tüpürüm azadlığımı məndən alan sevgiyə
İçimdəki qürurla tək başıma ölərəm

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)