Edebiyyat.az » Proza » Nemət Mətin - Qoca və payız (hekayə)

Nemət Mətin - Qoca və payız (hekayə)

Nemət Mətin - Qoca və payız (hekayə)
Proza
nemət
Müəllif:
15:38, 23 fevral 2020
2 347
1
Nem ət Mətin - Qoca və payız (hekayə)

 

                                                        

 

 Nazim kişi hər səhər qırışmış üzünü qırxıb çimirdi. İşə gedirmiş kimi hazırlaşıb küçə qapısına qədər getmək üçün əsasını götürür, evdən çıxırdı. Küçə qapısında dayanıb gələn gedən hər kəsi söhbətə tuturdu. Balaca uşaqlara cibində gəzdirdiyi bir ovuc konfetdən pay verir, onların gülməyinə sevinirdi. Böyüklərə isə ağaclarında yetişən meyvələrdən dərib verirdi. Məhəllədə hamı ağsaqqala hörmət edir, ona uzun ömür arzulayırdılar. Amma arzular hər zaman gerçəkləşmir. Nazim cırhacır istisi ilə insanları tərlədən yay günlərinin birində yatağa düşdü. Dava-dərman, türkəçarə edəndən sonra ayağa dura bilsə də zəifliyini hiss etdiyi üçün həkimə yollandı. Nazimi çoxdan tanıyan həkim onu müayinə etdi. Həkim nəticələrə baxanda qaşlarını salladı. Ağır addımlarla qocaya yaxınlaşdı. Əlini çiyninə qoyub dedi:

 -Nazim əmi, birinci demək istəmirdim. Amma düşündüm ki, sən bilməlisən. Son günlərini gözəl yaşamalısan. Kənddə hamı sənin xətrini çox istəyir. 

Nazimin rəngi dəyişsə də üzünü ovuclarında gizlətdi. Göz yaşlarını saxlaya bilməyib hönkür-hönkür ağladı. İnsan yaşlandıqca bədən tepmeraturu aşağı düşür. Nazimin içindən üşütmə keçdi. Lakin bu üşütmə qocalıqdan deyil, ölümün yaxınlaşmasını hiss etdiyindən idi...

 Səhəri gün Nazim kişi heç nə olmamış kimi üzünü qırxdı. Yenə əsasını götürüb qapıya tərəf getdi. Amma bu dəfə özü ilə kisə də götürdü. Yolda kisə ilə hara getdiyini soruşsalar belə demədi. Hər kəslə mehribanlıqla sağollaşaraq yaxınlıqdakı meşəyə yollandı. Hər gün kisəsini doldurub evə gətirirdi. Kömək təklif edənlərə kisəni vermədi. Ki birdən kisəni açıb baxarlar.    

 Həkim Nazimə 15 gün vaxt qoymuşdu. Bu gün hesabla sonuncu gün olmalı idi. Nazim səhər yenə üzünü qırxdı. Sonuncu günə hazırlaşırdı sanki. Tək yaşayan Nazimin uşaqları çoxdan onu tərk edib xarici ölkələrə səpələnmişdilər. Arabir onu görməyə gəlirdilər. 

 Bu gün sanki göy üzü matəm saxlayırdı. Yağış durmadan 5 saat yağdı. Buludları sıxıb mərəzə sərmişdilər. Yağışdan sonra hava dəyişdi. Təmizlənmiş buludlar çəkilib getdilər. Günəş yenidən qızılı şüalarını torpağa pay göndərməklə məşğul oldu. İki gün idi Nazimi qapıda görən yox idi. Qonşular narahat olub qapını döydülər. Açan olmadı. Qonşusu quşbaz Fariz hasardan tullanaraq içəridən qapını açdı. Qonşular içəri doluşub dar dəhlizlə həyətə keçdi. Mənzərəni görən kimi quruyub qaldılar. Hər yer dizəcən xəzəl idi. Saralmış yarpaqları elə bil qızıl suyuna salınmışdı. Nazim kişinin 6 sot torpağı xəzəl içində üzürdü. Özü isə yox idi. Qonşular asta-asta qabağa getdilər. Quşbaz Fariz səsləndi:

 -Nazim əmi?!

 Səs gəlmədi. Ölü sakitlik hökm sürürdü. Həyətin ortasında çatanda qonşulardan biri qışqırdı. Qorxudan hamının ürəyi ağzına gəldi. Cəld tərpənərək Nazim kişinin üstünə şığıdı Fariz. Dizlərini yerə atdı. Nazimin başını qaldırıb nəbzini yoxladı. Mehriban qonşusu gözlərini əbədi yummuşdu. 

 Yas mərasimində adam əlindən yer yox idi. Hər gün müftə yemək axtaranladan tutmuş, qoca ilə bircə dəfə söhbət edib dostlaşan adamlara kimi. Məclisdə asılan şəkildə də təbəssüm üzündən əskik olmadı Nazimin...

Yas mərasimindən sonra quşbaz Fariz qonşuları yığıb dedi:

 -Nazim əmini hamımız çox istəyirdik. Allah ona qəni-qəni rəhmət eləsün.

 -Amin. 

 -Allah rəhmət eləsün.

 -Yeri cənnət olsun.

 -Yaxşı kişi idi.

 Quşbaz Fariz əlini cibinə atdı. Ağ zərfdən məktubu çıxarıb oxumağa başlamamışdan öncə dedi: -Nazim əmi ölümündən öncə bizə məktub yazıb.

 "Salam əziz qonşular. Övladlarıma məktub göndərmişəm. Sizə də aydınlıq gətirməyi özümə borc bildim. 86 yaşında həyatla vidalaşmalı oluram. Həkim mənə 15 gün vaxt qoymuşdu. Özüm də hiss edirdim. Sual edə bilərsiniz ki, həyətdə nə üçün dizəcən qurumuş yarpaq var. Uşaqlıqda payızı çox sevirdim. Məhz xəzəl üzərində addımlamaq və qurumuş yarpaqların xışıltısını eşitmək mənə zövq verir. Son günlərim yay fəslinə təsadüf etdiyindən bunu son dəfə təkrarlamaq istədim. Hər gün kisə ilə meşəyə gedib yarpaq yığırdım. Yarpaqları sobanın üstündə, Günəşin şəfəqlərində qurudub həyətə səpdim. Heç kimə bir kəlmə də demədim. Üzrlü hesab edin...

  Sizə son məsləhətimi vermək istəyirəm. Çalışın insanların üzündə gülüşə səbəb olasınız. Bir nəfəri kədərləndirmək çox asandır. Sevindirmək isə həmin adama ürək rahatlığı gətirir. Ona dünyaları vermiş olursunuz. İnsanlar yaxşılıqları unutsalar da eybi yoxdur. Əsas odur ki, yaşamağa gücləri olsun. Həyatı sevin. Salamat qalın." 

Sərin meh özü ilə gətirdiyi yarpaq qoxusunu qonşuların yığışdığı otağın pəncərəsindən içəri doldurdu. Sanki Nazim əmi son dəfə onlara təşəkkürünü bildirirdi...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)