Yusif Yusifzadə - Sentyabr çiçəkləri
Heç olmasa bunu oxu...
5 fevral 20**
Sovetlərdən qalma, tarazlığını yemiş rənginə çalan, evlərinin polunu atası ilə döşəyərkən kəsib bir gün işlərinə yarayar ümidi ilə saxladıqları, onlarla kvadrat şəkilli taxtadan biri ilə qoruduqları, üstünə qarşısındakı ceyranı usanmadan eyni həvəslə qovan və hər bir inanclının evinin salonundakı divardan qürurla asılan, həzrəti Əlinin iki yanından məğrur-məğrur baxan, islam qaydalarına zidd şəkildə işlənmiş divar xalçası təsvirindəki aslanlanlardan birinə bənzəyən ,palıd rəngli yeləsi olan aslanın ov səhnəsi əks olunmuş, uzun, ucları ağ rəngli, pırpızlı, qəhvəyi örtük salınmış divanda əllərini çarpazlayıb süni yastıq düzəldərək, arxası üstə uzanıb xəyallara dalmışdı. Sol ayağındakı dayağa baxmayaraq, yenə də divanın taraz olmadığı, üstündə uzanan kəsin, sanki, beşikdəimişcəsinə yırğalanmasından hiss olunurdu. Bu gün, bəlkə də, evlərindəki son günü idi. Bir vaxtlar atasının şəstlə "qalamız" adlandırdığı şifersiz, suvaqlı, üç otaqlı, bol pəncərəli "dam" bu gün işğal olunacaq, süqut edib tarixə qarışacaqdı. Çarpazlanmış əllərini iki yana çəkib, belini dikəldib ayağa qalxdı. Bu cəld hərəkətdən örtü qırışdı, üzərində təsvir olunmuş aslanın ov səhnəsinin bütün cazibəsi itdi. Salondakı həyətə baxan pəncərədən boylandı. Dəyişən bir şey yox idi. Bu havanı təsvir etmək üçün cəmi bir cümlə kifayət edər. Elə bir havadi ki, heç nə eləmək istəmirsən. Amma həyəti izləmək ona xoş təsir bağışladı. Solundakı stulu çəkib oturdu, yayxanıb mənzərəyə tamaşa elədi. Uşaq vaxtı ənənəvi qış gecələrində küləyin əsib həyətlərindəki hər şeyi, hər yerə apardığı, qəfil çaxan şimşəyin isə küləyi cinayət üstə ifşa etdiyi gecələri xatırladı. Baxmayaraq ki, dan yeri təzə ağarırdı. Ay isə uzaqda solğun bir rəng alıb, əfsanələrə zidd şəkildə günəşi gözləyirdi. Elə o da gözləyirdi.
Divardan asılan dairəvi saat iki il olardi ki, işləmirdi. Saatı adətən, illərdi eyni on beş mahnını aralarında leşi qardaşcasına və acgözlüklə quzğunlartək bölüşdürən müğənnilərin göstərildiyi yerli televiziya kanallarından baxıb öyrənirdi. Tək nəfərlik evlərdə televizor bir nəfərə çevrilir. Amma çox zaman onun funksiyası qoca babanı yamsılımaq olur. Mövcuddur, evdədir, yaşayır, danışır, amma ona baxan yoxdu. Sadəcə səs salır. Bu "dam" da eyni idi.
Pəncərədən baxıb bir zaman anasının sentyabr çiçəkləri adlandırdığı, ona görə isə kol-kosdan başqa bir şey olmayan bənövşəyi çiçəklərlə dolu bağçalarının yerində indi sadəcə yağışın islatdığı, günəşin qurutduğu qoca insan dərisini xatırladan qupquru torpaq sahəsi gördü. Bir dənə də nəhəng tut ağacı. Bu quru, süst, heç bir şey ifadə etməyən səhnə belə onu kədərləndirdi. Qəfil düşündü ki, bu quru torpaq üstündə insanlar bir- birini öldürür. Üstündə heç sentyabr çiçəkləri də olmayan torpaq üstə! Qəfil də elə bu fikirdən ayıldı. Qorxdu ki, bu ağır həqiqət onu elə burdaca öldürsün, qorxdu ki, o həqiqətə gücü çatmasın.
Stuldan qalxıb qırışdırdığı divanın üstünu düzədərək mətbəxə getdi. Bir vaxtlar anasının hər səhər evi cənginə alan, sərçə səsinə bənzətdiyi səsi onu şirin yuxusundan oyadıb, zığlı gözlərini ovuşduraraq gətirdiyi mətbəxlə, bu mətbəxi könülsüzcə müqayisə elədi. O vaxt mətbəxlərində dörd pəncərə var idi. Sonradan niyə bu qədər çox pəncərə olmasının səbəbini , elə anası demişdi ona.
-Kubik baha idi, ona görə, pəncərə yerlərini çox qoymuşduq.
Bu mətbəxdə isə cəmi bir pəncərə var idi. O mətbəx bundan daha günəşli idi. Elə o günlərdə.
Gedib kiçik qardaşının, yeni aldıqları gün sevincindən altına, ailənin hər bir üzvünün baş hərflərini yazdığı stulların yeganə "sağ" qalanına əyləşdi. Əyilib hansı stulun sağ qaldığına baxmadı. Yırğalanırdı, amma inanmırdı ki, bu stul onu yıxsın.
Yenicə açılmış səhəri hər bir şərq ölkəsi kimi bu ölkədə də isti, tünd çayla qarşılayırdılar. Çayı nə qədər tünd içərdinsə bir o qədər zəhmin var deməkdir. Bu gözdən qaçan gerçəyi illərdən bəri müşahidə etmişdi. Tanıdığı bütün zəhmli kişilər -məktəb direktoru, atası ,babası çayı tünd içirdi və bununla fəxr edirdilər. Ənənəni pozmaq istəmədi. Qalxıb özünə illər əvvəl məktəbdə gördüyü ,
Görər-görməz də aşıq olduğu qısaboylu, ağbəniz adını isə unutduğu qızın saçları rəngində olan açıq çay süzdü. Yenə gəlib eyni stulda əyləşdi. Çayını aramla içib,bitirdi. Stəkanı qoymaq üçün gözləri nəlbəki gəzdi. Yox idi. At rəngli masaya stəkanı ehmalca qoydu. Qalxıb ayaqlarının əmrinə tabe olaraq, üzüyola şəkildə həyətə çıxdı. Və xatırladı ki, bir azdan vişnə rəngli darvazaları nəzakətlə döyüləcək (ona görə "zvanok" istifadə etmirdi ki, məhlədəki saçları eyni şəkildə vurulmuş, yaz- qış eyni çəkələyi geyinib evlərinin yaxınlığındakı dükana gələn dəcəl, sözə baxmaz, sırtıq uşaqlar hər axşam basıb qaçardılar) cavab gəlmədiyini gördükdə isə daha möhkəm daha əsəbi şəkildə döyüləcək. O vaxt nə edəcəyini bilmirdi. Yəqin açıq çay içən hər kəs kimi qorxacaq, başını aşağı əyib dinməzcə məğlub ordunun əsgəri kimi "qalanı" tərk edəcək. Kaş ki, o da tünd çay sevəydi. Bəlkə, onda bütün bunlar heç yaşanmazdı. Saat 07:30 idi. Qapı döyüldü...
4 fevral 20**
Atasını əlləri ilə qəbirə qoyanda canından bir üşütmə keçdi. Atasının soyuq xəstəxana divarları arasında onu ağ örpəyə bələnmiş halda qucağına aldığı anı beynində canalandırmağa çalışdı. Hər iki mərasimi də bir-birinə oxşatdı. Atası o vaxt iri və güclü idi, eyni ilə onun bu günki halını xatırladırıdı. O isə cılız, hərəkətsiz və ağ örpəyə bələnmışdi. Eyni ilə atasının indiki vəziyyəti kimi.
"Ağ örpək həm doğumun, həm ölümün rəmzidir" yaddaşına həkk etdi.
Və dəfn, daha dəqiq mərhumun üstünü torpaqlama mərasimi başlandı. Bərk-bərk basdırırdılar. Artıq atası dirilsə belə ordan çıxa bilməzdi. Belləri yerə qoyub, əllərini allahdan nəsə istəyirmişlər kimi göyə açıb, yasin oxudular. O isə əclaf bir hissin məngənəsində idi. Evə getmək, yatmaq,dincəlmək istəyirdi. Atasının ölümü ilə barışmışdı, getmək, burdakı ayindən canını qurtarmaq istəyirdi. Hamılıqla deyilən "amin" sözü onu bu məngənədən görünməz əl kimi dartıb qurtardı.
Qəbiristanlıqdan evlərinə piyada gəldi. Yolboyu ilk dəfə ölümlə nə vaxt qarşılaşdığını xatırlamağa çalışırdı. Dərsdən evə qayıtığı soyuq dekabr günlərinin birində balaca qardaşının gözlərindəki yaşların xəbər verdiyi, neçə günlərdir xəstə olan itlərinin ölümü ilə? Məktəbdəki başqa sinifdə oxuyan, adını heç vaxt bilmədiyi, üzünü isə xəyal-məyal xatırladığı, çarpaz qara lent bağlanmış şəkilini məktəb dəhlizində qərənfillərin əhatəsində gördüyü, məktəbi titrədən o uşağın ölümü ilə? Yoxsa uzun sürən xəstəlikdən sonra hamının ölümünü gözlədiyi, buna görə də bütün mistikasını itirən babasının ölümü ilə? Hər üç ölümdə də ölümlə qarşılaşmışdı, amma ölməmişdi. Ölümün gücü elə bundadır. Ölümlə ölməzədən əvvəl qarşılaşırsan.
Gəlib vişnə rəngli darvazalarına çatdı, içəri - həyətə keçdi. Artıq saat 5 idi. Günəş çoxdan batmışdı. Hava yavaş-yavaş qaralırdı. Tez evə girib yatmaq istədi. Qapını açanda üzünə soyuq qış sabahlarında məktəbə gedərkən, küçələrinin yuxarı tinindən sağa dönüb, asfaltlanmış yeganə yola ayaq basanda üzünə dəyib onu üşüdən külək kimi "qoca qoxusu" vurdu. Qoca qoxusunun varlığını uşaq olanda kəşf eləmişdi. Əvvəlcə bu qoxunun yalnız nənəsindən gəldiyini güman edirdi, ancaq anasının bibilərindən biri, cibindən üzərində əqrəb şəkli olan sovurma konfeti çıxarıb, ona uzadanda konfetdən də eyni qoxunun gəldiyini dərk edəndə tamam əmin olmuşdu ki, bu qoxu "qoca qoxusu"dur . Bu qoxuya tərif vermək üçün çox düşünmüşdü. Bir gün küçədə paslanmış avtomobil "meyidi" ilə bütün günü oynayıb, evə gələndə əllərindən gələn iy ona bu qoxunu xatırlatmışdı. Onda qərar vermişdi ki, "qoca qoxusu" əslində pas qoxusu imiş.
İçəri girib son bir həftədə baş verənləri, atasının ölümünüdən, evlərini satmağa məcbur olmasına qədər hər şeyi düşünərək, aslanlı divanda yuxuya getdi.
3fevral 20**
-Yox, ay ata, iri, uzun adamlar yazıçı, şair, müəllim olmamalıdır. Ona görə ki, əgər fiziki cəhətdən güclü olanlar, fiziki güc tələb etməyən işlər görsə, o zaman cılız, zəif adamlar onları əvəz etməyə, onların yerinə daş daşımağa, bina tikməyə məcbur olacaq. Bu ədalətsizlikdir. Atasının cavab verməyəcəyini bilərək sözünü uzadırdı.
-Bax, boyu hündür adamlar onsuz da nəhəng görsənir, onların qələm kimi sehirli dəyənəyə ehtiyacı yoxdur. Amma cılız adamların nəhəng görünmək üçün tək yolları budu, hardansa oxuyurmuş kimi cəld əlavə edib susdu.
Atası gözlərini kvadrat taxtalarla düzəldilmiş, aralarında çapıq kimi boş yerlər qalmış, boz tavana zilləmişdi. Çox güman ki, fikri onda deyildi. O da öz fikrini dağıtmaq,yarım saat əvvəl atasının yanına gələnləri bir anlıq əsəblə qışqırıb söyərək qovduğu anı özünün də, atasının da yaddaşından silmək istəyirdi.
Bütün qohum-əqraba ona düşmən kəsilmişdi. Atasının qayğısına lazımınca qala bilmir, işləmək əvəzinə bütün gün evdə yatmaqla, xeyirə-şərə yaramamaqda günahlandırırdılar onu. Qulaqdan qulağa bəzi iyrənc pıçıltılar dolaşırdı. Guya, atasını ölüm ayağında qoyub getməyə, ondan can qurtarmağa hazırlaşır. Çünki hamı bilir ki, dəfn xərclərini qarşılamaq ,"atasının üstünü götürmək" üçün onda bir qara qəpik də yoxdur. Atasının şəklini qara mərmərə vurmağa pulu olmayan oğul kimə lazmdı axı?!
Qalxıb yuxuya gedən atasının üstünü boğazına kimi qalın yorğanla örtdü. Atasının ölümünü gözünün qabağına gətirməyə çalışdı. Bacara bilmədi.
Az əvvəlki mərəkədə palazın rulet kimi burulan iki ucunun birinin üstünə stul qoydu. İşıqlarını kəsilmişdilər deyə gecə əl havasına gəzirdi. İstəmirdi ki, onlara ayağı ilişsin. Bu ruletlərin də səbəbi hər dəfə ölümə tamaşa etmək niyyəti ilə gələn gözləri aşağıya baxmayan qohum-qonşular idi. Stulu palazın küncünə qoyandan sonra, dünəndən hazırladığı sənət-sünəti də götürüb, evdən tələbə olduğu ilk günki kimi həm qorxu, həm məsuliyyət, həm də sevinclə çıxdı.
***
1 saatdan sonra qayıdıb atasının nəfəs alıb-almadığını öyrənmək üçün qulağını onun sinəsinə yaxınlaşdırdı. Yaşayırdı. Uşaq olanda atası ilə yatarkən nəfəs alıb-verməsini atasınınki ilə eyniləşdirməyə çalışdığı, birgə yatdıqları gecələr gəldi ağlına. Cibindəki bütün pulları çıxardıb,uclarını düzəldib, hamarlaşdırdığı palaza tolazladı. Qara mərmər, ağ örtük , özünü iştirak etməyəcəyi yas, qırx, il-hər şey üçün pul hazır idi. Hətta özü belə bu pullara arxayın olub ölə bilərdi.
5fevral 20**
5 dəqiqə olardı ki, qapı bərk-bərk, şillə ilə döyülürdü. Amma cavab gəlmirdi. Qəsbkarlığın, qorxaqlığın təcəssümü olan, üç müxtəlif zamanda kasıblıqdan yarıçmıq qaldığı hər sırada olan daşların rənglərinin bir birindən fərqlənməsindən hiss olunan seyrək hasar qapı döyənlərin gözünə, qədimdə qalaları fəth etmək üçün istifadə olunan uzun nərdivanlar kimi göründü. Qapı döyənlərdən zirək olanı hasarı adlayıb, darvazını arxadan açıb "yoldaşını" "qaladan" içəri, Fermopil döyüşündə, Spartaya gedən kəsdirmə yolu, Əhəməni şahı Kserksə göstərdiyi gerçəkmişcəsinə nəql edilən və zamanla həqiqi olduğuna inanılan obraz kimi gülümsəyərək dəvət etdi. Bir zamanlar payız aylarında sentyabr çiçəklərinin qoxusunun ağuşuna aldığı indisə, kirayə verilməkdən kimliyini itirən evlərin həyətləri kimi qarma-qarışıq qoxu gələn bu həyətə girdilər. Onları qarşılayan isə nəhəng tut ağacından sallanan məğlub bir cəsəd idi.