Con Qolsuorsi - Qadın
Proza
Con Qolsuorsi - Qadın
Səyyah dostuna yazırdı:
"...Biz evin qabağındakı verandada oturmuşduq. Sıra dağların tünd-bənövşəyi kölgəsi ondan iki dəfə çox tünd olan göy üzündən seçilirdi. Cənub Xaç və başqa ulduzlar parıldayırdı. Bu nadir gecələrdən idi, qara büllura oxşayırdı.
Rəqslərdən sonra xanımlar yatmağa getdilər. Dalımızdakı evdə sakitlik hökm sürürdü, bütün pərdələr salınmışdı. Təkcə bizim qabağında oturduğumuz qapı açıq idi. Qəlyanımızdan sıçrayan qığılcımlar havada və ya yerə düşüb sönürdü, eynilə dodaqlarımızdan çıxan sözlər kimi. Yəqin ki, bu söhbəti rahatlıqla təsəvvürünüzdə canlandıra biləcəksiniz. Səhər xanımlar bizimlə ağacların arasında kriket oynamışdılar; əgər şar üzümlüyə düşsəydi, beş xal itirirdin və məğlub olurdun. Günorta xanımlarla hələ tam tikilməmiş sahədə tennis oynadıq. Axşam rəqs etdik. Sonra sağollaşdıq, bəziləri evə, bəziləri isə yatmağa getdi. Dördümüz qaldıq. Qoca Djuno başını əllərinin üstünə qoyub oturmuşdu, hər dəfə hansısa heyvanın səsi gələndə dodaqlarını büzürdü.
Balaca Binq jiletini açıb, ayaqlarını aralayıb oturmuşdu. Siz bu yumrusifət, ortaboylu, balaca boyunlu, təmizlənmiş yumurtanı xatırladan bəbəksiz gözlü adamı tanıyırsınız – balaca Billi Binq, Keyptaun koloniyasında ondan ürəklisini tapmazsınız. Onun yanında yaxşı kostyum geyinib qalstukunu səliqəli bağlamış cavan Senli oturmuşdu, o, Detvellin qızlarından biriylə evlənib – o artıq evdə yatır, – sakit adamdır, təmiz şotlanddır, rəngsiz bığları, enli alnı, balaca burnu var. Bir də bizim sahib – siz onunla tanışsınız – canlı, həyat dolu, çox yaxşı oğlandır, Detvellin o biri qızıyla nişanlıdır. O qız hal-hazırda başımızın üstündəki otaqda çarpayısında uzanıb nişanlısı haqda düşünür, bəlkə də, düşünmür.
Bir sözlə, biz gah o, gah da bu mövzu ətrafında danışırdıq, amma qeybət-filan eləmirdik. Biz darıxırdıq, yatmaq istəyirdik, buna görə də bilə-bilə özümüzü şən göstərməyə çalışırdıq. Hətta həyatı ən az bizim qədər görən Djuno sahibin bizi sübh tezdən, hələ hava qızışmamış ova aparmaq niyyətini haqda dumanlı fikir yürüdürdü.
Biz artıq bu cür ovda olmuşduq və nə olacağını bilirdik: qayaların dalında yatmaq, bir neçə atəş və nəticədə vurulmuş quş. Hərdən kimsə durub verandanın qırağına gəlirdi, qaranlıq üzümlüyə baxırdı, getməyə hazırlaşırmış kimi bir hərəkət edirdi, amma həmişə sahibin səsi gəlirdi: "Daha bir qəlyan çəkək, uşaqlar!”
Birdən cavan Senli dedi:
– Addım səsləri eşidirəm.
– Hansısa zəncidir. – Sahib dedi.
Amma birdən verandadın girəcəyində qadın peyda oldu. Düz bizim yanımıza gəlib oturdu. Bu elə gözlənilməz və naqolay idi ki. Balaca Binq yerinə yapışıbmış kimi oturmuşdu, üzü əyilmişdi. Senli ağarmışdı, barmaqlarını stola döyəcləyirdi. Təkcə sahib soyuqqanlılığını saxlamışdı.
– Korri! – o qışqırdı.
– Nə üçün belə təəccüblənirsiniz? İçməyə nəsə verin, Cek Allen.
Sahib stəkana konyak tökdü.
Qadın əlini uzadıb stəkanı götürdü və içmək üçün başını qaldıranda plaş çiyinlərindən sürüşdü, incə boynu və açıq qolları göründü.
– Təşəkkür edirəm, – dedi.
– Elə içmək istəyirdim ki.
– Sonra stola dirsəklənib başını əlinin üstünə qoydu.
Hamımız gizlicə evə tərəf baxa-baxa susmuşduq. Senli əlini uzadıb qapını bağladı. Qadın dedi:
– Bayaq qəlyanınızdan çıxan qığılcımları görürdüm və səsinizi eşidirdim. İndisə heç danışmırsınız.
Bərkdən danışmasa da, səsi kobud çıxırdı. Dodaqları çənəsini tutan şəhadət barmağının üstündə tərpənirdi. Hamımıza tək-tək sınayıcı nəzər saldı. Şlyapasız idi, saçları alnına tökülmüşdü. Gözləri isə... Onları necə təsvir edim? Elə bil, onlar hər şeyi görürdülər və eyni zamanda heç nə görmürdülər. Baxışları qəmli, sınayıcı, quru və belə demək olarsa, faciəvi idi.
Bu qadını nə vaxtsa gördüyümü ancaq indi xatırlaya bildim, baxmayaraq ki, koloniyaya gəldiyim heç on gün olmaz. Bu teatrdan sonra Braun adlı birinin evindəki səs-küylü və səliqəsiz şam yeməyində olmuşdu.
Keyptaundakı ən pis reputasiyalı qadın! Onun Malay kvartalının qırağındakı evini mənə göstərmişdilər – fasadını böyük güllər bəzəyən balaca çəhrayı ev.
Keyptaunda ən pis reputasiyalı qadın! Mən sahibə baxdım. O dırnaqlarını gəmirirdi. Sonra Binqə baxdım. O ağzını açıb dayanmışdı, elə bil, dərin mənalı nəsə deyəcəkdi. Senlinin görkəmi məni heyran etdi – yazıq görünürdü və eyni zamanda özünü güclə saxlamışdı. Sükutu sahib pozdu:
– Xeyir ola bura gəlməkdə?
– Çarli Lennardın evinə düşmüşəm. O necə heyvandır! O-o!heyvan! Qüssəli gözləriylə ayrı-ayrılıqda hamımızı süzdü.
– Necə gözəl gecədir, elə deyil? – dedi.
Balaca Binq nəyisə itələyirmiş kimi ayağını qabağa atıb kəkələməyə başladı:
– Üzr istəyirəm, üzr istəyirəm...
Qoca Djuno burnunu çəkdi. Evdə nəsə tərpəndi. Hamımız ora boylandıq. Qadın astadan, demək olar, səssiz güldü, elə bil, bizim fikirlərimizi oxumaq bacarığı vardı. O dayana bilmirdi. Senli saçlarını qarışdırıb yenə sığallamağa başladı. Sahib hirslə əllərini cibinə soxdu, sanki indicə onları cıracaqdı. Balaca Binq stulda qurcalandı. Qadın gülməyini birdən kəsdi, eynən başladığı kimi. Sakitlik çökdü. Təkcə hansısa heyvanın səsi gəlirdi. Nəhayət, qadın dedi:
– Bu gecə buradan elə gözəl ətir gəlir, bir də bu səssizlik! Mənə yenə süzün!
– O stəkanı sahibə uzatdı.
– Sizin sağlığınıza, əziz dostlar, – dedi.
Sahib birdən stuluna oturub əllərini sinəsində çarpazladı, astadan köks ötürdü.
– Sizə zərər vermək istəmirəm, – qadın dedi.
– Bu gecə milçəyi də incitməyəcəyəm. Buradan evdəki rahatlığın ətri gəlir. Baxın!
– O paltarının ətəyini göstərdi.
– Şeh! Paltarım şehdən islanıb! Necə də ətirlidir!
Onun səsi hər cür kobudluğu unutdururdu. Ancaq analar və bacılar belə danışır. Bu çox qəribə idi, balaca Binq pıçıldadı:
– Çox pis! Çox pis!
Amma bu sözlərin qadına, yoxsa bizə aid olduğunu heç kim bilmirdi. – Bu gün bir neçə mil yol gəlmişəm.
– Qadın dedi.
– Uşaqlığımdan bu yana belə gəzməmişdim. Onun səsindəki bəzi notlar mənə ağrı verirdi. Cavan Senli qəflətən ayağa durdu.
– Allen, bağışla daha. Gecdir, getməliyəm.
Qadına baxanda onun gözlərinin necə parıldadığını gördüm.
– Gedirsiniz? – qadın soruşdu.
Onun səsində təəssüfə oxşayan nəsə vardı. Cavan oğlan tez dedi:
– Hə, madam, gedirəm. İcazə verin, soruşum, bura nə üçün gəlmisiniz? Mənim arvadım...
O sözünü saxlayıb qapını açdı, öyrəşdiyi təbəssümlə gülümsəyib getdi. Qadın ayağa durub güldü.
– Onun arvadı! O-o! Neynək, ona xoşbəxtlik arzulayıram! Aman Tanrı! Əlbəttə, xoşbəxtlik arzulayıram. Cek Allen, sizin arvadınıza da; sizin arvadınıza da, əgər evlənmisinizsə. Billi Binq, siz məni xatırlayırsınız, birinci dəfə... Bu gecə düşündüm ki... düşündüm...
O üzünü əlləriylə tutdu. Qadın təklikdə ağlaya bilsin deyə, bir-bir verandadan çıxdıq. Onun nə düşündüyünü kim bilir? Ətrafımızda nə işlər döndüyünü bircə göydəki bilir. Çox şükür ki, belə hadisələr tez-tez olmur. Sonra gizlicə verandaya boylandım. Qadın hələ də ordaydı, balaca Binq isə ona tərəf əyilib dayanmışdı. Sonra göyə baxa-baxa əlini götürüb sığalladı və qadını qaranlığa apardı”.
Tərcümə: Həmid Piriyev
Kult.az
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Akutaqava Rünoske - Cəhənnəm iztirabları
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Y.Mişima - Vətənpərvərlik (hekayə)
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr