Edebiyyat.az » Proza » AHMET YILDIZ - Kül Tiginin sualı

AHMET YILDIZ - Kül Tiginin sualı

AHMET YILDIZ - Kül Tiginin sualı
Proza
Nicat Heşimzade
Müəllif:
14:22, 12 mart 2019
1 717
0
AHMET YILDIZ (Ankara) KÜL TİGİNİN SUALI Hekayə


AHMET YILDIZ


 (Ankara)


KÜL TİGİNİN  SUALI


          Hekayə


Qış günü.  Bayırı nə qədər soyuqsa, içi o qədər isti olan taxta imarət. Girişdəki divar sobası hey yanır, istilik salondan üst mərtəbənin qapısı açıq otaqlarına gizli bir yel kimi yayılaraq hər yeri isidirdi.

Orta yaşlı bir qadın türk kilimi salınmış taxta nərdivanları diqqətlə qalxaraq iki gündür üst mərtəbədəki iş otağından çıxmayan ərinə siniyə qoyduğu qəhvə gətirirdi. Fincanın yanında səhər çağı poçtalyonun verdiyi kiçik möhürlü zərf də vardı. 

Vilhelm Tomsen alaqaranlıq otaqda şam işığında önündəki masaya əyilmişdi. Ətrafına sərilmiş kağızlarda sonsuz  riyazi problemi çözməyə çalışırmış kimi müəmmalı bir dilin açarını axtarırdı. Qarşısına qoyulanı duymadı heç. Ancaq gözəl türk qəhvəsinin qoxusu siqarasından yayılan qoxunu üstələyəndə başını masadan qaldırdı.

“Neçə aydır çalışırsan.İki gecədir aşağı da düşmürsən. Xəstələnəcəksən...” Qadın danışa-danışa sinini boş yer olmayan masaya qoya bildi.

Xanımı haqlıydı. Onu da bilirdi ki, kişisinin edə biləcəyi bir şeyin sehrini kimsə anlamazdı. Ancaq sənətçilərdə, elm adamlarında olan, görəcəyi işin sevincini və onu edə bilməmənin əzabını qadınına anlada bilsəydi...

Danimarka Elmlər Akademiyasının professorunun  baş sındırdığı müəmma, 1772-ci ildə Sibirdə Yenisey çayı hövzəsində isveçli areoloq Straxlenberqin tapdığı, nə olduğu bilinməyən daşların üzərindəki işarələr idi. Bəzən bir neçə sətirlik, bəzənsə bir neçə kəlməlik yazının dilini kimsə anlaya bilmirdi. Hətta bu cizgilərin bir hərfmi, yoxsa adi işarəmi olduğunu anlamadıqları üçün bir tərəfə atıb unutmuşdular.

Düz yüz iyirmi il elm aləmində sükut yaradan bu daşlar son üç ilin içində yenidən yada düşmüşdü. Nə yazıq ki, yeni ümidlər ümidsizlikləri üstələmədəydi. Fin arxeoloji birliklərindən bir neçə gənc alim həmin daşları oxumanın onların karyeraları üçün yaxşı bir şans olacağını düşünüb, bu müəmmalı dil və yazı üzərində yenidən işləməyə həyəcanla qərar verdilər. Ancaq sonda bir atlas nəşr edərək bu işdən ümidsizcəsinə uzaqlaşdılar.

Amma o da var ki, nəşr etdikləri bu atlas filoloqlar və arxeoloqlar dünyasında bir böyük çaxnaşmaya səbəb olmuşdu. Fin alimləri bir az da qabağa gedərək düz cizgi üzərində oyulmuş hərflər arasına qoyulmuş nöqtələrdən hər bir kəlmənin harada bitdiyini sanki anlayacaq hissinə qapılmışdılar. İki il sonra tanınmış rus türkoloqu V.Radlovun yaratdığı ekspedisiyanın Orxon çevrəsində eyni şəkildə görkəmli abidələr kəşf etmələri xəbəri yayıldı. V.Radlov Sank-Peterburqda bu daşlarla bağlı gözqamaşdırıcı bir foto-kolleksiya yayımladı.

Tomseni aylardır masaya oturdan bu məsələ idi. Daha çox da d-r Radlovun bu məsələyə əl atması. Bu dünya üzündə onun yeganə dil avtoriteti olduğunu bilir, qısqanclıq içini gəmirir, bu hərflərin sirrini rəqibindən daha tez çözmək üçün gecə-gündüz qeyri-adi bir tərzdə çalışırdı.

Neçə ay öncə Radlovun gerçək niyəti və bacarıqlarını öyrənmək üçün Orhon yazılarının bulunduğu yerə birlikdə bir həftəlik səyahət etmək üçün məktub yazmışdı. Bu vaxta qədər cavab almadığı üçün qəzəblənirdi. Əcaba, Radlov müəmmanı çözdümü? Bilmədiyi şeylərmi vardı?

Atlasda “k” və “x” olaraq adlandırılan iki böyük daşda olan yazılar üzərində çalışma qərarına gəlmişdi. Hər iki daş, əslində əvvəldən bir daşmış. Nə hərflərdən, nə işarələrdən, nə də dilindən kimsə bir şey anlamırdı. Ancaq iki daşın da alın tərəfində çincə yazılar vardı. Yaxın dostu çinşünas Skelgel sözünü yerə salmamış, bu çincə bölümü çözmüş, Helsinkidəki bir elmi dərgidə yayınladığı bölümün bir nüsxəsini də ona göndərmişdi. Çevri çinli tarixçilərin yazdıqları ilə uyğun gəlirdi.  Burada “Kout-tho-louk kho-han”, yəni kutlu (mutlu) kağanın oğullarından söhbət gedirdi. İki “ti(k)-kin”in, yəni iki şahzadənin xatirəsinə ucaldılmış abidələrdi üzərində çalışdığı. Birinci abidədə çinlilərin yazdığı tarixin bu günkü təqvimlə 733 olduğunu dəqiqləşdirmişdi. İkinci abidə isə 734 tarixinə aid idi. 

Amma bu günədək hər açılımı əngəlləyən bir şey vardı: abidələrin digər üzündə qarışqa gəzmiş kimi, qarma-qarışıq bilməcəli bir əlifba ilə qazılmış olan yazılar!

Əlindəki ən önəmli nəticəyə gəlmişdi professor: bu yazılar iki ayrı-ayrı yazılardan ibarətdir. Arxaya söykənib həyəcandan masadakı hər şeyi dağıdacaqmış kimi hirslə əlini uzadıb arvadının gətirdiyi fincandan bir udum alınca haradan başlayacağını qətiyyətlə qərarlaşdırdığını anladı. Yeməyə düşəcəyini unudub, sönmüş çubuğunu titrəyən barmaqlarıyla dolduraraq odladı. Qalın bir tüstü haləsi buraxdıqdan sonra tələsik əlindəki kağıza bunları yazdı:

“Yazılar çin yazılarındakı kimi yuxarıdan aşağıya doğru düzülmüş, hərflərsə üst qismi sola, alt qismləri isə sağa baxacaq şəkildə yana əyilmişlər.Hər iki yazıda bir-birinə bənzər hərflərlə yola çıxılsa, görünür ki, sətirləri yuxarıdan aşağı doğru oxumaq gərəkir.Deməli, sətirlər çəpəki, hərflər də dik duruma gətirilərsə, bunların sağdan sola doğru oxunması lazımdır. Bundan sonra isə hansı işarələrin səsli hərf, hansıların səssiz hərfə uyğun gəldiyini anlamağa çalışmaq gərəkdir...”

Orta yaşlı, amma atletik görkəmli professor bu anda qələmi yerə qoydu. Bu qədəri indilik yetərlidir. Bundan sonrası şansa baxırdı. Tapdığı nöqtənin dadını çıxartmalıydı.

Ayağa qalxıb bir alim dostunun Kiçik Asiya səyahətindən hədiyyə gətirdiyi kilimin üzəri ilə cəld addımlayaraq  gənc adam kimi şövqlə aşağıya, salona endi. Yemək süfrəsində ümidsiz halda gözləyən arvadını arxadan qucaqlayıb boynundan öpdü. Qadın heyrətləndi.

“Əsas əngəli aşdıq, gözəlim” deyərək qızarmış çörək parçasına bir boyaqçı kimi kərə yağı yaxdı. “Buradan yola çıxaraq irəliləyə bilərəm.”

“Kimin dili bu, tapa bildinmi? Hansı millət bunlar?”

“Fikrimcə qəribə bir türk dili ilə qarşı-qarşıyıq...” dedi, xidmətçinin qəhvə süzməsini bir xeyli gözlədikdən sonra. 

“Aman allahım”, dedi qadın. “Bu Vyanaya qədər gəlib çıxan barbarlarınmı ata dillərini çözürsən? Bu qədər əziyyətin buna görəmi?”

“Tam əmin deyiləm, amma bəşəriyyət üçün çox  mühüm bir tapıntının ərəfəsindəyik.Bu sirli yazıların sahibinin türklər olub, olmadığının dəqiqiliyini ancaq d-r Radlovdan öyrənmək olar.Amma məktubuma aylardır cavab vermədi...” dedi.

“Bəlkə də sabah gələn məktub ondandır, heç baxmadan sinidə sənə gətirmişdim...” dedi qadın.

Tomsen “Nə üçün söyləmədin?” deyə qışqırdı. Qaçaraq üst mərtəbəyə çıxdı. Kitab yığınının arasına düşmüş zırfi paralayaraq açdı. Radlov təklifi qəbul edirdi:

“Dəyərli Tomsen. Təklifini sevinclə qəbul edirəm. Mənim də səndən soruşacağım bəzi şeylər var; üz-üzə danışmaq yerində olar. Sorduğun soruya gəlincə: bu insanlar dəqiq türklərdir. 25 iyun 1892-ci ildə, şənbə günü bütün dəstəmlə yazıların olduğu yerdə düşərgə salacağıq. Müsafirimizsiniz. Sonsuz sayqılarımla, Radlov.”


İyun olmasına baxmayaraq Orxon vadisində iki gün idi ki, yağışlar ara vermirdi. Nəysə ki, bu gün yay mövsümünün ucunu göstərən günəş iki alimin ruhunu oxşamış, yazıların olduğu kutsal məkanda həc ziyarətindəymişlər kimi özlərinin də heyrətləndiyi kimi şükranlıq duyğusu yaşamışdılar. Tomsen iki il boyunca özünü əldən salan mətnlərin yazıldığı abidəyə  kürəyini dayayaraq qutsal əmanətləri əli ilə oxşayırmış kimi  yazıları tumarlayırdı. Sanki min üç yüz il əvvəlki insanlar bir azdan  səfərdən gələcək, ocaq başında söhbət edəcəkmiş – zamanın və məkanın bir anda qeyb olduğunu hiss etdi.

Əslində, yola çıxmadan öncəki bir ay içində haradasa bütün əlifbanı çözmüşdü. Boyun ağrılarıyla çalışarkən iş masasında ümidsizcəsinə götür-qoy edərkən heç bir irəliləyişin olmamasına, kağızlara əlini belə vurmamasına rəğmən, masadan durmamasının mükafatını almış, başında digər bir testi də yoxlamağın vacibliyini ərinmədən gerçəkləşdirərkən beynində, nəhayət o şimşək çaxmışdı. Yenidən çincə mətnə dönməliydimi? Axı çincə mətndə bir çox şəxslərin adı vardı. Bu qəribə adları yoxlayarkən Yenisey abidələrində də o adların sıx-sıx keçdiyini aşkarladı.

Hərfləri böyük ölçüdə aşkarladığını dostuna bildirməyə daha qərar verməmiş, iki günlük dartışmalarda anlamsız suallar və cavablarıyla qarşısındakının fikrini qarışdırdığını fərq etdi.

Çadırda apardıqları mübahisəni kəsib, bayırda taxta bir masada çubuqlarını yandıraraq şahmat oynamağa başladılar. Radlovun bir piyadasını alırkən, “Mən böyük ölçüdə çözdüm hərfləri, dostum...” dedi.

Radlov önə əyilməkdənmi, piyadasını itirdiyindənmi, yoxsa qısqanclıqdanmı sallaq bığı və pörtmüş sifəti ilə ona sarı döndü və səssizcə Tomseni süzdü.

“Çincədən yola çıxdım. Sıx-sıx keçən şəxs adlarının son hərfi mənə yol göstərdi...”

“Tengrinin sonundakı “i”mi?” çatlaq, titrək bir səslə Radlov soruşdu.

“Bəli. Bunun xüsusi bir ad olmayıb, türklərin bu gün də işlətdiyi Tanrı anlamındakı tengri olduğunu düşündüm. Sonra Kül tiginin daşı mənə yol göstərdi. Bu hərflə birlikdə bəzi hərf kümələrindən biri yalnızca çincə mətndə - çüe tö çin - Kül tikin yazısında da vardı. Bu hərf küməsini Kül tigin kəlməsinin hərfləri ilə qarşılaşdırdım...”

“Kül tigin və tengri kəlmələrinin hərflərini doğru olaraq əldə etdikdən sonra zatən hər şeyi çözmüsən...”

“Bir neçə saat içində həm də...” dedi Tomsen, uzun üzünü süsləyən mavi gözlərindən işıqlar saçaraq. Amma həm də peşman oldu – dostunu üzmüşdü.

Gün boyu gah abidələrin arasında, gah vadidə gəzinərək bu insanların kimlər olduğunu dartışdılar. Gecə çadırda yataqlarına uzanmış, şam işığının sehrli aurasında söhbətə davam etdilər:

“Çin qaynaqlarına görə” Radlov dedi, “uzun zaman köləlik həyatı yaşamışlar, dağlarda mədənçilik işi görmüşlər, məharətli dəmirçilər olmuşlar. Sonra böyük bir dövlət qurmuşlar. Amma elə-belə ordan-burdan yığılan toplum deyil, təşkilatlanmış bir dövlətə sahib olmuşlar. Çinlilər bunların inkişaf etmiş dövlətində iyirmi səkkiz rütbə saymış. Güclü, hünərli gənclərə dəyər verir, yaxınlarından biri ölüncə qəribə tərzdə yas tutar, acı günlərində töküləcək göz yaşları ilə eyni anda axsın deyə bıçaqla surətlərini kəsərmişlər...Bəlkə, çözəcəyin mətnlərdə bunları da tapacağız...”

“Çözəcəyimiz...”, qatlanıb-açılan çarpayısında siqarını yandırarkən dedi Tomsen.

“Təvazökarlığa gərək yox” , Radlov dilləndi. “Bu işi siz başardınız. Sayğım sonsuzdur size...”

“Ben en çok Kül tigini düşünürəm. Anlaşılan, önəmli biriydi. Hərfləri çözməmə də onun adı vəsilə oldu...”

Birden şam işığı ürpərdi, titrədi və söndü. Ay işığının çadıra düşən alacalığından böyük bir gövdə göründü.

“Mənimi çağırdınız?” dedi.

“Sən kimsən?” Radlov dili tutularcasına dedi.

“Mən Kül tiginim!”

Çadırın içində soyuq  külək qasırğa kimi dönüb ağır bir uğultuyla əsir, iki alim qorxudan və heyrətdən tir-tir titrəyirdi. Adam tam büsatlıydı: başında dəbilqə, əli belindən asılı iri qılıncın qəbzəsində.

“Mənim haqqımda hər şeyi bu yazılardan tapacaqsınız. Yalnız necə öldüyümü yazmayıblar!”

“Necə, necə öldünüz ki?” adamın  arxaik türkcəsini qırıq-tökük anlayan Radlov dedi.

“Əlbəttə ki, bir savaşda... Bir xain arxadan mızraqla vurdu məni...”

İki alim qaraltının böyründə hələ olacaq kimi qapqara qanın parıltısını gördü.

“Anlaşıldı, siz yabançısınız! Nəvələrim harda mənim?” deyə axan qana əhəmiyyət verməyən Kül tigin üzüntülü bir səslə soruşdu. “Bu yazılı abidələr, oxunsun, dərs çıxarılsın deyə bunca zəhmətlə tikildi!”



                                                                                                                  Çevirən A.Qaradərəli






                                                        Ahmet Yıldızın Bakıda çap olunan kitabı







Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)