Edebiyyat.az » Proza » Mircavid Ağalarov - Dəli İsi (hekayət)

Mircavid Ağalarov - Dəli İsi (hekayət)

Mircavid Ağalarov - Dəli İsi (hekayət)
Proza
admin
Müəllif:
17:37, 13 iyul 2020
1 545
0
Mircavid Ağalarov - Dəli İsi (hekayət)






Bizim kənd vüqarlı bir dağın təpəsində yerləşmir, heç nəhəng bir çayın sahilində də deyil. Yayda günəşin qızmar şüalarından öz payına alan, düzənlikdə yerləşən bir kənddir. Tək su mənbəyi isə Kürdən çekilmiş süni bir kanaldır. Torpaq özü də məhsuldar deyil, hər əkilən bitki üçün çox əziyyət çəkilir. Doğrusu, insanlar necə olub ki, belə bir yerdə yaşamağı qərarlaşdırıblar, onu da anlamıram.

 Heç təzə salınmış kənd də deyil bizim kənd, qonşumuz Natiq dayının dediyinə görə onun babasının babasının babası bu kənddə nəib olub, amma özündən soruşsan, nəibin nə olduğunu bilmir, tək bildiyi şey yaxşı bir vəzifə olduğudur .

Kənddə hamı bir-birini tanıyır, bu da kəndə ayrıca bir rəng qatır. Mən min nəfərlik kənddə 100 nəfər tanıyıram-tanımaram, bunu da qonşumuz Rəna xalaya borcluyam. Amanın günüdür, onu yolda görəsən, salacaq səni çənəsinin altına, kənddə son 100 il ərzində baş verən hər şeyi danışacaq. Rəna xalanın da bir rəfiqəsi, daha doğrusu qeybət yoldaşı var, Solmaz xala, onunla bir yerə gələndə qeybətlərinin miqyası təkcə kənd ilə kifayətlənmir, hətta sonuncu dəfə kəndə gələndə onların söhbətlərinə qulaq asdım və həqiqətən də çox heyrətləndim. Solmaz xala Hillari Klintonun bir azərbaycanlı kişi ilə yatdığından danışırdı. Heç ABŞ-ın keçmiş birinci xanımının adını tələffüz də edə bilmirdi, Hillari Klinton yerinə  Hilayri Qlintan deyirdi. Bu qeybətlərin içərisində ömürlük yaddaşıma həkk olunan, sonuncu dəfə kəndə gələndə vəfat etdiyini eşitdiyim dəli İsinin həyat hekayəsidir.

Mənim uşaqlıq xatirəmdə həmişə İsi dəli olub. Heç danışa da bilmirdi, qəribə səslər çıxarıb, həmişə əl-qol hərəkətləri ilə öz fikrini izah etməyə çalışardı. Özü heç kimə zərər verməzdi, hətta bizi məhəllədəki itlərdən qoruyardı. Düzdür, bir gün uşaqlar ilə top oynayanda  gəlib topumuzu götürdü və gülərək qaçdı. Biz uşaqlar ilə çox əsəbləşdik, amma onun arxasınca getmədik, nəticə olaraq hamımız, zərərsiz olsa da, dəli İsidən qorxardıq. Dostum Rəsul qaçaraq getdi və bu hadisəni atasına danışdı. Rəsulun atası qəzəbli kişi idi, üzündən həmişə zəhirmar tökülərdi, xəbəri eşidən kimi də yerindən sıçrayıb "Qələt edir o" deyərək küçəyə çıxdı. Biz dəli İsinin getdiyi istiqaməti göstərdik, Rəsulun atası da qəzəbli şəkildə, iri addımlar ilə o istiqamətə getdi. Biz də onun arxasınca. Gedib nə görsək yaxşıdır? Dəli İsi bizim topu yerdə oturub ağlayan bir uşaqa verib. Uşaq da ağlayaraq top ilə oynamağa çalışırdı. Dəli İsi bizi görən kimi gülməyə başladı, hətta bizim məyyus olduğumuzu görüb, kefimizi açmaq üçün əl çalaraq, qəribə səslər çıxarmağa başladı.

Bir aralar dəli İsi əlində bir qızıl gül bütün kəndi gəzərdi. Uşaqlar ilə bir dəfə onun əlindən qızıl gülü almaq istəsək də, əsəbləşdi və qəribə səslər çıxaraq başaladı qaçmağa. Bu da bizə dərs oldu, qorxumuzdan bir də elə bir şey etmədik. Gün keçdikcə İsinin əlindəki gül yavaş-yavaş solurdu, tam solduqdan sonra isə artıq ləçəkləri tökülməyə başladı. Bu hadisə dəli İsini çox qəmgin edirdi. Yerə düşən hər ləçəyi götürüb cibinə doldururdu, amma elə bir gün gəldi ki, gülün üstündəki bütün ləçəklər töküldülər. Bundan sonra dəli İsi dinməz-danışmaz oldu. Elə hey bir küncdə oturub, gülün saplığına baxardı. Dəli İsinin belə olması biz uşaqları da pis edirdi. Ondan nə qədər çəkinsək də, onu sevirdik. Rəsul evlərindən bir süni qızıl gül tapmışdı, onu gətirdi, verdi dəli İsiyə. Dəli İsi yenə də ilk günlər qəmgin gəzirdi, elə düşünürdü ki, bu gül də quruyacaq, amma bu gülün quramadığını görəndə əvvəlki halına qayıtmışdı, yenə gülür və qəribə səslər çıxarırdı. İndi anlayıram ki, əslində o qəribə səslər çıxarmırdı, biz ilə danışmağa cəhd edirdi, sadəcə biz onu anlamırdıq.

Günlərin bir günü Rəna xala ilə yolda qarşılaşdım. Rəna xala bazardan gəlirdi, mən də ona yüklərini daşımaqda kömək etdim, bunun qarşılığında Rəna xala məni qeybət ilə mükafatlandırdı. İlk olaraq, Qəzənfər kişinin qızının qoşulub qaçdığından danışdı. Elə qızın qoşulub qaçmamışdan iki gün əvvəl nə geyindiyini danışırdı ki, dəli İsi keçdi qarşımızdan. Dəli   İsini görüb, Rəna xala dedi ki, "Bu bədbəxtin oğlu da qaçırtmaq istəyirdi də, amma olmadı". İlk dəfə Rəna xalanın dediyi bir şey mənə maraqlı gəldi və mən bu haqda danışmağını istədim, o da danışdı.

Sən demə, dəli İsinin əsl adı İsmayıl imiş, babası öləndən iki il sonra doğulub deyə ona babasının adını qoyublar. Babası İsmayıl kişi kəndin ən varlı, başqa sözlə desək, ən hörmətli adamlarından imiş, ona görə İsmayıl kişinin adını "müəllim", "əmi", "yoldaş" kimi başlıqlar olmadan çəkməyə öyrəşmədikləri üçün, bütün kənd balaca İsmayıla İsi deyərmiş. İsi uşaq ikən normal imiş, hətta yaşı çatanda gedib Bakıda universitet belə oxuyub, sonra qayıdıb kəndə, kənddə atası ona yaxşı bir iş düzəldib. İsi hər gün işinə gedər, özündən böyük 3 qardaşından fərqli olaraq kənd camaatı ilə hal-xətir tutar, özünü "göy" ilə aparmazmış. Bir dəfə İsi kənddən bir qıza aşiq olur. Gəlir, anasına deyir. Anası da atasına deyir, atası isə qəti şəkildə buna qarşı çıxıb. Əslində hekayənin bu hissəsində biraz qarışıqlıq var: Rəna xala deyir ki, İsinin atası qızın atası ilə düşmən idi, ona görə bu evliliyə qarşı çıxır, amma Solmaz xala deyir ki, qızın atası kasıbdır deyə İsinin atası qarşı çıxıb. Hər ikisinin isə razılaşdığı bir məqam var ki, İsinin atası bu evliliyə qarşı çıxıb. İsi də tək çıxış yolunu qızı qaçıtmaqda görüb, elə qızı qaçırtmağa hazırlaşırmış ki, bu gedib İsinin atasının qulağına çatır. İsinin qardaşları İsini bunun üstündə çox qəddarca döyüblər, elə döyüblər ki, İsi bu vəziyyətə gəlib. Kəndin sevimlisi İsi, kəndin dəlisi İsiyə çevrilib.

Sonuncu dəfə kəndə gələndə İsinin öldüyünü eşitdim. Elə yolun qırağında yerə uzanıb, birdə oyanmayıb. Heç kəs də bilmir, o nədən öldü. Məni bu xəbər həqiqətən də kövrəltdi. Dedim, gedim kənd qəbirstanlığa, heç olmasa bir İsinin məzarına baş çəkim, Solmaz xala demişdi ki, kənd əhalisi toplaşıb öz arasında pul yığıb, basdırıblar onu, heç qardaşları İsinin meyidinə də yaxın gəlməyiblər. Solmaz xala mənə məzarın yerini də demişdi, elə qonşu Qəzənfər kişinin yanında basdırıblar dəli İsini.

Getdim qəbirstanlığa. İsinin qəbirinin başında bir qara geyimli qadının olduğunu gördüm. Qadın ağlayırdı. Qadının əlində bir süni gül var idi. O gülü görüb, onları yalnız qoydum.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)