Vladimir Korotkeviç - Kitabdaşıyanlar
Proza
Vladimir Korotkeviç - Kitabdaşıyanlar
... Şam meşəsi - dua etmək, ağcaqayınlıq - sevmək, palıd meşəsi - iradəni möhkəmlətmək, küknar meşəsi isə ruhunu şeytana satmaq üçündür deyirlər.
Bura küknar meşəsi idi.
Meşə təxminən qırx verstə qədər uzanırdı və bütün bu verstlər boyu zirvələr nə qədər səs-küylü idisə, quru yosunlu budaqlar, bozumtul məryəmnoxudu bitkiləri və uzaqdan ləkələrə bənzər seyrək mamırla örtülmüş meşənin aşağı hissəsi bir o qədər sükuta bürünmüşdü.
Burada hər şey çətinliklə bitirdi, hər bir udumluq hava, hər bir zərrə günəş şüası üçün mübarizə gedirdi. Ona görə də buradakı zəhərli göbələklər belə qan rəngində idi, hətta üzəri iynələyarpağlarla örtülmüş sarı göbələkləri ayağınla vurduğun zaman onlardan sanki sarı qan axırdı.
Hardasa yolun yarısından sonra meşənin səs-küyünü yaxınlıqdan axan kiçik çayın şırıltısı bir anlıq kəsirdi, sonra isə iyirmi verst meşənin uğultusu yenidən davam edirdi. Çayın o biri tayında hər şey eynilə bu tayda olduğu kimi idı və ... həm də tamam fərqli idi.
O tayda Prussiya yerləşirdi.
Küknar ağacları eyni idi və bununla belə başqa cür - Prussiya ağacları idi, yosunlar da Prussiya yosunu, sarı göbələklər, və hətta meşənin səs-küyü də Prussiyasayağı idi. Və orada yaşayan hər kəs də quşüzümü bitən bir təpəcik görəndə giləmeyvə dənəciklərini qanla müqayisə edir, bu zaman ancaq prussak qanını nəzərdə tuturdu.
Meşə kənarından təxminən dörd verst aralıda sıx meşədən və bataqlıqlardan təmizlənməsi mümkün olmuş yeganə sahədə sərhəd qarovulu məntəqəsi yerləşirdi. Buradakı hərbçilərə Prussiya tərəfdən qaçaqmalçılar gəldikdə onları tutmaq əmri verilmişdi və yerli kənd kişilərinin və qadınlarının sərhəddi keçərək, qohumlarının evinə xaç suyuna salma mərasimlərinə və ya toylara getməsinə icazə verilmirdi. Belə hallar təqdir edilmirdi, çünki o taydakı qohumlar eyni dildə və eyni ləhçə ilə danışsalar belə, Prussiya vətəndaşı idilər və hər bir normal insan kimi çara deyil, krala vergi ödəyirdilər.
Ümumiyyətlə, əvvəllər sərhəd məntəqəsində olan əsgərlər buna çox əhəmiyyət vermirdilər; maaşları az idi, ona görə hər bir kəndlinin dalınca qaçmayacaqdılar ki?.. Gedirlər, qoy getsinlər özləri üçün. Ancaq bir il olardı ki, vəziyyət tam dəyişmişdi və belə halların qarşısını ən sərt şəkildə almaq əmri verilmişdi.
Hansısa şəxslər, övladlıq hisslərinin aşıb-daşdığı zaman “minnətdarlıqlarını” nümayiş etdirərək xilaskar çara iki bomba atıb onu partlatmışdılar. Misli görünməmiş və Tanrının xoşuna gəlməyən iyrənc bir iş idi. Buna görə də qatilləri asdılar, sui-qəsd yerində isə qırmızı qranitdən məbəd tikdilər.
Lakin, ümumilikdə heç nə dəyişməmişdi. Əzabkeş məzarda, ailəyə məxsus çar türbəsində əbədi yuxuda idi, aranı qatanlar isə hələ də fitnə-fəsadlarından əl çəkmir və insanları qiyama sövq edirdilər. Buna görə sərhəd qaravulu yatmamaq məcburiyyətində qalmışdı: xaricdən - Litva, Rusiya, Polşadan - gələn hökumət əleyhinə fəaliyyət və qiyam fikirləri yayan kitablar çoxalırdı, son vaxtlar hətta danışırdılar ki, yerli insanlardan bəziləri də belə düşünməyə başlayirlar.
İndiyə kimi bu kitabları hələ heç kim şəxsən görməmişdi, ancaq hamı onlardan danışırdı. Gah latın, gah da mülki kiril əlifbası ilə yazılmış belə kitabların mövcudluğu iddia olunurdu və bu ikili qeyri-müəyyənlikdə həyəcan doğuran və qorxu yaradan nə isə var idi.
Bəlkə də qiyamçı fikirlərin mənbəyi də məhz burada idi. Yerli kitablara, yerli ləhcələrə artıq çoxdan idi ki, gizli olaraq rəsmi qadağa qoyulmuşdu. Kim bilir, bəlkə də aranı qarışdırmaq istəyən təhrikçilər öz düşüncələrini təbliğ etmək üçün yeni bir kanal tapmışdılar?
Xırdavat malları aparanları, xüsusilə də sərhədlərdən yan keçərək belə kitabdaşıyanları izləmək və tutmaq əmr olunmuşdu, çünki onlar təhlükəli ola bilərdilər. Bu işlə isə lap çoxdan bəzi yerli kəndlilər məşğul olurdu. Savadlı adamlar xaricdə çap olunmuş kitabları və rəsmləri alırdılar, çünki onlar daha ucuz idi, xüsusən də gömrük onların qiymətlərini qaldırmırdısa. Xaricdə isə hər cür kitab çap olunurdu: Litva, polyak, rus dillərində - əsas odur ki, kitab satılsın.
Kitabdaşıyanlar üçün çətin vaxtlar gəlmişdi.
Axı, heç kim düşünmürdü ki, təhrikedici vərəqələrin və qiyama səsləyən kitabların müəllifləri və naşirləri yazdıqlarını bu şəkildə, savadsız kitabdaşıyanların qutularına dolduraraq sərhəddən keçirmək arzusuna düşə bilər. Hərçənd ki, başqasının ağlına gələni bilmək olmaz ... Bu insanlar çox hiyləgər idilər. Kitabın imperiyanın geniş ərazilərinə keçə biləcəyi bütün gizli kanalları bağlamaq daha yaxşı fikir idi.
Üstəlik, bu nazik kitabların görünüşündə, sözlərin səslənməsində belə bir qiyam ab-havası hiss olunurdu... Gizli. Təhlükəli. Çarı öldürənlər arasında buradakı yerli adamlardan ikisinin də olması təsadüfi sayıla bilməzdi. Rus kitablarının da xaricdən gəlməsi hələ heç nə demək deyildi. Bu daha da pis hal idi, ona görə ki, çoxlu sayda insan onları oxuya bilərdi, çünki qatillərin başçısı rus idi.
Sərhəd qarovulundan olanlar kitabdaşıyanları tuturdular, bəzən hətta onlara atəş də açırdılar. Bəhs etdiyimiz sərhəd mühafizə dəstəsində bu işə çox diqqətlə yanaşırdılar. Bu sərhəd kordonunun komandiri Bıxovsk almanlarından olan poruçik Volke idi. Onu bu gözdən uzaq yerə, hətta zabit üçün qəbulolunmaz dərəcədə çox içki içdiyinə və qumar oynadığına görə göndərmişdilər. İndi cəngavərin silahdarına bənzəyən, simasında məsum mələk təbəssümü sönməyən bu solğun bənizli sarışın kişi qüsursuz xidməti ilə özünü doğrultmağa çalışırdı. Bundan əlavə, onun həmişə pula ehtiyacı olurdu, tutulan hər bir qaçaqmalçıya görə isə müəyyən məbləğ ödənilirdi.
Sərhəd keşikçilərindən beş nəfəri, deməzdim ki, Ferdi Volkeyə hörmət etmirdilər, lakin onun haqqında istehza ilə danışırdılar. Mənfəət arxasınca qaçanlar bu kasıb insanların rəğbətini qazana bilməzdilər.
Ferdi ilə bağlı hər şey gün kimi aydın idi. Lakin digər bir zabit, praporşik Oleq Butkeviçə münasibət birmənalı deyildi. O, bir tərəfdən sadə və yaxşı adam idi, söyüş söymürdü, heç kimə əl qaldırmırdı, hətta boş vaxtlarında fleyta da çalırdı, digər tərəfdən isə çox qapalı, təmkinli idi, heç vaxt əsgərlərlə zarafat etməzdi. Məlum məsələdir - karyera qurmaq niyyətindədir, amma belələrindən hər zaman ehtiyat etmək lazımdır: başqası məsələni sadəcə bir-iki sillə vurmaqla həll edərdisə, bu mütləq səni məhkəməyə verəcəkdi.
Bu məsələdə əsgərlər yanılmırdılar. Butkeviçin atası kiçik bir malikanədə təsərrüfat işlərinə cavabdeh idi, oğluna kömək edə bilmirdi və buna görə Oleq, həqiqətən də, ən axmaq əmrləri belə müzakirə etmədən dəqiq yerinə yetirmək məcburiyyətində idi.
Lakin əsgərlər bunun Butkeviç üçün nə qədər çətin olduğunu bilmirdilər. Sabahın general polkovniki (bundan aşağı rütbəyə razı deyildi!) müharibə və sevgi mövzusundakı romanlar üzərində tərbiyə almışdı. Atasının xidmət etdiyi ev sahibinin kitabxanasında belə kitablar çox idi və o, vaxtını günlərlə kitab oxumaqla keçirirdi. İndi isə hərbi qulluğun çətinliklərinə və əsgər şineli kimi boz, solğun günlərə məhəl qoymadan, bu günləri məzmunlu və mənalı edən vəzifə borclarını səylə yerinə yetirirdi. Müharibə və ya hamının ondan danışmasına imkan verəcək bir qəhrəmanlıq göstərməyi arzulayırdı. Əvvəlcə onu poruçik, sonra kapitan və sonra ... bir də gördün ki, ona bir ordu da həvalə elədilər.
- Siz, Oleq, lap qaraçılara bənzəyirsiniz, - Volke zarafat etdi. – Bir-iki - və budur may yetişdi...
Lakin Butkeviç onun bu zarafatlarına məhəl qoymurdu. Əmrləri yerinə yetirir, qəhrəmanlıq göstərməyi arzulayır, romantik sevgi haqqında düşünürdü, zəngin bir panın qızı ilə qoşulub qaçmağı xəyallarında canlandırırdı, ya da bir kəndli qızı ilə dəyirmanın yanında nə vaxtsa baş tuta biləcək görüşü təsəvvürünə gətirirdi, bu sevginin hətta sevgililərindən birinin ölümü ilə bitəcəyi və ya, ola bilsin ki, toyla nəticələnə biləcəyini xəyal edirdi. Sabahın generalının bir kəndli qızı ilə evlənməsi çox romantik görünə bilərdi. Günlərin birində saçları ağarımış, lakin gənc görünən, şöhrəti ətrafa yayılmış general, onu tək buraxmaq istəməyən və hər yerdə müşayiət edən həyat yoldaşı ilə birlikdə səfərdən qayıdacaq. Onu qarşılayanlar yaxşı mənada həsəd apardıqlarını gizlətməyərək, deyəcəklər ki, belə cavan yaşında artıq generaldır, o xanıma baxın bir hələ - kəndli qızı idi ("Ah, bu romantik evliliklər ... Ay səni şeytan, ay general!"), görün hələ bir fransız dilində necə əla danışır və onu da çox sevir. Gələcək generalın özünün fransızca pis danışa bilməsi onu narahat etmirdi.
Beləliklə - qəhrəmanlıq və sevgi, məhəbbət.
Həyat proqramının ikinci hissəsini praporşik artıq həyata keçirməyə başlamışdı: təsadüfən yerli yarmarkada yaraşıqlı bir qızla tanış olmuşdu və səkkizinci dəfə idi ki, onu görmək üçün yeddi verstlik məsafədə olan qəsəbəyə gedirdi. Qızın çox gözəl adı vardı - Ganusya, və özü də gələcək romantik hekayə üçün olduqca uyğun gəlirdi: mavi gözlü, sakit, təvazökar idi, hər bir hərəkətində daxili bir güc, qüvvə hiss olunurdu. Yerişi isə ... Yeriş deyildi, bir möcüzə idi! Sanki göldə qu quşu üzürdü ... Bir sözlə, bu baxımdan Butkeviç özündən tamamilə razı idi.
Və bu heç də təəccüblü deyildi. Axı onun cəmi on doqquz yaşı vardı.
...Bu axşam onlar pusqu quracaqdılar: üç əsgər və qaçaqmalçıların tutulmasında şəxsən iştirak etmək şansını qaçırmayan Volke.
Baxmayaraq ki, Butkeviçin növbəsi hələ çatmamışdı, o da pusquya getmək arzusunu bildirdi. Qəhrəmanlıq göstərmək fürsəti hər an yarana bilərdi və onu əldən vermək Oleqi məyus edərdi.
Volke çiyinlərini çəkdi. Nə deyirəm ki, istəyirsə qoy getsin. Düzdür, ardınca kobud bir zarafat da etdi:
- Düşünürsünüz ki, o sizi daha çox sevməyə başlayacaq? Gənc xanım onsuz da sizin onunla münasibət qurduğunuza görə hədsiz dərəcədə sevinir.
- Sevinir ya yox, deyə bilmərəm, amma düşünürəm ki, mənə qarşı tam laqeyd deyil, - deyə Butkeviç təvazökarlıqla cavab verdi. - Sonuncu dəfə, məsələn, mənim mehriban və xeyirxah olduğumu dedi.
- Görürsünüz. Sizin məhəbbət hekayəniz öz axarı ilə gedir və cazibədar gözlər naminə, and olsun Tanrıya ki, kollarda donmağa dəyməz. Bir aydan sonra artıq siz onu öpəcəksiniz. Üç-dörd aydan sonra istəyinizə çatacaqsınız. Bəlkə bir qədər də tez, bu artıq sizin fərasətinizdən asılıdır. Lakin dörd aydan gec olmayaraq.
- Ola bilər, - deyə Butkeviç razılaşdı. - Əgər o vaxta kimi mən onunla evlənsəm.
Ferdinin üzündəki mələk təbəssümü itdi.
- Bəsdirin görək, praporşik. Siz məgər kənd qızlarını tanımırsız? - Və çox oxşar tərzdə onları yamsılamağa başladı: - Ay qızlar! Ay rəfiqələr! Bu nə etmək istəyir! .. Burax məni, axmaq, burax deyirəm, yoxsa ...
Son söz ədəbsiz idi, yəni "halım pis olacaq" mənasında. Butkeviçin üzü qızardı və o, fleytanı kənara qoydu.
- İstəməzdim ki, bəlkə də gələcək həyat yoldaşımın yaşadığı mühit haqqında belə bir tərzdə danışasınız.
Volke onun arxasında barmağını gicgahına dirəyərək fırlatdı. Sonra da dərindən ah çəkdi.
- Yaxşı, bəsdir daha. Zaman göstərər. İndi isə hazırlaşmaq lazımdır.
Bu gecə xüsusilə diqqətli olmaq və sərhəddi qorumaq lazım idi: uzun müddət şayiələr gəzirdi ki, kitabdaşıyanların ən məşhuru olan Korç yaxın üç gecədən birində xaricdən qayıdacaqdır.
Bu barədə Plavutiçi kəndinin sakini Evhim Spisa yerli qəlyanaltıda ona qəzəbli olduğu zaman təsadüfən ağzından söz qaçırmışdı. Qəzəb, kin öz yerində, amma nə Evhim, nə də kəndlilərdən başqa birisi bu barədə heç nə demədi.
Çuğulları və xəbər aparanları sevmirdilər. Çuğula hətta salam verməyə belə heç kim cəsarət etməzdi. Buna görə həm sərhəddə xidmət edənlər, həm də gömrükçülər xaricə gedənlərin hamısını yalnız ləqəbləri ilə tanıyırdılar, lakin o ləqəblərin arxasında kimin gizləndiyini bilmirdilər.
Korç onların arasında ən məşhuru hesab olunurdu - o, üç yüz dəfə kitablarla sərhəddi keçmişdi, lakin sərhədçilərdən heç biri onun üzünü belə görməmişdi. Yalnız bir dəfə onların bəxti gətirdi və Korçun dəri ayaqqabılarının böyük izlərinə rast gələ bildilər. Ayaq izlərindən bəlli olurdu ki, bu adam pəhləvan cüssəli biri idi. Və çox güman ki, həm də silahlı idi. Lənət şeytana! Hər dəfə də yeni yolla gedirdi. Bu yolların isə sayı-hesabı yox idi.
Nə Volke, nə də Butkeviç Evhim Spisanın danışdıqlarına inanmırdılar. Sərxoş adam ağlına gələni danışa bilər. Onlar hara gedəcəklərini belə dəqiq bilmədən hərəkət edirdilər.
Lakin, hər şey bu gecə baş verdi.
Pusqu quran dəstə gecənin qaranlığında bataqlığı keçdi. Qaranlıqda həyəcanverici quş səsləri eşidilirdi: dörd tərəfdən uçub gələn ördəklər gecələmək üçün bir yerə toplaşırdılar. İndi necə də insanları deyil, ördəkləri ovlamaq yerinə düşərdi: qoşalülədən açilan atəşin səsini, ovlanmış quş cəsədinin yumşaq otların üstünə düşdüyünü hiss etmək və pusqu qurduğun yerin yaxınlığında sənin tükünü belə qırpmadan durduğuna aldanaraq uçan böyük bir danquşunun kölgəsini seyr etmək həqiqətən də zövq verərdi.
Ancaq, bura ona görə gəlməmişdilər.
Onlar bataqlıqdan və kolların arasından keçib, meşənin sıx yerinə, kəndin otlaqına gedən vəhşi qabanların yolunun yaxınlığında əyləşib gözləməyə başladılar. Qarşılarında küknar meşəsi, qara fındıq və sıx itburnu kolları ilə örtülmüş bir yamac göründü.
... Gecə yarısı ayaq səsləri eşitdilər. İki nəfər gəlirdi. Ancaq onlardan biri o qədər səssiz addımlayırdı ki, yol yoldaşının yöndəmsiz və kobud addımlarının səsi də diqqətlə qulaq asdıqları üçün eşidilirdi. Düzdür, bu ikincisi də ehtiyatla, yəni, əsgərdən daha sakit addımlayırdı, lakin yenə də bəzən onun ayağının altında yerdəki quru budaqlar xışıldayırdı.
İnsan kimi meşədə heç kim səs-küy salmır.
Addım səsləri yaxınlaşanda Volke qışqırdı:
- Tərpənmə! - Vuracağam!
Bu iki nəfər yerindəcə donub qalmışdı. Və yenə də, bir dəqiqədən sonra, birinin hərəkətlərindən onların qaçdıqları məlum oldu. İkincinin səsi belə eşidilmirdi və əsgərlər hətta onun yerində durub qaldığını düşündülər.
Açılan atəşin alovu sanki zülmət qaranlığı yarıb keçdi. Atəşi poruçik açdı. Sonra əsgərlərin açdıqları atəşlərin gurultusu ətrafı bürüdü: güllələrin dəyib qırdığı budaqların və yarpaqların yerə düşdüyünü aydın eşitmək olurdu.
Kolları qıraraq Volke Butkeviçin yanından keçib qaranlığa tərəf qaçdı.
- Dayan! Tutdum! Tutun onu, praporşik, saxlayın! Aha, burdasaan!
Əsgərlər poruçikin ətrafına toplaşdılar. Biri kibrit yandırırdı, bir fənərin işığını...
- Səsə atəş açdım, - Volke tənginəfəs səsləndi. - Bu səs-küy yaradan idi. Qaçın ... İkincisini tutun ... Lənət şeytana!
Lakin təqibi davam etdirmək mümkün deyildi. Ətrafdakı qaranlıqda insan hətta öz ovcunu belə görə bilmirdi. Yalnız bircə dəfə, hardasa uzaqda, sanki kiminsə büdrəməsi nəticəsində quru budaqlar şaqqıldadı.
Fənərin işığında cığırın ortasında yerə sərilmiş on yeddi yaşlı bir oğlan görünürdü. Onu tutub saxlamağa ehtiyac yox idi: poruçikin gülləsi oğlanın gicgahından dəyərək başın arxa hissəsindən çıxmışdı. O, kürəyi üzərinə yıxılmışdı, sanki yad əllərə vermək istəmədiyi kitablarla dolu iri qutunu bədəni ilə örtmüşdü.
- Fənəri söndürün, - Volke dedi. - Hamımızı it kimi gəbərdərlər.
- Çətin ki, bunlarda silah olsun, - deyə Butkeviç dilləndi. - Bunlar, axı, kitabdaşıyanlardır.
- Fərqi yoxdur, bir zibildilər.
Yalnız buradan uzaqlaşıb yenidən bataqlığı keçdikdən sonra Volke hirsli şəkildə dedi:
- Vaxtında düşünmədik. Bəlkə bu ölən qaçanın qohumu idi, onun bacanağı düşürdü. Pusqu qurub gözləmək lazım gələcək. Getdiyimizi göstərib gözləmək lazımdır. Qayıdaydı kaş. Heç şübhəsiz ki, bu Korç olacaq.
Susdu.
- O məhz elə ona görə də qaçdı. Elə bildi digəri də qaçır.
- Bəsdirin, lazım deyil, - dedi Butkeviç. - Siz quzğunsunuz?
- Niyə də yox? .. Qaranlıqda bu cür sərrast atəş açmaq hər adamın işi deyil!.. Nədir, siz yoxsa peşman olmusunuz?
- Çox gəncdir, - deyə Butkeviç başını tərpətdi.
- Ba-ba-ba. Heç vecinizə də almayın. Onsuz da cəsədin dalınca gələcəklər, belə düşünürəm. Dəfn etməmiş saxlamayacaqlar ki burada... Bir sözlə, boş şeydi!
Meyiti volost hakimiyyəti yerləşən binanın hasarının dibində qalın otun üstünə uzatdılar. Qəsdən oğlanı ora qoydular ki, görüb tanısınlar və kimliyini müəyyənləşdirə bilsinlər. Volke praporşiki burda qoyub, hesabat vermək üçün uyezdə getdi.
Butkeviç əsəbiləşirdi. Poruçik yenə də ən xoşagəlməz işi ona tarşırmışdı. Meyitə baxmaq tükürpəşdirici bir şey idi: cavan, sarışın və qıvrım saçlı, cansız simasında qəribə bir təəccüb ifadə olunurdu... Heyif bu oğlandan. Birdə ki, lap tutaq ki, qadağan olunmuş kitabları aparırdı, məgər buna görə dərhal atəş açıb öldürmək lazım idi? Onu diri tutmağa çalışmaq lazım idi. Qaniçən cəlladdır bu Volke, vəssalam. İndi də buna baxmaq məcburiyyətində mən qalmışam! Düzdür, əsgər keşik çəkir, amma yenə də.
... Gənc sarışın bir oğlan qalın otun üzərinə uzadılmışdı.
Axşama yaxın otu taptalayaraq o ki var əzmişdilər. Kitabdaşıyanın öldürüldüyü xəbəri tez bir zamanda ətraf kəndlərə yayılmışdı. İnsanlar bura axışıb gəlməkdə davam edirdi. Bəziləri ölənin yanında dayanaraq, xeyli müddət, onun artıq milçəklər qonmağa başlamış üzünə baxırdılar. Lakin kəndxuda kimdənsə soruşduqda:
- Hə, de görüm, tanıyırsan? - o dəqiqə başını aşağı salan və ya birbaşa sual verənin gözünün içinə baxan adam laqeydcəsinə çiyinlərini çəkirdi.
- Mən nə bilim? Yox, tanımıram.
Bu hamılıqla susmanın özü bir etirazı xatırladırdı. Baş verənlərə və eyni zamanda, quzğun kimi ölmüş adamın başı üzərində durmaq məcburiyyətində qaldığına görə Butkeviç əsəbi halda kəndxudadan soruşdu:
- Həqiqətən, siz də tanımırsınız? Axı bura sizin əraziniz, sizin volostunuzdur.
- Mən hardan bilim? - deyə kəndxuda eyni şəkildə cavab verdi.
Heç kim ölən adamı tanıdığını biruzə belə vermirdi. Hətta hərəkətilə belə. Təsadüfən də olsa.
Gələnlər arasında Butkeviç Ganusyanı da gördü. Üzərində sarı güllər olan mavi rəngli şal örtmüşdü başına... mavi gözlü sevdiyi qız meyitin baş tərəfindən səssizcə durdu və geri dönərək buradan uzağlaşdı.
Butkeviç iri addımlarla qıza çatdı, onu dayandırmağa çalışdı və gördü ki, Ganusyanın gözləri soyuq və yad bir ifadə saçır.
- Güllələyirsiniz, - qız tutqun və qeyri-adi bir səslə dilləndi.
Praporşik susub durmuşdu.
- Ayıbdır, pan Oleq.
- Bunu mən etməmişəm, Volke atəş açıb, - deyə Butkeviç balaca uşaq kimi özünü təmizə çıxarmağa çalışdı və pörtdü.
- Mən bilirəm, pan, - dedi qız. - Bəs siz... siz necə belə edə bildiniz?
Qız Butkeviçə ən yad və dəhşətli baxışlarla baxırdı: o isə, utandığından nə edəcəyini bilməyən uşaq kimi qızın qarşısında dayanmışdı və gözlərində o qədər acılıq, kədər və məyusluq var idi ki, Ganusya başını aşağı salıb yerə baxdı.
- Axı niyə siz?..- deyə o, bir qədər fərqli tərzdə soruşdu. - Necə oldu axı siz?..
Qızın gözlərində həmişə ona baxdığı heyranlığın qığılcımları əks olundu! Ancaq heyranlıqla yanaşı başqa bir şey də gördü Oleq - göz yaşları deyildi, bu ona çox əziz və doğma olan bir varlıqla ümidsizcəsinə vidalaşma idi.
- Lazım deyil, Ganusya, belə etməyin, - deyə hələ özünə gəlməyən Butkeviç xahiş etdi. - Axı mən ... sizi sevirəm.
Mərhəmət göstərməkdən imtina edən qız səssizcə başını yellədi.
- Yox... yox.
Sanki qarşısında heç nə yox imiş kimi, qız düz onun üstünə getdi.
Baş verdiklərdən sarsıntı geçirən Oleq geri çəkildi. O, özünü itirmiş halda qızın arxasınca onun qalın otluqla necə getdiyinə baxırdı və taxta kilsənin yanından ötüb gözdən itənə kimi yerində donub qalmışdı. Yalnız bundan sonra o, utandığından və xəcalətdən başını tutub inildəməyə başladı.
Gənc oğlanın meyiti isə hələ də tapdanmış otun üzərində qalmışdı, insanlar ona baxır və dərhal da dönüb gedirdilər. Bu hal bütün günü davam etdi. Axşam əsəbi halda Volke uyezddən geri qayıtdı. Artıq onun simasındakı mələk təbəssümü harasa yox olmuşdu. Onun üzü məğlub olmuş düşməninin son nəfəsini kəsmək üçün cəngavərə xəncər verən silahdarın üzünə bənzəyirdi.
Paltarını soyunaraq, həyətdə üstündəki tozu yuyub (su üç dəfə qap-qara oldu), cod bir dəsmalla qurulana-qurulana deyirdi:
- İndi sərhədə gedərik ... Heç kim tanımadı meyiti? .. Heç də təəcüblü deyil. Vəhşilər! .. Vandallar! .. Hindular!.. Onları it kimi gəbərtmək lazımdır! ... Susurlar ya da yalan deyirlər... Mən bilirəm, heç olmasa kimsə bir damcı göz yaşı tökəydi... Uyezddə danladılar məni... Mayor üstümə yaman qışqırırdı... Eybi yoox, qoy bircə boğazımı yaşlayım, indi sərhəd kordonuna gedərik... Mən onlara göstərərəm ... Qan udduracam onlara.
Yalnız çay içəndə o, biraz sakitləşdi. Qarşısındakı masanın üstünə qutudakı kitabları töküb, çay içə-içə qəzəbli baxışlarla onlara baxırdı.
- Onlara kitab lazım olub, işə bir baxın ...Şayze (alman dilində "zibil" deməkdir) ... Özləri isə buzovlarla yaşayırlar ... Hamısını məhv etmək lazımdır...
- Yaxşı, məni də məhv etmək lazımdır? - Butkeviç istezalı bir gülüşlə soruşdu.
- Siz başqa məsələ. Siz mədəni adamsınız. Bunlar isə peyindilər.
Başını buladı.
- Görsəydiniz bir necə qışqırdılar! Deyirlər vilayətimizdə yenə də insanları qiyama səsləyən məktublar peyda olub. Və həmin məktublarda nazirləri boğmaq lazım olduğu yazılıb...
- Belə də yazılıb?
- Açıq şəkildə belə yazılmayıb. Ancaq mənası belə çıxır... Vilayətdən jandarm mayoru gəlib ... Bizim qorxaqlarla danışdıqdan sonra məni bir kənara çəkdi. Dedi ki, əgər qaçaqmalçılığa son qoyulmasa, o, ən qatı qaçaqmalçını heç bir istintaqsız və məhkəməsiz məhv edəcək: bizim bölgə, necə deyərlər, xəlvət meşəlikdir. Kimdi sonra burda kimisə itirib-axtaran? Bəlkə atışmada həlak olub? Axı qaçaqmalçılar silahlıdırlar.
- Bu axı quldurluqdur.
- Quldurluq deyil. Qaçaqmalçılıqla mübarizədir. Qaçaqmalçılıq isə, elə qaçaqmalçılıqdır, istər kitab, istərsə də ingilis parçası olsun, ya da tütün.
Ölən gəncin qarovulunu çəkən əsgər ehtiyatla qapını açdı və yavaşca otağa daxil oldu.
- Nə istəyirdin, Adrian? - Volke soruşdu.
- Dəfn etmək lazımdı ... Bütün günü günəşin altındadı...
- Lənət şeytana! .. Çay içdiyim vaxtı sən də iştah açan bir şey tapmadın deməyə.
- Necə buyurursunuz, cənab.
- Düşünürəm ki, oğlanın meyitini qaytarmaq olar ... Ya keşişə, ya da ki, kimdi onlarda ...polyak katolik keşişi ksendzə ... Onsuz da heç nə deməyəcəklər.
- Hə, bir də ... Orada bir nəfər dayanıb, - dedi əsgər. - Sizi soruşur.
- Qoy gözləsin, - Volke əsəbi halda dedi. - Görmürsən, çay içirəm. Sənin o adamına heç bir şey olmaz.
- Yaşlı bir kişidir.
- Bu bir az da yaxşı. Heç yerə tələsmir, demək.
Butkeviç pəncərədən bayıra baxdı. Cəsədin yanında altmış yaşlarında arıq, lakin hələ də kifayət qədər güclü görünən biri dayanmışdı. Ayaq pəncələri onu təəccübləndirdi. Orta boydan da bir qədər alçaq olan bu adamın ayaq pəncələri boyuna görə çox böyük və yastı görünürdü.
"Polesye meşəsindən gələn quldura bənzəyir", - deyə düşündü.
Kişi qırışmış iri əllərini sıxıb dayanmışdı. O, uzun bir əsaya söykənmişdi. Solğun mavi gözlərində bir az çaşqınlıq var idi, amma o, sakitcə durub meyitə baxırdı.
Nə üçünsə zəncirotu kimi ağarmış başını çox aşağı salmışdı.
Stolun üstünə yığılmış kitablara bir-bir baxan Volkenin səsi Butkeviçi müşahidələrindən ayırdı.
- Təqvim, - poruçik bir-bir masanın üzərindəkiləri sadalayırdı, - yayda istifadə etmək üçün qışda buzu necə tədarük eləmək lazım olduğu barədə məlumat. Polyak dilində. Bu vəhşilərin yayda buz nələrinə lazımdır? Bunlara yaxşıca içəndən sonra doyunca yatmaq lazımdır.
"Üç qardaş, gəlin və alma haqqında nağıl" ... Mədəni oxu ...Litva dilində daha bir təqvim. Bəs burada ... "Kasıb kəndli qızın və zəngin lordun iztirabları" ... Bu sizlikdir, Butkeviç ... Bu da Zəbur kitabı ... Yerli şivədə ... Və dua kitabı, o da buranın şivəsində.
O, hərflərə diqqətlə baxaraq dodaqlarını tərpədirdi.
- Adam dilində səslənmir.
- Niyə? Onlar belə danışırlar.
- Əsl təhlükə də elə bundadır, - Volke nəsihətanə tərzdə cavab verdi. - Bu gün bunlar, sabah xoxollar, sonra da, Tanrı uzaq eləsin, polyaklar ...
Birdən nazik, üz qabığı qara rəngli naxışlarla bəzədilmiş bir kitabı əlinə götürən kimi, sanki əlləri əsməyə başladı.
- Aha! .. "Belorus şivəsində hekayələr" ... O dəqiqə qiyam qoxusu gəldi... Bu da sizə dua kitabları! Buyurun, əvvəlcə bunlar, sonra da çar ailəsinə qarşı hücumlar da olar ...
- Nə baş verir axı orda?
- Həə, bu da məqalə: "Birliyi tərk etməklə biz düzgün iş görmüşük?" Hələ bunlara bir bax, güya savadsız mujiklər belə şeyləri qanırlar! Bu qərarı qəbul edənlərin başları mujuk başı deyil, bunlar isə hələ bir sual da verirlər onlara: "Doğrudurmu?"
O, başını bulaya-bulaya kitaba baxırdı. Pəncərənin arxasında isə həmin qoca cəsədin yanında dayanmışdı. O, hələ də zəncirotu kimi ağarmış başını aşağı salıb dinməzcə dururdu.
Nəhayət Volke onu gördü. Dərsdən qaçmağa hazırlaşan məktəbli kimi hiyləgər gözləri işıldayan Volke praporşikə dedi:
- Mən çox yorulmuşam, Butkeviç. Siz isə bütün günü dincəlmisiniz. Onu qəbul edin. Hə? Mən də gedim bir az samanlıqda dincəlim.
Sanki, hansısa bir qüvvə praporşiki Volke ilə razılaşmağa məcbur etdi. Hərçənd, Volke həmişə ən xoşagəlməz şeyləri Butkeviçə sırıyırdı, indi bu belə idi.
...Gələn adam Butkeviçin qarşısında oturub düz onun gözlərinin içinə baxırdı.
– Nə istəyirsiniz?
– Cəsədi mənə qaytarın.
– Niyə?
– Dünyasını dəyişən hər kəs torpağa tapşırılmalıdı ... Ruhu əzab çəkir...
– O sizin nəyinizdir?
Qoca gözlərini çəkməyərək Oleqin düz gözünün içinə baxmağda davam edirdi.
– Mənim oğlumdur, - dedi.
– Bəs siz kimsiniz?
– Mənə Korç deyirlər.
Butkeviç özündən ixtiyarsız başını arxaya çəkdi.
- Niyə təəccüblənirsiniz, pan? Mən Korçam ... Qoca Korç. Bu bizim çörəyimizdir, pan. Mənim də, atamın da. Bizim çörəyimiz kitab daşımaqdan çıxır.
Onun gözləri qup-quru idi.
- Hiss etdim ki, qocalıram. Sənətimi oğlumdan başqa kimə ötürə bilərdim ki? Onu öyrətməyə başladım. Budur ... öyrədib axıra çatdıra bilmədim.
- Hər şeyi gedib danışsam, bəs onda necə?
- Pan bunu etməz. Gözləri o gözlərdən deyil.
- Bəs sizin gözləriniz necədir? Sizin inadkarlığınız ucbatından oğlunuz cavan yaşında öldü. Axı sizə demişdilər, izah etmişdilər - olmaz!..
- Yoxsul kəndlilərə çox şey olmaz. Hətta yemək də.
Butkeviç başını aşağı saldı.
– Sizin adınız nədir?
- Kirila Turovets. Lap elə müqəddəs Turovlu Kiril kimi... Lakin onu kitablarına görə tərifləyirdilər.
Qacanın dediyi sözlər Oleqə çox toxundu. Yer ayrılsaydı yerə girərdi.
- Bundan sonra nə edəcəksiniz, Turovets?
- İndi yenə məcburam özüm məşğul olum...
- İndi bu çox təhlükəlidir. Atəş açacayıq.
Kitabdaşıyan itaətkarlıqla çiyinlərini çəkdi.
- Oğlumun ölümündə məni günahlandırırsınız, pan. Heç nə edə bilmərik, çörəyi belə qazanırıq. Ağacları kəsdiyimiz zaman o, şam ağacının altında qalaraq da ölə bilərdi. Bircə Tanrım mənim üçün nə qədər çətin olduğunu və əzab çəkdiyimi görür.
Bir an susdu.
- İndi yenidən mənim növbəmdi. Güllələr isə... Neynək, hər şey Tanrının əlindədir.
- Siz heç olmasa sərhəddən nəyi keçirdiyinizi bilirsiniz, Turovets?
- Satıcılar mənə kitabları göstərirlər. Adlarını deyirlər. Mən də baxıb yadda saxlayıram. Yaddaşım yaxşıdır. Həmişə gətirdiyim kitabı tanıyıram.
– Deməli sən heç...
– Bəli, bacarmıram, pan.
– Bəlkə sən heç kitabları sevmirsən də?
Bu məqamda Butkeviç kitabdaşıyanın üzünün nə dərəcədə dəyişdiyini gördü, indi onun simasında həqiqətən də incə bir ifadə var idi.
- Oğlum oxuya bilirdi ... Ancaq Tanrı mənə qismət eləmədi ... Lakin mən onları çox sevirəm.
Qoca hətta sanki böyümüşdü və indi bəlkə də peyğəmbərlərə xas olan sadə, lakin əzəmətli tərzdə danışırdı. Onların da arasında savadı olmayanlar az deyildi.
- Kitabda heç bir günah və qəbahət yoxdur. Axı, Bibliya da bir kitabdır. Düşünürsən ki, bu deyimlər nədən bəhs edir: "Dili yox, amma danışır? Kitab haqqındadır. Bəs "Oxumaq nurdur, savadsızlıq – zülmət"? Bu da kitab haqqındadır. Nə üçün tutursunuz? .. Axı, hər şey bu qədər ağıllı düşünülmüşdür: bura arxa tərəfi, bura isə kitabın qırağı. Səhifələr ağ, sətirlər isə boz rəngdədir.
Butkeviç onu fikrindən yayındırmağa çalışdı:
- Onları daşımaq sizin nəyinizə lazımdır axı? Siz axı bilirsiniz ki, bu qadağan olunub. Slavyan dilində olan dua kitabları sizə azlıq edir?
- İnsanlar duaları başa düşmək istəyirlər, - qoca izah elədi. - Dua kitablarında hər şey aydındır. Keşiş isə elə oxuyur ki, sanki ağzında isti kartof var: "Və tabutda ölənləəəər..." Bir qoca nənə isə bunu tamamilə başqa cür başa düşmüşdü. Amma dua kitabına baxsaydı görərdi ki, duada "indi qəbirdə olanlara, basdırılanlara" deyilir.
O dodaqlarını möhkəm sıxaraq susdu.
Onun ağarmış saçlarına baxan və həyatında ilk dəfə əmri icra edə bilmədiyini hiss edən Butkeviç dedi:
- Oğlunuzu götürün, Turovets. Lakin mən sizdən ... şəxsən ... başa düşürsüz, şəxsən xahiş edirəm, əl çəkin bu işdən. Mən heç kimə demərəm, amma siz buraxın bu işi. Gələn dəfə iş belə ötüşməyə də bilər. Gələn dəfə sizi öldürə bilərlər. Toqquşma zamanı, ya da sadəcə güllələyərlər sizi. Yuxarılarda yaman qəzəbləniblər ... Yaxşı, söz verirsiniz?
Qoca susurdu.
- Gedin, - Butkeviç sükutu pozub, qocanı sərbəst buraxdı. - Gedin, Tanrı sizə yar olsun.
... Bu hadisədən düz iki həftə sonra onlar Turovetslə yenə qarşılaşdılar. Qoca səhv etmişdi. Bəlkə də həyatında ilk dəfə idi. Bəlkə bu heç də səhv deyildi. Bəlkə də o, ömrü boyu bu ağır kitab qutusunu meşənin sıx kolluqları və daş-kəsəkli yollarında daşımaqdan artıq təngə gəlmişdi.
Hər halda, demək olar ki, o, açıq bir sahədə, uçurumun üstündə bitən nadir kolların arasıyla gedirdi. Çay qırağı ilə uzanıb gedən yüksək sıldırımlı yarğanın düz qırağı ilə sakitcə addımlayırdı.
Ətrafda baş verənlərə heç bir əhəmiyyət vermədən gedirdi. İri, düz ayaq pəncələrini ağır-ağır yerə basırdı və iki qayışla kürəyindən asdığı ağır, kitab dolu qutu onu elə bil arxaya çəkirdi.
... Onu lap yaxına buraxdılar. Sonra Volke kolların arasından çıxdı.
- Təslim ol, Korç, - deyə ucadan əmr etdi. - Bəsdir, artıq sən gəzib qurtardın.
Qoca kitabdaşıyan dərinliyində zərrə qədər də qorxu hissi olmayan gözlərini qaldırdı və, birdən bir neçə addım geri atdı, sanki ayaqları özləri onu qaçmağa məcbur edirdi. Sonra o dayandı - bəlkə də qaçmağa bir yer olmadığını anladı - arxada hündür və daşlı uçurum idi. Bəlkə də artıq hər şeydən yorulub bezdiyinə görə, onun üçün heç bir şeyin əhəmiyyəti qalmamışdı.
- Gəzib qurtardım, - dedi. - Sən haqlısan. Daha artıq bitdi?
- Qalanı artıq mənim işimdi, - Volke onun sözünü kəsdi. - Bəlkə qazamata. Bəlkə də sənin işini elə burda bitirərəm... Sən qanımızı yaman qaraltmısan, yaramaz.
- Qazamata getməyəcəm, - kitabdaşıyan sakitcə dedi. - Sənin güllənə də ehtiyacım yoxdur. Özünçün saxla onu.
Volke və əsgərlər ona tərəf irəlilədilər. Lakin o, sanki qaçmağa hazırlaşdığı tək bir neçə addım atdı və uçurumun düz kənarında dayandı. Ayağları sözünə baxmırdı.
Bu anda o, özünü elə bil nəyə isə məcbur edərək ucadan dedi:
- Həə!
İri, cadar-cadar olmuş ayaq pəncələri hələ də yerdə idi, lakin bədəni getdikcə aşağı əyilirdi...
Sonra o, aşağı yuvarlandı.
O, çayın qırağındakı yarğandan hündürə qalxan qayaya dəydi. Və görünür bu vaxt kəmərlərin hər ikisi qırılmışdı, çünki bundan sonra onun bədəni və ağacdan düzəldilmiş kitab qutusu ayrı-ayrılıda aşagı yuvarlanırdılar.
Qutu dağıldı, parça-parça oldu.
Qoca artıq sahil çınqıllığının üstündə hərəkətsiz uzanıb qalmışdı, kitablar isə hələ də aşağı uçurdu. Gah ağır bir yük kimi daşların üstündən kəlləmayallaq aşır, gah da yüngül göyərçinlər təki havada süzürdülər.
Bir çoxu da artıq qu quşları tək suyun üzərində üzürdülər.
... Çox güman ki, qocanın meyitini qohumları götürmüşdü. Hər halda, bu barədə eşidəndə kiçik zabit qaçaraq hadisə yerinə gəldi, lakin orada artıq cəsəd yox idi.
... Təxminən bir həftə sonra, Ganusyanın yaşadığı yeri kənd qadınlarından öyrənən Oleq Plavutiçiyə gəldi və qızın evini tapdı. Çoxdan idi Ganusya heç yerdə görünmürdü və qənc zabit artıq onsuz qala bilmədiyini hiss edirdi. Həm də indi onu heç də romantik bir macəra deyil, daha mürəkkəb və daha ağrılı bir şey narahat edirdi.
O, çox kasıb və az qala köhnəlib dağılmaq üzrə olan bir daxmanın qarşısına gəldi. Ot basmış cığır daxmanın qapısına tərəf uzanırdı.
Qapı sürgüsünü çəkib açdı, ancaq içəridə heç kim yox idi. Heç kim sanki onun həyətdə gəzdiyini eşitmirdi.
Daxmanın qapısını açıb içəri girəndə qəribə bir məşğuliyyət başında olan qızı gördü. O, ayaqyalın, başaçıq, sarışın qıvrım saçları dağınıq vəziyyətdə yerdə oturub ağacdan düzəldilmiş kitab qutusunun qayışlarını bərkidirdi.
- Ganusya, - deyə astadan çağırdı.
Qız başını qaldırdı. Oleq onun gözlərində yalnız soyuq bir nifrət gördü. Onun baxışlarında qəzəb belə yox idi.
Butkeviç qıza yaxınlaşmaq istədi.
- Çəkil, - dedi qız. - Bir bax - sobanın üstünə, görəcəksən...
Hündür sobanın üstündə iki uşaq oturmuşdu - təxminən altı yaşlarında bir oğlan və dörd yaşında qız.
- Əmimin uşaqlarıdır, - Ganusya dedi. - Yetimdilər ... Onları böyütmək lazımdır ... Eh, ay sizi insanlar, insanlar!..
- Mən axı bilmirdim...
- O bilmirdi, - deyə qız acı-acı cavab verdi. - İndi bil: atam da, qardaşım da ... mənim ... Düşünürsən - ağlamadım, başqaları ilə birgə. Sizin qarşınızda göz yaşı tökmək şərəf verər sizə. Bizimkilər bunu yaxşı bilir.
Təbii çevikliklə dolu bir hərəkətlə qutunu çiyninə atdı.
- Yetim qalmazlar. İndi mən onları böyüdəcəyəm.
Qızın dodaqları özündən xəbərsiz titrədi.
- Get burdan. Sənin izini-tozunu artıq buralarda görməyim. - Qızın üzündə acı və istezalı bir gülüş var idi. - Az qala düşünmüşdüm ki.., amma tez fikrimi dəyişdim. Şükür olsun Tanrıya. Get, öz işlərini görməyə davam elə.
... Bu axşam Butkeviç üçün dəhşətli bir axşam idi. Nə edəcəyini bilmirdi, onu rahat buraxmayan dərin düşüncələrdən necə qurtula biləcəyini anlamırdı, “Belorus şivəsində hekayələr” kitabını götürüb vərəqləməyə başladı. Oleq hələ bilmirdi ki, onu bu gecə daha bir ağır zərbə gözləyir.
Təxminən bir saata yaxın kita oxuduqdan sonra səssizcə ayağa qalxdı və poruçikin otağına keçdi. Volke kresloda əyləşib papiros çəkir və çox darıxırdı. Ona kitabı uzadaraq Butkeviç soruşdu:
- Hə ... Nə deyirsiniz, "birliyi tərk etməklə düzgün iş görmüşük?”
- Siz nə danışırsınız, - Volke təəccübləndi, - ağlınızı itirmisiniz?
- Bu sübut edir... sübut edir ki, ... düzgündür. Bir baxın, kitabın axırında... Biz buna baxmamışıq. Budur yazılıb: "Senzura icazə vermişdir".
- Nə olsun ki? - Volke təəcüblə soruşdu.
- O olsun ki, bu bizim ... Üzr istəyirəm, sizin kitabınızdır. Təsadüfən xaricə gedib və oradan yenidən qutuda geri qayıdıb.
- Bu ola bilməz, - dedi Volke. - Onları qadağan ediblər.
- Gördüyünüz kimi birinə icazə veriblər. Çoxdan. Alçaqlığa görə. Sizin adamlarınızın öldürdüyü rəzilin müdafiəsinə görə.
O qətiyyətlə davam edirdi:
- Sabah mən istefa verəcəyəm, Volke. Və siz məni dəstəkləməlisiniz. Qoy mühakimə belə olsun, amma mən indi, bu saat buranı tərk edib gedəcəyəm. Əgər ordu dua kitablarına görə insanları tutaraq öldürməklə məşğuldursa, - deməli ... Mən belə bir orduya ...!
- Siz dəli olmusunuz, Butkeviç, - Volke əsnəyərək cavab verdi.
- Mən sadəcə qiyam fikirlərilə dolu bir kitab oxumuşam, - Butkeviç kədərlli, lakin rahatlıq tapmış halda dedi. - Onlar bu kitabı sərhəddən keçirməklə yaxşı iş görüblər. İndi mən cəhd etməliyəm ... bir nəfəri geri qaytarmaq lazımdır ... qadını...
Azərbaycan dilinə tərcümə edən Kamran Hacıyev
Mənbə: Avanqard.net
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun: