Edebiyyat.az » Proza » Mircavid Ağalarov - Ata sevgisi

Mircavid Ağalarov - Ata sevgisi

Mircavid Ağalarov - Ata sevgisi
Proza
admin
Müəllif:
20:32, 04 oktyabr 2020
1 728
0
Mircavid Ağalarov - Ata sevgisi








 İllər sonra yenə, sirrini açmağa aciz qaldığım həyata göz açdığım evin qapısını ürkək toxunuşlar ilə açıram. Uşaqlıqda mənə nəhəng gələn bu pilləkənlər nə qədər də kiçik imişlər. Uşaq ikən ən üst pilləkəndən aşağı baxanda qorxardım, o qədər qorxardım ki, 5 yaşıma qədər kiminsə əlini tutmadan bu pilləkənlərdən aşağı enməyə cəsarət edə bilmirdim. Günlərin bir günü atam ilə evdə tək idik və mən həyətə düşmək istəyirdim. Atama nə qədər yalvar-yaxar etdimsə də, televizorun önündən durmadı. Axırda onu elə səbirdən saldım ki, gözünü televizordan ayırıb, səs tonunu qaldırmadan dedi : " Əgər özün düşməsən o pilləkənləri, sənə arvad Tərlan deyəcəm bundan sonra". Mən heç nə demədən gəldim pilləkənlərin yanına. Hələ də aşağı düşməkdən çox qorxurdum. Birdən gözlərimin önünə atamın digər uşaqların yanında məni "arvad Tərlan" kimi çağırması gəldi. Elə olsaydı, artıq hamı məni elə çağırardı. Gözlərimi yumdum. Qorxaraq aşağı endim. Pilləkənlərin sayını bilirdim, 9 pilləkən var idi. 9 deyəndə gözlərimi açdım. Sən demə qorxacaq heç nə yox imiş və o an anladım ki, vacib olan qorxmamaq deyil, qorxsan belə, onu etməkdir, bəlkə də bu indiyə qədər aldığım ən böyük həyat dərsi idi.
 Atam çox sakit insan idi, öldüyü günə qədər bir dəfə belə mənim üzərimə səsini qaldırmamışdı, heç onu qəzəbli bir baxışını belə görməmişdim. Məqsədsiz şəkildə yaşayırdı, elə ölümü də səbəbsiz oldu, bir səhər televizorun önündə meyidini tapdıq. Qəzəbli bir söz eşitmədiyim kimi, heç xoş bir söz də eşitməmişdim ondan. O, öləndə mənim cəmi 15 yaşım var idi və 15 il ərzində bir dəfə belə olsun adımdan başqa bir söz ilə xitab etməmişdi mənə. Məhəllədə bütün uşaqlar atalarını fərqli sözlər ilə vəsf edəndə, mən susurdum, çünki atamın vəsf ediləcək bir xüsusiyyətinin olduğunu düşünürdüm, hətta o vaxtlar elə zənn edirdim ki, atam məni sevmir. Mən də onu sevmədiyimi düşünürdüm.
İllər qonaq otağını da çox kiçildiblər. İllər boyu nahar etdiyimiz stol indi mənə çox narahat gəlir. Bu stolun arxasında heç vaxt ailəcək oturmamışıq, heç atam ilə birgə bir dəfə də olsun bu, illərin yoruğunu olan masanın arxasında bir tikə çörək belə kəsməmişəm. Atam hər gün, gündüz və ya axşam fərq etmədən, içkisiz yemək yeməzdi, ona görə də Allahdan çox qorxan anam heç vaxt atam ilə bir masa arxasında yemək yeməzdi, heç mənə də onunla yemək yeməyə qoymazdı. Əslində, indi düşünürəm, alkoqollu içki və siqaret kimi zərərli vərdişlərin aludəçisi olmamağımın əsas səbəbkarı atamdır. Uşaq olanda belə atama bənzəməkdən çox qorxardım, ona görə də onun etdiklərini etmək istəmirdim.
Bir dəfə anamın namaz üstə etdiyi duanı eşitdim. Anam Allaha yalvarırdı : " Ey yeri, göyü, savabı və günahı yaradan Allah, sən özün məni o Fəridin etdiyi günahlara görə günahlandırma !". Bu sözlər mənə çox təsir etmişdilər, yəni Allah atamın etdiyi günahlara görə bizi cəzalandıra bilərdi mi? Əslində, heç atamın elə böyük günahları da yox idi. Heç kəs ilə işi olmazdı, getdiyi yerlərdə belə varlığı ilə yoxluğu arasında heç bir fərq olmurdu.
Atam ölən il kəndi tərk etmişdik. Dayım Bakıda yaşayırdı, anam da məni götürdü və Bakıya, dayımın yanına apardı. Kəndimizdən ötrü darıxıb, darıxmadığımı Bakıda olanda anlamırdım, hətta hansısa mənada kənd mənə atamı xatırlatdığı üçün, uzaq olmaq istədiyim bir yer kimi gəlirdi, amma indi anlayıram ki, həqiqətən də kənddən ötrü çox darıxmışam.
 Atam ilə anamın yataq otağına uşaq ikən girişim qadağan idi, təkcə anam icazə verəndə girə bilərdim. İndi isə bunun qadağan olduğunu mənə deyəcək bir insan yoxdur deyə rahatlıqla girə bilərəm. Çarpayının atam yatan hissəsinin yanında atama məxsus bir şkaf var idi. Uşaq olanda həmişə həmən şkaf məni cəlb edərdi özünə, çünki evdəki bütün mebellərdən fərqli olaraq o şkaf qara rəngdə idi. Səbəbsiz bir həyəcan bürüdü içimi. Getdim və həmən şkafı açdım, amma içində əsasən atamın alt paltarları, cib dəsmalları, saatları var idi, bir də kiçik ,taxta qutu. Qutunun hər tərəfi mjsmarlanmışdı deyə açmaq olmurdu, ona görə də qutuyu yerə çırparaq sındırdım. İçindən bir qutu camel, bir neçə mərmi, biraz pul və bir məktub var idi. Çarpayıda oturub, məktubu oxumağa başladım :
 "Salam, Ləman xanım. Ümidvaram yaxşısan. Bu məktubu sənə niyə yazıram, heç özüm də bilmirəm. Sadəcə yazmaq istəyirəm. Səbəbsizcə, necə ki, heç bir yağış damlası göydən süzülərək yerə enmək üçün səbəb gəzmir. Elə sənə aşiq olmağım da səbəbsizcə olmadı ? Bu qəlbi alışdırıb-yandıran sevgini sənə etiraf etmək üçün düz 7 il gözlədim, bu etirafdan düz 7 il sonra isə sənin evlilik xəbərin mənim bütün həyatımı yandırdı.
Anlayıram, məni heç sevmədin, bəs onu, indi hər səhər ağız qoxusuna dözməli olduğun adamı, sevdin ? Səhv anlama, mən heç nə tələb etmirəm səndən, edə də bilmərəm, nəticə olaraq, nə yaşamışıq ki səninlə birgə. Heç vaxt səni yelləncəkdə yelləməmişəm. Heç bir gülüşünə şərik olmamışam. Heç vaxt eyni buluda baxmamışıq. Sən istəməmisən.
 İndi artıq illər keçib, hər şey üçün gecdir. Mənim bir oğlum var. Qızımın olmamasına çox şadam. Qızım olsaydı əgər, sənin adını verəcəkdim ona və belə öz həyat yoldaşıma xəyanət etmiş olacaqdım. Doğrusu, başqasını sevərək, onunla ailə qurduğum andan ona xəyanət etmişəm mən. Həyat, Ləman, həyat çox qəddardır. Səni o qədər çox sevdim ki, mən artıq içimdə başqalarına qarşı sevgim qalmayıb. Nə etmək olar?! Heç səni də sevmirəm artıq. Unutmamışam, amma sevmirəm.
 Sən danış, mənsiz necə keçir həyatın? Mən səni çox düşünürəm, çox sözünün az qaldığı qədər çox. Hər göydə ulduz görəndə düşünürdüm ki, elə bu an sən də bu ulduzu görürsən mi? Bəlkə də bir ulduzda toqquşub baxışlarımız. Haradan bilmək olar axı? Ümiddir də, edirəm. Ümidlər, Ləman, ümidlərdir bizi yaşadan. Sonuncu ölən ümidlər olmurlar, tərsinə, insan sonuncu ümidi ölən an bu dünyayı tərk edir. Mənim kimi..
Bir başqa sual verim sənə, mənim haqqımda adımdan başqa nə bilirsən? Məktublarda yazdıqlarımı demə, çünki mən dediklərimdə yox, demədiklərimdə varam. Kaş ki, sən də olsaydın mənim yanımda, amma yoxsan, sadəcə bir şeyi unutma səni mənim qədər heç kəs sevə bilməz bu həyatda. Ola bilər, sevgimi göstərə bilmirəm, amma bu o demək deyil ki, mən sevmirəm.
 Bir şeyi xatırlayıram, sənin qızıl gül bəyəndiyini eşitmişdim. Dostum Qəzənfər ilə gecə evdən qaçıb, bütün kənddə olan qızıl güllərdən ting qoparıb sizin evinizdən məktəbə qədər olan yola əkmişdik, sonra da hər gecə evdən qaçıb, gəlib onları sulayardım. O tinglər böyüdülər, onların üstündə qızıl güllər açıldı, sən də hər gün səhər sevinc dolu toxunuşlar həmən qızıl güllərin birini qoparıb, saçını taxardın. Mən də səni uzaqdan izləyirdim, amma sən heç vaxt həmən gülləri mənim əkdiyimi bilmədin, haqqımda daha çox şey bilmədiyin kimi.
Bu məktubu əvvəli digər məktublara bənzəsə də, taleyi digər məktublara bənzəməyəcək, bu məktubu nə vaxtsa tapa biləcəyin bir yerə qoymayacam, özümdə saxlayacam. Saxlayacam ki, sənə hər məktub yazmaq istəyəndə bu məktubu oxuyum və yazmayım.
Özünə yaxşı bax, çünki mən sənə baxa bilmirəm, ey ömrümün sonsuz işıltısı."
 İndi anlayıram. O, əslində, məni sevirdi, sadəcə mən onun sevgisini anlaya bilmirdim. Yerimdən qalxıb, indiyə qədər heç vaxt ziyarət etmədiyim atamın məzarına getdim, məktubu onun məzarının yanındakı torpağa basdırmaq üçün.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)