İvan Bunin - Dünyanın o başına
Proza
İvan Bunin - Dünyanın o başına
Ədəbiyyat üzrə otuz üçüncü nobelçi
Nobel mükafatına layiq görülən ilk rus yazıçısı və şairi İvan Bunin 1887-ci ildə Voronejdə dünyaya gəlib. İvan Buninin atası Aleksey Nikolayeviç gəncliyində rus ordusunun zabiti olub. Balaca İvan 11 yaşınadək dərslərinə ev şəritində hazırlaşıb, ondan sonra 4-cü sinfədək Yeleski qəza gimnasiyasında oxuyub.
"Şeirlər" (1891) və "Açıq səma altında" (1989) müəllifin ilk kitablarıdır.
Gələcək nobelçi 1895-ci ildə A.P.Çexovla tanış olub, bu tanışlıq onun rus ədəbi ictimaiyyəti arasında tanınmağına zəmin yaradıb.
23 sentyabr 1898-ci ildə Anna Nikolayevna Tsankayla ailə qurub. 1909-cu ildə Sankt-Peterburq Akademiyasına fəxri üzv seçilib.
Nobelçi yazıçı ömrünün son dövrünü Fransada mühacirətdə keçirib və ən dəyərli əsərlərini mühacirətdə olarkən qələmə alıb. Onlardan "Mityanın eşqi" (1924), "Gün vurması" (1925), "Kornetçalan Yelginin işi" (1925) və nəhayət, "Arsenyevin həyatı" (1927-1929, 1933) romanları ona böyük uğur gətirib. Yazıçının qələmə aldığı romanlar və hekayələr, şeirlər və məqalələr əsasən insan həyatına, xristian ruhuna və sevginin müqəddəsliyinə həsr olunub.
Nobelçi yazıçı tarixə ədəbiyyat üzrə 33-cü nobelçi kimi düşüb və bu mükafat ona "Rus klassik nəsrinin ənənələrini ustalıqla davam etdirdiyinə görə" verilib. İvan Alekseyeviç Bunin 8 noyabr 1953-cü ildə, 83 yaşında Parisdə vəfat edib.
İvan BUNİN
Dünyanın o başına
I
Axır ki, çoxdan bəri hər kəsi narahat edən məsələyə son qoyuldu: Böyük köç məsələsinin bir hissəsi baş tutdu.
Neçə-neçə ağa, maviyə boyanmış koma həmin yay gecəsində yetim qaldı. Nə qədər adam öz doğma kəndini - yaşıl bağçalar arasında itən döngələri, örüş yerlərinin toz-torpağını, bazar günlərinin şən ovqatlı, günəşli sabahlarını, adamların məzəli söhbətlərini, qoyun-quzu səsini, karvansaraların hay-küyünü, alverçi arvadların çığırtılarını, dilənçilərin sədəqə diləyən nəğməsini, skripkaların cüyültüsünü, liraların melanxolik səsini, günəşdən gözlərini qıyaraq yuxulu-yuxulu kövşəyən öküzlərin böyürtüsünü; rəngbərəng bostanları, ilan kimi yaşıl otların arasıyla qıvrılıb sakit gecələrdə yeknəsəq səsiylə vıyıldayan çaya doğru can atan bulaqları - bir sözlə, bu yerləri birdəfəlik tərk edib, uzaq Ussuriya torpaqlarına getmək üçün "dünyanın o başına" üz tutdu...
Elə ki, yaşıl dərələrin arasına sığınan kəndin qərb tərəfində sıralanan dağların soyuq kölgəsi boy verməyə başladı, dərənin üfüq xətti batmaqda olan günəşin al qırmızı rənginə boyandı, meşələr allandı, çay yatağı parlaq işığa qərq oldu, sahil boyu uzanan yumşaq qum təpələri zər kimi işıq saçdı, al-əlvan geyimli, bayram libaslı adamlar bir vaxtlar hələ kazakların, çumakların ibadət etdiyi ağ rəngli qədim kilsənin qarşısındakı çəmənliyə toplaşdılar.
Orada, açıq səma altında, yüklü arabaların arasında dua mərasimi başladı, camaatın arasına qəbir sükutu çökdü. Keşişin səsi aydın və səlis idi, dediyi hər kəlmə ora toplasan insanların ürəyinin dərinliyinə işləyirdi...
Bu torpaqlar xoş günlərdə axıdılan nə qədər sevinc yaşına şahidlik etmişdi. Bir vaxtlar bu yerlərdə uzaq səfərlərə çıxmağa hazırlaşan "lıtsarlar" dayanardı. Onlar da son səfərə çıxırmışlar kimi arvadlarıyla, uşaqlarıyla vidalaşardılar və heç vaxt ağıllarına gəlməzdi ki, nə vaxtsa haqqında "Qara dənizin sahilindəki ağ daşın üstünə bir şahin qonub, dayanmadan qanadlarını çırpır" deyilən yerlərə gedib çıxarlar... Onların çoxu "türk buxovuna tuş gələcəyini, busurman sürgünüylə üzləşəcəyini...", ya da yollarının üstünə çökən "boz dumanda azıb" səhralardakı kurqanlarda tənhalığa çəkilib ölümü qarşılayacaqlarını, göy qanadlı qartal dəstələrinin hücumuna məruz qalacaqlarını, "vəhşi quşların şığıyıb onların gözlərini oyacağını" gözləyirdiər. Amma o vaxt onların hər birinin ruhunda məğrur kazak iradəsi vardı. İndi isə yan-yana düzülən, bir ömürlük dünyanın o başına sürgün edilən boz kütlənin ruhunda həmin o kazak iradəsindən əsər-əlamət yox idi, indi onların ruhuna sahil boyu saralan qum dənəcikləri rəngində miskin bir rəzalət çökmüşdü. Və bu möhtşəm kütlənin adamları cənazə mərasiminə toplaşanlar kimi səslərini içə çəkərək, yalın başlarını təlaşla aşağı dikərək susurdular. Bircə başlarının üstündə dövrə vuran, mavi səmanın ənginliklərinə qarışan qaranquşlar idi haray çəkən...
Sonra inilti səsləri yayıldı. Yüklü arabalar xırıltılı insan səslərinin, göz yaşlarının və acı fəryadların müşayiəti altında dağlara doğru yol aldı. Böyük köç sonuncu dəfə doğma dərələrin qoynunda göründü və itdi... Parlaq günəş şüalarının işığına sığınan yüklü arabalar taxıl zəmilərinin arxasında yox oldu.
II
Köçü yola salmağa çıxanlar evlərinə qayıdırdı.
Camaat dəstə-dəstə dağın ətəyindən geri dönürdü. Elələri vardı ki, sadəcə dərindən köks ötürür, laqeydliklə, tələsik evinə gedirdi. Amma elələri çox deyildi.
Belini əyib itaətlə, sakitcə addımlayan qarılar və qocalar da qaşqabağını tökmüşdü; cod simalı kişilər içini çəkə-çəkə qalmışdı; balaca əllərindən yapışıb ata-analarının arxasınca dartınan uşaqlar ağlayırdı; cavan qızlar, gəlinlər nalə çəkirdi.
Budur, iki nəfər dağdan aşağı enib daşlı yola çıxır. Onlardan biri - möhkəm, bəstəboy olanı, qaşlarını çatıb qara gözlərini dərə boyu harasa uzaqlara dikir. O biri ucaboylu, arıq olanı, ağlayır... Hər ikisi bayramsayağı geyinib-keçinib, onların ağlayan tayı dayanmır, köynəyinin qolunu ağzına dirəyib acı-acı göz yaşı tökür! Göz oxşayan qadın donunun ətəyindən görünən tumac çəkmələr bir-birinə dolaşır... Atası Yuxim inamla heç vaxt təzə yerlərə getməyəcəyini deyəndə o, gecənin qaranlığında vedrələri götürüb oxuya-oxuya, atılıb düşə-düşə çay sahilinə su gətirməyə getmişdi. Sonra da...
-Bütün gecəni oyaq qalmısan, - çaşqınlıq içində qalan Yuxim üzünü Zinkaya tutub demişdi: "Biz də köçə qoşulacağıq!" - "Bu necə olur, atacan, siz ki, heç yerə getməyəcəyimizi demişdiz..." - "Demişdim, demişdim də, yuxu görmüşəm..."
Ora bax, dağda, dəyirmanın yanında qocadan qoca Vasil Şkut adamların arasında dayanıb. O, ucaboylu, enlikürəkli, çiyinləri çıxmış bir adamdır. Simasından hələ də çöl adamının əzəmətli cizgiləri sezilir, amma kədərli üzü, qəmli baxışları var! Onun bir ayağı burda, o birisi gordadır, amma bir daha doğma yerləri görməyəcək, canını yad bir komada tapşıracaq, yanında gözlərini qapatmağa heç kəs olmayacaq. Bu qoca yaşında onu ailəsindən, uşaqlarından, nəvələrindən ayırıblar. Bəlkə də gedərdi, bəlkə də gücü, qüvvəsi çatardı yola çıxmağa, ancaq yeni torpaqlara getməkçün verəcəyi yetmiş rublu bəs hardan alaydı?
Qocalar dalğın halda öz aralarında söhbətləşir, hərə ağlından keçəni deyirdi. Torağaylar sakit səslə cikkildəşirdi. Aydın, sakit bir gün başa çatırdı. Geniş zəmilər, yaşıl otlaqlar uzandıqca uzanır, uzaq təpələrin qoynunda boy-boya verən kurqanlar qaralırdı; uzaq dənizi xatırladan, mavi səma ilə yeri birləşdirən üfüq xətti kurqanların arxasında yarımdairə şəklində bir qövs cızırdı.
Gözlərini günəşdən yayındırıb: "Bu Ussur diyarı görəsən necə yerdi?" - fikiləşən qocalar, dünyanın o başında olan o nağıllar ölkəsini, Böyük köçlə o diyarın arasında olan məsafəni, ərazaqla, arvad-uşaqla yüklənən, təkərləri sakit-sakit cırıldayan, arxasınca itlərin hürüşərək qaçdığı tozlu yollarla ötüb keçən, gen şalvar geymiş "daydayların" sürüb apardığı arabaları xəyalən təsəvvür etməyə çalışırıdlar.
Onlar bu uzaq və mavi ənginliyə baxıb bir-birindən: -"Bu Ussur diyarı görəsən necə yerdi?" - soruşurdular.
Əl ağacına söykənib papağını yan qoyan, özünü oğluna göstərən qoca Şkut müti təbəssümlə donquldanırdı:
-Özün gördün də, mən onlara mişar da, rəndə də verdim... ev tikməyin çəmini bilirlər... Baş çıxararlar, ölməzlər!
-Çox adam tələf olacaq yollarda, çox! - onun dediklərinə əhəmiyyət verməyən adamlar deyirdi. - Çox adam, lap çox!
III
Gecə düşür, kəndin başının üstünü qəribə bir sakitlik alır.
Cənub tərəfdən sürünən alatoran dərənin mavi yaxasına çökür, bu möhtəşəm mənzərə çay vadisi boyunca yavaş-yavaş qaranlığa sığınan ağacları zülmətə qərq edir, tənha ağcaqovaq ağacları qərib-qərib mürgüləyir. Böyük köçün qoyub getdiyi miskin daxmalar qayalı dağların qoynunda bozarır. Sahil boyu uzanan qumlaq pas rənginə çalır. Qumlaqdan o yana isə ağacları ulduzlara baş vuran meşə qaranlığın içində əriyib itir. Ətraf bozumtul-bənövşəyi çalarlarıyla alaqaranlıq səmanın altında yuxuya gedir.
Hər şey eynən bu dərənin xoş günlərindəki kimidir... Yox, hər şey yox! Ətrafda qaranlıq, lal komalar çoxdur...
Demək olar ki, hər kəs ev-eşiyinə çəkilib. Yol boşdur. Köçənləri yaxınlıqdakı yol ayrıcına qədər ötürən bir neçə adam asta hərəkətlərlə yolda vurnuxur.
Onlar ruhlarını sıxan qəfil boşluqdan, ətrafdakı anlaşılmaz sükutdan çaşbaş qalıblar. Adətən, belə hisslər adamı, hansısa əzizini yola salıb boşalmış evinə qayıdandan sonra haqlayır. Dağdan enən adamlar yarıboş qalmış kəndə indi tamam başqa gözlə baxırlar...
Budur, indicə kiminsə daxmasının bacasından xoş ətirli... ləngərli bir tüstü qalxacaq...
Budur, bax, həmişə qaranlıq bağçaların arasında bərq vuran qırmızı ulduz yenə parlayacaq...
Gah uzaqda göz vuran işıqlara, gah da sinəsinə qaranlıq çökən dağa tərəf boylalan qocalar yavaş-yavaş dağılışır, yol kənarındakı yel dəyirmanlarının pərləri ağır-ağır yellənir.
Vasil Şkut içindəki kədəri boğaraq, sifətindəki qəribə təbəssümü gizlətmədən dağın ətəyilə addımlayır. Əlini uzadıb doqqazın qapısını açır, sakitcə həyətə girir, sonra da komasına çəkilib öz sükutuna sığınır.
Koma - doğma komadır. Amma bu komanın sahibi daha Şkut deyil. Onu yad adamlar alıb, ona bu komada "ölənə qədər" yaşamağa icazə veriblər. Vaxtı uzatmaq olmaz...
Alaqaranlıq, isti komanın küncündəki sobadan cırcırama səsi gəlir... elə bil nəyəsə qulaq kəsilən bir səs... Yuxulu milçəklər tavanda vızıldaşır... Çömbələrək oturan qoca komanın sakitliyini, qaranlığını nəfəs kimi içinə çəkir.
Görəsən o, nə fikirləşir? Bəlkə, haradasa gecənin qaranlığında Ay işığı altında ağaran yolla baş alıb gedən yüklü arabaların taleyidir onu narahat edən? - Eh, başqa nə ola bilər ki?
Çay vadisindən cingiltili, məlahətli qız səsi eşidilir:
Ay işığı altında,
Dayanma, yolunla get!
Dərin bir sükut. Ulduzları mirvari kimi parlayan gecənin cənub səması. Sükut içində mürgüləyən ağcaqovaqların gecə fonunda qaralan silueti. Səmanın altında büzüşən komanın qaralan damı, ağaran divarları. Ulduzlar yarpaqların, budaqların altından sıyrılıb ətrafa boylanmaq istəyir...
IV
Onlar hələ çox uzaqlaşmayıblar.
Gecəni çöldə, doğma səmalarının altında keçirəcəklər, amma onlara elə gəlir ki, arxada qoyduqları doğma yerlərlə onların arasında min verstlərlə məsafə var.
Onlar qaraçı taboru kimi yolun kənarına səpələniblər. Atları qoşqudan ayırıblar, şam yeməyi bişirirlər, gah içlərini didən narahatlığı dilə gətirib danışır, gah da qaşqabaqlarını sallayıb bir kənara çəkilirlər, susurlar, susurlar...
Axır ki, hər şey susur.
Ulduzlu səmanı altında qarışıq halda ətrafa səpələnən arabaların, çəmənliyə çökərək dincələn atların qaraltısı, uzanıb dincələn adamların fiqurları görünür. Keşikçilər qamçılarını əllərində hazır saxlayıb yuxulu-yuxulu arabaların arasında dolaşır, əsnəyə-əsnəyə qüssəylə uzandıqca uzanan çöllüyə baxırlar.
Yaxınlaşan arabanın cırıltısını eşidəndə hamı sevincək yerindən dikəlir! Kimdisə biz tərəflərdən gəlir! Onlar təzə gələni dövrəyə alırlar, uzun ayrılıqdan sonra görüşürlərmiş kimi əlini sıxıb görüşürlər.
Ətrafa düşən çaxnaşmadan o biri adamlar da yerlərindən qalxır, sevinclərini utancla gizldərək təzə gələnin ətrafına toplaşanlara qoşulurlar, qəlyanlar alışır, hər kəs dünyanın o başınadək danışmağa, söhbətləşməyə hazırdır...
Sonra yenə hər şey susur...
Təzə qoşulanın gəlişindən vəcdə gələnlər yavaş-yavaş yerlərinə çəkilib başlarını örtdülər, indi onların hamısı bir şey- dünyanın o başındakı naməlum diyar, uzun-uzun yollar, yol boyu qarşılarını kəsəcək nəhəng çaylar, bir də tərk edib boş qoyduqları doğma kənd haqqında düşünürdü...
Hava soyudu. Hər şey - adamlar da, yollar da, şehli zəmilər də dərin yuxuya getdi.
Uzaqlarda qalan kənddən xoruz banı eşidildi. Ay - paraydı, səmanın bir küncünə çəkilib tutqun, qırmızı işıqla közərirdi. İşıq saçmırdı, eləcə közərirdi. Ayın ətrafındakı səma boşluğu açıq yaşıl rəngə çalırdı, qaranlıq üfüq çöl boyu dartılıb gedirdi, nəsə üfüqün qaranlıq qoynuna sığınıb qalmışdı. Kurqanlar idi. Bircə səmadakı ulduzlar, bir də bu kurqanlar burdakı adamların içindəki səssiz harayları eşidir, dərddən atəş püskürən nəfəslərin hərarətini duyurdu.
Amma nə olsun, əsrlər boyu susan - yanlarından ötüb keçən insanların səsinə, harayına səs vermək iqtidarında olmayan, yenə an qədər yaxın olan zamanın içində əriyən, yenə bir-birini əvəz edən, doğma yerlərini arxada qoyub uzaq-uzaq yerlərə üz tutan insanların, yenə sevincin, həyəcanın içində çaşbaş qalanların beləcə izsiz-tozsuz yer üzündən silinib getməklərinə biganə qalan - kurqanlar bu dəfə səsini çıxaracaqmı?
Yəqin ki, insan kədərinin ağrısını təkcə ulduzlar bilir.
1894
Tərcümə edən: Əyyub Qiyas
Mənbə: Edebiyyatqazeti.az
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
İlya Repin - İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə...
Dialoqlar - " Uğur və Uğursuzluq "
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Vladimir Nabokov Dostoyevski haqqında
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Aydın Canıyev - "Moskvadan Peterburqa səyahət... və yaxud “Piterin İçərişəhəri”