AZAD QARADƏRƏLİ - ŞƏRƏF TOXUMLARI (hekayə)
Gəldin də, niçin pəmbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın...
H.Cavid
Vətən Müharibəsi şəhidi Rövşən İsmayılovun xatirəsinə
“İnsanın üzü bərk olar.”
Nənəmnən eşitmişdim bu kəlməni. Düşünürdüm ki, yəqin adamın üzünə nə qədər vursan, əzilməz, qanamaz, yaralanmaz. Amma bir dəfə ayrı şey gördüm...
Kəndimizə gələn yad bir oğlanı kəndin cavan-çoluğu tökülüşüb o ki var çırpmış, üz-gözü tanınmaz hala düşmüşdü. “Niyə a bala, neyniyib o uşaq sizə?” deyən babama söz qaytarmışdı cavanların biri:”Bizim kəndin qızına söz çıxardıb... Düşüb rayonnan dalıycan, gəlib düz bura... Biz də verdik payın...”
Özünün də, elə bizim də “Qaşqın” dediyimiz oğlan bunları danışıb snayper silahının durbini ilə ətrafı gözdən keçirir. O bizə baxanda bir qədər təcrübəlidir, yəni on yaş bizdən böyükdür. Həm də orduda MAXE kimi də çalışıb. Əla atıcıdır. Biz “maladoy”ları çox istəyir, qabağa getməyə qoymur ki, havayı gülləyə tuş gəlməyək. Bir də çox danışandır. Bude, atışma səngiyən kimi, başlayıb üyüdüb tökməyə.
“Babam uşağı (uşağı deyəndə, gəncin on səkkiz yaşı olardı bəlkə) bizim evə gətizdirdi, üz-gözünün yarasını nənəm nəynənsə bişirdi, paralanmış sifətinə əsgi yandırıb qarasını basdı, nə bilim yüz pəstahdan çıxdı arvad. Axırı ki, oğlan bir az özünə gələndə şorba da bişirib içirtdi. Mən bu müddətdə oğlanın üzünə baxırdm. “Bəs hanı bərklik? İnsanın üzü...”
Babam bunu başa saldı: “O üz sən başa düşdüyün üz deyil, a bala. Bu o deməkdi ki, yəni, insanın canı bərk olar. Dözümlü olar... insanın çəkə bildiyi dərdi heç fələk də çəkə bilməz...”
Sonra babam Qarabağ savaşınnan danışdı. Dedi ki, bu gedişlə, deyəsən, bizi erməniyə uduzduracaxlar... Uduzmax qorxulu dəyil; uduzarsan, toparlanıb təzədən udarsan. Amma uduzdurulmax çətin işdi. Adamın gözü qırılır... Beli sınır... Kitili kəsilir...”
Sonra biz, doğrudan da, bu oyunu uduzdurulduq, torpaqlarımızı itirdik, qaşqına, köşkünə döndük... yaxşı ki, babam o günləri görmədi, tez öldü kişi...”
Qəfil yanımıza düşən mərmi yerə pərçimlənsə də, bəxtimizdən açılmır. Mən qorxuram, amma Qaşqın vecinə də almır. Onunla yaşıd olan gizir dillənir:
-Qaşqın, heç sevmisən?
Oğlanın elə bil çibanı deşilir. İnildəyir və mənə baxıb utanan kimi olur. (Bizdən yaşlılar burda dinc dövrün “malodoy-starik” söhbətini qəti eləməzlər. Abi-qədeş kimiyik. Hətta yanımızda şit zarafat-zad da eləməzlər.) Sonra gizirə sarı dönür və məni unudub başlayır:
“Biz iki dost idik. İkimiz də bir qızı sevirdik. İkimiz də ordudan sonra MAXE olduq. Sonra bir axşam o, ərizə yazıb ordudan getdi. Elə bil məni ilan çaldı. Səhər mən də ərizə yazıb getdim. İnsafən, o qıza heç zəng də eləməmişdi. Ya nə bilim, bəlkə buna macal tapmamışdı? Nəysə, hərəmiz qıza ayrı-ayrılıqda zəng edirik, dərdləşirik. Şəxsən mən öz payıma dostumun adını çəkmirəm... Guya bunnan xəbərsizəm... İnsafən – özü belə deyirdi – o da belə edir. Belə-belə, gəlib çıxdıq indiki müharibənin başına... İkimiz də eyni gündə gedib ərizə verdik, məni səhəri çağırdılar... Gör neçə vaxtdır vuruşuram... Onu isə hələ çağırmayıblar... Bilirsən, istəmişəm arada bir gecə minəm maşına gedəm... Sonra ayıbıma gəlib... Əgər mən ölsəm, dostum qızla evlənsə...”
“Diqqət! Hazır olun! On dəqiqə sonra qarşıdakı yüksəkliyə hücuma keçirik... “ – taqım komandirinin səsidir.
Bu vaxt onun telefonuna zəng gəlir.
“Alo, alo! Eşidirəm!.. Nə?! Ola bilməz?! Məgər onu çağırmışdılar?!”
Telefonu əlindən düşür və hönkürür. Gizir onu sakitləşdirməyə çalışır. O isə bağıra-bağıra deyir:
“Dünən dostum şəhid olub! Bu gün axşam tərəfi torpağa verəcəklər!.. Mən axmaq isə elə bilirdim... Ay allah! Qardaş, bağışla məni!..”
Hücum edib yüksəkliyi aldıq. Çiynimnən yüngül də olsa yaralandım. Qaşqın şir kimi vuruşurdu. Hiss olunurdu ki, dostunun ölüm xəbəri onu dəli edib. Qisas hissi yazığı təbdən çıxartmışdı. Heç nə danışmır, heç nə yeyib-içmirdi. Yalnız mənim yaralandığımı biləndə yanıma yüyürüb qucaqladı. Sonra özü sarıq qoyub sarıdı. Və başladı öyüd-nəsihətə:
“Sən hələ uşaqsan. Bizə baxma. Biz sirimsəmişik. Sən şəhər uşağısan. Gözlə özünü. Tez qabağa soxulma. Qoy biz bu it uşaqlarını qıraq, sən də bax, öyrən. Gördün şəhid olduq, sən başla...”
Gizir onun boş damarın tutur:
-Yaxşı, o döyülən oğlanın axırı necə oldu?
Qaşqın himə bənddir. Başladı e...
“...O oğlan bir gecə bizdə qaldı. Gecə gözü nənəm onun yara-xorasını bir də yudu, şişlərinə, göyərmiş yerlərinə buz qoydu... Səhərə yaxın oğlanın üzü tam olmasa da, babat düzəldi... Mən gəncin üzündə o yumruq, təpik izləriynən yanaşı, başqa şeylər də gördüm. Bu üzdə qızların ağ parça üzərində saldığı ilmələrə, naxışlara, butalara bənzər şeylər gördüm. Oğlan o qədər ağrı-acının içində gülümsünürdü və mən o gülümsünməyi oxuya bilirdim. “Mən sevgiyə qurban getdim. Eşqin adına bağlandım və bu kəndi Kəbəm, bütxanəm bildim. Dünən yediyim yumruq, təpik də xoşdur mənə. Təki sevdiyim mənə yox deməsin...”
Oğlanın atası, anası, əmisi və qardaşı səhər maşınla bizə gəldilər. Qonşu rayondakı Xanlıq kəndinnən imişlər. Soraqlayıb, bzim evi tapıblar...
Uzun söz-söhbətdən sonra babam onlara başa saldı ki, oğlanın uzaqdan görüb könül verdiyi qız da yaxşı bir ailədəndir və əgər razılaşa bilsələr, bu iki gözəl gəncin birləşməsi məsləhətdir...
İncəvara, söz-söhbət uzun çəkmədi. Qızın da könlü varmış. Yoxsa “bu gözəllikdə oğlan dəli dəyil ki, o boyda yolu vurub gəlsin şillə-təpiyə qonaq olsun?..” Nənəm belə yozurdu...
Elçilik babamın da aracılığı ilə uğurla başa çatdı və...
Vəsi odur ki, onlar o gedən oldular. Toy nədi, heç nişan günü də onlardan səs çıxmadı. “Təpik-yumruq” yiyələri cilov gəmirirdilər. Asıb-kəsirdilər, hədələyirdilər. Hətta burdan Xanlığa sifariş də eləmişdilər – “gəlib orda bir qan salmasaq, biz də biz deyilik.”
...Bir gün kəndimizə üstünə bayraqlar sancılmış, güzgüsünə qara bağlanmış Volqa QAZ -24 maşını gəldi. İçindəkilər düşüb babamı çağırdılar. Sonra hönkürüşüb ağladılar və bu vaxt N. gilin evinnən də ağlaşma sədası gəldi.
Aşıq o gül üzünə,
Toxmax dəydi dizinə.
Ölmüsən, xəbər elə
Məni tay et özünə...
Oğlanın anasının çəkdiyi bayatı hələ də qulaqlarımnan getməyib...
Sonra Xanlıq getdi, Xanlığın yan-yörəsi getdi, sonra bizim rayona dirəndi düşmən. Qız bir gecə evdən çıxıb qaçmış, Xanlıq deyibən getmişdi. Güclə tutub saxlamışdılar, başa salmışdılar ki, day Xanlıq yoxdur. Erməni gəlir... Böyün-səhər biz də tərpənirik...”
Sonra ermənilər hücuma keçdilər ki, aldığımız yüksəkliyi qaytarsınlar. Gizirlə Qaşqın taqımı irəli aparıb onları dərəyə tökdülər. Və başladıq bu faşistləri dərədəcə qırmağa. Mən də qoşulmuşam onlara. Qırdıq eee! Qoy dərs olsun!.. Şuşada yallı gedən alçaqlar!.. Di yallı gedin...
Qaşqın mənim ayaq üstdə atəş açdığımı görüb qışqırdı:
-Bakılı balası! Əyil aşağı!
Bu vaxt güllə düz sinəmnən dəydi. Ağzı üstdə düşdüm. Qaşqın mənə sarı atılanda onu da vurdular. Gizir isə əsgərlərimizlə qabaqda düşməni qıra-qıra gedirdi. Qaşqın yanımda yerə sərilib nə barədəsə danışırdı...
“...İnsanın üzü bərk olar...
Hanı? Bəs o gül üzlü oğlan niyə bir ayın içində namərd gülləsinə qurban getdi? Hələ o qız? Xəstəxana qalmadı, baxıcı qalmadı, ekstrasens qalmadı... İki ilin içində soğan “kimi soyuldu, yorğanıynan əridi, döşəyiynən çürüdü...” – nənəmin yanaşmasıydı...
İlahi! Qaşqın məni də, özünü də unudub o əhvalatın ardını danışırdı...
Sonra gözləri alacalandı. Əlini döşünün üstünə qoydu:
“Bakılı balası, mən deyəsən ölürrrrəmmm... Döş cibimdə qızın telefonunnnnun nömrəsi var... Zəng edib deyərsən ki...”
Sonra o öldü. Sonra mən öldüm. Bizimkilər isə xeyli qabağa gedib daha bir yüksəkliyi almışdılar... Mənim qulağıma isə səs gəlirdi. Kim idi? Asta-asta danışırdı. Ya bu sətirləri yazan adam idi? Ya Gizirin səsi idi? Ya Qaşqın idi? Yox e, o yanımda uzanıb... Kim idisə danışır, danışırdı...
“Vətən adı gələndə eşq-meşq yada düşməz” – bunu müqəddəs müharibəmizin ilk günlərində bir gənc demişdi. Mən bu gənclərin hamısını internetdən və saytlardan izləyirdim. “Dalımcan ağlasan, haqqımı halal eləmərəm”, “Vətən adı olan yerdə tək oğul-zad söhbəti yoxdur, ana”, “Heç elə bil məni doğmamısan, unut məni...”, “Maşını saxla, burda bir yaxşı-yaxşı oynayım, sonra ürəyimdə qalar...”, “Qardaş, mən bir qız istəyirdim, ürəyimi ona aça bilmədim, bu dərdi də Vətənə qurban eləyirəm...” – belə-belə sözləri və o uşaqların şəkillərini yığırdım kompüterimdəki fayla...
Anam! Bu şəkillərdən boylanan üzlər necə gözəl idilər, necə oxunaqlı sifətləri vardı, necə gülən gözləri vardı... Hamısını bir ata əkmiş kimi, bir ana doğmuş kimi... O gülən gözlərdə...
Gülənmi? Diqqətlə baxsan, gülmürdü o gözlər. Bizə gülürdü bəlkə, özlərinə, nakam eşqlərinə ağlayırdılar dərinliklərdə... Hə, hə, o gözlər o qədər dərin idi, orda itmək, batmaq olardı... Orda bir evə, bir ailəyə, bir şəcərəyə, bir nəslə etiraz vardı. “Daha belə yaşamaq olamz!” “Biz bu biqiryətlikdən qurtarmalıyıq, ya yox?!” “Xaricə ayaq qoyanda xəcalətdən yerə giririk... Soruşurlar ki, ermənilər həqiqətənmi qəhrəmandırlar? Nə deyək, deyək ki, yox, qəhrəman bizik?!. Nəbiyəm, Koroğluyam... Ay nə bilim nəyəm, nəmənəyəm!!!” “Əl çəkin bizdən və imkan verin bu bədbəxt Vətən üçün ölə bilək!” “Özünüz bu dünyadan şərəfsiz kimi getməyi tərcih etmisiniz, icazə verin biz şəhid olmaq şərəfinə nail olaq... Eşidirsiniz?! Biz ya şəhid, ya qazi olacağıq! Əl çəkin bizdən!”
...Onlar hirslə, hikkəylə getmişdilər. Bizə, sizə, onlara qəzəblənib getmişdilər. 30 illik binamusluğu üstümüzdəm silməyə getmişdilər. Hər qarışa bir igid... Hər arşına on igid... Üç minəcən igidimiz gülə-gülə getdi yağı üstünə. Gülə-gülə şəhid oldular...
Bir o qədər də igid qolsuz, qıçsız, gözsüz, dilsiz qayıtdı. “Biz də şəhidik. Ağlayanda bizi də ağlayın. O gülən gözümüzdən, o oynayan ayaqlarımızdan, dostları qucaqlayan qollarımızdan olmağımızı ağlayın... “Dumannan özümə bir xeymə qurdum...” deyib oxuyan səsimizdən olmağımızı ağlayın... Xar olan sevgimizi ağlayın...
“Dumannan xeymə...” Hə, bizim xeyməmiz də, eşqimiz də, könül evimiz də dumannandır... Bir ah kimi... Duman kimi gəldi, getdi... Yox, getmədi... Hər səhər dağların başında gəzən dumanı görsəniz, bilin ki, o bizik. Biz yerdə sürünməzik... Biz orda, yüksəskiliklərdə olarıq. Sz bizi nə olsun yerə gömdünüz, o gömdüyünüz nəşimizdi. Əsl bizlər o dağlarda yürüyən pəmbə dumanıq. Kəfənimiz kimi ağappaq... Hərdən üfüqlərə qalxıb qızarsa, bilin ki, o da güllə dəyən yaramızdan açılan qanımızdır... Axır, axır, bu yer üzünü qanla doyuzdurur ki, daha ayrı qan istəməyəsiniz... Biz sizə hər şey qaytarıb getdik. İtən adınızı, namusunuzu, şərəfinizi, bunların hamısının cəm olduğu yeri – torpağı...
Di gedin adam kimi yaşayın... Yaşamağı öyrənin... Gözəl yaşayın...
Biz öldük, siz yaşayın...”
Bu da o idi – neçə vaxtdır bizim izimizdən gələn adam. Məni də çox yerdən soruşub. Nişan verən olmayıb. Axır gəldi özü tapdı.
“Bakılı balası, sənə açdığım fay boş qalıb axı – ölüsünü gözləyən qəbir kimi. Nə yazım sənnən? Özünü nişan ver.”
Bu oxuduğunuz yazı belə yarandı. Ona tək bir söz dedim:
“Bizim nəşimizi çox vaxt tapa bilmirdilər dəfn etməkçün. “Bir gün də qənimətdir” deyib, göy üzünə baxmağı üstün tutur, qanımızı tökdüyümüz torpaqlarda gizlənərdik. Dirimiz gizlənmədi, barı ölümüz gizlənsin... Qəbirlərimiz boş qalardı günlərlə... Elə mənimki də... Bu yazıçı deyən kimi, bizim gözəl üzümüzü qara torpağa necə qıydınız bəs?
“Bakılı balası, sizi torpağa verdilər ki, torpaq da gözəlləşsin. Siz o qara torpağa gömülmədiniz, şərəf toxumları kimi əkildiniz. Yeni bir nəslin doğması, törəməsi üçün.”
29.01.2021.