Akutaqava Rünoske(1892–1927) - DARI QAYNAYAN VAXT
Proza
Akutaqava Rünoske (1892–1927) - DARI QAYNAYAN VAXT
Tələbə Luya elə gəldi ki, ölür. Gözlərinə qaranlıq çökdü. Hıçqırıb ağlayan uşaqlarının, nəvələrinin səsləri get-gedə uzaqlaşmağa başladı. Ayaqlarına sanki onu elə hey aşağı dartan çəki daşları bağladılar.
Və bu vaxt Lu qəflətən gözlərini açıb ətrafına baxdı.
Onun baş tərəfində əvvəlkitək yenə də qoca daos Lyu oturmuşdu. Qocanın qaynatdığı darı, görünür, hələ hazır deyildi. Lu başını çini yastıqdan qaldırıb gözlərini ovxaladı, ağzını açıb əsnədi. Payız idi. Günəş şüaları ağacların çılpaq budaqlarını işıqlandırsa da, hava soyuq idi.
– Oyandın? – qoca Lyu bığını çeynəyə-çeynəyə təbəssümünü gizlədib soruşdu.
– Hə.
– Yəqin, yuxu görürdün?
– Görürdüm.
– Nə yuxuydu?
– Çox uzun yuxuydu. Əvvəlcə gördüm ki, Sinxedən olan cənab Suyun gözəl, ağıllı qızı ilə evlənmişəm. Sonrakı il imtahan verib Veynan əyalətində qiyamçılarla mübarizə idarəsində məmur vəzifəsi almışam. Hələ ardına qulaq as... Gördüm ki, vəzifəli şəxslərə nəzarət edən müfəttiş olmuşam, sonra sarayda katib vəzifəsi almışam, bunun ardınca imperator fərmanlarının hazırlanmasına məsul şəxs təyin edilmişəm və ən nəhayət, elə bir çətinlik çəkmədən müşavir postuna qədər yük¬səlmişəm. Amma az sonra tale məndən üz döndərdi – böhtanın badına getdim, ölümdən canımı güclə qurtardım və Xuançjouya
sürgünə göndərildim. Orada beş, ya altı il qaldım. Sonra məlum oldu ki, heç bir günahım yoxdur. Məni paytaxta qaytardılar – saray dəftərxanasının rəisi təyin edildim və Yan əyaləti mülk kimi mənə verildi. Artıq ahıllaşmışdım, beş uşağım, onlarla nəvəm vardı.
– Bəs sonra?
– Sonra öldüm. Xatırladığım qədər yaşım artıq səksəni ötmüşdü.
Qoca özündən razı halda saqqalını tumarladı.
– Deməli, belə... Sən mərhəmətin, nifrətin nə oldu-ğunu bilmisən, uğurun sevincindən, itkinin acısından dadmısan. Çox gözəl. İnsan həyatı sənin gördüyün o yuxudan heç nəylə fərqlənmir. Yəqin, həyatdan daha əvvəlkitək dördəlli yapışmazsan. Dərindən fikirləşsən, anlayarsan ki, qazanclar və itkilər, həyat və ölüm o qədər də əhəmiyyətli deyil. Sən belə hesab etmirsən?
Tələbə Lu narazı baxışlarla qocaya qulaq asırdı. Qoca ona sual verən vaxt gənclik hərarəti ilə başını qaldırıb gözləri parıldaya-parıldaya dedi:
– Qoy həyat elə yuxu olsun. Bunu biləndən sonra mə-nim yaşamaq həvəsim daha da artır. Vaxt gələcək, o yuxu kimi bu yuxu da bitəcək. Amma nə qədər vaxtım var, yaşa-maq istəyirəm ki, sonra deyə biləm: bəli, doğrudan da, yaşamışam. Məgər mən haqlı deyiləm?
Qoca qaşqabağını sallayıb susdu və ona cavab vermədi.
1917
Tərcümə edən: Rövşən Ramizoğlu
Mənbə: Aydinyol.aztc.gov.az
Mövzuya uyğun linklər: