Uraqan Abdullayev - İlk maşın və ilk sevgi.
Sevgi münasibətlərində uğur qazanmaq maşın sürməyi xatırladır. Sürdükcə sürməyi öyrəndiyin kimi, münasibətləri də davam etdirdikcə düzgün rəftarı öyrənirsən. Bir çox hallarda günah kişidə olur, çünki Azərbaycanda və dünyanın bir çox ailəsində sükanı kişi idarə edir. Ona görə də, kişinin düzgün rəftarı çox önəmlidir. Bir yanlış addımla çox böyük bir xəta törədə bilərsən, yox əgər düzgün davranmağı bacarırsansa, sevdiyini çox böyük bir riskdən də qurtara bilərsən. Maşın bir çox hallarda səni istədiyin ünvana daha tez çatdırmaq üçün olsa belə, bəzən də həyatlara son verə bilir.
Təbii ki, o maşına diqqət və qayğı göstərmək də öz yerində, çünki maşını həmişəki kimi normal bir vaxtda sürdüyün halda xarab ola bilər və düşünərsən ki, görəsən bir anda nə oldu? Axı, 5 dəqiqə öncəsinə kimi hər şey qaydasında idi. Ustaya göstərdikdə isə, problemin bir anda deyil, zamanla yarandığını və uzun müddət baxımsız qaldığına görə belə böyük problemlərlə biruzə verdiyini deyər. Eynilə də, münasibətlərimiz. Bir anda baş verən və nəyə görə olduğunu anlamadığımız problemələr. Bizə bunu anlamaqda kömək edən insanlar lazım olur. Bunu isə normal cəmiyyətlərdə psixoloqlar edirsə, bizim cəmiyyətdə məsləhət vermək prosesini daima uğursuzluqlara uğrayan insanlar yerinə yetirir. Onlar uğursuz olduqları üçün günahı hər daim yalnış yerlərdə axtarır, bəzən də normal bir münasibətə müdaxilə edərək “yox siz səhv edirsiniz, elə yox belə etmək lazımdır” deyir və ailələr dağılır. Beləcə kömək etməyə çalışan təmiz niyyətli insanların məqsədi nə qədər xoş olsa da, etdiklərinin fəsadı heç də yaxşı bitmir. Beləcə, kömək etməyə çalışan təmiz niyyətli insanların məqsədi nə qədər xoş olsa da, etdiklərinin nəticəsi heç də yaxşı bitmir.
Bir düşünün, maşın yalançı və ya işini bilməyən bir ustanın əlinə keçir, sağlam maşınında salamat yer qalmaz. Yanlış məsləhət aldığımız insanların bizə təsiri də fiziki olaraq görünməsə belə, eynilə bu cürdür.
Sözsüz ki, ilk addımda uğurlu maşın sürə bilmək hər adama qismət olmur və bir çox hallarda istəmədən də olsa, qəzalar baş verir. Təbii ki, maşının qəzaya uğrayıbsa, sənin xəsarət almaq ehtimalın böyükdür. Hələ günahkar sənsənsə, maşının səni yaraladığını düşünüb günahı özündən atarsan. Əslində isə yanlış yola girən sənsən. Bəzən qəza yüngül olar, onu təmir etmək və olanları unutmaq rahat olar. Ruhdan düşməzsən, təkrar-təkrar bənzər səhvləri edərsən və nəhayət bir gün öyrənərsən, artıq maşınla bir ruh olduğunu anlayarsan, sanki onun dilini anlayırmışsan, nə istədiyini bilirmişsən kimi. Bəzənsə, qəzadan sonra həmin maşın gözündən düşər, çünki ilk halındakı kimi mükəmməl deyil və səni pis yaralayıb. Artıq yaşadığın travma səni o maşına yaxın buraxmaz, hər dəfə ona baxanda ağrıların yadına düşər. Sənin gözündə adi bir dəmir parçasına dönər, amma maşının qəzaya uğramış və ya yararsız olması o demək deyil ki, bir daha əvvəlkindən daha mükəmməl ola bilməz. Onu təmir edib, əvvəlki lazımsız və yararsız hissələrini çıxartdıqdan sonra əvvəlkindən də ideal bir vəziyyətə gələ bilər və beləcə sən yenidən onu arzulayarsan.
O maşını əvvəlkindən də mükəmməl hala gətirmək sənin əlində də ola bilər, yetər ki, ona olan sevgin bir an olsun azalmasın. Sözsüz ki, qarşımızdakı insan maşın deyil və bizim onu çapmağı düşünməyimiz yanlış olar. Problemsə ondadır ki, bizə maşın sürməyi öyrədirlər, amma qarşı cinslə necə rəftar etməyi öyrətmirlər. Heç birimizin atası öz oğluna bir qadınla necə davranmalı olduğunu, heç birimizin anası isə öz qızına bir kişi ilə necə rəftar etməli olduğunu öyrətmir. Öyrətsələr belə kişiyə baş əy və nə desə onu et deməyə proqramlaşdırılır. Bildiyimiz bir şey var, sevdiyiniz adam maşın deyil və hər dəfə səhv bir hərəkət etdikdə yeniləməyi düşünməyin, yanlış edə-edə onunla birlikdə öyrənin...