Eduard Limonov - Mutant
Proza
Eduard Limonov - Mutant
O zamanlar Jiqulin qul alverçisi kimi bir şey idi, yəni gənc, gözəl və təndürüst qızların alveri ilə məşğul olurdu. Restoranları, barları gəzib xoşagəlimli qızları seçir, özü ilə Parisə gətirir və Model agentliklərinə satırdı. Onlar hər dəfə Parisə gələndə adətən müvəqqəti olaraq mənim apartamentimdə qalırdılar. Yox, mən öz qonaqpərvərliyimə görə faiz almırdım, qapılarımı onların üzünə geniş açmağımın səbəbi isə hədsiz maraq və havayı seks ümidi idi…
O xanım mənim qapımın ağzında peyda olanda əynində şərq üslubunda, çox əcaib naxışlı bir şalvar və hündürdaban çəkmə vardı. Şalvarının parçası açılmış günəbaxan şəkilləri ilə dolu idi. Çiyninə cins gödəkcəsini keçirmişdi. Gödəkcənin yaxalığına tökülmüş formasız saç kütləsi köhnə mebel rəngində idi. Ondan toz və əsgər iyi gəlirdi. Arxasından isə onun çantalarını daşıyan gəncin balaca, qırmızı sərsifəti görünürdü.
- Mən Salliyəm - o, özünü təqdim etdi.
Sonra gülümsünüb dodaqlarını yaladı.
- Sən də yəqin ki, Edvardsan.
- Hə, bu, mənəm… Hara itib-batmışdın Salli? Axı düz dörd saat əvvəl səni aeroportun qarşısında gözləyirdim. Yoxsa elə bilirsən ki, mənim başqa işim yoxdu ?.
O, sevincək gülümsünərək yanındakı oğlana baxdı.
- Mən Xyuqonun apartamentinə baxmağa getmişdim.
Oğlan da onun sözünü təsdiq elədi. Lakin gəncin gözlərində qorxuya bənzər hissslər gördüm. Bəlkə Salli ona demişdi ki, mən onun atasıyam?! Bilmək olmaz.
- Onu sağ-salamat gətirib çıxartdığına görə çox sağ ol, Xyuqo, - mən quru-quru dilləndim. - Qud bay, gedə bilərsən.
Salli isə duş qəbul eləməlidi. Oğlan qaz kamerasına addımlayırmış kimi ağır-ağır liftə tərəf yeridi. Mən isə qapını örtüb Sallini diqqətlə gözdən keçirməyə başladım. O isə yenə də gülümsündü və südsüz şokalad rəngli gözlərini qonaqpərvərliklə geniş açıb mənə göstərdi. İnək gözlərinə oxşayırdı, heç bir insani ifadədən əsər-əlamət yox idi.
- İstəyirəm ki, sən duş qəbul edəsən - mən dedim. - Xahiş edirəm, əynindəki bu cır-cındırları da çıxart, at bir kənara.
O, dediyimə əməl elədi və soruşdu:
- Bəs Saşa Jiqulin məni görməyə gəlməyəcək?
- Yox, yazıq bayaqdan iki dəfə zəng eləmişdi, sənin aeroportda itməyinə görə yaman nigaran idi. Həm də möhkəm əsəbiləşmişdi - bir qədər susub maraqlandım. - Yoxsa, Xyuqo sənin xoşuna gəlmişdi?
- Pis oğlan deyil bu Xyuqo - Salli cavab verdi.- Təyyarədə tanış olmuşuq… Yox, aramızda bir şey olmayıb. Mən sadəcə onun mənzilinə baxmağa getmişdim. Hündür bir binanın ən yuxarı mərətbəsində kiçicik bir otağı var. Pəncərədən baxanda bütün şəhər görünür… Yox, aramızda bir şey olmayıb. - O, yenə də təkrar edib ayaqlarını yerə sürtdü.
Mən gülümsündüm
- Belə çıxır ki, onun mənzili böyük olsaydı, sizin aranızda nəsə olacaqdı?
- Nə bilim, bəlkə də… - O, ah çəkdi - Mən yorulmuşam, Edvard.
- Okey, hər şey hazırdır. Duş qəbul edə bilərsən.
Salli itaətkarlıqla vanna otağına keçdi. Mənsə onun yerə tökülmüş paltarlarını yığışdırmağa başladım.
Əynində şortıdan başqa heç nə olmayan Salli mətbəxdə oturub aramla öz həyatını mənə danışır.
- … Sonra Olivye ilə rastlaşdım. O, fransız idi. 19 yaşı olmasına baxmayaraq çox dövlətli bir adam idi… O, məni həmişə bahalı restoranlara aparır və mənimlə yaxınlıq eləmək istəyirdi. Mən isə istəmirdim, çünki ondan xoşum gəlmirdi. Həmin vaxtlar mən Nyu-Yorkda yaşayırdım və özüm üçün iş axtarırdım… Bir dəfə Olivye dedi ki, dostu Stiv özünə müvəqqəti katibə axtarır. Mən bildirdim ki, məmnuniyyətlə razılaşardım, lakin kompyuterdə işləyə bilmirəm. Olivye isə bunun heç bir əhəmiyyəti olmadığını dedi. Elə ilk iş gününün sonundaca hər ikisi məni zorladı… Əslində mən özum də buna etiraz etmədim.
- Sən onları istəyirdin?
- Yox. Stiv də Olivye kimi eybəcərdi, həm də qocadır. 37 yaşı var.
- Bəs onda niyə razılaşdın?
- İşimi əlimdən buraxmaq istəmirdim. Stiv məni üç həftə saxladı. Və hər həftə 200 dollar maaş verdi. Həm də nəğd. - Mərc gələrəm ki, bu üç həftənin hər günü onlar səni yaxınlığa məcbur ediblər… Yoxsa elə olmayıb?
- Demək olar ki, hə.
- Bu ki, əməlli-başlı istismardır. Ən ucuz fahişənin qiyməti, günü 50 dollardır. Gecəsi isə 100 dollar. Onlar isə 200 dollar verib, həftəboyu səndən istifadə ediblər. Məyər sən belə anlamazsan ki, bunu başa düşməmisən?
- Bilirsən, belə şeylər mənə bir az gec çatır.
- Qəribə də olsa o, mənimlə razılaşdı.
* * *
Salli o qədər də dərrakəli deyil. Bu, məlumdur. Və heç cür başa düşə bilmirəm ki, kişiləri özünə necə cəlb edə bilir. Gündə onlarla kişi zəng vurub onu soruşur. Parisdə qaldığı bir-iki gün ərzində o, məndən daha çox populyarlaşmışdı. Mənsə artıq bir neçə ildir ki, burada yaşayıram. Onunla ilk intim yaxınlıqdan sonra hiss elədim ki, məndən razı qalmadı. Deyəsən, heç nə hiss eləmədi də. Bundan sonra biz həmişə eyni yataqda yatsaq da, mən daha onunla yaxınlıq etməyə cəhd göstərmirdim. Otaqda başqa çarpayı da vardı, lakin Salli heç vaxt məndən ayrı yatmaq istəyini bildirmədi. Səhərlər, üzünə kosmetika çəkməmişdən qabaq o, kəndçi qızlarına oxşayırdı. Fikirləşirdim ki, ondan Tarzana əla həyat yoldaşı çıxar. Lakin onun keçmiş macəraları Tarzanın məsum cəngəllik gəzintilərindən qat-qat təhlükəli idi.
- … və mən valideynlərimin yanına qayıtdım, Edvard. Bir axşam bacım Merian ilə birlikdə yerli bara getdik. Bar adamla doluydu. Hamı sərxoş idi. Merian öz keçmiş məşuqunu axtarırdı, fikirləşirdi ki, oğlan bəlkə barda ola. Biz onu orda tapmadıq, lakin elə o saat evə dönməyə də həvəsimiz olmadı. Əyləşib özümüz üçün pivə sifariş verdik. Yanaşı stolda bir dəstə sərxoş oğlan oturmuşdu. Onlar oğlansız gələn iki qızı görüb, təbii ki, bizə sataşmaağ başladılar. Hətta əl-qol da atdılar. Bacım Merianın xasiyyəti çox ağırdır. Heç kimin qabağında əyilən deyil. Qarşımızdakı pivə şüşələrini ona əl atan oğlanın başına çırpdı. Aman Allah, Edvard, barda aləm bir-birinə qarışdı. Hamı savaşmağa başladı. Mən də pivə şüşələrindən birini sındırıb məni qucaqlayan oğlanın çiyninə soxdum. Onun qanı axmağa başladı. O də əvəzində stulu götürüb mənim başıma çırpmaq istədi, lakin mən özümü zərbədən yayındırdığımdan stul gedib barın vitrininə dəydi. - Öz qəhrəman keçmişindən qürur əlaməti olaraq Sallinin üzündə xoşbəxt bir canlanma göründü. - Nə isə, axırda barmen bizə qışqırdı. «Qaçın burdan qızlar, yoxsa axırı pis olar. Tez olun.» Biz bayıra sıçrayıb maşınımıza atıldıq və oradan uzuqlaşdıq…
Bu qəhrəman bacıların bir dəstə əclafın əlindən qurtulmasına sevinib rahatlıqla ah çəkdim. Xoşbəxt sonluq. Lakin …
- … bu əclaflar da bayıra cumub maşına mindilər və bizim ardımızca sürdülər. On dəqiqədən sonra bizə çatdılar və maşınımızı sıxıb yoldan çıxartmağa, kənardakı yoxuşa salmağa çalışdılar… Edvard, düz iki saat biz ölümlə həyat arasında yelləndik. Nəhayət, biz bu sərxoşların maşınını yoldan çıxarıb dərəyə yuvarlada bildik. Onların maşını bir-iki dəfə çevrilib yanmağa başladı. Biz isə yaxınlıqdakı diskotekaya getdik. Elə bir az rəqs eləmişdik ki, Merian huşunu itirib yıxıldı. Deyəsən, çoxlu qan itirmişdi.
- Belə çıxır sizdə hamı vəhşidir. Mağara adamısınız məyər?
Salli razılıqla gülümsündü:
- Əslinə qalsa, mən keçmiş məşuqumun əlindən qaçıb Parisə gəlmişəm. O, təzəlikcə həbsxanadan çıxıb. Öz bacısının sevgilisini öldürdüyünə görə tutulmuşdu.
- Deyəsən, Amerikada indiyəcən bəziləri özünü meşə vəhşiləri kimi aparır.
- O, əməlli-başlı xəstədi, Edvard. Bir də görürdün, məni küçənin ortasından tutub evinə gətirir, soyuducudakı bütün alkaqolu içir, sonra da məni zorlayırdı. Elə vaxt olurdu ki, vəhşi kimi evdəki mebeli sındırmağa başlayırdı, mən də qorxub qaçırdım.
Özünün dediyinə görə Salli intim həyata 13 yaşında başlayıb, 15 yaşında ilk dəfə hamilə olub. Abort. Ardı isə məlumdur. Yüzdən çox kişi.. bu qısa vaxtda… Ən böyük nailiyyəti isə məşhur tenisçi Cinin bir neçə ay ərzində məşuqəsi olmasıdır.
- Bilirsən, necə gözəl günlər idi, Edvard, o, hər gün mənə pul və iki qram kokain verirdi.
- Bəs bu iki qram kokainin əvəzində sən neyləməli idin?
- Heç nə, demək olar ki, heç nə. Yalnız istəyəndə onunla yaxınlıq etmək. Doğurdan da, gözəl həyat idi. O, hər gün səhər tezdən məşqə gedir, mən isə ya mağazaları gəzib özüm üçün pal-paltar alırdım, ya da evdə oturub kokain iyləyərək musiqiyə qulaq asırdım. Mənim kolleksiyamda 500-ə yaxın audio kaset var idi. Edvard, nə şirin günlər idi.
- Bəs niyə onunla qalmadın? O, səni atdı?
- Yox, mən onu itirdim… Sənə dediyim kimi, bir dəfə valideynlərimin yanına qayıtmışdım. Elə evə döndüyümə görə də onlar mənə əla bir idman avtomobili bağışladılar. Bir aydan sonra sayca beşinci olan bu maşınımı da çevirdim və bir müddət qospitalda yatdım. Sonra isə Nyu-Yorka qayıtdım və mənə dedilər ki, Ci öz ünvanını dəyişib. O vaxtdan bəri onu tapa bilmirəm… Əslinə qalsa, heç bir o qədər axtarmamışam da.
- Məyər onun kimi məşhur tenisçinin ünvanını tapmaq belə çətindi?
Qəfildən Salli mənə çönüb melanxolik və hər cür coşğunluqdan uzaq bir səslə soruşdu:
- Edvard, sən mənə varlı bir kişi tapa bilərsən?
- Məgər mən varlı dostları olan bir adama oxşayıram?
- Hə, Edvard, - o, qətiyyətlə dedi.
Mən sarsıntımı cilovlayıb bir qədər fikirləşdim və yadıma düşdü ki, doğurdan da, mənim bir neçə varlı dostum var. Lakin təəssüflər olsun ki, mənim varlı dostlarımın hamısı homoseksualistdirlər.
***
Qul alverçisi Jiqulinin rəyinə görə Salli gələcəyin qadınıdır. O, bizdən daha çox inkişaf edib. Mənsə buna etiraz edib dedim:
- Saşka, bir dəfə o, mənə balaca bir kağız yazıb qoymuşdu. Təkcə «Tonight» sözündə Salli bir neçə səhv buraxmışdı. Bu axı onun öz dilidir. Mən rus ola-ola «Tonight» sözünün düzgün yazılışını bilirəm, o, isə…
- Əlbəttə ki, o, savadsızdır. Sən haqlısan. - Jiqulin razılaşdı. - Bununla belə o, Budda kimi «mütləq» bir məxluqdur… O bu dünya içində ayrı bir dünyadır və onun elitarlığı bizim düşündüyümüzdən fərqlidir. Edvard, biz dəbdən düşmüş sivilizasiyanın nevrotik övladlarıyıq. O isə yeni qadındır. Biz kitablardan götürdüyümüz süni ziyalılığımızla artıq itib getməli və yolu yeni insanlara verməliyik. Minlərlə, milyonlarla Salli kimilərə…
Dostum zarafat eləmirdi. O, Sallinin bizdən üstün olduğuna tam səmimiyyətlə inanırdı. Bu vaxt mənim yadıma başqa bir şey də düşdü. Bir dəfə mən evə gec gəlmişdim. Salli artıq yatmışdı.Mən soyuducudan şorba qazanını çıxarıb qızdırdım və nimçəyə çəkəndə gördüm ki, şorbanın içində əti gəmirilmiş sümüklər üzür. Səhər ondan soruşdum:
- Əti yeyilmiş sümükləri də heç təzədən qazana atarlar? Salli, sən itsən məgər? Nə qədər istəsən ye, lakin sümükləri zibil yeşiyinə at.
Mənim iradıma onun yeganə reaksiyası Buddavari mütləq təbəssümü oldu. Əlbəttə, bu təbəssümdə minlərlə məna gizlənirdi.
***
Sallinin 20 yaşı var. Bu vaxta qədər o, 16 məhkəmə prosesində iştirak edib. Yox, onu məhkəməyə verən olmayıb, Salli başqalarını məhkəməyə verib. Onun ağsaqqal, mehriban atası öz Tarzan qızlarından istifadə edir ki, başıboş kişilərdən pul qoparsın. Sallinin düşdüyü hər yeddi avtomobil qəzasından sonra onun atası təkcə sığorta şirkətlərindən yox, yeni əsrin qadınının gözlərini yumub Amerika yollarıyla şütüdüyü maşınları istehsal edən korporasiyalardan da külli miqdarda kompensasiya qopara bilmişdi. Onun vəkil atasının qurbanı həm də müxtəlif restoran, bar, kafe, kazino müdirləri olurdu…
Qan və yüzlərlə kişi - 20 yaşlı qızcığazın həyat kitabında yalnız bunlar yazılıb. Bu kişilər çox vaxt onun yaşıdı, bir qədər də yaşlılar idi. Qocaları isə o, yalnız pula görə öz yatağına buraxır. Qonorarını qabaqcadan almaq şərtilə. Mənə elə gəlir ki, filmlərdən, teleekranlardan və dinlədiyi metalvari disko-musiqilərdən onda belə bir rəy formalaşıb ki, əsl qadın sekslə məşğul olmalıdır və bu, nə qədər çox olsa, o qədər yaxşıdır. O, sekslə öz ictimai vəzifəsi kimi məşğul olur. Bir neçə nəsil əvvəl onun yeni ingilis nənələri uşaq istehsal eləməyi və təssərrüfatla məşğul olmağı eynən bu cür ictimai vəzifə hesab edirdilər. «Yeni qadın» yəqin ki, heç Fransanın harada yerləşdiyini də bilmir. Əminəm ki, onu zarafatca, Hindistana uçan təyyarəyə otuzdurub Dehlidə düşürtsək və pilot elan etsə ki, bura Parisdir, Salli orada yaşaya-yaşaya elə biləcək ki, Parisdədir. Hətta küçədə fil belə görsə, Parisdə yaşamağına şübhə etməyəcək. Bir dəfə mən onu yoxlamaq üçün bir neçə klassik musiqiçi adı çəkdim. Təbii ki, o, bunların heç birinin adını eşitməmişdi. Lakin yadınızdadırsa onun müasir musiqilərdən ibarət 500-ə qədər audio kaseti var idi və o, bu kasetlərdəki mahnıların hamısını əzbər bilirdi. Onun daxilində əcaib bir hay-küy tələbatı var. Yuxudan qalxan kimi ilk olaraq radioya yaxınlaşır və insan səsi gələn stansiyaların verilişlərindən rəhmsizcəsinə yan keçərək öz istədiyi hay-küylü musiqini tapır və yalnız bundan sonra geyinməyə başlayır. Əgər musiqi qəfildən danışıq səsi ilə kəsilirsə, o, yenidən stansiyanı dəyişir. Hansısa möcüzə nəticəsində sivilizasiyanın bir qanadı o birilərindən daha çox inkişaf edib və budur, mənim otağımda çılpaq vəziyətdə XXI əsrin qadını gəzir. Gələcəkdən gəlmiş bu qadın öz çılpaqlığında heç bir əxlaqsızlıq görmür. Çünki «o», artıq əvvəlki «o» deyil. Mən başa düşdüm ki, Jiqulin haqlıdır, Salli mutasiyaya uğrayıb və artıq qadınlıq çərçivəsindən çıxıb. Mutant Salli həm qadındır, həm də eyni zamanda qadın deyil. Mutantlar insan kimi görünsələr də, artıq insan deyillər. Bir həftədən sonra Salli artıq ilk pullarını qazanmağa başladı. Mən hesabladım ki, onun bir-iki gün Striptiz-şouda iştirak edərək çılpaq bədənini göstərməklə qazandığı pul, «Ramzey» nəşriyyatının mənim üçüncü kitabım üçün ödədiyi qonorardan qat-qat artıqdır. Bu hesablama məndə intellekt və istedadın bizim dünyada getdikcə daha az qiymətləndirildiyi barədə kədərli fikirlər oyatdı. Bəli, mutantın təndürüst bədəni və kəndçi sər-sifəti onun üçün biliyi, istedadı və hissiyatı çox gözəl əvəz edə bilir. O, çılpaq ayağını radiodan eşidilən musiqinin taktına uyğun döyəclədikcə, mən düşünürdüm ki, bəlkə də, indi mənim qarşımda bizim sivilizasiyanın yekun məhsulu dayanıb. O, radioya qulaq asır, lakin görəsən, radio haqqında bir şey bilirmi? Əslində Sallinin istifadə etdiyi heç bir şeyə onun haqqı çatmır. Doğrudanmı, bəşəriyyətin faciəvi tarixi bu cür inək gözlü yeriyən mədələr üçün idimi? Tarix boyu ən yaxşı insanlar - filosoflar, ixtiraçılar, yazıçılar, alimlər min cür əziyyət çəkiblər, aclıq və səfalət içində yaşayıblar. Belə çıxır ki, Cordano Brunonun yandırılması, Qalileyin məhkum olunması, Eynşteynin kəşfləri, avtomobilin, təyyarənin, radio və televiziyanın icadı bu cür insanların yaranması üçün idi. Hökumətlər də büdcəni qaydaya salır, iqtisadiyyatı dirçəldir, istehsalı artırır ki, bu cür mutantların həyat səviyyəsi yüksəlsin. Ata mutant öz mutant övldaı üçün yeni avtomobil ala bilsin və övlad da harada olduğunu belə bilmədən Amerika yollarında bu maşını aşırtsın. Yalnız bircə dəfə mutant Sallinin həyat sükunəti pozuldu. Yox, mənlik bir şey olmadı. Amerikadan Ceri adlı bir tanışı zəng vurub Salliyə onun sevimli itinin ölməsi xəbərini çatdırdı. Mutant bərkdən bir hıçqırıq çəkib ağlamağa başladı və mənə çöndü.
- Mənim itim ölüb, sevimli «doq»um… - Sonra yenə telefonun dəstəyini qulağına sıxdı və Ceridən soruşdu - Bəs sənin avtomobilin nə vəziyətdədir?
Jiqulin haqlıdır. Gələcəyin insanları olan bu mutantlar üçün avtomobil də it kimi canlı bir məxluqdur və bu məxluq onlara insandan da əziz və doğmadır.
***
Bəlkə də mən bu mutantı daha bir neçə müddət müşahidə edə bilərdim. Lakin bir gün fikir verdim ki, o, heç vaxt başını yumur və soruşdum:
- Salli, sən niyə heç vaxt başını yumursan?
- Yuya bilmərəm, Edvard. Həkim tapşırıb ki, başımı bacardıqca gec-gec yuyum. Mənim başımın dərisində ekzema var - deyən mutant işıqlı və məsum bir təbəssümlə gülümsündü.
Onun başına fikir verəndə saçlarının arasında ölü bitlərin hissəciklərini gördüm. Ertəsi gün xahiş etdim ki, mənim mənzilimi tərk etsin.
Tərcüm.etdi: İlqar Fəhmi
E.Limonov- rus nəsrinin ən qalmaqllı personalarından biridir. Sovet dövründə dissident kimi ABŞ-a getsə də tezliklə, kapiatalizmin də qatı əleyhdarlarından birinə çevrilmişdir. SSRİ dağılandan sonra yenidən Rusiyay qayıtmış, Neo-Bolşevik Partiayası yaradaraq, ətrafına yığdığı millətçi gəncləri silahlandırmış, hakimiyyət çevrilişinə cəhd etmişdir. Bir neçə dəfə həbs olunmuşdur.
E.Limonov təkcə nasir kimi yox, həm də şair kimi də çox məşhurdur. /Kultaz/
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
LALƏ HÜSEYNOVA - SİRR
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Əlabbas Bağırov - Köhnə kişi