Edebiyyat.az » Proza » Kənan Hacı - Arxa qapı (Romandan bir hissə)

Kənan Hacı - Arxa qapı (Romandan bir hissə)

Kənan Hacı - Arxa qapı (Romandan bir hissə)
Proza
admin
Müəllif:
17:08, 06 mart 2022
1 555
0
Kənan Hacı - Arxa qapı (Romandan bir hissə)

 


 

 

Həyatımda ilk dəfə idi ki, laxlayan dişini qayçı ilə çıxaran adam görürdüm. İki min ildən çox yaşı olan qayçı bəlkə də ilk dəfə idi ki, diş çıxarmaq üçün istifadə edilirdi. İnsan qayçını qoyun qırxmaq üçün icad edib. Şərqli beyninin məhsulu olan qayçı cımbız kimi birləşdirilmiş iki bıçağın əbədi dostluğundan yarandı. Təəssüf ki, tarix iki bıçağı bir dırnaqla bağlayan və tutacaqları iki halqa ilə bərkidən adamın adını yaddaşında qoruyub saxlamayıb. Amma bekarçılığın zirvəsində qərar tutmuş və hər gününü sonuncu gün kimi yaşayan Kəstulla bütün işlərini qayçı vasitəsilə aşırırdı. Deyilənə görə, yeniyetmə vaxtı sinif yoldaşını qayçı ilə yortmuşdu. 

Qadınlara məxsus olan bu aksessuar Kəstullanın evindən heç vaxt əskik olmayıb. Şalvarının ətəyi uzun olanda heç vaxt dərziyə getməz, qayçını əlinə alıb təptəzə şalvarı “sünnət” edəcək. O, Leonardo da Vinçini tanımır, bilmir ki, gecə yatanda yastığının altına soxduğu qayçının təkmilləşdirilmiş variantı da Vinçiyə məxsusdur. 

Siz indiyəcən öz başını özü qırxan adama rast gəlmisiniz? Kəstulla başını heç kəsə etibar etməz, saçı başına ağırlıq edəndə güzgünün qarşısına keçib qayçını əlinə alacaq, uzanmış saçlarının ucundan tutub kəsib yerə tökəcək. Yerdə bir topa tük əmələ gələndə baxacaq ki, güzgüdən ona lümək toyuğa oxşayan bir məxluq baxır. Bu görkəmdə adam arasına çıxmağın mümkünsüzlüyünü anlayıb başına tük gəlincə çöldə-bayırda “çeçenka” papaqla gəzib-dolanacaq. 

Qayçı sanki onun bədəninin bir üzvünə çevrilmişdi, hara getsəydi, üstündə olardı. Adam narı da, almanı da qayçı ilə doğrayırdı. Deyirəm də, nadir nüsxəydi zalım oğlu. Heç mənim ağlıma gəlməzdi ki, kəndimizdə belə maraqlı bir adam yaşayır. Bir dəfə Həmidlə ortaq dostumuzun toyundan qayıdırdıq. Bir-birimizə söykənə-söykənə gəlib kəndə çatmışdıq. Nə qədər sərxoş olsaq da ağlımızın bir küncündə anlayırdıq ki, bu vəziyyətdə evə getmək mümkün deyil. Məni evdə heç kim gözləmirdi, ev deyəndə ki, qaldığım sığınacağa ev demək evi təhqir etmək olardı. Dənizin qırağında atılmış bir komaya başımı soxub köstəbək kimi yaşayırdım. Həmidin heç olmasa, evi vardı, qoca anası yatmayıb oğlunun yolunu gözləyirdi. Tale bizi həmin gecə kəndin mərkəzindəki dördyol deyilən yerdə Kəstulla ilə üzbəüz gətirdi. Həmiddən araq, məndən turş çaxır iyi gəlirdi. Kəstulla gecənin yarısı “kruq”da avtobus gözləyən adamlar kimi büzüşüb dayanmışdı. Nimdaş geyimi elə bu kimsəsiz, zibillə dolu küçəyə yaraşırdı.  

Kəstulla qoy gözləsin, sizə bu “kruq”dan bir az danışım. Şəhərdən gələndə yolun sol tərəfində ağaclığın içində “Dalğa” kafesi vardı, həyatın dalğası dünyadan küsgün, uğursuz adamları bu kafeyə tullayırdı. Şəhərdən gələnlər burda avtbusdan, qatardan, taksidən düşüb ətrafa göz gəzdirincə “Dalğa” əlini uzadıb onları öz içinə alırdı. Burda hər kəsin cibinə uyğun yeyib-içmək mümkün idi. Bir dəfə avtobusun basırığında arxa qapıda sıxılıb qalmışdım, mənzil başına çatınca qapılar açıldı, üç-dörd sərnişin yerə tökülüşdük. Əzilmiş pomidora dönmüş bədənimin uyuşuğu açılınca Nənəbaba məni necə qapazladısa, bir də baxdım ki, “Dalğa”dayam. Qarşımda da araqla dolu qrafin, “zakuska”sı da böyründə adamın iştahını sulandırır. Nənəbaba danışa bilməsə də “ıııhhhı”ldayıb əl-qol hərəkətləriylə demək istədiyini başa sala bilirdi. Boğazına çırtmalayınca vurmaq istədiyini duydum, burda vurdum-duymazlıq işləmir. Nənəbaba toyxanada qol götürüb oynayanda cibləri puldan yırtılırdı. Mənə işarə elədi ki, qəm eləmə, qədeş, pul var, ürəyin nə istəyir, sifariş ver. 

Açığını deyim, pulsuzluq drel kimi içimi burub-tökürdü. Şalvarımın cibləri öz təyinatını unutmaq üzrə idi. Dünyanı unudunca içmək, eşşək kimi anqırmaq istəyirdim. Başımda dalbadal şimşəklər çaxır, şüurum yerindən oynayırdı. Bir şiş lülə, bir şiş kabab gəlincə ikimizin də ağzını bıçaq açmırdı. Nənəbaba eləcə gözlərini üzümə zilləyib nəsə fikirləşirdi. Mən kafenin pəncərəsindən yoldan ötənlərə baxırdım, gözümə tanış bir kimsə dəymirdi. Bu gün bəxtimə Nənəbaba düşmüşdü. Bəlkə də Nənəbabanın bəxtinə mən düşmüşdüm, nə bilmək olar. Keçmiş günlərin dumanı içində itib-batmışdım. Bu yorğun kafedə oturub bahalı restoranlarda qızlarla kef çəkdiyim günləri xatırlayırdım. Bu yorğun və bezgin insanların qəsəbəsində bir nəfər işıqlı adam tapmaq mümkün deyildi. İçi qurum bağlamış adamlar öz cəhənnəmində boğulan çarəsiz məxluqlar kimi bütün günü küçələrdə boş-boşuna vurnuxur, kirəc bağlamış beyinləriylə vaxtın orbitindən çıxdıqlarını hiss edə bilmirdilər. 

Mən – Nənəbabanın ümidinə və mərhəmətinə möhtac olmuş zavallı dozanqurdu həyatı yaşadığımın tam fərqində idim. Adam belə yaşamaz! Bir dəfə bir qızı bişirib dostumun evinə aparmışdım, ha illah elədim, qız mənə yaxın durmadı. Sonra dostum Əmirxana demişdi ki, iy verib iylənirdi, ödüm ağzıma gəldi. Allah bilir, axırıncı dəfə keçən il çimib. Ay bədbəxt, gör nə günə qalmısan ki, küçə qəhbəsi də sənə yaxın durmur. Gərək həftəsonu hamama gedəndə səni də özümlə aparım. 

Mənim sığınacaq yerimdə hamam yox idi, tualet adıyla çürük taxtadan bir köşk vardı, içinə girəndə adam qorxudan ayaqlarını çıxarıb çiyninə atmaq istəyirdi. Hər an nəcis anbarına düşüb boğula bilərdin. Gecələr ətrafda çaqqal, tülkü dolaşırdı. Dənizkənarı qamışlıqdan səhərə qədər ulaşma səsləri gəlirdi. Bu səslər adamın canına vəlvələ salırdı.Gecələr yatanda balıncımın altına çəkic, qapının arxasına ling qoyurdum. Bir gecə sərxoş vəziyyətdə başımı daxmaya soxanda gördüm ki, yorğun bir ilan yatağımda şirin yuxuya gedib. Ay Allahın heyvanı, yer tapmadın, gəlib mənim bu sınıq-salxaq çarpayıma dırmaşdın? Sürüş burdan! 

İnsafən, ilan sözümü eşitdi, sakitcə çarpayıdan sürüşüb harasa yoxa çıxdı. Ömrümdə belə mağmın ilan görməmişdim. Belə ilanları adamlar çox vaxt qorxudan öldürürlər, halbuki onlar heç vaxt adamı sancmır və zəhərsiz olurlar. İlan görəndə qorxuruq, bu, normaldır, çünki bu qorxu bizim genimizdə var. Ömründə heç vaxt ilan görməyən körpəyə də ilanı göstərəndə fərqli reaksiya verir, gözlərində həyəcan işartıları görünür. İnsan ilan görəndə beyindəki neyronlar mexaniki olaraq aktivləşir. Amma su ilanından qorxmağa dəyməz. 

Su ilanları özlərini bir çox yırtıcılardan, hətta insanlardan da müdafiə etmək üçün öz naxışları və hərəkətləri ilə gürzə növlərini təqlid edirlər. Bu da çox vaxt adamları çaşdırır, onları gürzə zənn edib öldürürlər. İlanlarla dil tapmaq çətin məsələdir, çünki onlar kar olurlar. İşin tərsliyinə baxın. İlan sözünü fısıldamaqla deyir, amma adamların onu lənətləməyini eşitmir. Bir yandan baxanda karlıq onlara sərf edir, yoxsa milyonlarla insanın lənətini eşitməyə hər məxluq tab gətirməz. 

Onlar qurbağaları hipnoz edib diri-diri udurlar. Qurbağa ilana itaətkarcasına özü yaxınlaşır. Bu mənzərəni seyr etməyin özü belə xoşagəlməzdir. Qurbağa ilə ilanın ölçüləri arasındakı uyğunsuzluq yemək prosesini qorxunc bir tamaşaya çevirir. İlan-qurbağa söhbətini yığışdıraq. Nənəbabanın tikəsi boğazında qalıb. Həyat bizi zavallı qurbağa kimi diri-diri udub axırımıza çıxır. Eh, bu “Dalğa”da o qədər batanlar olub ki! Kafe deyil, xalis bataqlıqdır. Burda yeri gəlsə, ilan kababı da verirdilər. Kababçı Şahbaz istənilən heyvanın kababını özünün xüsusi manqalında o üz-bu üz edib dada-tama gətirməyin çoxdankı ustasıdır. Onun həyat hekayəti hazır bir romandır, danışsın, kağıza köçür. Uydurmaya-filana ehtiyac yoxdur. İşə velosipedlə gəlib-gedən Şahbaz elə bil Robinzon Kruzonun fırt eləyib burnundan düşmüşdü. Evə çöllük yolla gecə yarıdan keçəndə qayıdırdı. Şahbazın evi  Qızılqum deyilən yerdə, dəmiryol xəttinin böyründə idi. Hər dəfə qatar keçəndə evi silkələnirdi. Qonşular zarafatla deyirdilər ki, Şahı, evinin amortizatorları möhkəmdir. İki mininci il zəlzələsində evin heç tükü tərpənmədi. 

Şahbazın sellofan torbasında həmişə sür-sümük olardı. Gecə itləriylə dostlaşmışdı, hər gecə onlara sümük qonaqlığı verirdi. Veyil itlər ondan yerdən göyəcən razı idi. Şahbazın “axrana”sını təşkil edib onu qapıyacan müşayiət edirdilər. Manqalın başında həmişə zümzümə edir, arada səsini zilə çəkirdi. Kabab tüstüsünə qarışmış səs müştərilərin əhvalını yüksəldirdi. Kefi kök, damağı tox adamlar onu da badəyə qonaq edir, kürəyinə şappıldadıb hesabdan əlavə döşlüyünün cibinə beşdən-ondan basırdılar.  

Şahbaz arada Kəstullaya belə sataşırdı: “Qərdeşoğlu, evdə çörəyi də qayçıyla doğrayırsan?” Kəstullanın günü masaların ətrafında sür-sümük gözləyən ac pişiklər kimi elə “Dalğa”nın həndəvərində keçirdi. Allah bu adama pul qazanmaq qabiliyyəti verməmişdi, o da taleyilə barışıb oturmuşdu. Tapdı yeyirdi, tapmadı, qarnının qurultusunu dinləyə-dinləyə pambıq yorğanın altında büzüşüb yuxuya gedirdi. Heç yuxusunda darı-zad da görmürdü. Ailəsi çoxdan onu tərk etmişdi. Yaşayış binalarının arasına sığınmış köhnə yataqxananın birinci mərtəbəsində qalırdı. Bu ev müxtəlif səbəblərdən evdən qovulmuşların, gecə yatmağa yeri olmayan yurdusz-yuvasızların sığınacaq yeri idi. Burada kim qalmışdısa, biri bir cüt ayaqqabısını, biri köynəyini, biri nimdaş pencəyini qoyub getmişdi. Hər gələndən bir əşya xatirə qalmışdı. Sovet dövründən qalmış köhnə mebelin cırıltısı baş aparırdı. Vintləri boşalmış stullar adamın altında laxlayırdı. Hamamda, mətbəxdə su kranları çoxdan çürümüşdü, amma Kəstullanın hələ də onları dəyişdirmək fikri yox idi. 

Ayaqlarımızdan elə bil daş asılmışdı, içginin təsirindən başımız ağırlaşmışdı, göz qapaqlarımız yumulurdu. Kənd dairəsi gözümüzə karusel kimi görünürdü. Kəstullanın bulanıq silueti isə təkrar-təkrar gözümüzün önündən keçirdi. 

-Ay həriflər, kefiniz kökdür deyəsən. Harda guplamısınız? 

Kəstullanın ağac kimi yonqarlı səsi qulaqlarımızı cırmaqladı. 

-Atovun toyunda! – Həmidin ağzından bu sözlər horra kimi töküldü. 

-Ay bədbəxtlər! Düşün qabağıma! Bu vəziyyətdə sizi heç kim evə buraxmaz. 

Biz də dinməzcə Kəstullanın qabağına düşüb yellənə-yellənə yataqxanaya gəldik. Döşəməsi çürük dəhlizdən hamam iyi gəlirdi. Ümumi tualet dəhlizin o başında idi və aralı qalmış qapıdan baş çatladan üfunət iyi yayılırdı. 

-Kəstulla, bu nədi ala, p.x iyi verirsən. Dalıvı yumursan? – Həmid yenə Kəstullaya ilişdi.

Kəstulla heç vaxt sərxoş adama baş qoşmazdı. Həmidi yola verdi:

-Yuyuram, nöş yumuram? Alə, keçin içəri, burda dayanmayın. Qonşulardan əgibdür. 

O, bizim səs-küy salacağımızdan ehtiyat edirdi. Həmid özünü divana yıxıb tez də yuxuya getdi. Az keçməmiş xorultusu otağı başına götürdü. Çaxır məni meyxoş eləmişdi, amma ağlım başımda idi. Kəstulla kefsiz idi, hiss olunurdu ki, bu gün boğazını yaşlamayıb. 

-Həmidin dostusan? – deyə soruşdu.

-Hə, dostumuzun toyundan gəlirik, - dedim.

Kəstulla çaydanı qızmağa qoyub soyuducudan turşu, salat, araq gətirib stolun üstünə qoydu. 

-Bilirəm e, mıxlamısız. Amma mən ölüm, gəl məniynən bir əlli vur, - yazıq-yazıq dilləndi. – Elə gecəni burda qalarsız. Narahat olma. İt kimi darıxırdım, qardaş canı. Sizi Allah yetirdi.

Kəstullaya yoldaşlıq eləməkdən başqa çarəm yox idi. 

-Tək olanda içə bilmirəm e, getmir. Arağı gərək yar-yoldaşnan içəsən. 

Ayağımın birini qatlayıb cırıldayan stulda oturdum. Desəm, inanmayacaqsınız, Kəstulla ilə içdiyim araq mənə toyda içdiyim çaxırdan daha çox ləzzət verdi. Toyda düşdüyüm masada yad adamların əhatəsində sıxılırdım, onların söhbətləri mənim üçün maraqlı deyildi. Həmidin xatirinə oturmuşdum, tək getsəydim, pulumu yazdırıb çıxacaqdım. Ona görə arada ofisiantın süzdüyü çaxırdan qurtumlayır, foyeyə çıxıb siqaret çəkirdim. Geydiyim kostyumu ağdamlı Vüqardan nisyə götürmüşdüm, qalstuku ağsaqqal bir şair dostum mənə hədiyyə etmişdi, hiss olunurdu ki, təzə qalstuk deyil, köynəyi də dərzi dostum İlham bağışladı ki, toya gedirsən, bunu gey. Nə gizlədim, toy pulunu da ondan almışdım. Ayağımdakı ayaqqabılar rəhmətlik atamın tufliləriydi, ölçüsü balaca olduğundan ayağımı möhkəm sıxırdı. Qalstuku da boğazımacan sıxmışdım. Masa arxasında elə oturmuşdum ki, elə bil çöldəki “Prado”lardan biri də mənə məxsus idi. Heç kəsin ağlına belə gəlməzdi ki, bu bazburutlu, kostyum-qalstuklu adam it damına oxşayan bir komada qalır. Çəkdirdiyimiz şəkillərin pulunu da Həmid verdi. İndi o şəkillərə baxıram, deyirəm ki, bu pullu qaqaş kimdir belə, şəstlə masanın yuxarı başında oturub? 

Həmid rəngsaz idi, qəşəng pul qazanırdı. Ürəyi təmiz oğlan idi, içəndə şuluqluq salmağı olmasaydı, heç kəslə işi olmurdu. Onunla nə vaxt bara, restorana getmişiksə, davaya düşmüşük. Hamısı da arağın ucbatından. Həmidə “içmə” demək mümkün deyildi. “İçmə” deyəndə daha da çox içirdi, “iç” deyəndə deyirdi tərgidirəm. Belə unikal adam idi bu Həmid. O, başına gəlmiş hadisələri elə ustalıqla interpretasiya edirdi ki, heyran qalırdın. Rəngsaz olduğundan yuxularını da rəngləyib danışırdı. Həmidin rəngli yuxuları bitib-tükənmək bilmirdi...  

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)