Edebiyyat.az » Proza » Rövşən Yerfi | Penitensiar – tövbə etmək, peşmanlamaq...(kiçik esse)

Rövşən Yerfi | Penitensiar – tövbə etmək, peşmanlamaq...(kiçik esse)

Rövşən Yerfi | Penitensiar – tövbə etmək, peşmanlamaq...(kiçik esse)
Proza
admin
Müəllif:
21:38, 08 may 2022
1 965
0
Rövşən Yerfi | Penitensiar – tövbə etmək, peşmanlamaq...(kiçik esse)



 

Qurduğumuz ən böyük həbsxana içimizdədir. (Çin atalar sözü)

       “Barəsində həbs qəti imkan tədbiri seçilsin”. Həbs edilmə ilə bağlı bu ifadə adi bir cümlə sayılmamalıdır. Kəsici, qandonduran təsiri var. Yaşamının azad hissəsi sanki, bıçaqla kəsilir, balta ilə baltalanır, sərbəstlikdən, azadlıqdan, azad olmaqdan məhrum edilirsən. Ruhundan, aldığın nəfəsdən qeyri bütünlüklə, tamlıqla nəzarət altına düşürsən. Hər işin, hər anın qaydalar və icazələrlə tənzimlənir. Düşüncəndən savayı özünü sərbəst idarə etməyə ixtiyarın alınır. Həm varsan, yaşayırsan, həm də yox kimisən. Məhrumiyyətdəsən, öz iradəndə deyilsən, asılısan. Bütün maddi-mənəvi tələbatın məhdudlaşmış qaydalarladır. Əzizlərindən günlərlə, aylarla, hətta illərlə aralı, kənar qalırsan. Yaşanması mümkün olmayan keçmiş anların üçün burnunun ucu göynəyir. 

       Həbsdə yaşamaqdan cana doyduqca, bayırın-çölün həsrətini cəkdikcə - həyatına və fəaliyyətinə mane olası sıxıntıların, məhrumiyyətlərin olmadığı halın - azadlığın şirinliyini iliklərinəcən duyursan. Axşamlar evinə gedən cəza evinin işçiləri ilə qarşılaşanda ürəyində “bəxtəvərlər” deyib həsədlə baxırsan... 


       Bəzən də qaydalardan, icazələrdən yorulanda, ümidsizləşəndə özünü yaşayan meyit, canlı “ölü” – kliniki ölümdə olan sayaq hiss edirsən. İlk günündən son gününədək təqsirləndirildiyin cinayətə, pis əmələ görə tətbiq edilən təsir tədbirinin – cəzanın daş kimi ağırlığını çiyinlərində daşıyırsan.


       Beləliklə, dustaqsan, yaxud ərəbcədən dilimizə keçən məhbussan. Yaşadığın şərait məhbəsdir, məkan isə məhbusxana, yəni həbsxanadır. Ya da öz dilimizin sözü ilə dustaqxanadır. 


       Ayrı-ayrı zamanlarda belə məkanlara xeyli adlar qoyulub. Hələ qədimlərdə adətən yerin altında olan qaranlıq və müdhiş dustaqxananı zindan adlandırıblar. Son yüz ilədək təcrid edilmiş qaranlıq otaqları olan tikiliyə türmə demişlər. İtalyanca “qaranlıq qala” mənasını verən, tək adamlıq kameralara deyilmiş qazamat sözü də bu qəbildəndir. 


       Məhkəmənin qərarı ilə məhbus idinsə, müttəhim - ittiham edilən müqəssir haqqında məhkəmə tərəfindən hökm çıxarılanda olursan məhkum – cinayət məcəlləsinin hər hansı maddəsilə cəzaya məhkum edilmiş.... 


       Azadlıqdan məhrumetmə hökmü qüvvəyə minənədək istintaq təcridxanasında saxlanılırdınsa, hökm qanuniləşəndən sonra göndərilirsən cəzaçəkmə müəssisəsinə. Və başlayır təkəri dönmüş ömrünün ürəyinin içindən gözlərinədək yol alan əzici, yeksənək, qaramtıl günləri...


       Sovet dövründə əmək islah vasitəsi hesab edildiyindən və məhkum əməyindən geniş istifadə olunduğu üçün həm də, məhkumlar qapalı otaqlarda – kameralarda yox, yataqxana şəraitində - baraklarda  saxlandığına görə yaşayış və istehsalat zonalarından ibarət belə müəssisələrə islah əmək kaloniyaları deyilirdi. 


       Demək, həbsdə məqsəd cəzanın verilməsidir. Cəzanın mahiyyəti isə şəxsi mənəvi, siyasi, fiziki və əmlak xarakterli məhrumiyyətlərə məruz qoymaqla, onu tənbeh etməkdir. Tənbeh də düzgün nəticəyə gəlmək, ağıllanmaq, islah olunmaq üçündür.


       Dərketmə qabiiliyyəti hər kəsdə eyni dərəcədə, eyni tərzdə olmadığından bu proses üçün əksər insanlar çox vaxt aylarını, illərini sərf etməli, müəyyən yaşa dolmalı, zaman ötməlidir. Həyatda hər şeydən dəyərli, “qızıl qiymətinə” bərabər zaman məhbəsdə “acı bağırsaq” dadır. Faydasız keçən günlər o qədər bol olur ki, həbsə qədər yaşadıqlarını saatlarla təkrar-təkrar düşünüb daşına bilərsən.


       Böyük zaman boşluğunda vicdanınla üzbəüz qalanda, mütləq, haqqı nahaqdan, əyrini düzdən ayırıb, etdiklərini tövbə edəcək, baş verənlərə peşman olacaqsan. Elə o səbəbdən, son yarım əsrdə bütün dünyada cəzaların icrasına dair sistem Penitensariya, cəza yerləri - penitensiar müəssisələr çağırılır. “Penitensiar” adı isə latın dilindəki “poenitentia " sözündən yaranıb, tərcüməsi tövbə etmək, peşmanlamaq deməkdir. 


       Həqiqəti, Allahın varlığını, haqqı həbsxanada xatırlamaq gecdir, daldan atılan daşdır. Sonrakı peşmanlığın dünya yaranandan faydası olmayıb. Dustaqlıqda itirilən illər, aylar bir daha ömrünə qayıtmayacaq. 


       İnsanlara səslənirəm: dünyaya gəlişinizin, həyatınızın qədrini bilin, gərəksiz tövbəyə, peşmançılığa yol verməyin...


03.2022  

 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)