Lamiyə Məmmədova - Qəbristanlıq
Proza
Lamiyə Məmmədova - Qəbristanlıq
Bizim bağın axırı qəbristanlığın başlanğıcıdır. Arakəsmə yoxdur. Bizim bağın axırı meşə kimidir. Ağaclar böyük və bir-birinə yaxındır. Bura qaranlıq olur. Elə ki, payız gəlir, yarpaqlar tökülür, bundan sonra bu ağacların dibi işıq görür. Mən həmişə bağda oynayıram. Amma bağımızın bu hissəsi məni çox qorxudur. Niyə? Yəqin qəbristanlığa yaxın olduğu üçün. Bəlkə də çox qaranlıq olduğundan. Dəqiq bilmirəm. Qəribədir hə? Qorxursan amma səbəbi bilmirsən. Cəmi bircə dəfə bağımızın bu qaranlıq yerində oldum. Yazın sonu yayın əvvəli hamının bağında sarı çiçəklər olur. Bizim bağda da var. Mən bu çiçəkləri çox sevirəm. Rəngləri məni özlərinə çəkir. İndi bağda çiçək toplayıram. Düzdü topladığım çiçəkləri evə apara bilməyəcəm. Eyvanda nənəm məni əlimdə sarı çiçəklərlə görən kimi danlayacaq. “Nədir yenə bunları yığmısan. Axı sənə demişəm sarı çiçəyi evə gətirmək olmaz!” – deyəcək. Nənəmin fikrincə sarı çiçəkləri evə gətirsən evə qanqaraçılıq, ayrılıq, kədər düşər. Mənə görə bu fikirlər başdan başa cəfəngiyyatdır. Hər dəfə nənəm belə desə də, mən yenə çiçək toplayıram. Evə salmağa qoymayacaq. Mən də bu çiçəklərlə həyətdəki yelləncəyimin ətrafını bəzəyəcəm. Bu mənim xoşuma gəlir. Düzünə qalsa elə nənəmində. Sarı çiçəklərlə bəzədilən yelləncəyi kim xoşlamaz ki?
Başım çiçək toplamağa yaman qarışır. Həm də beynimdə yelləncəyimi bəzəməyin xəyalını qururam. Bu xəyal məni gülümsədir. Amma ağacdan qopan budağın şaqqıltısı məni xəyallardan ayırır. Diksindim. Başımı qaldıranda özümü bağın qaranlıq hissəsində görürəm. Vahimə məni bürüyür. Əlimdəki çiçəklərin saplaqları çox suludur. Yox, yox mənim əllərim tərləyib. Qorxudan əllərim tərləyib. Bura çox sakitdir. Əslində mən əlimdəki çiçəkləri yerə atıb, geri çevrilib, həyətə qaçmalı idim. Amma mən əksini edirəm. Maraq qorxu hissimə güc gəldi. Çiçəklərdən bərk yapışıb irəli addımlayıram. Qaranlıq məni çəkir sanki. Bura o qədər sakitdir ki, ürək döyüntülərimi, donumun xışıltısını çox yaxşı eşidirəm. Kiçik addımlarım məni bağımızın ən qoca, ən böyük ağacının dibinə gətirib çıxardı. Ağacın yanında dar cığır var. Bu cığır
qəbristanlığa gedir. Cığıra baxan kimi hiss olunur ki, bura çoxdandır insan ayağı dəyməyib. Bağımızın bu hissəsi çox sərindi. Mən çığırla addımlayıram. Qəbristanlığa keçirəm. Bura xoşuma gəlir. Heç qorxmuram. Amma nənəm həmişə deyir ki, uşaqlar tək məzarlığa getməz. Ora uşaqlar üçün çox qorxulu imiş. Heç də elə deyil. Bura tamamilə açıqlıqdır. Bir dənə də olsun ağac yoxdur. Sadəcə qəbirlər və onların üstündə ucalan qəbir daşları. Bura çox işıqlıdır. Bəlkə də mən qaranlıq bağdan çıxdığım üçün bura mənim üçün daha da işıqlı görünür. Ətraf çox sakitdi. Hərdən lap uzaqdan quş səsi gəlir. Ətrafa bir xeyli baxıram. Mən burada heç vaxt olmamışam sanki. Yox, yox bir dəfə olmuşam. Lap balaca olanda. Babamın qəbrini ziyarət etmək üçün gəlmişdik. O zaman burada bu qədər çox qəbir yox idi. Təzə qəbirlərə baxıram. Onsuzda heç kimi tanımıram. Amma qəbirlərin üstünü oxumaq mənim üçün çox maraqlıdır. Bəzi qəbirlərin üstündə sadəcə ad,soyad, doğum və ölüm tarixi var. Bəzilərində isə şeir parçası, yaxud iki misra cümlə. Yavaş-yavaş qəbristanlığa duman çökür. Mən özümü burda olduqca rahat hiss edirəm. Heç evə qayıtmaq istəmirəm. Geri çevrilib bağımız tərəfə baxıram. Heçnə görünmür. Hər tərəfi qatı duman bürüyüb. Bir az qorxuram. Görəsən saat neçədir? Yəqin, evdəkilər məni axtarırlar. Yenidən qəbirlərin arasında gəzişirəm. Qarşıma balaca qəbir çıxır. Üstündə nə şəkil var, nə də bir kəlmə yazı. Çox kədərli görünür. Bu məni birdən-birə çox üzür. Ağlamaq istəyirəm. Hətta ağlayıram. İsti göz yaşım buza dönmüş yanağımı isidir. Əlimdəki çiçəkləri qəbirin üstünə qoymaq üçün əyiləndə, daşın üstündə lap kiçik həriflərlə adımın yazıldığını görürəm.
* * *
Gözlərimi açanda anamı başımın üstündə gördüm. Ağlamaqdan gözləri qızarmışdı. Amma özünü gülümsəməyə məcbur etdi. Anam... onun qoxusu... Amma anamın qoxusunu hiss etmirəm. Xəstəxanadan gələn dərman qoxusu buna icazə vermir. Anam təşvişlə ayağa qalxdı. Bu an həkim də içəri girdi. Məni müayinə etmək üçün yaxınlaşdı. Üzümə baxdı. Üzündə kədər və təəssüf ifadəsi var idi. Sonra anama baxdı.
Anam əlləri ilə üzünü tutub dizləri üstə çökdü. Mən astaca yerimdən qalxıb qapıya tərəf gedirəm. Son dəfə anama baxmaq üçün çevrilirəm. Çarpayıda uzanan qıza sarılıb ağlayır.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun: