Lamiyə Məmmədova - Anna
İşdə hamı 15 günlük istirahəti necə keçirəcəyi barədə danışırdı. Bəziləri xarici ölkələrə üz tutacaq, bəziləri evdə dincələcəkdi. Mən tətilimi bir az fərqli keçirəcəkdim. Hamıdan, hər şeydən uzaqda. Çalışdığım şirkətdə işlər durğunlaşdığı üçün aprelin ilk 15 günlüyünü işçilərə istirahət vermişdilər. Evə gələndə anamın artıq mənim üçün cədvəl qurduğunu gördüm. Qohumlara, tanışlara qonaq getmək, alış-veriş və yatmaq. Cədvəli oxuyub güldüm. Səhər hamıdan əvvəl yuxudan qalxıb, əl çantama kitab, iki dəst paltar, daraq, əl kremi, dəftər, qələm, diş fırçası və məcunu qoydum.
Kiçik kağıza nənəmin evinə gedəcəyimi yazıb soyuducunun üstünə yapışdırdım. Mənə görə narahat olmalarını istəmirdim. Telefonumu kompüterin yanına qoyub, evdən çıxıb dayanacağa gəldim. Avtobus gələnə qədər mağazadan paket çay, bir az şokolad tozu, müxtəlif şirniyyat aldım. Avtobusun arxa oturacağında, pəncərənin önündə oturub kəndə üz tutdum. Kəndə iki saat 35 dəqiqəlik yol vardı. Kəndə gedən yolun kənarlarında ağaclarla əhatə olunmuşdu, ətraf isə yamyaşıl ot idi, rəngarəng çöl çiçəkləri küləyin mızıldadığı həzin musiqilə başını yırğalayırdı. Torpaq yol kələ-kötürlü olduğundan avtobus yırğalanırdı, amma buna baxmayaraq avtobusda az qala hər kəs şirin-şirin yuxulayırdı. Təkcə mən pəncərədən bayıra baxaraq təbiətin gözəlliyini acgözlüklə yaddaşıma həkk etməyə çalışırdım.
Nənəm dünyasını iki il öncə dəyişmişdi. Mən onu çox sevirdim, o, da məni. Yay tətillərini daim onun yanında keçirərdim. Nənəm öz balaca evində tək yaşayırdı. Evin ətrafı da bağça idi, arxa tərəfdə bir neçə meyvə ağacı, önündə çoxlu çiçəklər vardı. Çiçəkləri uşaq olanda nənəmlə birlikdə əkmişdim. Böyüdükcə bura az-az gəlirdim. Buna səbəb dərslərim idi. İki il öncə nənəm öləndən sonra mən bir daha kəndə gəlmədim. İndi 15 günlük tətilimi bu evdə tək keçirməyimə səbəb nə idi, düzü heç özüm də bilmirdim. Yəqin ki, nənəm üçün çox darıxmağım. Elə bilirdim bu evdə onu yenə görəcəm.
Avtobus kəndin mərkəzində - mağazanın yanındakı dayanacaqda saxladı. Yanımdakı qadın qoluma toxunaraq – artıq çatmışıq- dedi və məni xatirələrimdən ayırdı. Çantamı qoluma keçirib, aşağı düşdüm. Nənəmin evi kəndin kənarında idi. Ümumiyyətlə, bu kənddə evlər bir-birindən xeyli aralı idi. Nənəmin evi isə daha qonşu evlərdən lap aralıda idi. Gəzə-gəzə gəlib çatdım. Hə çatdım. Uşağlığıma çatdım sanki. Burada, qapının önündə duran mən bir anda o balaca qız oldum. Saçımın hörükləri, əynimdə nənəmin tikdiyi yaşıl donum, dizimdə kiçik yara, əlimdə də balaca qırmızı topum. Qayğısız və xoşbəxt günlərim. Məni incidən tək şey dizimdəki yaradır.
Yenə xatirələr məni alıb aparmaq istəyirdi ki, yaxınlıqdan gələn xoruz banı özümə qaytardı. Taxta qapını açıb həyətə girdim. Nənəmin övladları azı bir ildiki bura gəlmirlər. Sanki bu müddətdə bura həyətə xəzəl, çör-çöp gətirən küləkdən başqa kimsə baş çəkməmişdi. Evin qarşısındakı - nənəmlə birgə əkdiyimiz çiçəklər baxımsız qalmışdı. Bir az su verən lazım idi ki, tumurcuqları çiçək açsın. Arxadakı ağacların qurumuş budaqlarını külək ətrafa səpələmişdi. Bunları da təmizləyim gərək. Sonra evin taxta, üstü şüşəli köhnə qapısını açdım. Qapı ucadan cırıldadı. İçəridən kif qoxusu qarışıq tozlu hava üzümə dəydi. Bir neçə dəfə asqırdım. İçəri girdim. Evi toz basmışdı. Çantamı köhnə divanın üstünə atıb, yorğun olsam da evi təmizləmək qərarına gəldim. Onu bu vəziyyətdə qoyub dincələ bilməzdim. Tez bir parça tapıb həyətə çıxdım, köhnə vedrəyə su alıb geri döndüm və əvvəlcə qapı-pəncərəni açıb döşəməni süpürdüm. Sonra da masanı, şkafları, pəncərə və qapıları ən sonda da döşəməni sildim. Ev bir eyvan, bir yataq otağı və mətbəxtdən ibarət idi. Təmizlik işlərindən sonra mətbəxə girib istifadə edəcəyim qabları yudum. Kiçik qaz sobasında çay qaynatdım. Şirniyyatla bir stəkan çay aclığımı xeyli götürdü. Çox yorğun olduğum üçün nənəmin otağına girib çarpayısında yatdım. Çoxdandır bu qədər rahat yatmamışdım, oan görə də səhər yuxudan erkən qalxdım. Hava adamın üzünə gülürdü. Pəncərələri açıb evi havalandırdım. Evdən kif qoxusu çəkilməmişdi hələ. Səhər yeməyimdən sonra mağazaya gedib lazım olan ərzaqları aldım. Qayıdanda Gülzar xalanı həyətdə məni gözləyən gördüm. Nənəmin evinə ən yaxın ev elə Gülzar xalagilin evi idi. Gülzar xala mənim gəldiyimi görüb kəsilib təmizlənmiş toyuq, yumurta və süd gətirmişdi. Evə dəvət etsəm də gəlmədi. Onu yola salıb özümə nahar hazırladım. Yemək bişənə qədər həyəti, bağı təmizlədim, gülləri suvardım. İndi onların tumurcuqlarının açılmasını həsrətlə gözləyirdim. Təmizlik işlərindən sonra nənəmin evi sanki cana gəlmişdi. Yeməyimi yeyərkən mətbəxin küncündə döşəmədə balaca qapı diqqətimi çəkdi. Xeyli çalışdıqdan sonra nəhayət onu açdım. Bu, mətbəxin altında kiçik otaq- zirzəmi idi. Bura köhnə əşyalar yığılmışdı. Gözüm qaranlığa alışandan sonra burada mürəbbə və kompotlar olduğunu da gördüm. Nənəmin qış azuqələrindən qalmışdı. Bir-ikisini götürdüm. Daha sonra gözüm uzaq küncdəki iri qutuya sataşdı. Qutunun içində xeyli kitab vardı. Köhnə, tozlu və səhifələri nəmlənmiş kitabların arasında diqqətimi Lev Tolstoyun “Anna Karenina”sı çəkdi və onu da götürdüm. Yuxarı qalxıb qablarımı yuyandan sonra, kitabı silib təmizlədim. Amma nəsə rahatlıq tapa bilmədim və yenidən zirzəmiyə düşüb digər kitabları da gətirdim. Hamısını iri pəncərənin içinə yığdım, sonra da nənəmin yataq otağına keçib onun sandığını açdım. Burada ona aid bir neçə paltar və iri yun şalı qalmışdı. Şalı götürüb eyvana çıxdım və divanda yerimi rahatlayıb, şala bürünüb gözümü yumdum. Şaldan uşaqlığımın qoxusu gəlirdi. Yadıma nənəmin dizləri üstə uzanıb mürgüləməyim düşdü. Nənəm saçlarımı hörərdi və hər dəfə deyərdi ki, hər zaman saçını hör ki, tez uzansın. Çalış saçını heç vaxt kəsmə. İndi saçlarımı görsə yəqin məndən küsərdi axı saçım qısa idi. Əlimlə saçlarımı qarışdırıb gülümsədim.
Divanda yatıb qalmışdım. Bu gün yuxudan bir az gec qalxmışdım. Yerimdə gərnəşib, gözlərimi ovuşdurub, əsnədim. Ayağa durub pəncərələri açdım və məni çiçəkləmiş nərgizlər salamladı. Bundan yaxşı nə ola bilərdi ki? Günortaya yaxın nərgizlərdən bir dəstə toplayıb nənəmin qəbrini ziyarət etməyə getdim. Qəbristanlıqdan qayıdarkən yağış yağmağa başladmışdı. Yaz yağışı möhtəşəm olur. Narın damcılar üzümə, saçıma, çiçinlərimə töküldükcə mənə ruhən sakitlik veriridi. Torpaq islandıqca qalxan qoxunu ciyərlərimə çəkirdim. Evə çatanda artıq xeyli islanmışdım.
Üç gün idi ki, burada idim və artıq yetərincə dincəlmişdim. Kitab oxumağı qərara aldım. “Anna Karenina”nı əlimə götürüb səhifələdim. Köhnə və kif qoxulu kitabı oxumaq mənə daha çox ləzzət edəcəkdi. İlk səhifəsini oxuyub təzəcə bitirmişdim ki, eyvanın qapısı astaca döyüldü. Saata baxdım - 17:45 idi. Bu vaxt kim gələ bilərdi? Fikirli halda ayağa qalxdım. Qapıya yaxınlaşana qədər o, bir dəfə də döyüldü. Yenə eyni cür. Qapını açanda qarşımda Annanı gördüm. Hə, hə, həmin Annanı. Anna Kareninanı. O, iliyinə kimi islanmışdı. Uzun donunun ətəyi də palçığa bulaşmışdı. Utana-utana üzümə baxdı. Təccüb içində idim, nə deyəcəyimi bilmirdim. Təklifimi gözləmədən içəri keçdi. Başmaqlarını və donunun ətəyini göstərərək – “evini kirlətmək istəmirəm” - dedi.
O, mənə “sən” deyə müraciət etdi. Məəttəl qalmışdım, gördüyüm mənzərədən hələ özümə gələ bilmirdim. O, isə gülümsəyib mənə baxırdı. Bir az özümü toparlayıb – “buyurun, buyurun, burada əyləşin” - deyib, divanı göstərdim. O, yenə donunu və başmaqlarını göstərdi.
-Yaxşı. Bir dəqiqə gözləyin sizə öz geyimlərimdən verəcəyəm.
Yataq otağına keçib cins şalvarımı və boz rəngli t-shirtü gətirdim. Anna paltarları götürüb diqqətlə baxdı.
-Bunları geyinəcəm?
- Aha.
-Axı bunlar kişi paltarıdır.
Mən gülərək:
-Yox elə deyil. Buyurun, geyinin. Sizə yaraşacaq.
O başını narazı tərzdə buladı.
-Yaxşısı budur mənə su və kiçik parça ver, donumu təmizləyim.
Biz birlikdə onun donunun ətəyini təmizlədik. Başmaqlarını çıxardı. Yalın ayaqları üşüməsin deyə corab verdim ona. Amma o, imtina elədi, corablara diqqətlə baxıb, geri qaytardı. Ayaqları çox balaca və incə idi. Nəm saçları çiyinlərinə dağılmışdı. Qıvrım telləri üzünə tökülmüşdü. Gözəl idi. Kitabdakından daha gözəl. Mən hələ də təccüb içində idim. Nə edəcəyimi, nə danışacağımı bilmirdim. O isə elə hey gülümsəyirdi. Amma üzündə qəribə hüzn, gözlərində kədər var idi. İkimiz üçün isti şokolad hazırladım. Çox bəyəndi. Bütün gecəni söhbət etdik. Birlikdə keçirdiyimiz 9 gün mənim üçün əvəzolunmaz idi. Hər dəfə kitabı az-az oxuyurdum. Bu gecə o gedəcəkdi. Yenə narın yağış yağırdı. İslanmasın deyə nənəmin yun şalını ona bağışladım. Annanın gedişi məni üzürdü. Gözlərim dolmuşdu. Qapıdan çıxarkən yanağımdan öpdü:
-Sənə bağışlayacaq heç nəyim yoxdur.
- Mənə bir ömür unutmayacağım xatirələr bağışladın. Təşəkkür edirəm.
Gülümsədi. Çənəmi sığallayıb, qapıdan çıxdı.
O gecəni heç yata bilmədim. Məni qəribə sıxıntı hissi bürümüşdü. Darıxırdım. İlahi bu nədir? Mən ağlayıram. Qalxıb yerimin içində oturdum. Özümdən asılı olmadan gözümdən yaşlar axırdı. Annanın həyatı, yaşadıqları məni təsirləndirmişdi. Üstəlik bu gecə yanımda olmaması məni üzürdü. Daha burada qala bilməyəcəyimi anladım. Səhər erkəndən qalxıb çantamı yığdım. Hava soyuq idi. Pərişan buludlar göy üzündə gəzişirdilər. Deyəsən, yenə yağış yağacaqdı.Qapıdan çıxanda həyətdəki köhnə kətilin üstündə nənəmin şalını gördüm. Götürüb çiynimə saldım. Nərgizlərdən toplayıb, qapını kilidləyib çıxdım. Əvvəlcə nənəmin qəbrini bir daha ziyarət edib, sonra isə dayanacağa gedəcəkdim. Evdən uzağlaşarkən geri dönüb baxdım. Anna qapının qarşısında dayanıb gülümsəyirdi. Əlini qaldırıb sağa sola yellədi. İndi xatırladım ki, kitabı evdə qoyub çıxmışdım. Geri qayıtmadım.
Onsuz da yenə gələcəkdim.