Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - ÖZÜNÜYARADANLAR (roman, BEŞİNCİ HİSSƏ)

AZAD QARADƏRƏLİ - ÖZÜNÜYARADANLAR (roman, BEŞİNCİ HİSSƏ)

AZAD QARADƏRƏLİ - ÖZÜNÜYARADANLAR (roman, BEŞİNCİ HİSSƏ)
Proza
admin
Müəllif:
21:05, 21 may 2024
732
0
AZAD QARADƏRƏLİ - ÖZÜNÜYARADANLAR ( roman, BEŞİNCİ HİSSƏ)





        ...yaşadığımızın hamısı mifdir... indi olmasa da, əvvəl-axır mifə dönəcək...

                                                                              Azad Qaradərəli




             YAZIÇI


    Küllücədən ayrılandan sonra meşədə vəhşi təbiətin qoynunda  uzun-uzadı gəzdik. Bir xeyli dərinliklərə vardıq. Çalışdıq ki, insan ayağı dəyməyən yerlər olsun. Filosof dostum etiraf edir ki, illərdir belə təbiətlə üz-üzə qalmamışdı. Hətta düşünür ki, təbiətlə belə iç-içə olmaq onun düşüncələrində dəyişilkiyə səbəb olacaq. O, anadolulular demiş, doğanın belə müqəddəsliyi ilə vəhşiliyinin bir-birini necə tamamladığına heyrət edir. 

    Axşama yaxın alaçığımızı qururuq. Təəccüb edirik ki, nə yaxşı  toxunan olmadı. Az sonra çiyni tüfəngli bir oğlan bizə yaxınlaşır. Salam verib ehtiramla “xoş gəldiniz” deyir. Behcət hazırlaşır ki, çadırı söksün. Oğlansa gülümsünüb deyir:”Mən Polad müəllimin liseyinin məzunuyam. Sonra Çexiyada bakalavr oxumuşam. İxtisasım turizmdir... Magistraturaya imtahan verdim, amma olmadı... Atam vəfat etdi, ailəni başsız qoya bilmədim... Geri döndüm... İndi burada meşəbəyi işləyirəm... Sizə heç kim toxuna bilməz. İstirahətinizi edin. Bir şey lazım olsa, bu nömrəyə zəng edə bilərsiniz...”

    Oğlan telefon nömrəsini verib getdi və mənim fikir-zikrimi də özü ilə apardı. Belə mədəni, istedadlı bir gəncin gəlib burada meşə gözətçisi işləməsinə heyfsilənirəm...

           ...Gecə alaçıqda yatmışdıq. Mən qapı tərəfdəyəm. Gecənin bir aləmi gördüm ki, bir tösmərək adam yanını basa-basa girdi alaçığa və bağırdı:

    -Qalx cörüm, satqın yazıçı! Bu cecə sənin vaxtın tamamdır. Elədiyin bütün cünahlarına cörə cavab verəcəysən!

    Əlimi qaldırıb onu sakitləşdirmək istədim:

    -Ey, ey, hop, hop! Dayan görək, nə satqın, nə günah?! Satqınlığımı harda gördün? Günahım nədir? Sən kimsən axı? Tanış gəlirsən, amma...

    Belinə qurşadığı qılıncını çəkib üstümə yeridi. 

    -Hə, tanımazsan də! Heç doğduğu övladını tanımayan ana cördünmü?! Məni sən yaratmısan, amma indi tanımaq istəmirsən... Niyə? Ona cörə çi, mənim zamanımda düşmənə qalib cələ bilmədik?! Məyər sən bunun səbəbini bilmirsənmi?!

    -Sən nə çərənləyirsən?! Mən qadınam ki, səni doğam?! Nə düşmən, nə məğlubiyyət?!

    Qılıncı başıma endirdi, amma çalmadı sonacan. Yarıda saxlayıb ikrahla gülümsündü:

    -Yaxşı, yaxşı bax! Hə, cör sən çimi yaratmısan və o çim olub?! Yoxsa səni qılıncımla tiçə-parça eliyəcəm!

    Ah! Bayaqdan mən bu axmağın niyə “g” yerinə “c” deməsinə fikir verməmişəm? Bu ki Dursunmuş! Mənim “Kuma-Manıç çökəkliyi” romanımın qəhrəmanı... Mən də deyirəm, niyə doğmaqdan-zaddan danışır...

    -Dursun?! - deyə bağırıram və bu vaxt daha bir adam da alaçığa girir və bir əli yanında quru ağac kimi sallalı olsa da, salamat əli ilə Dursunun qılıncının qəbzəsindən yapışır, çəkib əlindən alır və hirslə deyir:

    -Ayıbdır, bunca elədiyin günahlar yetmədi, indi də Yazıçıya əl qaldırırsan?! O bizi yoxdan yaratdı, adımızı romanlara saldı, şöhrətləndirdi... Bununla yetmədi, 44 günlük qalibiyyət müharibəsindən bəhs edən romanında da xatırlatdı, yoxdan var elədi bizi... Sən isə... Sən... Dursun ki, Dursun!..

    Qılıncı alaçığı bir küncünə atıb Dursunu itələyə-itələyə bayıra çıxardaraq mənə sarı çöndü:

    -Bağışlayın, müəllim... 

    Onlar qapıdan çıxan kimi Filosof ayağa qalxdı, alaçığın girəcəyində atılıb qalmış qədimi qılınca sarı baxdı, heç nə olmamış kimi dedi:

    -Bu nə qılıncdır belə? Sənə nə olub? Niyə ayaq üstəsən?

    Mən də heç nə olmamış kimi dilləndim:

    -Qəhrəmanlarım mənimlə haqq-hesab çəkməyə gəlmişdilər... Biri az qala məni qılınclayacaqdı... Allah üzümə baxdı ki, Xosrov gəlib Dursunun əlindən qılıncı aldı, atdı yerə...


    FİLOSOF


    Mənim “Özünüyaratma” fəlsəfəmdə bir yer var... İnsanlığın sürəkli inkişafı bir gün onun başına bəla olacaq. Yaratdığı Süni insan – Süni intellekt ona hücum edəcək və insanlığı məhv edəcək... Yer üzü bəşərin deyil, onun yaratdığı Süni intellektin iradəsi ilə idarə olunacaq... Eynən sənin qəhrəmanlarının sənə hücumu kimi... Amma... Bunları hələ yazmamışam... Sokrat kimi söyləyirəm hələ ki... Elə ilk eşidən də sən oldun...


    YAZIÇI


    Yadıma “Faust”dakı süni yaradılış düşür. Filosofa üz tuturam:

    -Faustun o məşhur sözləri yadındamı?


    YAZIÇI


    Hansı sözlər?


    FİLOSOF



    Heyhat! Fəlsəfəyə daldım dərindən,

    Öyrəndim hüququ, təbabəti mən...



    FİLOSOF


    Hə, əsərin birinci hissəsindəki çıxışı... Niyə sordun ki?


    YAZIÇI


    Heç... “Faust”da dialoq, əzab nöqtəsi, bir də insanla İblisin mübarizəsi, İblisin İnsana nüfuz etməsi, lakin onun inamını qıra bilməməsi diqqətimi çəkib həmişə... Və yenə... yenə... süni insan məsələsi... Bəlkə əsəri yadımıza salaq? Axı sən Geteni dərinnən oxumusan?


    FİLOSOF


    Hə, mən o əsəri bir ara yenidən tərcümə etmək istədim...


    YAZIÇI


    Amma razılaş ki, mərhum Əhməd Cəmilin tərcüməsi də pis deyil... Hətta sonradan əlavə müəlliflər də işə qoşularaq əsərin orjinaldan tərcüməsi ilə ruscadan tərcüməsini birləşdirərək ortaya yaxşı bir tərcümə çıxarda biliblər. Mənim hələ meqavaytım var, internetdən əsəri tapmışam, elektron variantdan baxıb yadımıza sala bilərik...


    FİLOSOF


    Orası elədir... Hə, o səhifələr düşür yadıma... Qoy mən də baxım...


    (Rola girirmiş kimi vəziyyət alır. Sonra Yazıçının telefonuna baxaraq sanki onun kimi ekstaz hala düşür və ikisi də böyük alman dahisinin əsərindən parçaları səsləndirirlər.)


    VAQNER (FİLOSOF)


    (qorxaqcasına)

    ...Salam! Ayağınız olsun uğurlu!

    (yavaşdan)

    Səssiz, səs salmayın! Böyük və nurlu

    Bir iş başa çatır, bax, bu arada.


    MEFİSTOFEL(YAZIÇI)


    Nəylə məşğulsunuz axı burada?


    VAQNER (FİLOSOF)

    (pıçıltı ilə)

    İnsan yaratmaqla!


    MEFİSTOFEL (YAZIÇI)


    O halda bəs hansı nişanlıları

    Sən bu dar kolbaya sığışdırmısan?


    VAQNER (FİLOSOF)


    Allah eləməsin! Yox! Canlıların

    Bir ana bətnində törədilməsi

    Sayılır köhnəlmiş axmaq bir moda.

    O zərif başlanğıc – çıxış nöqtəsi

    Ki, həyat çeşməsi adlanır o da,

    Beyin yaratmağa qadir olacaq!..


    (Bir anda indiki vəziyyətə qayıdırlar. Heç nə olmamış kimi söhbətlərini davam etdirirlər.)


    YAZIÇI


    Qəribədir ki, Gete yaranan yeni insanın – süni adamın adını Homunkl qoyur...


    FİLOSOF 


    Hə, elədir. 


    YAZIÇI


    Maraqlıdır ki, Gete dövlət naziri olsa da, daim əzilənlərin haqqını müdafiə etmişdi. O, “Faust”da da buna nail ola bilmişdi... Bilirsən, faust xoşbəxtlik deməkdir?.. Bu əsəri ilə bəşəri bir faciə ərsəyə gətirmiş...

    

    FİLOSOF


    Yaxşı dedin: bəşəri faciə... Hə, “Bəşəri komediya”dan sonra o əsər bir şedevrdir... Hələ əsərdəki o müdhiş kəlmələr:

    Yaşamaq istəsən, vuruş həmişə,

    Azadlıq layiqdir o adama ki,

    Atıla bu yolda hər an döyüşə...


    YAZIÇI


    Və süni insan məsələsi... Gör, o dahi bizi neçə əsr qabaqlayıb... Doğrudan, bu işin sonu necə olacaq? Deyirlər, süni intellekt indi yüzlərlə insanın işini görəcək. Proqramçılar da, mühasiblər də, bank sektorunun digər işçiləri, ay kişi, jurnalistlər, tərcüməçilər, hətta yazıçılar da işsiz qalacaq... Hamısını süni intellekt idarə edəcək...


    FİLOSOF


    Yenə Sokrata yönəlmək lazım gələcək: “Dünyanı yerindən tərpətmək istəyən ilk öncə özünü yerindən tərpətməlidir.” Qardaşım, Süni intellekt bir dəmir parçasıdır... Lap olsun ət parçası... Onun hətta beyni də ola bilər... Amma qəlbi ki, olmayacaq! Qəlbi olmayanın ruhu da olmaz... Bu dünyavü aləmsə beyinlə ruhun birləşməsidir... Qəhr olsun o dünya ki, onun içində Füzuli qəzəli, Nizami zəkası, Mirzə Fətəli dühası, Üzeyir nəvası olmayacaq! Mən o dünyanı bax bu əski qılıncla bir zərbə ilə kəsib ataram! (Əyilib yerə düşmüş qılıncı qapır və çadırın bağlandığı çubuğa çalır. Şubuq qırılır, çadırın həmin hissəsi Behcətin üstünə aşır. Behcət oyanır, məsələdən hali olub qılıncı götürür və gözlərini ovuşduraraq heyrətlə ona baxır.)


    BEHCƏT


    Bu qılınc köhnə hardandır? İnşallah kəndimizdə bir muzey yaradacağıq və bu qılıncı da ora verəcəyik...

    (Nə fikirləşirsə, əlini uzadıb öləziyən şamın yanındakı salamat şamı yandırır və alaçıq işıqlanır. Sonra bir qədər təəccüblə dostlara baxır.)


    BEHCƏT


    Müəllim, mən olanları görürdüm... Arada o əliqılınclı adam üstünüzə hücum edəndə istədim ayağa qalxıb müdaxilə edəm, dedim xətirinizə dəyər... Həm də elə soyuqqanlı idiniz ki... O qılıncını çəkəndə yanan şama da toxundu, əzilmiş şamın işığı öləzidi... Dedim işığımız sönəcək...

    (Filosof gülür və müdrik görkəm alır.)


    FİLOSOF


    Sokrat deyirdi ki, hər kəsin qəlbində bir günəş var... Lazım olsa, qəlbimizdəki günəşi yandırar, işığımızı sönməyə qoymarıq...


    YAZIÇI


    Hadinin sözüdür:    


             Millət işıq olsun, məni udsun bu siyəh xak,

    Ancaq dilərəm qövmüm ola sahibi-idrak...


             İnşallah işığımız sönməz... Bu barədə ibrətamiz bir olay düşdü yadıma. 1915-ci ildə Üzeyir Hacıbəyli “Nəyimizin vaxtıdır?” adlı məqaləsində yazır: “1905-1906-cı illərdə şərait yarandı biz qızışdıq, böyük işlər gördük. Sonra isə söndük. Qorxuram ki, bizim işığımız tez sönər...”

           Məhəmməd Əmin Rəsulzadə “Açıq söz” qəzetində Üzeyir bəyə cavab olaraq yazır: “Əgər bu millət minlərlə bivec mirzələrin içində Mirzə Fətəli Axundzadə kimi əjdaha yetişdirdisə, minlərlə bivec seyidin içində Seyid Əzim Şirvani yetişdirdisə və minlərlə baqqalın içində Mirzə Ələkbər Sabir yetişdirdisə, bu millətin işığı heç vaxt sönməyəcək!” 


                ***

    YAZIÇI


    İş otağımdayam. İki yarım beləsi, üç metr də eləsi... Bu balaca məkana nələr sığarmış, xadaya?! Dünyanın bütün dahiləri burada danışa bilir. Homerdən Nizamiyəcən, Füzulidən Danteyəcən, Nəsimidən Volterəcən, Vaqifdən Şekspirəcən, M.F.Axundovdan Geteyəcən, Cabbarlıdan Şillerəcən, Çəmənzəminlidən Hüqoyacan, Sabir Əhmədlidən Markesəcən... Hamı danışır, hamının səsi gəlir bu otaqda. Və mənim yeni romanımın qəhrəmanları – mənimlə xəyali-fiziki səyahətə çıxan Filosofla Behcətin danışıqları... 

    Və Anamın səsi...

    Bu səsdir illər uzunu məni ayaqda saxlayan, formadan düşməyə qoymayan. Sözüm qurtaranda onun söz-sovu dadıma yetir...

    Budur, yeni əsərimə bir uyğun sonluq axtararkən yenə Anamın gülə-gülə danışdıqları qolumdan qapır...


                ***

    

    ( Yenə mötərizə arasına ehtiyacım var... 

            Bir gün işdən çox yorğun gəlmişəm. Yorğundan başqa, həm də əsəbi. Demək, Az.Tv-nin radiosunda işlədiyim vaxtlardır. Rəhmətlik sədrimiz Nizami Xudiyevlə teleşirkətin həyətində rastlaşdıq. İnstitutda mənə dərs demiş hörmətli Nizami müəllimlə köhnə salam-kalamımız vardı, yaxınlaşıb görüşdüm, hal-əhval tutdum. Üzünü yanındakı köməkçiyə tutub dedi:

    -Bu yazıçı Azad Qaradərəlidi. Tələbəmiz olub APİ-də. Radio işçisi kimi onun da adını yazarsan teleradio akademiyasında dərs deyəcək müəllimlərin siyahısına... Sən də, ay Azad, o dəfəki kimi eləmə, get, orada gənclərə dərs keç, həm beş-üç manat qazancın olar, həm də yeni qüvvələrin yetişdiriləsinə köməyin dəyər...

    “Baş üstə” deyib aralandım. “O dəfəki kimi eləmə” də belə idi ki, Nizami müəllim teleradioya sədr gələndən təxminən bir ay sonra məni yanına çağırdı. “Gəl, dedi, səni keçirim televiziyaya, uşaq redaksiyasını  dirçəlt... Qazancın da yaxş olar...” 

             Dedim, yox, müəllim, çox sağ olun. Mən vizuallığı sevmirəm, mənə radio əl verir...

    Kişi daha dərinə getmədi. İndi onun gileyini üstüörtülü eləyirdi...

    Bir ay üstündən keçmişdi, rəhmətlik Mövlud Süleymanlı çağırdı ki, bəs sən teleradio akademiyasında gənc jurnalistlərə radio işindən, uşaq verilişlərindən, bədii verilişlərdən mühazirə oxuyacaqsan, Nizami müəllimin göstərişidir...

    Getdim, bir dəfə mühazirə oxudum, sonda yaxşı sual-cavab da oldu. Televiziya bir süjet də çəkmişdi ki, allah qoysa, efirə verəcəklər...

    Bir gün letuçkada bizim baş redaktor ayağa qalxıb bir çıxış elədi, bir fısqırıq qopardı, gəl görəsən! “Dünənki uşağı göndərirlər akademiyada mühazirə oxuyur, bəs mənim qırx illik təcrübəm hara getdi?! Mən...” Əşi, it gəldi, örkən apardı!.. Dünənki uşağın, yəni mənim yaşım qırxı adlayıb, beş-altı kitabın müəllifiyəm...

    Və nə oldusa, həmin veriliş efirə verilmədi. Hətta məni daha mühazirə oxumağa da çağırmadılar. Belə, a kişi, heç onun özünü də çağırmadılar!..

    Filosof deyəndə ki, qarışqalar mənə Platonun Akademiyasını xatırladır, yadıma bu əhvalat düşdü... Platonun o akademiyası, Qarışqaların Akademiyası və bizim bu davalı teleradio akademiyası... Və bizim baş redaktorun mənim qarama danışması...

             Hə, iş otağım və anamın söhbəti... Əvvəl onu deyim ki, iş otağıma dönsəm də, qəhrəmanlarım – Yazıçı və Behcət hər an yanımdadırlar. Onsuz da onlarla səyahətimiz də xəyali idi. Nə bilim, kimə necə sərf edirsə, o cür qəbul etsin... Sözüm ondadır ki, əgər onlar yenə də söhbətə qoşulsalar, qınamaıyn.)

    Rəhmətlik anam halımı bilib bu rəvayəti danışmışdı... Şah oğlunun əhavalatı...

    ...Şahın bir sonbeşik oğlu varmış ki, qatırçı qızından imiş. O biri qardaşları oğlanı gözümçıxdıya  salır, lağa qoyur, dolayırmışlar. Bundan bezən oğlan bir gün atını minib, silahını qurşadı və baş alıb atasının vilayətindən çıxdı, özgə vilayətlərə üz qoydu...

    Onun varid olduğu ilk özgə şəhərdə bir atəşfəşanlıq, bir qara-qışqırıq, bir hay-kay vardı ki, oğlanın gözü böyüdü. Bir adamdan soruşdu, bu nə həşirdi belə? 

    Adam cavab verdi ki, bəs vilayətdə bir adət var. Təzə şah seçəndə şahlıq quşu uçurdurlar, quş kimin başına qonsa, onu şah seçirlər...

    Oğlan maraqla bu əhvalatın sonunu gözləmək üçün atının torbasına arpa tökdü, torbanı atın başına keçirdi, özü də əyləşib bu haray-həşirə tamaşa etməyə başladı.

    Elə təzəcə nəfəsini dərmişdi ki, carçı bağıra-bağıra elan etdi:

    -Ey camaat! Bilin, eşidin! Şahlıq quşu bir azdan buraxılacaq. Kimin başına qonsa, o mübarək adam məmləkətimizin şahı olacaq. Üstəlik, köhnə şahın sonbeşik qızı da onun hərəmi olacaq... Ey camaat! Bilin, eşidin...

    ...Şahlıq quşu cükküldəyə-cükküldəyə gəlib bizim şahənşah oğlunun başına qondu. Heç imkan vermədilər ki, atın başından torbanı çəkə. Oğlanı meydanın ortasına dartdılar və meydandakı minlərlə adam bircə anda onun ayağına sərilib səcdəyə getdi. Elə bu an bir qızıl palanlı qatır yarı eşşək, yarı at səsi ilə kişnəyib oğlana tərəf gəldi. Başındakı quşu endirməyə macal tapmamış şah oğlu qatırı görəndə hirsləndi, istədi ona bir qamçı çəkə. Bu vaxt bir yaşlı adam qatırın yüyənindən tutub, üzəngisini basdı:

    -Şahım, bu, taledir, onnan qaça bilməzsən... Min qatıra, sür saraya! 

    Şah oğlu bir ah çəkib yaşlı adama  dedi:

    -Hə, tale köpəyoğlu şeydir! Onnan heç vaxt qaça bilməzsən... Bir də ay kişi, sən də dalımızca gəl saraya, səni vəzir təyin edəcəm... Qatırçı qızınnan olan şahın vəziri də qatırçı olmalıdır...


    FİLOSOF(UN SƏSİ)


    Ananıza min rəhmət. Amma icazı ver, bu fikirlə razılaşmayım... Qatırçının nəvəsi hökmən qatırçımı olmalıdır?


    YAZIÇI


    Əvvala, qatırçı olmur, şah olur, ikincisi də, sən, mən bir az yuxarı təbəqədən olsaydıq, məsələn, atamız Sovet vaxtı nazir, raykom katibi, deputat olsaydı, yəqin ki, indi bizi də yuxarılara işə-gücə çağırardılar? Səni bilmirəm, amma mən o vəzifələrin bir az aşağısını da olsa, gördüm... Şəxsən, düşmənimə də o müdhiş vəzifələri arzulamazdım... Bir də ay Filosof dostum, ikimizin də sevdiyimiz filosof Sokratın atası daşyonan, anası mamaça olmasaydı, onu gözümçıxdıya salıb edam edərlərdimi?!


    FİLOSOF


    Orası elədir... Amma...


    YAZIÇI


    Nə amma, canım! Hər günü, hər saatı təhlükə, qorxu olan o vəzifələri heç sevməm mən! Mənə rahat çörəyim, azacıq aşım, ağrımaz başım daha sərfəlidir. Gecələr rahat yatıram, bir kəsə borcum yoxdur, heç mənə borcu olan da yoxdur... Xarici banklarda pulum yox ki, dərdini çəkəm... Bir alimin bu barədə maraqlı cavabı var, bilirsənmi?.. 

    Deyir, bir görkəmli alimdən soruşurlar ki, ayaqların altında bu qədər sərvət varkən, niyə belə yoxsulsan?

    Cavab verir ki, o sərvəti götürmək üçün əyilmək lazım idi, ondan...    

    

    FİLOSOF


    Sənin şahını qoyaq bir kənara, indi də mənim anamın rəvayətindəki şahdan xəbər al... Şah hər gün saray təlxəklərinin oyunlarından, rəqqasələrin göbəyinə şərab süzüb içməkdən, saray şairlərinin ona yaltaqlanaraq oxuduqları qəsidələrdən bezib, bilikli xanımları hər gecə ona bir rəvayət danışmağa dəvət edir, eynən Nizamidəki kimi... 

    Hə, Çin qızının “Xeyir və Şər” hekayətindən sonra türk qızı növbəti gecə şaha “Şər və Xeyir” hekayətini danışır...

    Deyir, iki dost varmış, Şər və Xeyir adlarında. Xeyir Şərin ürəyiaçıqlığından istifadə edib, onun azuqəsini yeyir, suyunu içir, yarıyolda Şərin həm azuqəsi qurtarır, həm də suyu bitir. İstidən ürəyi kabab olan Şər Xeyirə yalvarır ki, nə olar, ürəyim yandı, mənə bir içim su ver...

    Xeyir deyir ki, and olsun adımın ülviyyətinə ki, ancaq gözlərinin müqabilində sənə su verə bilərəm. Və beləcə, qılıncını çəkib, Şərin gözlərinı çıxardır, yerə atır və su da verməyib yola düzəlir...

    Şah qəzəbləndi, qılıncını çəkib türk qızının boğazına dayadı və bağırdı:

    -Sənə kim hak verib ki, tarixi rəvayəti tərsinə danışırsan?!

    Türk qızı dedi:

    -Şahım, sən bunun səbəbini məndən deyil, sənə üzdə xeyirxah kimi görünən, daldada sənə quyu qazan vəzirindən soruş. Get ağzıbirə, gir ayaqlarına kündə vurulan pəhləvanların hücrəsinə. Gör, sənin ordunda baş kəsən, qan tökən, ölkələr fəth edən qəhrəmanların nə kökdədir?! Gör, həqiqi alimlər, yaltaqlıq bilməyən şairlər, xalqın içindən çıxmış sənətkarlar niyə türmədə əziyyət çəkir?!. Onda biləcəksən ki, Şərmi Xeyirin gözünü çıxardır, yoxsa Xeyirmi Şərin?.. Çoxdandır sənin məmləkətində Xeyirlə Şərin yeri dəyişik düşüb, şahım! Sənin eyş-işrətdən başını qaldırıb, insanlara üz tutmağın, inşallah yeri tərs düşənləri sahmana salar...

    Deyilənə görə, şah həmin bilgə qızı özünə vəzir təyin edir və möhkəm-möhkəm tapşırır ki, bir də heç bir rəvayəti tərs danışma...


                ***


    Deyilənə görə, o ili şahın məmləkətində bütün toyuqların yumurtası tərs gəlir...


                                                         2023-2024





      SÖZÜMÜN  AYAĞI



    YAIZÇI



    Ana, ay ana, yadındadır, mən xəstələnəndə əlimi-ayağımı yuyub tövləmizdə mal-heyvanın üstünə tökərdin? Deyirdin, qoy dərdin, bəlan mala gəlsin, sənə bir şey olmasın...

    Sonra da dərdin dağlara, daşlara deyərdin, ay ana. Yel aparsın dərdini, bəlanı dərələrə, dağlara deyib, əlinlə dərdimi küləyə verərdin elə bil? 

    Yadındadı, ay ana...

    Niyə belə eləyərdin axı?

    Babam deyərdi ki, allah uzun saçlıların səsini tez eşidir. Sənin də sözünü allah baba tez eşitdi elə bil. Dərdim-bəlam birinci tövləmizdəki mal-qaramıza gəldi. Yadındadı, ay ana, biz evimizdən qaçqın düşəndə malımız, heyvanımız qapı-bacamızda yiyəsiz qaldı, toyuq-cücəmiz, hindüşqalarımız, qazımız-ördəyimiz çöl quşu kimi allahumuduna qaldı? Hələ itimiz, hələ boz pişiyimiz? Bəs onlar kimin umuduna qaldı, ay ana?! 

    Onlar heç e, ay ana, bəs dağımız, daşımız, bəs dərəmiz, düzümüz, bəs torpağımız? Bəs kənd-kəsəyimiz?! Otuz ildən çoxdur ki, oralara həsrətik. Sənin alxışın qarğışmı oldu, ay ana?!.

    Filosof dostumla Mühəndisi o dağılmış el-obama necə aparım, ay ana?! Axı biz neçə vaxtdır el-el, oba-oba gəzirik, ruhumuzu yüngülləşdiririk, qəlb ağrılarımızı sözlə ovuduruq... İndi son durağımız buralar – mənim ana kəndim, ana rayonum, elim-obam, torpağım-daşım olmalıykən mən onları bu xarabazara necə aparım, ay ana?! (Hələ orasını demirəm ki, oralara adamı buraxmırlar ki!.. Gərək adın portalda çıxa, gərək kimlərinsə bığının altından keçəsən, gərək Oralara yaxın adam olasan... Eeeeee-h! Mən heç atamın minnətli çörəyin yemədim!..)

    ...Dostlarımla vidalaşıram. İkisi də qəlbimdən keçənləri duyub bir söz demədən ayrılırlar. Mənim isə könlüm oraları istəyir, ay ana...


    ...Adımın portalda çıxmasını gözləyib yol alıram Zəngilana...

    Məni orada nələrin gözlədiyini bilə-bilə gedirəm. Neynim axı? Daha gözləməyə taqətim qalmayıb. Yaş o yaş deyil...


    ...Eşitdiyimə görə, gələcək plana görə, üç-beş kəndi birləşdirib bir kənd yaradacaqlar. Adını da o kəndlərin vaxtilə sovetliyinin mərkəzini olmuş kəndin adı ilə adlandıracaqlar. Məsələn, deyirlər ki, Baharlı, Çöpədərə, Sobu kəndlərini birləşdirib bir kənd yaradacaqlar. Adını da Çöpədərə qoyacaqlar...

    Ay adam, ay qardaş, ay kişi, sən bilirsən Baharlı kimin adıdır? Baharlı igidləri əldə qılınc Qara Yusifi taxta çıxarıb Qaraqoyunlu imperiyasını qurublar, şair, müdrik insan Bayram xan Baharlı  XVI əsrdə Hindistanda Böyük Moğol imperiyasının baş vəziri olmuşdu, Məhəmmədhəsən Vəliyev Baharı 1918-19-cu illərdə müstəqil Azərbaycanın ilk nazirlərindən biri olmuşdu, general Məhəmməd Əsədov ikinci dəfə müstəqil olan dövlətimizin daxili işlər naziri idi ki, düşmənlər vertolyot faciəsində onu və bir sıra qiymətli insanlarımızı məhv etdilər... və bu sətirləri yazan adam da elə o kişilərin nəslindəndir – mən Azad Qaradərəli, Taydolaq Baharlıdan – Qaradərədənəm...

    Olmaz, e, qardaşım, olmaz! Vallah olmaz! Billah olmaz! Mənim kəndim Qaradərənin adını tarixdən silmək heç olmaz! Qaradərənin adı “Kitabi-Dədəm Qorqud” dastanlarında var, ay qardaş. Tutalım, sən onu kəndin adından sildin, hələ lap bizdəki “Dədə Qorqud”dan da çıxartdın, bəs Drezden nüsxəsi?! Bəs Vatikandakı?! Orda da var axı...

    ...Sürücü radionu açır. Xanım müğənni şirin avazla oxuyur:


    Süzülübdür gözün yaşı,

    Dərdin olsun, dağın daşın...


    Məni ağlamaq tutur. Gənc adam halımı görüb dalğanı dəyişir...

    ...Sonra məlum olur ki...

    Heç nə məlum deyil...

    Tam bir bəlirsizlk...

    Və maşını geri sürürük – Bakıya qayıdırıq...


            ***

    Yol boyu gözlərim yumulur. 

    Susuz bir səhrada – qumluqda dolaşan balıqlar görürəm...

    Aman allah, bu nədir?! 

           ...Sən hamı tərəfindən tərk edilə bilərsən; işindən qovularsan, ətrafın, qohum-qardaşın, dost-tanışın, yaxınların, tələbələrin, ay kişi, hətta ailən də səndən üz çevirə bilər...

    Nə etməlisən? Ayağını uzadıb ölməlimi? Qətiyyən! Bu, ən son variantdır ki, bundansa elə onların istədiyini etmək daha sərfəli olardı...

    Ah, bu ONLARIN İSTƏDİYİ... Sən milyonlarca insanın başını yemədinmi? Sən neçə-neçə ailəni dağıtmadınmı? Sən neçə-neçə insanı intihara sövq etmədinmi? Sən adamları gözgörəti dustaqxanaya göndərmədinmi? Sən böyük bir elin qarşısında baş əydiyi kişini Sibir yolçusu etmədinmi???

    Nə imiş bu ONLAIN İSTƏDİYİ?!

    Bəlkə buna yaxşı bir ad qoyaq? 

    Məsələn, yaltaqlıqmı? Ya şpionluqmu? Ya oğraşlıqmı? Ya biqeyrətlikmi? Ya çörəkkəsənlikmi? Ya quşgötürməkmi?.. Yox, əşşşi, bu QUŞ GÖTÜRMƏK məsələsi mənim babamın terminlərindəndir, bunu çətin başa düşərlər...

    Yuxarıda sadaladıqlarımın içindən ən mədənisini seçərdim, amma qorxuram ki, bu “mədəni” sözü sizi ürküdə, hamılıqla keçəsiniz o tərəfə...

    Qoy elə hər şeyi öz adıyla çağıraq: onun adı OĞRAŞLIQDIR!..

    ...Oğraşlıq etməməkçün gərək dik duruşun, düz qamətin, şax yerişin, sözü şax deməyin ola...

    Sonrasını da bilirsən.... DIŞLANACAQSAN...

    ...Sən heç Afrikadın və Güney Amerikanın quruyan göllərindən çıxıb günlərlə, həftələrlə, hətta aylarla qumlu səhralarda üzgəcləri hesabına irəliləyib, ən isti havada sərin torpaq altında gizlənərək sonra yoluna davam edən və ən nəhayətdə tapdığı sulara baş vuran çöl balığı, yaxud pişik balığı adlandırılan balıq haqqında eşitdinmi?

    Onun vətəni olan göl quruyan kimi qarşısında iki seçənək durur: ya çamurun, yaxud tamam quruyub çat-çat olmuş torpağın altında gizlənib yağışların yağmasını gözləməli, ya da üzünü quru səhralara tutub qumluqların üzəri ilə irəliləyərək burun təması ilə hiss etdiyi hansısa gölməçəni tapmalı və xilas olmalı...

    ...Mənim elimi-obamı, kəndimi-kəsəyimi erməni quldurları işğal etdi. Evimi, məktəbimi, qəbiristanımı dağıtdı...

    Eynən yuxarıda bəhs etdiyim balıq kimi ailəmi də götürüb çöllərə düşdüm. Münasib yer tapıb ailəmi yaşatmaq üçün nələr etmədim, nələr?!

    İlk vaxtlarda hələ özümüzə gəlmək üçün fəhləlik də etdim...

    ...Ah o balıq! 

    Səndən çox şey öyrəndim. Eynən sənin kimi səsimi içimə qısıb çalışdım, vuruşdum, erməni daşnaklarının acığına ailəmi yerbəyer etdim. Bir dostun İmişlidəki evində müvəqqəti müsafir olduq, sonra Bakıya gəlib başqa bir dostun bağ evində yaşadıq...

    Qaçqın məktəbimizi qurduq.

    Sonra öz evimiz oldu...

    Ayaq üstdə dura bildik...

    Ta o günə kimi ki, düz 30 il sonra düşmənin burnu ovuldu...

    İndi səbirsizliklə yurda qayıdacağımız günü gözləyirik...

    Vaxt isə sürətlə gedir. Yaş 70-dir. 

    Mən Bakıda ölmək istəmirəm, ay balıq!..            


            ***


    Bu romanın ən çətin səhifələrindəyəm...

    Yaza bilmədiyim səhifələr...

    Sözümün başı ilə ayağını yazmaq həmişə çətin olub mənə...

    Amma bu qədər də yox...

    Yaza bilmirəm, ana...

    Yaza bil...

    ...mirə...

    ...m...


            ***


    SON SÖZ YERİNƏ


            Bir arzum, istəyim, lap elə vəsiyyətim var. Onu bura yazım, qalanını yazılmayan sətirlərin arasından özünüz oxuyarsınız: mən öləndə anamla nənəm yatan Maştağa qəbiristanında dəfn edərsiniz. İki qadını orada təkmi qoyacağıq?! Heç olmaz. Hə... Sonra... Haçansa kəndimizə köç olsa və mən onu görməsəm, içinə mürəkkəb yığıb yazdığım avtomat qələmimi aparıb Qaradərədə, ana babam Məmmədqulunun və ata babam Camalın qəbirlərinin yanında dəfn edər, sadə bir qəbir götürərsiniz. Üstündə də yazarsınız ki, burada yazıçı Azad Qaradərəlinin qələmi dəfn edilib. Babalarımın ermənilər dağıdan qəbrlərini də mənimki biçimdə götürər, təzələyərsiniz.

    Allah ölülərə rəhmət etsin, dirilərə də ağıl versin.

    Amin.


                                                          Tarixsiz 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)