Edebiyyat.az » Proza » İmarət Cəlilqızı - Çiçəklər və toyuqlar

İmarət Cəlilqızı - Çiçəklər və toyuqlar

İmarət Cəlilqızı - Çiçəklər və toyuqlar
Proza
admin
Müəllif:
22:26, 02 iyul 2024
338
0
İmarət Cəlilqızı - Çiçəklər və toyuqlar



 Səhər-səhər Rəvanənin həyətdə əkdiyi rəngbərəng çiçəklərin ətrafında gəzinir, saralmış yarpaqları, ləcəyi tökülmüş zoğları ehtiyatla qoparda-qoparda: “Ay siz nə qədər gözəlsiniz, nə qədər şirinsiniz!.. Qoy bunlari da kəsək, bir az da pardaqlanın, bir az da gözəlləşin. Bax, indi oldunuz lap qəşəng. Baxaq görək dibiniz quru deyil ki…” deyə danışirdım çiçəklərlə.


Rəvanə səsimi eşidib eyvana çixdı və təəccüblə soruşdu:


— Kimnən danışırsan, ay bacı?


-Kimnən yox, nəynən. Sənin bu qəşəng güllərinlə danışıram.


Rəvanə mat-mat baxır.


Mən gülürəm:


– Nədi, yəqin, fikirləşirsən ki, bacının başi xarab olub, öz-özünə danışır, hə?


Rəvanə cəld:


– Əstafurullah. Yox, ay bacı, o nə sözdür?


– Ağlıva gələ bilər da, yox?- deyə gülə-gülə bir az öcəşmək istəyirəm ona, – amma onda gərək mən də dünən sən toyuqlara deyinəndə çıxıb soruşaydım ki, kimnən danışırsan, ay Rəvanə?


Rəvanənin iki toyuğu dünən məftil arakəsmənin üstündən uçub bu tərəfə keçərək göyərti ləklərini eşənəyə döndərmışdi. Rəvanə da onları yerinə qova-qova deyinirdi ki, “ay sizi topal olasız, qabağınıza o qədər dən tökürəm, ala-ula doğrayıb verirəm, gözünüz doymur? Kəsəcəyəm sizin qanadlarinızı!..”


Pilləkənə yaxınlaşıb eyvana qalxa-qalxa guya incik-incik əlavə etdim:


— Toyuğa qarğiyanda dəlilik olmur, çicəkləri oxşayıb-əzizləyəndə dəlilik olur?


Rəvanə pərt halda:


— Ay baci, vallah, mən heç elə fikirləşmirdim. Sən də zorla boynuma qoyursan e lap.


Onun bu uşaqcasına pərt halı mənə ləzzət elədi, şən-şən gülüb dedim:


– Zarafat eləyirəm, ay qız. Səni cırnatmaq istədim bir az.


Rəvanənin qırısığı acıldı:


-Təzə çay dəmləmişəm. Sən otur, süzüb gətirirəm indi, – deyib mətbəxə sarı getdi.


 Masanin arxasında üzbəüz oturub çay içirdik. Yüngül meh qızılgül kollarını tərpətdikcə açılmış qöncələrin ətri ətrafa yayılırdı. Mən dərindən bir nəfəs alıb bir neçə an fikrə getdim və sonra üzümü Rəvanəyə tutub soruşdum:


-Bayaq sən mənim güllərlə ucadan danışmağıma təəccübləndin, düzdümü? Yox, nəsə izah eləməyə çalışma, mən buna görə səni qınamıram ki. Sənin, eləcə də bir çox başqalarının buna təəccüb etməyiniz normaldır. Mən bilirəm ki, sənin könlün gül-çiçəyə sevgi ilə doludur, belə olmasaydı, onlar o cür boy atıb, açılıb pardaqlanmazdı. Sən hər dəfə onlara baxanda sənin də könlün məndəki kimi gözəl duyğularla dolur. Sənin öz əlinlə əkib-becərdiyin çiçəklərin pardaqlandığını görərkən duyduğun o gözəl hissləri bayaq mən sadəcə sözlə ucadan ifadə edirdim, vəssalam. Bizim ikimizin də gözəlliyə münasibətimiz eynidir, fərqli olan bu münasibəti ifadə etmək tərzimizdir. Gördünmü, əslində burda qəribə heç nə yoxdur.


Rəvanə gözlərində işıq saktcə oturub dinləyirdi. Mən onun uşaq gözləri kimi tərtəmiz gözlərinə baxıb gülümsədim və sözə davam etdim:


–Mənə görə, əslində qəribə, düşündürücü olan, bilirsənmi, nədir? Məsələ bundadır ki, birisi kiməsə, nəyəsə – adama, itə, pişiyə, toyuğa, lap elə mürəbbəyə daraşmış qarışqaya  əsəbiləşib öz-özünə ucadan deyinəndə heç kimə qəribə gəlmir, amma ayı, günəşi, yağışı, gül-çicəyi öz-özünə ucadan əzizləyib-oxşayanda hamıya əcaib görünür. Belə çıxir ki, hirslənib öz-özünə deyinmək normal sayılır, sevinib öz-ozünə mehriban sözlər söyləmək anormal. Niyə?..  Nədir bunun səbəbi, səncə?


Rəvanə çiyinlərini çəkib dedi:


-Mən nə bilim, ay bacı. Sən bilirsənsə, de, mən də bilim.


-Mən də bilmirəm. Sadəcə bəzi şeyləri təxmin edirəm. Amma düsünüb bu mətləbin izahını tapmağa calışacağam. Bir fikrə gəlsəm, sənə də söyləyərəm. Amma sən də düşün.

Rəvanə gülümsəyib razıliqla başını tərpətdi.


O getdi mətbəxdəki iş-gücünün başına, mən isə bir xeyli düşündükdən sonra səhifəni açıb yazmağa başladım…

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)