Qabriel Qarsia Markez - Kifir qadın haqqında təzadlı düşüncələr
Proza
O, dondurma kafesinin ilk sıralarındakı stollardan birinin arxasında əyləşmişdi. Və mən əmin idim ki, bu, ömrüm boyu rastlaşdığım kifir qadınların ən kifiridir. Şlyapasız idi… Görən andaca onun bu cür qəribə, xariqüladə kifirliyi məni necə sarsıtdı, necə karıxdırdısa, mənə elə gəldi ki, şlyapa olsa belə çətin nəyisə dəyişə bilsin… Uzun, iri yaşıl güllü, meydan oxurcasına sadə biçimli libasda o həqiqətən də kifir görünürdü. O qədər kifir ki, hətta həkim tanışım Armando Solano da onu aşkar maraqla gözdən keçirməkdən çəkinməzdi, bəlkə lap yanındakı stolun boş olduğunu görüb onunla əyləşərdi də.
Onun kifirliyi nifrət dolu nəzərlərlə seyr etməyə hazır olduğumuz qadınları belə ötüb keçmişdi, adət etdiyimiz həddi aşmışdı. Görünür, kifirliyin bütün düşünülən sərhədləri pozulduqda, o, heç gözlənilmədiyimiz anda məlahətli, cəzbedici olur. O küçədə görüb üz-gözümüzü turşudaraq «Ay Allah, necə də eybəcərdir!» — dediyimiz qadınlara heç bənzəmirdi. Burada vəziyyət tamamilə başqa idi. Düşünün ki, təkrarsız gözəlliyi olan bir dilbər kimi belə qadınları görəndə də nitq tutula bilər, yerində donub qalarsan. Məhz buna görə dünən kafedə əyləşmiş qadın, belə bir iddiada olmadan, özünün bütün fövqəladə kifirliyi ilə məndə təbiətin comərdcəsinə gözəllik bəxş etdiyi xanımların oyada biləcəyi təəssüratı oyatdı. Hətta ürək edib deyə bilərəm ki, o, ən füsunkar, canalan afətin oyada biləcəyi hissləri oyatdı.
Kimyəvi maddələrlə doldurulmuş ingilis isimli çox sərsəm bir dondurma sifariş verdi. Elə iyrənc idi ki, sadəcə ispanca bilənlər bunun nə olduğunu anlaya bilər. Müasir kulinariyanın nailiyyətləri meyvə ağacları ilə dolu bağ kimi stolun üstünə düzülür. Və budur, ofisiant rəngbərəng dondurmalarla meyvə formasında ifrat bəzədilmiş dolu boşqabı naməlum qadının qarşısına qoyanda, onun bütün kifirliyi «assorti»nin təmtəraqlı bədiiliyi ilə ziddiyyət yaratdı.
Əslində, hələ də anlaya bilmirdim, məni ən çox təəccübləndirən nə idi: bu qədər eybəcərliyi ilə məni özünə dəfedilməz dərəcədə cəzb etmiş kifir qadınmı, yoxsa kulinariya sənətinin ikrah doğuracaq həddə bəzədilmiş bu təmtəraqlı təamımı?! Mübhəm tarazlıq bəlkə də ziddiyyət yaradırdı. Kifir qadınla — o acgözlüklə dondurmanı udduqca daha da kifirləşdi — və hər dəfə qadın qaşığı boşqaba batırdıqca daha da iyrəncləşən bu ifrat bəzədilmiş boşqab arasındakı qəribə və qaçılmaz ziddiyyət...
Nəhayət təam əridi, rənglər xaotik şəkildə bir-birinə qarışdı və qadın daha yemədi. Yeməkdəki ifratçılıqdan utandığı üçün deyil, kiminsə onu gizlicə seyr etdiyini hiss etdiyi üçün ətrafa göz gəzdirdi. Sonra dizinin üstündəki çantanı açdı, içindən kosmetika qabını çıxardı və stolun üstünə qoydu. Ağlasığmaz arxayınlıqla güzgüdə özünə baxdı, üz-gözünü büzüşdürdükdən sonra elə bil bir anlıq qəşəngləşdi, yəqin ona görə ki, heç bir eybəcərlik zahirini korlaya bilməz… Və dodaqlarını boyamağa başladı. Böyük ehtimalla qadın təbiətindən gələn naz-qəmzəyə görə yox, elə-belə, qeyri-iradi, dodaqları solğun görünməsin və nə qədər dondurma yediyi bilinməsin deyə boyadı. O, stoldan qalxarkən gördüm ki, qadın azad və sərbəst xanımın özünə rəva biləcəyindən də uzun və arıqdır. O qədər uzun və o qədər arıq ki, bu artıq nə isə təbii bir şey kimi görünürdü...
O, hesabı istəyərkən zəif və cansıxıcı səsi eşidiləndə mən tamamilə özümü itirdim və daha anlaya bilmədim ki, kafedə həyatımın ən kifir qadınınımı gördüm, yoxsa əksinə — nadir gözəlliliyə malik qadınınımı?!
Tərcümə: Mirmehdi Ağaoğlu

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Artur Şoperhauer - Qadınlar haqqında
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Akutaqava Rünoske - Cəhənnəm iztirabları
Uells Tauer - Gözdəki qapı