ĞADƏ ƏS-SƏMMAN (Suriya-1942) - LİMANSIZ QARAÇI GÖZƏLİ (Hekayə)
Üzün, ey hekayə, ürküb qaçar, ondan müşk qoxusu qalxar, yağış yağanda qoxusu bahar dadar – geniş sahillərin əzablı hüznü və sıcaqlığında.
Üzün ey gözlərindəki yaşıllıq, ey roman şəhvətinin bənzərliyi ilə öpüşən... Kölgən, o bilinən lənətilə mənə yetişəcəkmi? Otağımın qaranlığında kölgəmin surəti oynaşır və mən işığı söndürüb yatıram...Qəribə bir qəhqəhə və onunla birlikdə geyimlərindən yayılan xoş bir qoxunu duyana qədər... İçində sis-dumanın qoxusunu unutduran və qatbaqat geyilən geyimlərdən...
Gecə yarısı televizordakı komik film bitənə qədər və babalarımın qəhqəhəsi sevincli bir ayrıntıyla kiçik qardaş-bacılarıma layla olana qədər...
Uzun illər qurduğu xəyallarla umudlanardı. O üzlərdəki gülüş inamlı üzlərdəki göz yaşı kimi, zamanın tükürpədici qoxusu kimi, quru torpağın yarığından boylanan bir əminlikdi bəlkə. Bütün duyğularımla indi mən gerçəkdən onu sevirəm, rəsmimi tamamlamasını diləyirəm; sevinclə gülən dodaqlarını və bu illərdə basdırılmış bədənilə basdırdığı bu kimsəsiz qalan balaları ilə: anam...
Oturduğum skamyaya yönələn o idi. Kamal. Daha sonra yanımda onula danışdığım və xoş məramı gözlərindən daman mənim həmsöhbətimdi. Gəzləntilərim, düşünüb-taşınmam onun əlləri arasında bitirdi. Ondan ayrılalı əllərim ölü əli kimiydi. Əllərimi Kamalın əllərinə təslim etdim o təsirli üzündəki qərarlı cizgilərdən ... və bədəlsiz olumluğundan yana.
Daxilim yorğun, əzgin və bu gündən şikayətçiydi. Mənə və qardaş-bacılarıma görə hüzursuz olan atamın bizi pərişan etməsi, bu uzaq şəhərdə birlikdə yaşadığı qadınla xəstə yatağında fitnə-fəsad sözlər söyləməsi...
Bu gündən yoluma çıxan və istədiklərini təhdidlə söyləyən, haqqımızı qəsb edən iyrənclik. Ancaq onun acizliyi bizə gəldiyi günün sevincinə batmışdı.
Kamal bir mühəndis və yuxa ürəkli bir aydındı. Sanki içində olduğum acılarda məni daha güclü görmək istəyirdi. Yontulan gəncliyimin qorxmazlığına o daha çox inanırdı... Yoxsa bu çəkdiyim acılardanmı gülür içim?
Və üzün. Ey hekayə, sevgin sallanar və məni ona bağlar, tükənən qaraçı əzmimi dərinliyimə aparar... Sular üstündəki o gülüşünün, sevinclə gedişinin yaratdığı yanğını duyuram. Onunla sonda öz limanımı yaratdım. Sənin o qutsal bağrın mənim limanımdır, ondan necə qaça bilərəm? Gecələr yaxşı-yaxşı qaranlığa gömülüncə, nəfsim bir otağa, qardaş-bacım o birinə çəkilincə və həmsöhbətim gedincə, mən öz yatağımda inancım çürüyənə qədər bütün bu gecənin əzablarına yardım edirəm...
Üzümü yastığımın altına soxub, bu yastığın altında gizlənən, hələ tam üzə çıxmayan üzümü görə bilmirəm...
Gözlərimi açıram, bəlkə yuxu pərdələrin altında gizlənib deyə pərdələrə yönəlirəm... Arayıb onu görürəm... Cədvəllərı görürəm... Yığılmış əşyaları görürəm... Kiçik pəncərədən içəri sızan və ətrafımdakı nəsnələri bürüyən işıqların parıltısından qorxub geri çəkilirəm. Üzümü və bütün nəsnələrin üstünü acı bir ayıbın kölgəsi alar...
Kölgələr otağımda sürünər. Bir tərəfdən də başımın içində toplananların axıntısından başım partlayacaq kimidir... Və on hekayə... Və on şahid... Və üzüm bütün şeylərdən iyrənərək... Duyğularımı köklərində yaşadır bütün gecənin oyanışı kimi. Mənimlə həmsərhəd, gülüşünün izindən dodaqlarımdan və ağzımdan çıxan buğlar səni çuğlayar...
Üzlər... Üzlərə qəzəbimin damlacıqlarıyla yönəlirəm... Üzlər və onların haykırtıları... onların nə üçün haykırdığını uzaqdan da olsa bir öyrənə bilsəm... Ey xətalı bir ildırım, başıma çaxıb oyandıran şey o qorxuların şəhəri... Ey yorğun ömrümün xatirələrindən tökülənlər, sizi basdıraram... və davamınızı da...
Nə sizə yiyə duraram, nə də xatırlamayacağam...
Dənizə enirdi günəşin şüaları, tənbəl-tənbəl batırdı, dənizi çılpaq şüaları ilə qapsayırdı... Səninlə bu ilk qarşılaşmamızı insanlar və heyvanlar unudana qədər... Sənin söhbətindəki böyük xətaya şəhər ağlasa da, onlar gülür... Və mən bir gənc kimi o anı qatlayıb bir yana qoyub, sənə şərqi oxuyaraq keçəcəkdim üstündən... Sənə demişdim axı:
-Dənizi belə sevirəm... həqiqətən yorğunluğumun hər yandan görünən halı ilə. Ayın səssizliyi duyulmadan... bağrından qopan səksənməyə sevgimlə... günəşin ağırlığından doğanları ona hiss etdirmək diləyi ilə...
Sonunda sevirəm bunca gecələrin uzaqlığında... Dənizi heç gecələr gördünmü? Üzündəki sevən birini... qaranlıqlara qərq olar, dalğalardan qorxaram.
-Bu qədərmi yaxın olmuşdun?
-Sonucda sevdiyimi bilirsən, bir az sonra uzaqlaşarsan. Məni ilk gördüyümdə yandıran, ilk baxışdan sevdirən odur... O mənim sevgiyə olan güvənimi qaytardı. Sonda əsil məqsədə yetişirsən, gerçək görünən şəxsindəki məqsədə deyul. Üzündə ikinci kərə qarşılaşanda buraxdığı iz bilinər və içindəki od sönər... yalandan sonra nə qalarsa o...
-Axırda axşam oldu... dibə çökən ömrümüzü yaşadıq - o son qədəhi içdikdə olduğu kimi... Ona bu şəkildə yetişdik, içdik və öldük. İlk yaratdığı sevginin dadından öldük. İkincidə sevgi öldürdü... Nəfsimizə tüt demədən öldürdü...
-Ancaq sən balacasan... Söylədiklərinə doğrudan inanırsan?
-Hə. Xahiş edirəm...
-Bəs nəğmələrin? Onlar nə söyləyir?
Nəğmələrim. O insana yetməyəcək ağır və dərin əhvalatların nəğmələrini söyləyərlər. Nəğmələrim ayrılığın hekayəsidir, heç bir yaranmış ondan vaz keçə bilməz...
Hər pislik onda şüşədən bir qəfəsin içində gedəcək. Sahillərdə. Adaların arasında. Limansız... Bədirlənmiş aysız... Uzaqlarda limana uzanıncaya qədər... Gəzib dolaşacağıq bizim olmayan bu yerləri.
-Çığırtı səsləri dolup içimizi qapayır, acısı səni də yandırır, bütün eşidənlərin içlərinə dolur... Qanadlarıyla... Doğrudan-doğruya səni nə zaman anlayacağam?
Sevinc... Sevincli hekayələr sizdən ürküb qaçır. Niyə bu üzlər mənə kəm baxır? Ey ildırım! Tanıdım onu. Zaman-zaman budaqlarımı qırıb tökdü... Ey zəifliyimdən, axar suyumdan, göz yaşlarımdan fışqıran sifətlər. Ey sevdiyim o iki üz və lənətlədiyim... Bilirəm nəyi təmsil etdiyinizi... Məndən sonra doğulacaqları yaxşı bilirəm. Məndən sonrakı üzləri...
Və hər iki başı əks istiqamətə yönələn ikibaşlı bir heyvan kimi eşilirəm... Ey şəhərdə qeyb olan ildırım, başımamı düşəcəksən? Öz qeybini unutduraraq çarpırsan...
...Bir dəfə, gecə yaşıl gözüylə enirdi dənizə doğru... əllərinə doğru uzanaraq ovuclarında qeyb olan minlərcə hekayənin tərəddüdndən... qeyb olan hekayələr ovuclarında əllərimi qucaqlayar. İlk dəfə tanıyıram yağmur kimi yağan sevinci, o qədər titrətmənin gücündən çaşaraq çığıraram qarşılıqlı bir titrərməylə...
Gözlərimdə bir şimşək çaxar, işığından od tökülər əllərimə, boğazıma, ordan daşaraq oyandırar məni. Acıqla bir nəfəs dərər, ehtiyacı olanla təkrar dönər həyatın acılamadan. İstəklərim çiçəklədi, sənin mühasirəndə qalan əllərimi əllərindən çəkdin, üstünmə qoymağa bir çələng hörürmüş kimi ... Həyatdakı barmaqcıqların yerinə yeniləri doğulmaz ki...
Qaralmağa başlar üst-üstə yığılanlar onun öz bəyazlığında. Balığın tora olan eşqi kimi əllərim əllərində sustaldı. Masanın üstündə barmaqlarını tutub yumşaq bir şəkildə onları qırmızı şama doğru yaxınlaşdırdı. Şamın saçdığı alov bədənini qızartdı, oyananda arzulu nəğmələrin dəftərindəki sözcüklər də isinmiş oldu, arzulu nəğmələrin batan limanında və axşamın həyuləsindəki xoş sədalı nəğmələrdə... mən bir qaraçı gözəli kimi gəzib axtarıram limanımı onun arzularında...
Ovcumu açıb oxumağa başladı və ya duya bənzər sözlər söylədi. Ovcumu tutub gözlərimə dalaraq cahilliklərini, öpüşmələrin alışqanlıqlarını və yaratdığı ehtiraslı sonucu, qoxusunu aldığı zamanının acılarını, tikanlı bitkilərin bürüdüyü daşların üstündə oturuşumuzu, bir məkanın təməl vəhşətlərini, hər necə olsa işığa möhtac olduğunu söyləyirdi.
Və mənə baxdı:
-Orada qaraçı qızları səbirsizdir...
-Səbirsizliklərini sevirəm.
-Laməkan olduqlarını sevmədim... Axı sonunda bir yuvaları olmalıdır lənətlərinin bitməsi üçün? Şəhərlərdə boynubükük dilənir və yoxa çıxırlar... Amma kökləri kəsilmədi buralardan...
-Onları yer-yurdlarından avara edən sənin adamın... Kimsə əngəl ola bilmədi evlərindən çıxarmağa...
-Onların boynubüküklüyü evə olan həsrətlərindən doğmuş... Onların tərəddüdlü boyun bükmələri gülən gözlərinin rəsmini sevmiş...
-Yenidən diyarbadiyar olarlar, yeni hekayələr uydurarlar...
-Əslində onlar bu sığdıqları evə qismət kimi baxmışdılar... Lakin yenidən küçələrə çıxdılar...
Və uşaqlar əzabkeş nəğmələrilə yenidən axtarmağa başladılar. Ancaq onlar yoxmuşlar kimi uzaq, hüznlü, sızıltılı səslərində qalmışdılar sanki. Uzaqdakı donuq işıqlar kimi yaşadılar və yenilənəcəyi bilinən bir arzuyla fərsng-fərsəng* uçub qaçdılar.
-Və onlar o adama olan sevgilərini daşıdıqları yükə bənzər hekayənin saçdğı işıqlardakı arzuyla ürküb qaçdıqlarında ona olan sevgiləri o qutsallığın ləzzətində qaldı...
-Qərənfil dalğalarındakı o sənətin - lövhənin içərisində...
-Gözlərimdə daha nə görürsən... ovcumda demək istədim?..
-Qaraçı qızlarının axtardığını görürəm, yaddaşlarındakı o limandan çox, sevdikləri o limanda... və tapdıqdan sonra lənətləyəcəkləri və hikkələrini qayalıqlara bağlayacaqlarını görürəm...
-Qaraçı qızlarının tutuşan hikkələrinin atəşini və onları özünə yığan dənizə sığınan axşamlarını...
-Səni qısqanmadan... Həyatın özünə bənzəyəcəksən sonunda... Sonunda çılpaq həqiqətə bənzəyəcək çılpaq müjdəli bədənin... Bu günün yası və fəlakəti olmadan onlarda sozalacaqsan...
-Gözlərimdə daha nəyi görürsən... ovcumda denək istədim?..
Bəlkə onda həqiqəti, onun susqunluğunu.
Ah, nə sahib oldum, nə də bütün şeyləri sata bildim. Bu ildırımın rahibi yaraları deşir. Keçmişin gömdüklərindən əsən hekayələrin həyulələri hələ sonra anladacaq kəfənlərdəki yeni həyatı və yaralarından axan isti qanın səsini... Ey hicrana tuş gələn ömrüm, səni necə unudum!
...O isə su misalı axıb bir yerlərə gedən üzündə mənə söylər: bizimlə köçmək üçün səni dəvət edirik... Amma hansı məkana?
Yoxsulluğun əsəri olduğun kimi... Bütün istəyinin məni bölmək olduğunu bilirəm. Mən gecənin uzunluğunda yanında yatan arvadını tapıram və köksümdən sənin nəfsini çalan, ortaq duyğumuzu körpə kimi əmən və sonda bizimlə birlikdə qalan... birlikdə ürküb qaçan məndə bir başqa cür qalacaq... və köksün... mənim tək limanım...
Ancaq mən sizi axşam gördüm... Səni, ərini və uşaqlarını...Sizləri uzaqdan gördüm. Keçərkən gördüm, qorxularımda batarkən səssizlikdə əriyirdiniz sanki. Ərinin o bulaşıq təbəssümü ilə... qoy təfsir edim. Nəfsimdə həzinləyən nəfsinin istəyini mərhəmətim qavsayır. Bəs nifrətlərm hardadır?
Ancaq kimsəsiz qızların taytaq arzularla yer üzünə gəlmələri kimi... Yenə onlar üçün mən ağladım... küçələrdə mən ağladım... Məni birisi ayağa qaldırsın, məsələn, atam gəlib qolumdan qapsa, məsəlçi qadınla birlikdə qeyb olacağı yerdə, məni gəlib indi...
Kamal ömrünü mənə həsr etdiyi o gecədə... Mənim olması üçün çırpışdırdığım o şeylər yanımda olmalıydı... razılığımı almaq istədiyi o gecədə. Ərinə görə deyil... ancaq uşaqlığına görə tək bu gün olmalıydı... həm istədiyim üçün mənim kimi uşaqlığım da böyümədi və o ürküb qaçan limanı olmayan qaraçı qızıyla səhəri bir açdı...
İndi mən də dostumu tərk edirəm... uzaq keçmişdə o məni necə tərk etmişdisə...
Mənim şirin, kiçik hekayəmmi? O ikisinə nəğmə söylədiyimi unutdun, onların səsi qulaqlarımda... indi nəğmələri bağrımda yer eləyib. Axısı məni nəğmənlə üzərinə alır, o əzabın qanadlarıyla; nə zamandır həsrətində olduğu o böyük qanadlarıyla... köksümdə və qürbətin bağrında tük boyda gümana söykənərək... Nəfsimlə yaradıram böyük, məchul gizlinlərlə qeyb olmuş yabançılığımla ortaq olsun deyə...
Və sənin... kiçik istəklərin... bizi umudlandırır...
Bir daha... üsyançılarla dolu arabanla yanındayam. Qadınlar küçələrdə rəngli hüznlərlə gözləmədə... və uzaqdan səsləri gəlir: onlardan daha gözəl olan səslər.
Və məndən soruşacaqsan: nə üçün? Odurmu bəyənib istədiyin gənc?
-Mənim bəyəndiyim gənc olsaydı qollarına atılıb ölürdüm...
-Yaraşıqlı gənc odurmu?
-Sükutla indi ona baxdığım yaraşıqlı gənc o olsaydı, ona necə həsədlə baxdığım gözünüzdən qaçmazdı, fəqət o deyildi!
O qeyri-adi gülüşün davamında... Sən mənimsən... Üzümə baxan bütün üzləri üzümdə görəcəksən... Səni çəkib alan o cəsədin əlləri sənə uzanan əllərimin gücünü bilməyəcək... Sən mənim olmadan nəfsim belə əzablarla uğraşacaq...
Ey hər şeydən uazak o sökük gecənin ildırımı... Bu gecənin ağırlığında axıb gedən mənəm. Haramda daşıyacağam onun olmayanla mənim daşıdığım. Yataq otağından çıxdıqda... onu qaldırıram... Necə gedəcəyimə heyrət edərək qaranlığı yarıb öldürdüyüm və ona miras qoyduğum evin qonaq otağında yorğun ömrümün kələfini toplayaraq mənə yüklənir...
...Qəhvəxanada uzaqdan gələn dostları ilə oturub gəncliyin kefini çıxardanda üzümü ona tutub: indi biz laqondayla doğranmış kimi halımızla nə edəcəyik dedim...
Hirslə məni süzüb aramızda bir sərhəd yaradırcasına üzlərdəki maskalardan boylanaraq tökür içini... Üzlərdəki maskalardan çıxırmış kimi sıyrılır...
Ancaq mənim üzüm həqiqidir. Qaraçı qızlarının sifətini hirs və hiddətdən bozardan bir həqiqət. Bu üzdən sonsuzluğa kimi vəznəli işləmələrilə süslənmiş o həqiqət... Heç bir şey bu küçənin uşaqlarını sərt səkilərdən ürküdüb qaçırda bilməz...
Sonda sevirəm bu iki həqiqət və yalan arasındakı hər şeyi... Bu məchul salxımlardan hamımız üzüm salxımlarının dənələri kimi dağılırıq; kimsə toplamayacaq bu dağılanları...
Nə anlamı var limansız qaraçıların? Haraya qədər davam edəcək bunlar?
Bütün maskalar taxılacaq, gedəcəklər. Söylə bəs hansı üz mənə qalacaq?
Fotolar belə məni tərk edir. Gedənlərdən nə qalır mənə? Nəmli dodaqlardakı məstlikmi?
Səhər yayın isti küləkləri Kamalın maşınında üzümü yandırır. Qürbətin qarsmasından üzlərimiz qaralır. Xatirələr bizə doğru axışır. Hardadır sənin sevincin?
Ona deyirəm: yox, dostlarım dağılmadı... zaman-zaman donmuş qanımı qızdırmağa gələcəklər. Onlar dəli bəbəklərimin barmaqlıqlarından süzülürlər... Bizi bizdən alacaq, istəklərimizə qarşılıq verəcəklər....
Və üzlər yağmurda əriyirmiş kimi... Hekayələrimiz... Qaracı gözəllərinin qeyb olan limanlarında onların olmayana doğru yürüyəcəklər.
Kamal qımıldanır: bu gündən etibarən yalnız mənə nəğmələr oxuyacaqsan.
Kiçik bir gəlinin sevinc maskasıyla gülür və bu yeni həyatımı qəbul edirəm. Üzüm yağışda əriyirmiş kimi...
Onunla sonrakı gecə birlikdə ilan kimi qıvrılır, iblis kimi hallara düşürəm...
Otağımda bükülü qalmışam. Çıxmaq, getmək istəyirəm. Amma hara?
Sonra geri dönürəm. Yatağıma illərin yorğunları kimi sərilirəm.
Dərin rüzgarların içinə dalıram. Əzab quzey rüzgarıdır və bədənim quzey rüzgarı kimi əsir. Öz-özümü sakitləşdirirəm.
...Küçədə yalqızam. Küçə uzun və qaranlığa sahib olanla o gündoğan arasında küçə daşları açıqca sezilir. Meh uzaqlarda insanları oyandırır. Bürünən şəhər səhər yuxusundan ayılmadan sanki ölümə tabe olur...
Mən, nəsli kəsilməkdə olan bir qaraçı qızı, şəhərin sahilində oyanıb ağlayan bir liman kimiyəm... İki qəriban kimi şəhərin sevincli günlərinə yoldaşlıq edirmiş kimi bir-birimizə sarılırıq...
İnsanların uzaq məsafəli uçuşları... kəsilmiş qanadlarıyla yürüdükləri yolda gecikirlər. Mənə sığınırlar. Ölü küçə mənim həmdəmim. Şəfəqin işığını istəməyən, ürküdüb qaçırmaq istəyən dostum... Yarıyolda mənə sığınmağa möhtac... Mən də böyük bir duyğuyla ona doğru qaçıram. Ona anladıram. Nəfəs-nəfəsə addımlayırıq. İki insan silueti kimi, iki dost kimi.
Korlar kimi irəliləyirəm.
Günəş yüksəlir. Və insanlar küçələrə tökülür. Ətrafımdan saxta üzlər bəllənir. Bir anlıq korluq məndə qanad taxaraq yox olur...
-----------------------------------------------------------------------------------------------------------------------------------
*Fərsəng – 12 min addıma bərabər Şərq ölçü vahidi, təxminən 5-6 kilometrə bərabərdir. Müasir iranda isə bir fərsəng 10 min kilometrdir.
Ərəb dilindən çevirən Türkan Mehdiyeva
ĞADƏ ƏS-SƏMAN
1942-ci ildə Suriyanın Şam şəhərində doğulub. İbtidai məktəbi bitirdikdən sonra fransızların açdığı ingilisdilli liseyi, sonra isə Beyrutdakı Amerika Universitetinin ingilis dili fakültəsini bitirib. Gözəl şeirlər müəllifi olan xanım yazar, eyni zamanda maraqlı hekayələr də qələmə almışdır. Onun “Gözlərin taleyimdir” (“Aynake kaderi”, 1962), “Beyrutda dəniz yoxdur” (“La bahri fi Beyrut”, 1965), “Qürbət gecəsi” (“Leylü’l-garbâ”, 1967), “Yaxın limanlardan uzaqlarda” (“Rahilul-merafiil-garibe”, 1973), “Sənə eşq elan edim” (“Əaləntü aleykə əl-hubb”, 1976) hekayə kitablarının, “Beyrut – 75” (1975), “Beyrut kabusları” (“Kəvabis Beyrut”, 1979) romanlarının müəllifidir. Əsərləri dünyanın bir çox dillərinə çevrilmişdir. Əsərlərinin Azərbaycan türkcəsinə çevrilməsi, nə yazıqlar ki, ürək açan səviyyədə deyil. İlk dəfə “Yazı” dərgisinin 20-ci sayında bir şeiri Güntay Gəncalpın tərcüməsində çap olunmuşdur.