Miri Rəsulzadə - Dünyanın ən varlısı...
Proza
Qışda kasıbın özü də üşüyür, sevgisi də. Xəstələnir, qrip olur.. Özünün də, qürurunun da boğazı gəlir.. Cibi də damır, damı da damır. Səbr kasası dolur, ikinci kasaya keçir.. Yaza kimi dişini dişinə sıxıb sevgisinin də, özünün də çiçək açmağını gözləyir. Ümumiyyətlə kasıbınkı isti aylardı. Kasıb yazda, yayda daha yaxşı sevir.. Daha çox xoşbəxt olur. Torpaq qızanda kasıbın evini də qızdırır, cibini də, ürəyini də. Üzü gülür kasıbın, çünki ceyran peçi yandırmır, elə burdan ayda 60 manat qabaq düşür. Tez-tez paltar yumur, üst-başı təmiz qalır, paraşoka da, işığa da qənaət edir. Kasıb yayda lobya-badımcandan cürbəcür yeməklər hazırlayır. Diş pastasının dibində qalanı kasıba ən azı il yarım bəs edir. Kasıbın qab şampunu da gec qurtarır, bərəkətli olur içinə su qatıb çalxalayanda. Kasıb yayda pampersə də az pul xərcləyir, uşağı yayda qarşoğa öyrədir. Uşaq lap xalçanı islatsa da kasıbın vecinə olmur, çünki istidə xalça tez quruyur. Döşəyi çölə salan kimi gün qurudur. Kasıb uşaqları qışda gəzməyə apara bilmir, isti havaları gözləyir ki, uşaqları pulsuz parka düşürtsün.. Kasıb parkda uşağına popkorn almır, qarğıdalı alıb evdə özü hazırlayır. Onu da nə vaxtsa saxladığı popkorn qutusuna səliqəli töküb uşağına verir. Bulkini də, meyvə şirəsini də ucuz başa gəlsin deyə evdən gətirir. Dondurmaya pulu çatmayanda uşağa deyir, boğazın gələr, xəstələnərsən. Sonra dərsdən qalarsan. Kasıb uşağına təzə paltar alanda kənardan bilinir ki, paltarı təzə alıb.
Yayda gecələr qısa olduğuna görə kasıb az fikir eləyir, ömrünü bir az da uzadır. Kasıba isti aylarda iş rahat tapılır. Ümumiyyətlə yayda kasıbın işi çox olur. Ona görə qışın gəlməyini istəmir. Kasıbın yayda marketə də borcu az olur. Kredit borcunu bağlayır, telefonunda kontur olur, nömrəsi aktivləşir, əhatə dairəsindən çıxır. Kasıb qışa bir az pul yığmaq üçün arvad-uşağını rayona yollayır. Kasıb əvvəldən qışa düşmən kəsilib, yola getmir. Ən narın yağış yağsa da, göydən pambıq kimi qar ələnsə də kasıb elə bilir ki, başına daş yağır... Kasıbın uşağı qışda tez-tez xəstələnir. Həmişə dərsdən geri qalır. O, məktəbdə "qış tətili" inşasından həmişə 3 alır. Kasıbın uşağının sünnəti də gec olur. Kasıb çox vaxt oğlunu ikidə, üçdə oxuyanda kəsdirir. Kasıbın həyətində saxladığı it də düzəməlli hürmür. Kasıb bazarlığı da evlərinin yanındakı dükandan edir, 2-3 şeydən ötrü supermarketə girməyə utanır. Elə bilir ora girsə səbəti ağzına kimi doldurmalıdı. Kasıb böyük marketə ancaq aparatdan qaza, işığa pul yükləmək üçün girir. Kasıb evinə nə lazım olsa gündəlik alır. Meyvə-tərəvəzə görə həftə sonunu - yarmarkanın vaxtını səbirsizliklə gözləyir. 10-20 qəpik ucuzuna görə 4 km yol qət edir. Kasıb bazar yolunda yorulur, taqətdən düşür.
Çox varlının gözü qalır Kasıbın xoşbəxtliyində Xoşbəxt kasıbın bəxtində.. Kasıb həmişə qonaq-qara üçün düzəltdiyi xam yorğan-döşək yükünü babasının da şəkilinin divardan asdığı soyuq otaqda, "setka kravatın" üstünə yığır. Kasıb, həyatı boyu nə o yorğan üzündən istifadə edir, nə də o atlasüzlü balışda özü yatır. Kasıb onu əziz qonağı üçün saxlayır. Amma o yorğan döşək nədənsə həmişə təzə qalır. Çünki kasıbın evinə qonaq az gəlir. Gəlsə də gecəni qalmır. Kasıbın nəyi olmasa da ürəyi böyük olur. O heç vaxt evinə gələn qonaqdan heç nəyini əsirgəmir, ondan heç nə ummur. Qulluq etməkdən, olanını təqdim etməkdən ləzzət alır. Allah kasıbın süfrəsinə bərəkət verir. Kasıbın həmişə qara gün üçün saxladığı ehtiyat pulu, saxlancında balı, konfeti, qozu, fındığı, mer-meyvəsi olur. Kasıbın evində adam hüzur tapır, dincəlir, özünü rahat hiss edir. O evdə olan mehribançılığı, mənəvi ab-havanı, uşaqların valideynlərinə qoyduğu hörməti görən bütün varlılar özlərinə kasıb olmağı arzulayır. Kasıbın uşağı hərbi xidmətə həmişə yararlı olur. Gözü zəif görsə də, böyrəyi ağrısa da, ürəyində qüsur olsa da, əsgərlikdən qalmır, həmişə də cəbhəyə düşür, orada xidmət edir. Döyüş vaxtı Vətən üçün elə birinci kasıbın oğlu şəhid olur.. İlk qazancı da nazirliyin Sədərəkdən aldığı, tabutuna sarıdığı təptəzə böyük bayraq olur. Kasıbın baş daşı da həyatı kimi sadə olur, ehsanı da. Ümumiyyətlə mərmər kasıba yaraşmır, süni görünür. Kasıb mərmərdə yaxşı düşmür. Kasıbdan çox ölüsünü ziyarət edən də olmur. Ona quran oxutduran da.. Bəlkə də həyatın orijinalını elə kasıb yaşayır. Bəlkə də bu dünyanın ən varlısı elə kasıbdı.. Bəlkə də kasıbdan bədxərci yoxdu, çünki... Ömür tək var dövlətdir ki, ən çox kasıblar xərcləyir..
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Xalça - Milli təfəkkür tərzimiz
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr