Edebiyyat.az » Söhbət » Gülay Tahirli - Müəlliflərin əksəriyyəti Azərbaycanda oxucu azlığından şikayətlənir, axı oxucu üçün nə etmisiniz?

Gülay Tahirli - Müəlliflərin əksəriyyəti Azərbaycanda oxucu azlığından şikayətlənir, axı oxucu üçün nə etmisiniz?

Gülay Tahirli - Müəlliflərin əksəriyyəti Azərbaycanda oxucu azlığından şikayətlənir, axı oxucu üçün nə etmisiniz?
Söhbət
admin
Müəllif:
11:47, 09 avqust 2020
1 824
0
Gülay Tahirli - Müəlliflərin əksəriyyəti Azərbaycanda oxucu azlığından şikayətlənir, axı oxucu üçün nə etmisiniz?








- Xoş gördük, Gülay Tahirli. Soyadı təxəllüs kimi istifadə etməyi düşünmüsünüz? Məsələn, Gülay Tahir.

- Xoş gördük. Yox, soyadımda heç bir dəyişiklik etməyi düşünmürəm,  Tahirli sözünə xüsusi bir sevgim var, mənim üçün heç bir təxəllüs bu soyadı əvəz edə bilməz. Mən həmişə Gülay Tahirli olaraq qalacağam.

 

- Mütəmadi olaraq kitablar haqqında paylaşımlar edirsiniz. Kitab oxumaq  yaradıcılığınıza necə təsir edir?

- Kitab oxuduqca insan daha da dərinləşir, insan dərinləşdikcə mətni də dərinləşir. Elə kitablar olur ki, içimizdə  özümüzün də xəbərsiz olduğumuz duyğuları oyadır. O duyğular isə şeirə çevrilib bizə geri qayıdırlar. Hər kitab oxucuda mütləq bir iz buraxır, mütləq nələrsə dəyişir, yenilənir, bütün bu dəyişikliklər isə yaradıcılığa böyük təsir edir.  Yaradıcılığı sadəcə söz yığınından ibarət olan insanların əksəriyyəti mütaliəsiz adamlardır. Və mütaliə etdikdən sonra qələmi yerə qoyanların sayı da az deyil, çünki insan mütaliə etdikcə, həm də müqayisə edir. Dərin, mükəmməl ədəbi nümunələri oxuyan bir adam necə mənasız söz yığını, şablon ifadələrdən ibarət nəsə yaza bilər ki?

 

- Sosial şəbəkələrdə aktivsiniz. Yaradıcı insan üçün insanlarla, oxucularla, izləyicilərlə münasibət saxlamaq vacibdir, yoxsa məsafəli davranmaq gərəkdir?

- Sosial şəbəkələrdən daha çox instaqramda aktivəm, orada da öz yaradıcılığımdan çox müxtəlif kitablar haqqında paylaşımlar edirəm. İnsanlarla, oxucularla, izləyicilərlə münasibət saxlamağın, ya da məsafəli davranmağın yaradıcılıq üçün elə də bir fərqi yoxdur, sadəcə bəzi prosesləri tezləşdirir, sürətləndirir. Bu gün sosial şəbəkədə aktiv olmayan şairlərdən də sevilənlər çoxdur, aktiv olanlardan da. Önəmli olan mətndir, mətn güclüdürsə, müəllifdən xəbərsiz də bir şəkildə könüllərə yol tapacaq.  Mən insanlara təkcə şeir, yazı bəxş edib kənara çəkilmək istəmədim. Məqsədim öncə onlarda kitablara, ədəbiyyata sevgi yaratmaq idi, ən azından öz çevrəmdə buna nail ola bildiyim üçün şadam. İnsanlarla hansısa kitabı müzakirə etmək, yaradıcılığım haqqında fikirlərini bilmək, Azərbaycan oxucusunun nə istədiyini, nələrə önəm verdiyini görmək mənim üçün çox xoşdur. Müəlliflərin əksəriyyəti Azərbaycanda oxucu azlığından şikayətlənir, axı oxucu üçün nə etmisiniz? Yazmaq yetmir, öncə sevgi yaratmaq lazımdır. Sosial şəbəkə sayəsində anladım ki, ölkəmizdə nə qədər oxuyan, araşdıran gənc var! Onlara sağlam mətnlər təqdim etmək lazımdır, hər kəs öz ədəbiyyatında yaxşı şeylər oxumaqdan qürur duyar.  

 

- Hansı mövzular şeirlərinizin ana xəttidir?

- Şeirlərimin mövzuları bir-birindən fərqlidir, mən nə sırf məhəbbət şairiyəm, nə də sırf vətən şairi. Şeirlərimin əsas mövzusunun nə olduğunu demək mənim üçün çətindir, sadəcə onu bilirəm ki, şeirlərimdə həyata, həyatdakı müxtəlif hadisələrə fərqli bir baxış var. Düşünürəm, düşündüyümü yazıram, sual verirəm, bəzi suallarımın cavabını özüm tapıram,  bəzi suallarımın cavabını isə sadəcə Tanrı verə bilər. Önəmli olan sualdır, cavabı gəlsə də, gəlməsə də...

 

-Qadın yazarlarla, şairlərlə kişi yazarları, şairləri nə birləşdirir və nə ayırır?

- Qadın yazarlarla, şairlərlə, kişi yazarlar, şairlər arasındakı əsas fərq elə onların sayıdır. 

Təəssüf ki, Azərbaycan ədəbiyyatında qadın yazarların, şairlərin sayı çox az olub. Düşünürəm ki, keçmişdə  Azərbaycan qadını yorğun olub, yazıb-yaratmağa nə vaxtı olub, nə də ki halı. Amma indi elə deyil, hazırda qadınlar arasında yazarların sayı artıb, bu da sevindirici haldır. Amma əksəriyyəti mütaliəsiz olduğu üçün şablon, zəif mətnlər ortaya çıxır.  Söz bütün çərçivələri sındırır, onun üçün qadın, yaxud kişi olmağın heç bir fərqi yoxdur, göylərdə hamı eynidir.

 

- Gələcək uğurlarınızı təsəvvür edirsiniz?

- Gələcək uğurlarımın hamısı indiki zəhmətimə bağlıdır. İndiyə qədər qazandığım bütün uğurlarımın arxasında gərgin əmək dayanır. Hədəflərim, arzularım var, onlar üçün çalışıram və uğrunda çalışdığım hər şeyin qarşılığını görmüşəm, inanıram ki, bundan sonra da belə olacaq. 

 

- Azərbaycan ədəbi sferasından razısınızmı?

- Çatışmazlıqlarımız da var, üstünlüklərimiz də. Nə çox mükəmməlik, nə də geridə qalmışıq. 

 

- Müasir poeziyamız dünyaya çıxsa, nə baş verər?

- Müasir poeziyamız dünyaya çıxacaq və seviləcək. Nə zaman? Hələ biz özümüz özümüzü qiymətləndirməyi bacarmırıq. Yersiz tənqidlər, lağlağılar baş alıb gedir, ən yaxşı yazan adamları belə gözdən salmağa çalışırlar. Əvvəlcə  özümüz özümüzü tanıyaq, sevək,  sonra dünya da tanıyacaq və sevəcək.

 

- Suallarımızı cavablandırdığınız üçün sizə minnətdarıq. Uğurlarınıza sevinək.

- Çox xoş oldu, təşəkkür edirəm.

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)