Xəyal Bayramlı - Hitleri güllələmək istəyən şəhid
Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var...
İsa İsmayılzadə
Fərcan kəndindən olan şəhid Bəhruz Əvəz oğlu Vəliyev haqqında yazdığım reportajın sonunda həmin kənddən olan digər şəhid Hikmət Salman oğlu Zamanov haqqında da reportaj yazacağımın sözünü vermişdim sizlərə. Sözümə də əməl edirəm.
Mübarək bəygilin (şəhid Bəhruz Əvəz oğlu Vəliyevin qardaşı) qapısından içəri daxil olanda ağbirçək, nurani bir xanım gördüm. Həmin xanım Bəhruzla çiyin-çiyinə torpaqlarımızın işğal edilməməsi üçün vuruşan Hikmətin anası Nailə xanım idi. Nailə xanım Mübarək bəygilin qonşuluğunda yaşayır. Şübhəsiz, təkcə fiziki məsafə deyil onları bir-birilə yaxın edən. Düzdür, bir-birləri ilə bu ailələr həm də qohumdurlar, amma onları bir-birinə bağlayan mənəvi tellər Bəhruz və Hikmətin döyüş yoldaşlığı, onlardan yadigar xatirələrdir.
Nailə xanım mənlə müsahibəyə əliboş gəlməyib. Oğlu Hikmətin orta məktəb vinetkasını, şəklini də gətirib. Bu vinetka onun üçün düşmənlərin əlinə keçməyən, oğlundan qalan ən dəyərli xəzinədir. Vinetkada təkcə oğlunun şəkli yoxdur. Həyat yoldaşı Salman müəllimin də şəkli yer alıb vinetkada. Müəllim sözünü də təkcə hörmət üçün işlətmirəm. Salman kişinin peşəsi olub müəllimlik.
Pəncərələri bağlayıram ki, müsahibə götürərkən səs-küy olmasın. Nizami əmi ilə Mübarək əmi də eyvanda siqaret çəkirlər.
Salam. Zəhmət olmasa, özünüzü təqdim edəsiniz.
Qubadlı rayonunun Fərcan kəndindənik, nənən sənə qurban. Nailə Sailxan qızı Zamanova. Şəhid Hikmət Salman oğlu Zamanovun anasıyam.
Oğlunuz orta məktəbi harda oxuyub?
Fərcan kənd orta məktəbini bitirib. Onda onillik idi tədris müddəti.
Sovet dövründə hərbi xidmətini harada çəkib bəs?
Ukraynanın Odessa şəhərində xidmət çəkib. Kəndə qayıdanda bizim kəndlərə erməni yaraqlılarının hücumlarını görüb, Milli Ordu sıralarına könüllü qoşuldu. Azərbaycanın Milli Qəhrəmanı, rəhmətlik Əliyar Əliyev oğlumun komandiri idi.
Oğlunuz Qubadlının işğalından sonra da fərqli istiqamətdə- Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə iştirak edib.
Məcburi köçkün düşəndən sonra gəldik Sumqayıta. Oğlum 1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Snayper gülləsi ilə vurmuşdular.
Hikmətin atası müəllim olub.
Bəli. Fərcan kənd orta məktəbində biologiya müəllimi idi Salman. Oğlumun itkisinə dözə bilmədi. İnfark keçirərək dünyadan köçdü, nənən sənə qurban.
Hikmətgil ailədə neçə övlad olublar?
Dörd. Hikmət 1973-cü ilin 17 iyun tarixində Qubadlının Fərcan kəndində dünyaya göz açıb. 1994-cü ilin 12 yanvar tarixində oğlumu Sumqayıt Şəhidlər Xiyabanına gətiriblər dəfn üçün. Amma yanvar ayının 10-u tarixində şəhid olubmuş. Qaynımgilin evində məcburi köçkün kimi yaşayırdıq. Orada idik, xəbər gəldi ki, yaralanıb.
Hikmətdən başqa oğlunuz var?
İki oğlum, iki qızım olub. Qızlarımdan Gülarə Azərbaycan dili və ədəbiyyatı müəlliməsi idi, insulindən komaya düşüb dünyadan köçdü. Sumqayıtdakı 24 nömrəli orta məktəbdə işləyirdi. O biri qızım Elnarə ibtidai sinif müəllimliyini bitirib, amma işləməyib. O biri oğlum Qismət yol polisliyini bitirib, amma o peşə üzrə işləməyib.
Oğlunuz Hikmətin uşaqlığı ilə bağlı nə danışa bilərsiniz?
Çox yaxşı bala olub. Zəhmətkeş idi. Bir adam da ondan narazılıq etməzdi. Həm öz evimizin, həm də anamgilin əziyyətini çəkib. Məcburi köçkün gəlmişdik Sumqayıta. Təsəlli verirdi ki, heç nəyin dərdini çəkməyin. 97 yaşlı qaynanamı rayondan gətirmişdik. Sumqayıtda dünyasını dəyişdi.
Hikmətin uşaqlıqdan nəyə marağı var idi?
Orta məktəbi bitirəndən sonra rayon mərkəzindəki Təmir-Tikinti İdarəsində işləməyə başlamışdı. Əsgərlikdən qayıdandan sonra ali məktəbə sənəd vermək istəyirdi. Kaş elə ali məktəbə sənəd verə idi. Böyük nəvəmə oğlumun adını qoymuşam. Balaca nəvəmə də həyat yoldaşımın adını. Ziyalı nəsliyik, nənən qurban. Hikmətin adını daşıyan Qismətin oğlu Bakı Dövlət Universitetində təhsil alır, o biri nəvəm Salman da İdman Akademiyasında.
İdmana marağı var idi Hikmətin?
Onun qolunu soldatlar bura bilmirdilər. Pəhləvan kimi oğul idi. Elə zəhmətkeş idi ki.
Ukraynadan məktub yazırdı sizə?
Hə. Nə qədər məktub yazıb.
İstədiyi qız var idi oğlunuzun?
Varsa da, ürəyində idi. Yüz sözün birini danışan oğul idi Hikmət.
Hikmət yadınıza düşəndə nə hiss edirsiniz?
Nənən sənə qurban, Şəhidlər Xiyabanına gedəndə huşum başımda olmur.
Yuxunuza gəlir heç?
Yox. Əvvəllər gəlirdi.
Oğlunuz Fərcanda da döyüşüb?
Hə. Sovetin əsgərliyindən qayıdanda dedim, anan qurban, getmə. Qohum evində qalıram, qoy Vətən yolunda gedim deyib getdi. Sovetin əsgərliyindən qayıdandan heç 1 ay qalmadı yaşadığımız evdə. Erməni erməniliyi ilə Hikmətə demişdi ki, çox cavansan, heyif olarsan, get burdan. Qayıtmadı ki, qaçır deyərlər. Gecə rahat yatın, ana, sizi qoruyuruq deyirdi. Postlarda olurdular. Allah bir də Azərbaycan xalqına müharibə göstərməsin! Yerdə qalan cavanlar salamat olsun.
Vinetkadakı sinif yoldaşlarının hamısı Fərcanlıdır?
Zor, Göyyal, Saldaş kəndlərindən olanlar da var.
Sizdə olan şəkli harda çəkilib?
Ukraynada. Əsgər gedəndə çəkdirib. Yanında da əsgər yoldaşıdır. O biri şəkil komsomol olanda çəkdirdiyi şəkildir.
Bişirdiyiniz yeməkləri xoşlayırdı?
Balaca oğlumun boğazı ağrıyırdı. Qubadlı xəstəxanasında idik. Hikmət də Ukraynadan gəlib evə. Deyirdi ki, bütün qonşu qadınlar yığışsa da, sənin yeməklərinin tamı tam başqadır. Sənin yerini verə bilməzlər. Ən xoşladığı yeməkləri bişirirdim. Gecələr əsgər kimi postlarda qalırdılar. Atışmada evdən avtomatı necə götürüb getdisə, bir göz qırpımında gözdən itdi. Bizim kəndə bir gecədə 100 Qrad mərmisi düşüb.
Kəndiniz Qrad mərmiləri ilə vurulandan sonra oranı tərk etdinizmi?
Yox. Qrad mərmisi oğlum yatan otağa düşdü və pəncərənin şüşələri çilik-çilik oldu. Ermənilərlə bizim heyvanımız bir örüşə çıxırdılar. Ermənistanla düz sərhəd kənd idik.
Sizin kənddən XX əsrin əvvəllərində də daşnaklar tərəfindən öldürülənlər olub.
Qaynatam 1941-ci ildə müharibəyə gedib, 1945-ci ildə isə qayıdıb. Barmaqlarının uc hissəsi yox idi. Hikmət sual vermişdi ki, baba, əllərinə nə olub? Babası da deyib ki, Hitler eləyib. Hikmət də babasına demişdi ki, qoy yekəlim, Hitleri güllə ilə vuracam.
Babası onu çox istəyirdi. Babası kənddə sovet sədri, kolxoz sədri, meşəbəyi və s. işləyib.
Vinetkada oğlunuzla birgə şəkli olan sinif yoldaşlarından sizin evə qonaq gələnlər olurmu?
Əlbəttə. İcra hakimiyyətindən də gəlirlər ildönümlərində.
Döyüş yoldaşlarından bəs?
Danışırdılar bizə ki, Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə Hikmət döyüş yoldaşını kənara çəkəndə oğlumu vurublar.
Nailə xanımla apardığım müsahibəyə ev sahibi Mübarək bəyin həyat yoldaşı Həcər xanım da qoşulur:
Hikmət yanımızda böyüyən uşaq idi. Elə mərifətli idi ki. Səhərəcən postlarda dayanırdı. Bəhruzla bir yerdə idi. Sumqayıta gələndə də heç üzünü görmədik. Getdi Milli Orduya. Bir gün eşitdik ki, şəhid olub. İşdə idim. Əvvəl xəbər gəldi ki, yaralanıb. İşdən qayıdanda gördüm ki, meyidini aparırlar. Hikmət də çox gözəl oğlan idi. Şəhidlərin hamısı bizim fəxrimizdir.
Nailə xanım:
Qardaş-qardaşla Bəhruz və Hikmət qədər yaxın ola bilməzdi, nənən sənə qurban. Dayıoğlu-bibioğlu idilər. Hər ikisi də çox mərifətli idi. Taleləri belə yazılmış imiş.. Nə etmək olar ki?
Müsahibəni yekunlaşdırıram.
Reportajı yazan vaxt Hikmətin özü və atasını tanıyan şəxslər mənə qısa olaraq öz xatirələrini danışdılar. Həmin xatirələrdən biri Hikmətgilin qonşu kəndi Zordan olan Maqsud Aslanova məxsusdur. Maqsud Aslanov şəhid Hikmətlə sonuncu dəfə Ukraynanın Çerniqov vilayətinin “Desna” hərbi poliqonunda görüşüb. Digər xatirə isə əslən Qazaxdan olan, Fərcan kənd orta məktəbində müəllim işləmiş Rafail İncəyurda məxsusdur. Rafail müəllim Salman müəllimi tanıyırmış. Görünür, məktəbdə birgə işləyiblər.
Xə