Edebiyyat.az » Təqdimat » Mixail Zoşşenko - Özüm, ideologiya və başqa nələrsə haqda...

Mixail Zoşşenko - Özüm, ideologiya və başqa nələrsə haqda...

Mixail Zoşşenko - Özüm, ideologiya və başqa nələrsə haqda...
Təqdimat
admin
Müəllif:
11:16, 13 fevral 2021
1 151
0
Mixail Zoşşenko - Özüm, ideologiya və başqa nələrsə haqda...



 Atam rəssam, anam aktrisadı. Bunu ona görə deyirəm ki, Poltavada başqa Zoşşenkolar da var. Məsələn: Yeqor Zoşşenko – qadın dərzisi. Melitopolda da ginekoloq Zoşşenko var. Qeyd edim ki, onlarla qohum deyiləm, heç tanış da deyiləm və tanış olmağı da arzulamıram.
Açığı, onlara görə heç məşhur yazıçı da olmaq istəmirəm. Mütləq gələcəklər. Oxuyacaqlar, durub gələcəklər. Ukraynadakı bibim artıq gəlib.
Ümumiyyətlə yazıçı olmaq çətin şeydi. İdeologiya olmalıdır. İndi yazıçılardan da ideologiya tələb edirlər.

Voronski (o yaxşı kişidi) yazır ki:
… Yazıçılar gərək ideologiyasını müəyyən etsin.
Əcəb yerdə axşamladıq!

Özünüz deyin, əgər heç bir partiya məni cəlb etmirsə, mənim nə ideologiyam ola bilər?

Partiya üzvlərinin fikrincə, mən əxlaqsız adamam. Olsun. Özüm isə özüm haqda bunu deyə bilərəm: kommunist deyiləm, eser deyiləm, monarxist deyiləm, sadəcə rusam. Üstəlik, siyasi əxlaqım da yoxdur.
And olsun, indiyəcən bilmirəm ki, - kimi deyim? Götürək elə Quçkovu… - Quçkov hansı partiyanın üzvüdü? Hansı partiyanın üzvü olur olsun da. Bolşevik olmadığını bilirəm, amma eser və ya kadet olub-olmadığını bilmirəm. Bilmirəm, bilmək də istəmirəm, işdir birdən öyrənsəm, heç nə dəyişməyəcək, yenə Puşkini əvvəlki kimi sevəcəyəm.
Yəqin çoxları mənə hirslənəcək (deyəcəklər ki, üç inqilabdan sonra hələ də bəkarətini qoruya bilib). Amma bu belədi. Və buna sevinirəm.
Heç kimə nifrət eləmirəm – mənim “ideologiya”m, budur. Daha dəqiq deyim? Qulaq asın, deyim. Mənə hamıdan çox bolşeviklər yaxındı. Onlara qoşulmağa da hazıram. Mən də bolşevik olmasam, kim olmalıdı ki? Mən “Allaha inanmıram”. Hətta savadlı adamın kilsəyə gedib rənglənmiş şəkilə dua eləməyi mənə gülməli görünür…
Mistik deyiləm. Qarıları xoşlamıram. Qan qohumluğunu qəbul eləmirəm. Rusiyanı da mujik kimi sevirəm.
Bu cəhətdən də bolşeviklərə yaxınam.
Amma kommunist deyiləm (daha doğrusu, marksist deyiləm) və fikrimcə, heç vaxt da olmayacağam.
27 yaşım var. Olenka Ziv elə fikirləşir ki, azdı, amma dəqiq 27-di.
13-cü ildə universitetə daxil oldum. 14-cü ildə Qafqaza getdim. Kislovodska hüquqşünas K. ilə duelə çıxdım. Ondan sonra dərhal qeyri-adi, qəhrəman və avantürist olduğumu hiss etdim, könüllü surətdə davaya yollandım. Zabit oldum.
Sonrasını danışmayacağam, yoxsa özümü soyub-talamalı olacağam. Hazırda “Keçmiş zabitin qeydləri”ni yazıram. Əlbəttə, əsər özüm haqqında deyil, amma orda hər şey olacaq. Hətta orda, inqilab vaxtı kvartirmeyster Xorunla bir yerdə şəhər soyuducusuna salınmağımızı da yazacağam.
Davadan sonra Rusiyanın çox yerini gəzmişəm. Dülgər işləmişəm, çəkməçi işləmişəm, telefonçu işləmişəm, “Liqovo” stansiyasında milis işləmişəm, cinayət axtarış şöbəsinin agenti olmuşam, kart oynamışam, aktyorluq eləmişəm, təzədən Qırmızı orduya könüllü yazılıb cəbhəyə getmişəm.
Həkim olmamışam, amma yox, həkimlik də etmişəm. 17-ci ildə, inqilabdan sonra, batalyon komandiri olmağıma baxmayaraq, əsgərlər məni baş həkim seçdilər. Çünki polkun həkimi xəstə əsgərlərə məzuniyyəti çox xəsisliklə verirdi.



Mən onlara üzüyola görünmüşdüm. Ciddi adamam, ciddi danışıram, gülmürəm.
Başıma gələn hadisələrin siyahısı:

6 dəfə həbs olunmuşam,
1 dəfə ölümə məhkum olunmuşam,
3 dəfə yaralanmışam,
2 dəfə intihara cəhd eləmişəm,
3 dəfə döyülmüşəm.

Bunlar avantüra etdiyimə görə olmayıb, elə-belə, sadəcə bəxtim gətirməyib.
Bu yaxınlarda məlum oldu ki, ürəyim xəstədi. Ona görə yazıçı oldum. Yoxsa yəqin ki, pilot da olardım.
Bu qədər…
Hə, lap yadımdan çıxmışdı. Kitab da yazmışam. Hekayələr kitabıdı (çapa verməmişəm, bəlkə bir hissəsini çap etdirdim). O biri kitabım – “Sinebrüxovlu cənab Nazar İliçin hekayələri” satışda var. Məncə Yeyinti məhsulları şöbəsində satılır, çünki kitab dükanlarının piştaxtalarına düzüldüyünü görməmişəm.
Kitabın iki nüsxəsi satılıb. Birini mehriban Zoya Qaskeviç alıb, ikincisini isə, məncə Moqilyanski. Resenziya yazmaq üçün. Üçüncü kitabı Quber almaq istəyirdi, amma fikrini dəyişdi.
Yekunlaşdırıram.
Müasir yazıçılardan ancaq özümü və Lunaçarskini oxuya bilirəm.
Müasir şairlərdən Olenka Ziv və Neldixen xoşuma gəlir.
Quçkovun isə hansı partiyaya mənsub olduğunu bilmirəm.

Mix. Zoşşenko, 1922

Tərcümə: Həmid P.
Mənbə: Edebiyyatqazeti.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)